Bayramov Labiblə Zəngəzur dəhlizindən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Xədicə Labib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər. Sozcu.az xəbər verir ki, bunu C.Bayramov avqustun 24-də Bakıda X.Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar. C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

Prezident ermənipərəstliyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib. Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək. Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək. Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur. Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.

İlham Əliyev Zelenskini təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Sozcu.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram. Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".

Mirziyayev Füzuliyə getdi, Prezident qarşıladı

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev avqustun 23-də Füzuli rayonuna gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şövkət Mirziyayevi və xanımı Ziraatxan Mirziyayevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Prezidentlərin təkbətək görüşü keçirildi

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. *** Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Mirziyoyev Azərbaycana niyə gəlir? - Şuşa və Füzuliyə də gedəcək...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək. Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Məlumatda bildirilir ki, Mirziyoyev Şuşa və Füzuliyə səfər edəcək. Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. Mirziyoyevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.

Bərdədə ermənilərlə görüş gözlənilir

Yaxın günlərdə Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağın erməni icması arasında Bərdədə görüş keçirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, görüş zamanı Ağdam-Xankəndi yolunun açılması məsələsi müzakirə olunacaq.

ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror törədib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı "X" hesabında paylaşım edib. Sozcu.az xəbər verir ki. paylaşımda deyilir ki, erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. “Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarının ardınca 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Azərbaycanın mülki əhalisinə qarşı ictimai avtobusların və metro qatarlarının partladılması daxil olmaqla 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”, - XİN-dən bildirilib.

Mirziyayevin Azərbaycana səfərinin tarixi bəlli oldu

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də ölkəyə dövlət səfəri edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin saytında məlumat verilib.

Prezident üç ölkənin səfirini qəbul etdi

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın, Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun və Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin köməkçisi: BMT TŞ-nin müzakirələri kimin real və davamlı sülh istədiyini nümayiş etdirdi

BMT Təhlükəsizlik Şurasında dünən keçirilən müzakirələr bir daha göstərdi ki, kim suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istəyir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Twitter“də yazıb. Mövsümovun sözlərinə görə, dünənli müzakirələr bir daha nümayiş etdirdi ki, kimlər boş qisas ümidləri ilə zaman qazanmaq üçün “humanitar fəlakət” tamaşaları oynamaqda davam edir./APA

Azərbaycanda 13 partiya ləğv edildi

Vahid Azərbaycan Milli Birlik Partiyası və Qorqud Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib. Bu barədə Sozcu.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Partiyaların ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib. Bununla da avqust ayında ləğv olunan partiyaların sayı 13-ə çatıb. Qeyd edək ki, daha əvvəl Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Milli Vəhdət Partiyası, Yeni Yol Partiyası, Müstəqil Xalq Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və bunlara dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim ediblər. Həmin partiyaların ləğvi barədə qeyd müvafiq tarixlərdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.