Əliyev və Paşinyan bu gün Türkiyəyə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Ankarada baş tutacaq andiçmə mərasiminə 21 dövlət başçısı və 13 baş nazir, o cümlədən çox sayda nazir və TDT, NATO və İƏT də daxil olmaqla, beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Ərdoğan Böyük Millət Məclisində saat 14:00-da and içəcək, öz mandatını isə TBMM-nə müvəqqəti rəhbərlik edən MHP lideri Dövlət Baxçalıdan alacaq. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Əli Bonqo Ondimba, CAR Prezidenti Siril Ramafosa, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Kosova lideri Osmani, Kuzey Kıprıs Prezidenti Ərsin Tatar, Çimali makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Ruanda Prezidenti Pol Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, o cümlədən, Banqladeş, Qvineya, Montenoqra və s. ölkələrin prezidentləri iştirak edəcək. Həmçinin Pakistan Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan Baş naziri Nikol Paşinyan, Liviya baş naziri Əbdülhəmid Dibeybə və s. hökumət başçıları mərasiə qatılacaq. TDT Baş katibi Omuraliyev, NATO Baş katibi Stoltenberq, İƏT Baş katibi İbrahim Tahanın da mərasimdə iştirakı gözlənilir. 12 ölkə, o cümlədən Rusiya parlament sədri səviyyəsində təmsil olunacaq. Həmçinin Almaniyanın sabiq kansleri Şröder, Kuzey Kıprısın sabiq prezidenti Dərviş Əroğlu və sair tanınmış simalar da tədbirə dəvət edilib.

Rəsmi Bakıdan Makrona cavab

Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. “Daha sonra Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, - XİN rəsmisi qeyd edib.

Azərbaycana kəndləri qaytarmağa hazırıq - Paşinyan

Biz deyirik ki, Azərbaycana kəndləri qaytarmağa hazırıq. Bəs siz Ermənistana torpaqları qaytarmağa hazırsınızmı? Razısınızsa, onda elə bu dəqiqə mübadilə edək. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib. "Bizim hər zaman nəsə vermək haqda arzulamağımız doğru deyil. Biz verməyə və almağa hazırıq. Ermənistanın maraqlarından vaz keçmirik: bütün sərhəd boyu hərbsizləşdirilmiş zona yaratmağı təklif edirik; eskalasiya və aqressiv siyasət üçün bütün mümkün səbəbləri aradan qaldırmağa çalışırıq”, - o bildirib. O iddia edib ki, Ermənistanın 29,8 min kv.km ərazisinə Başkənd, eləcə də 1990-cı illərdən Bakının nəzarətində olan “Berkaber”, “Parvakar”, “Ayqeovit”, “Vazaşen” kəndlərinin əraziləri daxildir: “1975-ci il xəritəsində 28,8 min kv.km əraziyə Sotk-Xoznavar kəndinin ərazisi də daxildir (Zod/Söyüdlü Azərbaycan ərazisidir, o yatağın yalnız 24 faizi Ermənistana düşür, Paşinyan ənənəvi olaraq yalan danışır – red.), ora 44 günlük savaşdan sonra zəbt edilib”. Paşinyan deyib ki, Azərbaycan Ermənistanın nəzarəti altında olan kəndləri haqda məlumat verib (Qazaxın 7 və Naxçıvanın 1 kəndi nəzərdə tutulur – red.): “Mən eyni şeyi həm şəxsi danışıqlarda, həm də açıq şəkildə deyirəm”. Qeyd: Berbaker kəndi - əsl adı Bibişdir, 1988-89-cu illərə qədər azərbaycanlılar yaşayıb, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız oradan qovulub; Vazaşen – əsl adı Lələkənd: Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub; Ayqeovit - əsl adı Uzuntala, yaxud Hönüt: kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər; Parvakar - əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib.

Əliyevin Paşinyan və Mişellə qeyri-rəsmi görüşü başladı - Foto

İyunun 1-də Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Makron ordadırsa, sülh olmayacaq – Metyu Brayza

Bu gün Kişinyovda İlham Əliyev, Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel və Emmanuel Makronun iştirakı ilə keçiriləcək görüşdə hansısa ciddi addımlar atıla bilər. Ancaq Makron faktorunu unutmaq olmaz. Bu sözləri Axar.az-a Avropa Siyasi Birliyinin Kişinyovdakı Zirvə Toplantısı çərçivəsində keçiriləcək beştərəfli görüş haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib. “Keşkə Prezident Makron özünü prosesə qatmaq məcburiyyətində hiss etməyəydi. Başa düşürəm ki, onun bu addımı daxili siyasət üçündür, lakin o, artıq Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini çoxdan bildirib. Deməli, Makron heç də obyektiv vasitəçi deyil. Yaxşı ki, Şolts orada olacaq. Onun balans yaradacığını və ya balansı qoruyacağını düşünürəm”, - o bildirib. Brayza qeyd edib ki, Makronun görüşdə iştirak edirsə, sülh müqaviləsinin imzalanması barədə razılığa gəlmək mümkün olmayacaq: “Ümumiyyətlə isə Kişinyovdakı görüşün prosesi müəyyən qədər irəli aparmağa kömək edəcəyinə inanıram. Ümid edirəm ki, görüş tərəflər arasında fikir ayrılıqlarının azaldılmasına və sonrakı mərhələdə Co Bayden, Entoni Blinken və Şarl Mişelin iştirakı ilə yekun sülh müqaviləsinin imzalanması haqqında razılığın əldə olunmasına töhfə verəcək”.

İlham Əliyev Moldovada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib. Sozcu.az xəbər verir ki, Kişinyov şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.

Prezident Blinkenin köməkçisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib. Sozcu.az xəbər verir ki, Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd etdi. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd etdi. Azərbaycan Prezidenti bu xüsusda ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğuladı. Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpaolunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıldı. Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulandı, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunuldu.

Əliyevlə Hersoqun təkbətək görüşü başladı

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İshaq Hersoq ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İsrail prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İsrail Prezidenti İsxak Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. 08:34 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə yola düşüb. Moderator.az xəbər verir ki, İsrail Prezidenti bu barədə “Twitter” hesabında yazıb. O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsxak Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. “Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - deyə İsrail Prezidenti qeyd edib.

Hikmət Hacıyev və Armen Qriqoryan Bratislavada panel müzakirəsində iştirak edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək. Bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb. Forum mayın 30-da baş tutacaq.

Avropa İttifaqının İşçi Qrupu Azərbaycanda səfərdədir

Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb. "İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev (Prezidentin köməkçisi-red) ilə səmərəli görüş keçirib. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.

Prezident Çunqvon Çunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb. Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib. Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb. Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.