"Putin “sülhməramlı”ların torpaqlarımızda qalması üçün bu arqumentləri ortaya ata bilər...”

“Amma Azərbaycan artıq Qarabağda nəzarəti bərpa etdiyindən ermənilərlə bağlı bu inam və təhlükəsizlik məsələlərini də özü asanlıqla həll etmək iqtidarında olacaq...”

Allaha şükürlər olsun ki, Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. dövlət bayrağımız ucaldıldı. Ermənilərin kütləvi şəkildə köç etməsi ilə separatizm də yox oldu o torpaqlarımızdan... Amma cəmiyyətdə də müzakirə olunan bəzi “əmma”lar var.  Məsələn: 

“44 günlük savaşdan bəri biz işğalçı Ermənistanı və onun ordusunun qalıqlarını da, separatçıları da Qarabağ torpağımızdan qovduq. Fəqət, təəssüf ki, XIX əsrin əvvəllərindən bəri həmin separatizmin də, işğalçılığın da əsasını qoymuş baş işğalçı – Rusiya imperiyasının qoşunları və bayrağı hələ də Xankəndində, Xocalıdadır... Və  nə qədər ki, “sülhməramlı” adlı o qoşunlar oradadır, “təhlükə tam sovuşub” demək olmaz. Sizcə, Azərbaycan dövləti asanlıqla, heç olmasa, 2025-ci ildə Rusiya hərbi qüvvəsini suveren ərazimizdən çıxarmağa nail olacağıqmı? Məsələn, Moldova artıq 30 ildən çoxdur, çalışır, Dnestryanıdakı Rusiya “sülhməramlı”larını öz suveren ərazisindən çıxara bilmir...”

Politoloq Elxan Mehdiyev Moderator.az-a açıqlamasında məsələyə belə izahat verib:

“Belə şübhələrə əsaslar vardır. Çünki ortada Gürcüstan, Moldova nümunələri mövcuddur. Rusiyanın Ukraynada apardığı müharibə isə Kremlin hər hansı gələcək addımlarına rasional düşüncə ilə cavab verməyi daha da çətinləşdirir. İndiyə kimi apardığımız müşahidələr, hələ ki, Rusiyanın geniş diapazonda Azərbaycanın maraqlarına zidd addımlar atmadığını göstərir.  Azərbaycanın Rusiya ilə bağlı apardığı diplomatiyanın uğurlu olduğu sahədəki vəziyyətə görə ölçülməlidir və bu baxımdan Azərbaycanın da Rusiya-Ermənistan arasındakı gərginlikdən ustalıqla istifadə etdiyi görünür... 

İkincisi, burada Turkiyənin varlığı və Azərbaycan Silahlı Qüvvələrinin Qarabağa tam nəzarət etməsi Rusiya qüvvələrinin 2025-ci ildən sonra Azərbaycanda hansısa funksiyada qalması ehtimalını ən aşağı səviyyəyə düşürür. Rusiya hərbi gücünün Qarabağda qalması ehtimalının ancaq nəzəri əsasları ola bilər. Belə bir “əsas”ın isə Ermənistana köçmüş erməni əhalisinin Qarabağa qayıtması ilə yaranması mümkündür. Və bu halda Rusiya “sülhməramlı” qüvvələrinin yenidən “burada sülh və inam yaratmaq üçün bir müddət də qalması” arqumentləri Putin tərəfindən ortaya atıla bilər. Amma Azərbaycan artıq Qarabağda nəzarəti bərpa etdiyindən ermənilərlə bağlı bu inam və təhlükəsizlik məsələlərini də özü asanlıqla həll etmək iqtidarında olacaq...”

Share on Facebook