Redaktor seçimi

Saakaşvili Gürcüstanın Aİ-yə namizədliyinə Rəsulzadənin sözlərilə münasibət bildirdi

Gürcüstan Avropa İttifaqına namizədliyə qəbul edildikdən sonra Gürcüstanda faktiki bayram əhval-ruhiyyəsi yaşanır. Dünya dövlətləri bu hadisə ilə əlaqədar Gürcüstana təbriklər ünvanlayırlar. Sozcu.az xəbər verir ki, həbsdə olan Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də Facebook səhifəsində öz münasibətini bildirib. O, fikrini Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamı ilə ifadə edib: “Avropa Qafqaza daxil oldu. Gürcüstanda bir dəfə qalxmış Avropa bayrağı bir daha enməyəcək”.  Xatırladaq ki, M.Saakaşvili 2012-ci il martın 7-də Azərbaycan parlamentində çıxışı zamanı Azərbaycan dilində M.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını səsləndirmişdi.

Bakı erməni əsirləri yaxşı bəsləyib - Erməni nazir

Azərbaycan tərəfindən geri qaytarılan 32 erməni hərbçinin müalicə və əlavə müayinəyə ehtiyacı yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib. “Azərbaycandan Ermənistana qaytarılan əsirlər ilkin tibbi müayinədən keçirilib, hazırda onların tibb məntəqələrinə köçürülməsinə ehtiyac yoxdur”, - o bildirib. Qeyd edək ki, Bakı və İrəvan ötən gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsini həyata keçirib. Öncədən əldə olunan razılaşmaya əsasən 2 azərbaycanlı əsirlə 32 erməni əsir dəyişdirilib.

Serj Sərkisyan: Qarabağ məsələsi hələ bağlanmayıb

Vaxt gələcək, Qarabağ səhifəsinin bizim üçün bağlanmadığını deyəndə nəyi nəzərdə tutduğumuzu ətraflı izah edəcəyik. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sərkisyan jurnalistlərlə söhbətində deyib. Qarabağ ermənilərinin qayıtması məsələsinə toxunan Sərkisyanın fikrincə, bunu həmin adamların özlərindən soruşmaq lazımdır: “Aydındır ki, qayıdış arzuolunandır, lakin müvafiq şərtlər olmalıdır və mən onların fikrini bilmədən dəqiq nə deyə bilmərəm”, – deyə Sərkisyan bildirib. Serj Sərkisyan Şarlz Mişelin Qarabağ ermənilərinin Azərbaycan konstitusiyasına tabe olması ilə bağlı bəyanatına cavab olaraq deyib: “Bu, zəmanət ola bilməz, biz belə sözləri çox eşitmişik. Bu, sadəcə olaraq sıfır zəmanətdir”.

Paşinyandan Qazax və Zəngəzur dəhlizi haqda kritik açıqlama

“Biz Azərbaycan və Ermənistan arasında əvvəllər mövcud olmuş bütün dəmir yolu əlaqələrini bərpa etməyə hazırıq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, magistral və dəmir yollarını bərpa etmək istədiklərini bildirib: “Bunlardan birincisi, Azərbaycanın Qazax bölgəsini Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən cənub marşrutudur. Həmçinin Azərbaycanın qərb rayonlarının şimal marşrutu ilə də Naxçıvan və xarici ölkələrlə əlaqə yarada biləcəyinə inanırıq. Ermənistan buna hazır olduğunu rəsmi şəkildə bildirib. Daha sonra şimal, orta və cənub zolağında magistral yolların salınması da var. Bunlar regionumuz üçün yeni imkanlar yaradacaq. O cümlədən Türkiyə ilə Emrənistan arasında da dəmir yollarının açılması, magistral yolun yenidən qurulmasına hazırıq”.

Arif Hacılı test üsulunun qərarı ilə bağlı "nala-mıxa" vuranların cavabını verdi

1992-ci lidə Azərbaycanın alı məktəblərinə qəbul  imtahanlarında ilk dəfə test üsulu tədbiq edildi.  Test üsulunun tədbiqinə Təhsil Nazirliyi işçiləri, ali məktəblərin professor-müəllim heyətinin bir qismi tərəfindən ciddi müqavimət vardı.  Çünki, bu sahələrdə çalışan minlərlə müəllim və məmurun qazancı qəbul və smestr imtahanlarına bağlı idi.  Əbülfəz Elçibəy bütün bu müqavimətə baxmayaraq test üsulunun tədbiq olunmasına təkid etdi.  Adətən iyun ayında keçirilən qəbul imtahanlarının test üsulunu tədbiqinə hazırlığın tamamlanmaması səbəbindən  payıza qədər uzadılmasına sərəncam verdi.  Təhsil Nazirliyi və test imtahanlarını sobataj etmək ehtimalı olanlara o dərəcədə inanmırdı ki, test suallarının hazırlanması üçün Zaqulbada prezidentin rezidensiyası olan öz evini ayırmışdı.  Hətta bir çox yüksək vəzifəli dövlət məmurları bu prosesdən xəbərsiz idi.  Sistem elə qurulmuşdu ki, heç kəsin, hətta prezidentin özünün də imtahanların nəticələrinə müdaxilə imkanları olmasın.  Və bu sistem Prezident Elçibəyin iradəsi və göstərişi əsasında qurulmuşdu.  İlk test imtahanlarının baş tutmasında Prezident Aparatı əməkdaşlarının, o zaman Dövlət Katibi olan Pənah Hüseynin, Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə iş  üzrə Dövlət Müşaviri olan mənim, Dövlət Müşaviri Rafiq İsmayılın, test sistemini pozmağa çalışanlar istisna olmaqla Təhsil Nazirliyi və ali məktəblərin professor-müəllim heyətinin, TQDK və onun rəhbəri Vurğun Əyyubun, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Rauf Gülməmmədovun, Bakı şəhər rayonları icra hakimiyyəti başçılarının rolu böyükdür.  Test imtahanları günü bütün təşkilati-texniki məsələlərə Ərazi İdarəetmə Orqanıarı ilə iş üzrə Dövlət Müşaviri olaraq şəxsən rəhbərlik etmişəm. Amma bu test sisteminin tədbiqində müstəsna rolumun olması anlamına gəlmir.  Yersiz və mənasız davranışları  ilə etimadı itirərək aylarla prezidentin qəbuluna düşməyə həsrət qalıb bu gün test sisteminin tədbiqinin müəllifliyindən danışanların iddiaları isə xüsusilə gülüncdür.  Azərbaycanda test sistemi prezidentElçibəyin ideyası, təşəbbüsü və siyasi iradəsi nəticəsində tədbiq olunub. Arif Hacılı, Müsavat Partiyasının başqanı

"Ermənistanla sülh sazişi haqda deyilən proqnoza bir qədər skeptik yanaşıram...”

“Mən də arzulayardım ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ən yaxın zamanda və ən qısa müddətdə imzalansın və bununla da münaqişə bitsin...” "Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən söz düşəndə bəzi siyasi şərhçilər iddia edir ki, həmin saziş Azərbaycandakı növbədənkənar prezident seçkilərinədək  imzalana bilər. Görəsən, bu nə dərəcədə reallığa uyğun proqnozdur..." Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin növbədənkənar prezident seçkilərinədək imzalanacağı fikrinə mən bir az skeptik yanaşıram. Ona görə ki, sülh müqaviləsi yetərincə ciddi sənəddir və onun hazırlanması üçün kifayət qədər işlər görülməlidir. Sülh sazişinin bir sənəd olaraq bütün müddəaları hər iki tərəfdən razılaşdırılmalıdır. Və bu sənəd bütövlükdə onun icraatının bütün təminat mexanizmləri yaradılmadan belə, qəbul edilə bilməz. Yəni qısa müddətdə hansısa çərçivə sazişi və ya niyyət protokolu imzalana bilər ki, bu da sülh müqaviləsi demək deyil. Sülh müqaviləsi odur ki, Azərbaycanla Ermənistan arasında olmuş münaqişə, mübahisəli məsələlər, bir-birinin ərazi bütövlüyünün tanınması, təhlükəsizlik təminatı və digər bir çox məsələlər öz əksini tapan ciddi bir yekun sənəd ortalığa qoyulmalıdır... Onu da diqqətə çatdırım ki, sülh sazişini ehtiva edən sənəd yalnız dövlət başçılarının imzalamasıyla deyil, ölkələrin parlamentlər tərəfindən də ratifikasiya olunduqdan sonra əsil mənada “sülh müqaviləsi” adlandırıla bilər. Həmin prosedurun isə bütövlükdə Azərbaycanda növbəti il fevralın 7-ə nəzərdə tutulan prezident seçkilərinədək həyata keçirilməsi mümkün deyil. Ən azı, ona görə mümkün deyil ki, bu, dediyim kimi, genişmiqyaslı prosedurun qarşıda olan müddətdə fiziki baxımdan yekunlaşdırılması qeyri-mümkündür. Ona görə də sülh sazişi haqda deyilən proqnoza bir qədər skeptik yanaşıram. Baxmayaraq ki, mən də arzulayardım ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ən yaxın zamanda və ən qısa müddətdə imzalansın və bununla da münaqişə bitsin...”

Rusiyanın İrandakı keçmiş baş konsulu ölü tapıldı

Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyev Moskvadakı mənzilində ölü tapılıb. Sozcu.az xəbər verir ki, məlumatı Rusiya mediası yayıb. Bildirilib ki, diplomatın meyitini həyat yoldaşı aşkarlayıb. Hazırda ekspertlər keçmiş baş konsulun ölüm səbəbini araşdırırlar. Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiyanın İrandakı baş konsulu vəzifəsində çalışıb.

Paşinyan separatçıların "nümayəndəliyini" ləğv etməsə...

Qarabağ separatçılarının Ermənistandakı "nümayəndəliyinin" hədəfində həm Ermənistan hökuməti, həm də Azərbaycan var. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyinin” fəaliyyətini davam etdirməsi vacib məsələlərdəndir.   "Həmin “nümayənədlikdə” təxribaçı açıqlamalar verilir, toplantılar keçirilir. “Nümayəndəlikdə” toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır. Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvarın ayının əvvəlində qapatmağı planlaşdırır. Radikal müxalifət Qarabağ klanı ilə birgə buna mane olmağa çalışacaq. Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyinin” fəaliyyətini qadağan etməsə, bu, Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək",- politoloq vurğulayıb.

Tanınmış iş adamının oğlunun öldüyü qəzada günahlandırılan şəxs məhkəmədə həbs edildi

Bakı Apellyasiya Məhkəməsində tanınmış alim və iş adamı olan Mirzəxan Mənsimovun oğlunun yol qəzasında ölümünə səbəb olmaqda təqsirləndirilən Xəlil Əsədlinin barəsindəki hökmdən dövlət ittihamçı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Ramin Qaraqurbanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, zərərçəkmiçin hüquqi varisinin şikayəti və prokurorun protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Xəlil Əsədlinin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq, 6 ilə qaldırılıb. O, məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Qeyd edək ki, 1993-cü il təvəllüdlü Xəlil Əsədli "BMW" markalı avtomobillə ağır qəza törədib. Nəticədə 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ölüb. Sürücünün barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.. İttihama görə, "BMW" markalı avtomobil Nurlana məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini Xəlil sərxoş halda idarə edib. Onlar 20 noyabr tarixində saat 05:25-də Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində metronun "İçərişəhər” stansiyasından üzü Nərimanov heykəlinə doğru hərəkətdə olarkən avtomobil Xəlilin idarəetməsindən çıxaratq sürətlə maneəyə çırpılıb. Xatırladaq ki, Nurlan Mənsimlinin atası, tanınmış coğrafiyaçı alim, həmçinin "İqlim" MMC-nin rəhbəri olan Mirzəxan Mənsimovdur. O, məhkəmədə ifadəsində Xəlilə ağır cəza verilməsini istəyib. (Pravda.az)

Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta...

Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta başqa məsələlər də var. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Nəhayət razılaşdırılmamış başqa məqamlar da var və düşünürəm ki, xarici işlər nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşü bütün məsələlər üzrə həll yollarını axtarmaq və tapmaq üçün fürsət olacaq. Ermənistan həll yollarını axtarmağa və sülh sazişini başa çatdırmağa hazırdır. Son versiya budur ki, Ermənistan təkliflərə cavab verib və hesab edirəm ki, o, bəzi məsələləri həll edir”, - o bildirib. Qriqoryan “Ermənistan” fraksiyasından olan deputat Geqam Manukyanın təkliflərin Ermənistan üçün çox pis nəticələr verəcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib ki, o, pis nəticələr verəcəyini düşünmür və ümumilikdə sülh müqaviləsi Ermənistanın maraqlarını əks etdirir. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər.

Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində nələr dedi?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası keçirilib. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc və Rəşad Əliyev məhkəməyə birgə vəsatət təqdim edib. Vəsatətdə bildirilib: “Elçin Sadıqovnan Əvəz Zeynallı eyni mövqedədilər. İşin ayrılıb-ayrılmaması mahiyyətə təsir etmir. Elçin Sadıqov təqsirləndirilən şəxs olduğu üçün o, məhkəmə zalında ifadə verməsin. Bundan əlavə, Elçin Sadıqovun istintaqdakı ifadəsinin sübutlar siyahısından çıxarılmasını müşavirə otağında qiymət verilməsini istəyirik. Elçin Sadıqov ifadə verərsə, şahid kimi and içəcək. Amma o, təqsirləndirilən şəxs olduğu üçün özünü müdafiə məqsədli yalan danışa bilər”. Münasibət bildirən prokuror vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə yerində müşavirə keçirərək bildirib: “Epizodların əksəriyyəti Elçin Sadıqovla bağlı olduğu üçün onun məhkəmə zalında ifadə verməsi məcburidir”. Şahid Elçin Sadıqov məhkəmə zalına dəvət edilib. Onun anket məlumatları dəqiqləşdirilib. Elçin Sadıqov bildirib: “Mən ibtidai istintaq materialında verdiyim ifadəmi təsdiq edirəm. Bura gəlmək istəmirdim. Amma görürəm ki, gəlməməyimdən qarşı tərəf sui-istifadə edib. İstintaqdakı ifadəmi təsdiq edirəm. Əlavə hansısa sözüm yoxdur. İltizama da imza atmıram. Çünki təqsirləndirilən şəxs qismindəyəm”. Rəşad Əliyev Elçin Sadıqovun şahidlər siyahısından çıxarılmasını və ifadənin dayandırılmasını istəyib. Hakim bunun hazırki məqamda baş tuta bilməyəcəyini deyib. Elçin Sadıqov barəsində aparılan cinayət işinə görə, bu prosesdə şahid qismində çıxış etməkdən imtina edib. Prokuror şahidin ifadə verməkdən imtina etdiyi təqdirdə məsuliyyətə cəlb ediləcəyini vurğulayıb. Hakim son dəfə şahid qismində göstərilən Elçin Sadıqova ifadə verməsi ilə bağlı sual verib. O, ifadə vermək istəmədiyini və istintaqdakı ifadəsini təsdiqlədiyini bildirib. Elçin Sadıqovun istintaqdakı ifadəsi elan edilib. Daha sonra, hazırda həbsdə olan “Baku Steell Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun yoldaşı Mehriban Məmmədovanın və Rasim Məmmədovun sürücüsü Səxavət Hümbətovun istintaqdakı ifadəsi elan edilib. Elan olunduqdan sonra, Əvəz Zeynallı vəsatət qaldıraraq Elnur Şükürovun ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə müşavirə keçirdikdən sonra Elnur Şükürov barəsində qərar verilmənin hazırda prosesə uyğun olmadığını bildirib. Nəticədə vəsatət təmin edilməyib. Məhkəmənin növbəti iclası dekabrın 22-nə təxirə salınıb. Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

Bir qrup ictimai-siyasi şəxs III Respublika Platformasını təsis edib

7 dekabr 2023-cü il tarixdə, Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə  bir qrup ictimai-siyasi  şəxs tərəfindən III Respublika Platforması yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə Platformanın rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb. Bildirilib ki, Platformanın Əsasnaməsi qəbul edilib: “Qurucu üzvlər (təsisçilər) arasından Platformanın fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib. 7 nəfərdən ibarət Qurucu Heyətin üzvləri aşağıdakılardır: Akif Qurbanov Araz Əliyev Elman Fəttah Rövşən Ağayev Ruslan İzzətli Səməd Rəhimli Yadigar Sadıqlı Sonra Qurucu Heyətin ilk iclası keçirilib. Qurucu Heyət Platformanı təmsil etmək, qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu spiker seçib. Həmçinin Qurucu Heyətin digər üzvləri arasında sahələr üzrə məsuliyyət bölgüsü aparılıb”. III Respublika Platformasının Quruluş Bəyanında bildirilir ki, Platformanın fəaliyyətinin ağırlıq mərkəzi təməl hüquq və azadlıqların təminatını hədəfləyən fəal iştirakçılıq əsasında ölkənin taleyüklü məsələləri ilə bağlı ictimai rəyin formalaşdırılması olacaq: “Bizimlə eyni hədəfləri bölüşən hər kəsi Platformanın işində fəal iştiraka dəvət edirik. Çıxdığımız bu yolda missiyamız budur: idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etmək. Bu missiyanın mütərəqqi vətəndaşlarımızın rəğbətini qazanacağına, cəmiyyəti proqressə aparacağına əminik!” – bəyanatda bildirilir.