Redaktor seçimi

Ukrayna “F-16” qırıcılarından istifadə etməyə başladı – İlk dəfə

Ukrayna ordusu müharibədə ilk dəfə “F-16” qırıcılarından istifadə etməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” bildirib. Məlumatda qırıcıların hədəfləri vurması ilə bağlı hər hansı məlumat verilməyib. Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl “F-16” qırıcıları aldığını təsdiqləmişdi.

İtkin düşən və həlak olan hərbçilərə görə iki nəfər həbs olundu

İki il əvvəl Laçında hərbçilərimizin itkin düşməsi və bir neçə gün əvvəl meyitlərinin qalıqlarının tapılması ilə bağlı cinayət işi açılıb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Qeyd edilib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları - əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib. “Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər”, - məlumatda deyilir.

Evi olmayan hərbçilərin NƏZƏRİNƏ: Müdafiə Nazirliyindən AÇIQLAMA

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında "Mənzil növbəsi" adlı yeni bölmə yaradılıb. Həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər. Maraqlıdır, seçim necə aparılacaq, ilk mənzillər kimlərə veriləcək, ailələrdə uşaqların sayı nəzərə alınacaqmı, iş təcrübəsində kimlər üstün olacaqlar? Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb. O bildirib ki, bu məsələ ilə bağlı komissiya yaradılıb: "Həmin komissiyada siyahı var. Minimum 20 il qüsursuz xidmət etmiş hərbçilərin adları həmin komissiyada yer alıb. Hərbçilərə mənzillər ardıcıllıqla veriləcək. Burada "ilk" anlayışı yoxdur. Çünki namizədlər mənzilləri püşkatma üsulu ilə özləri seçirlər. Mənzil, bina, blok təsadüfi seçimlə müəyyən edilir. Ailədə uşaqların sayı da nəzərə alınır". MN sözçüsü əlavə edib ki, ailə tərkibi mənzilin ölçüsünə təsir edir: "Məsələn, 100 ev varsa, onlardan 20-si birotaqlı, digər 20-si ikiotaqlı, qalanları üçotaqlı, dördotaqlı və sairdir. Dördotaqlı alan 20 nəfərin arasında püşkatma keçirilir. Onların seçimlərindəki mənzillərin hamısı dördotaqlı olur. Üçotaqlıların püşkatmasında iştirak edən 20 nəfərin seçimlərində isə mənzillər hamısı üçotaqlıdır. Ailə tərkiblərinə görə say tərtib olunur. Püşkatma isə mənzil, bina, blok, mərtəbə rəqəminə görə keçirilir".

Polad Həşimovun oğlu xaricdə 7 universitetə qəbu oldu

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb. Sozcu.az xəbər verir ki, o, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin “Purdue” universitetində davam etdirəcək. Qeyd edilib ki, Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.

Razim Əmiraslanlının deputatlığa namizədliyi qeydə alındı - "Mən qələbə üçün əzmlə bu yola çıxmışam”

Müsavat Partiyasından növbədənkənar parlament seçkilərinə qatılan 6 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Sozcu.az xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınanlardan biri başqan müavini Razim Əmiraslanlıdır. Belə ki, onun deputatlığa namizədliyi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən qeydə alınıb. “Qeydə alındığım dairədə maraqlı bir seçki olacaq. Mən qələbə üçün əzmlə bu yola çıxmışam”, - R.Əmiraslanlı deyib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Hümbət Rəhim oğlu Hüseynovun namizədliyini irəli sürüb. Böyük Azərbaycan Partiyası sədri Elşad Musayev də 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb və qeydə alınıb.

Səbəbkar Nəcməddin Sadıkovdur - “Şlyapa Zahid”in məhkəməsində şok ifadələr

Müdafiə Nazirliyinin “Şlyapa Zahid” ləqəbli məşhur zabiti Zahid Niftəliyevin məhkəmə istintaqı başlayıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Niftəliyevin vəkili bir sıra vəsatətlə çıxış edib. Vəsatət aydın olsun deyə, qısa olaraq xatırladaq ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə, 24 milyondan çox kredit götürüb. O, götürdüyü krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurub. Müdafiə tərəfi hesab edir ki, bu cinayət işində əsas fiqur Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. Bu səbəbdən vəkil Sadıkovun məhkəməyə çağırılıb dindirilməsini istəyib: “Zahid Niftəliyevin burada oturmasının baş səbəbkarı Nəcməddin Sadıkovdur. Silah alınması ilə bağlı kiminsə adına şirkət açılmalı imiş, Nəcməddin Sadıkov da müvəkkilimdən istifadə edib. “Şahin Co” MMC onun adına açılıb. Şirkətin fəaliyyəti üçün də Baş Qərargah rəisi ilə mərhum vergilər naziri Fazil Məmmədov arasında razılaşma olub. 2017-ci ildə Fazil Məmmədov işdən çıxarıldı, ondan sonra da yavaş-yavaş hər şeyin üstü açıldı. Zahid Niftəliyevdə şirkətin nə möhürü, nə sənədi olub. Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün Nəcməddin Sadıkov məhkəməyə gəlməlidir”. Vəkil Sadıkovdan başqa, “AtaBank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Dəyanət Quliyev və xəzinədar Barat Heydərova da suallarının olduğunu deyib, onların da məhkəməyə çağırılmasını xahiş edib. Müttəhim Niftəliyev şüşə qəfəs arxasından başını yelləyərək müdafiəçisinin dediklərini təsdiq edib. Məhkəmə hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb. Sədrlik edən hakim Novruz Kərimov bəyan edib ki, vəsatətlərə indiki vaxtda baxıla bilməz. Ona görə ki, qaldırılan məsələlər sübutların araşdırılması mərhələsinə aiddir. Zərərçəkmiş bankın nümayəndəsi isə “Şlyapa Zahid”ə qarşı mülki iddia qaldırıb. Nümayəndə banka dəymiş ziyana görə 24 milyon 234 min manat tələb edib. Mülki iddia icraata qəbul edilib. Prosesin davamında ilk baxış iclasının predmetinə uyğun olaraq ittiham aktı elan olunub. İttihamda deyilir ki, Zahid Niftəliyev məqsədyönlü şəkildə külli miqdarda kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb. O, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit götürüb və təyinatı üzrə istifadə etməyib. Həmin kreditə dair çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib. Bu əməllərinə görə Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Hakim deyib ki, verilmiş ittihamlar məhkəmədə sübut olunarsa, təqsirləndirilən şəxsə 17 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilə bilər. Amma dəymiş ziyan ödənildiyi halda bu, yumşaldıcı hal hesab edilə bilər. “Şlapa Zahid” özünü təqsirli bilməyərək “mən təqsirli deyiləm, ittihamları da qəbul etmirəm”, - deyib. O, istintaq materialları ilə tam tanış olmaq üçün vaxt istəyib. Məhkəmə onun istəyini nəzərə alıb. Hakimlər əmək məzuniyyətinə getdiyi üçün növbəti proses sentyabrın 25-nə təyin edilib. Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, hələ də istintaq təcridxanasında saxlanılır.

Həbs olunan milyonçu, kriminal avtoritet Oleq Bakinski kimdir?

Xəbər verdiyimiz kimi, tanınmış kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib. Sozcu.az xəbər verir ki, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur. 2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. 1989-cu ildən Kiyev şəhərində yaşayırdı. 4 övladı var. Olduqca zəngin adam olan Krapivinin Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülkləri mövcuddur. “Forbes”in məlumatına görə, Oleq Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir. “Bakinski” həm də uzun müddət Ukraynadakı Azərbaycan diasporuna ciddi dəstək verməsi ilə məşhurdur. Hətta açıqlamalarının birində “Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur” demişdi. Oleq Krapivin diaspor fəaliyyətinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına da layiq görülmüşdü. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı.axar)

"Ailələrdə rus dilində danışılması biabrçılıqdır" — Qulu Məhərrəmli

Azərbaycan əlifbası və Azərbaycan dili günü azərbaycanlıların milli kimliyi, milli birgəlik, milli özünü ifadə baxımından çox əlamətdar gündür. Azərbaycan dili Şərqin, ümumiyyətlə dünyanın ən inkişaf etmiş dillərindən biridir. Baxmayaraq ki, il ərzində beş dəfə əlifba dəyişikliyi olub. Müxtəlif dövrlərdə əlifba dəyişikliyi, dilimizin inkişafına xeyli dərəcədə mane olub. Amma indi müstəqillik dövründə Azərbaycan dövləti bu məsələni həll edib. Azərbaycan dilinin işləkliyi ən yüksək səviyyədədir. Bu dildə saysız-hesabsız media qurumları var. Ana dili dövlət dilidir. Dövlət dili haqqında xüsusi qanun var. Dilin qorunması ilə bağlı tələblər var". Sozcu.az xəbər verir ki, bu  fikirləri Demokrat.az-a açıqlamasında professor, əməkdar jurnalist Qulu Məhərrəmli deyib. O bildirib ki, istənilən xalqların, istənilən toplumun, millətin əsas göstəricilərindən biri onun ana dilidir: “Azərbaycan dili Şərqin, ümumiyyətlə dünyanın ən inkişaf etmiş dillərindən biridir. Baxmayaraq ki, il ərzində beş dəfə əlifba dəyişikliyi olub. Müxtəlif dövrlərdə əlifba dəyişikliyi, dilimizin inkişafına xeyli dərəcədə mane olub. Amma indi müstəqillik dövründə Azərbaycan dövləti bu məsələni həll edib. Azərbaycan dilinin işləkliyi ən yüksək səviyyədədir. Bu dildə saysız-hesabsız media qurumları var. Ana dili dövlət dilidir. Dövlət dili haqqında xüsusi qanun var. Dilin qorunması ilə bağlı tələblər var”. Professor onu da qeyd edib ki, hazırda Azərbaycan dilinin işlənməsi, normalarının gözlənilməsi qaydalarına əməl olunması dilin statusu və sair. bunlarla bağlı iyirmidən çox dövlət sənədi var: “İşləkliyi hazırda qənaətbəxş səviyyədədir. Əlbəttə, problemlər var. Həmişə olub. Bu, birinci növbədə dilin statusunun qorunması ilə bağlıdır. Dil daşıyıcılarının bu dilə münasibəti ilə bağlıdır. Ədəbi dil normaları ilə bağlıdır. Mətbuat dili televiziya, radio, verilişlərin dilidir. Bunlarla bağlı həmişə problemlər olub və bu gün də o problemlər daha qabarıq şəkildə hiss olunur. Ona görə də dil daşıyıcıları tərəfindən Azərbaycan dilinin statusuna lazım olan hörmət göstərilmir”. Q.Məhərrəmli əlavə edib ki, ailələrdə rus dilində danışılması sadəcə biabırçılıqdır: “İctimai yerlərdə bəzən bu yolverilməz bir həddə gəlib çatıb, özlərinə ziyalı demək istəyənlər özgə dillərdə danışmağa üstünlük verir. Əlbəttə ki, bu çox məyusedici məqamlardır. Yəni biz bu dilin daşıyıcıları olaraq o dilin şərəfini qorumalıyıq. Biz o dilin statusunu qorumalıyıq. Biz bu dilin daşıyıcıları kimi bu dilə sevgi, məhəbbət, ehtiramımızı əsirgəməməliyik”.

ABŞ səfirliyindən hərbçilərin ölümü ilə bağlı başsağlığı

ABŞ-nin Azərbaycandakı səfirliyi Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusun ölümü ilə əlaqədar onların ailələrinə və yaxınlarına başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Dörd Azərbaycan hərbçisinin faciəvi ölümü ilə bağlı onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.

Keçid ballarında dəyişiklik olacaq - Abituriyentlərin nəzərinə

Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq". V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq". DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək".

Bakıda bağçalarda 4 günə yer doldu - Nazirlik uşaqları təhsildən məhrum edir?

İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul başlanıb. Sozcu.az-ın məlumatına görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılsa da, 4 gün ərzində bütün yerlər dolub. Xeyli sayda uşaq bağçalara qəbul olmaq hüququndan məhrum edilib. Bunlar arasında jurnalistlərin övladları da var. Elm və Təhsil Nazirliyi isə bağçada oxumaq hüququndan məhrum olan uşaqlarla bağlı heç bir tədbir görmür. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalara qəbul oluna bilməyən uşaqların valideynlərinə “yer yoxdur” deməklə kifayətlənir. 2021-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda bağçalara qəbul planı bir qədər də artıb. Bağçalarda valideynlərdən əlavə “aylıq ödənişlər” tələbi ləğv edilməsə də, nədənsə qəbulda problemlər yaradılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər bağçada qəbul proseduruna uyğun olaraq say müəyyən edib. Həmin saydan bir nəfər də artıq şagird qəbul edilmir. Nəticədə 180 nəfər şagirdin təhsil almaq imkanı olan bağçalarda qəbul sayı kəskin azaldılıb. Valideynlər övladlarını daha çox özəl bağçalara yönəltməyə məcbur edilir. İllərdir Yeni Yasamalda yerləşən 98 saylı bağçada 150 nəfərdən çox şagird təhsil alırdısa, hazırda bu say həddi azaldılıb. Səbəbi isə guya bir sinifdə 30-32 uşaqdan artıq təhsil vermək imkanının olmamasıdır. (Qaynarinfo)

16 milyonluq mənimsəmə – Ramin İsayevin məhkəməsi başladı

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə başlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb. Qapalı keçirilən prosesdə anket məlumatları yoxlanılıb. Prosesdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatəti təmin etməyib. İş üzrə baxış iclası avqustun 2-nə təyin edilib. Qeyd edək ki, Ramin İsayev 16 milyonluq mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri üzrə ittiham verilib. R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.