Redaktor seçimi

İsrail müharibəyə nə qədər xərcləyib?

7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumu ilə başlayan müharibəyə İsrail dövləti 31 dekabra qədər 6,6 milyard dollar xərcləyib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təxminən 4,5 milyard dollar müdafiəyə (müharibənin aparılmasına – red.), qalanı isə mülki məqsədlərə yönəldilib. Büdcə kəsiri isə 20 milyard dolları ötüb.

Paşinyan Samvel Babayanla işləməyi RƏDD ETDİ

Ermənistanın Baş naziri Nikol Pasinyan Qarabağdan qovulmuş qondarma “artsax” separatçılarının keçmiş rəhbərlərindən olan Samvel Babayanın “dirilmək” cəhdlərini dəfn edib. Sozcu.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Paşinyan Qarabağ ermənilərinin geri qayıdışı üçün danışıqlar aparmaq səlahiyyətləri əldə etməyə çalışan qondarma “artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”ni məyus edib. Məlumata görə, Paşinyan daha Samvel Babayanın xidmət göstərməsi üçün maraqlı deyil. “Hraparak” yazır ki, S.Babayanın sözlərinə görə, o, artıq özünü aldadılmış hesab edir. Qeyd edək ki, qondarma “artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” S.Babayan vaxtaşırı səs-küylü bəyanatlar və açıqlamalarla gündəmə gəlir, Qarabağ separatçılarının rəhbərlərini “vurmaq”la Paşinyanın “əlinə oynayırdı”. O, Qarabağı tərk edən ermənilərin problemləri ilə məşğul olacaq, eləcə də Azərbaycanla danışıqlar aparacaq struktur formalaşdırmağa çalışırdı. Paşinyan özü də əvvəlcə buna meylli idi, lakin son vaxtlar bu plandan imtina edib.  "Hraparak" yazır ki, Nikol Paşinyan "artsax"la bağlı hər şeyi unutdurmaq və fəal olanları gözdən salmaq, onları Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim etmək qərarına gəlib.

Ermənistanda fəxri adlar ləğv ediləcək

Ermənistanda fəxri adlar ləğv ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan məlumat verib. O qeyd edib ki, “Dövlət mükafatları və fəxri adlar haqqında” qanuna dəyişikliklər ediləcək. Nazir müavininin sözlərinə görə, bu gün Ermənistanda 17 fəxri ad var: “Məsələn, Xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi. Onların hamısı ləğv ediləcək".

Nəqliyyat Agentliyinin vəzifəli şəxsləri kimlərdən rüşvət alıblar? - Şok faktlar

Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qurumun məsləhətçisi Hikmət Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihamdan məlum olur ki, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə külli miqdarda rüşvət verilib. Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və bu şöbənin məsləhətçisi Hikmət Vəlizadə bu ittihamla həbs edilib. İttihama görə, “Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib. Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən 7 min manat pul istəyib, son nəticədə 5 min alınıb. Bundan sonra həmin küçədə “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb, avtomobillər üçün hərəkət birtərəfli olub. “New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb. İstintaq sənədlərinə görə, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib - 8 min manat istənilib, amma 6 min 500 manat alınıb. İttihamda yazılıb ki, Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul olan şirkətlərdən birinin rəhbərindən də rüşvət tələb ediblər. Lakin o, pul verməyə razılaşmadığına görə BNA-dan “parklanmanın təşkilinə icazə verilmir” məktubu gəlib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar məhkəmənin hazırkı mərhələsində ətraflı ifadə vermək istəməyiblər. Vəkilləri isə deyib ki, təqsirləndirilən şəxslər şahidlərin dindirilməsindən sonra danışmaq istəyirlər. Amma hakim bunu qəbul etməyib. Qeyd edib ki, proses təqsirləndirilən şəxslərin dindirilməsi ilə davam edəcək. Növbəti proses yanvarın 30-da davam edəcək. Qeyd edək ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Prezident İlham Əliyevin fərmanıyla Nazirlər Kabineti yanında yaradılıb. Daha bir fərman əsasında Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Prezidentinin 19 aprel 2023-cü ildə imzaladığı növbəti fərmanla isə ümumiyyətlə ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

Şahramanyan "artsax"ın ləğvi haqda qərarı ləğv edib... Surətini Paşinyana yollayıb…-“Hraparak”

"Şahramanyanın "artsax" barədəki davranışları Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisində qondardığı separatçı-terrorçu rejim barədəki gerçək siyasətinin kiçik miqyaslı proyeksiyasıdır..." “Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan və hakim rejimin digər nümayəndələrinin təhdidlərinə baxmayaraq, artsax respublikasının son prezidenti Samvel Şahramanyan artsaxın ləğvi haqqında fərmanı ləğv etmək qərarına imza atıb. Bunu yalnız bir neçə nəfər bilir”. Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazıb. “Qərar dekabrın 10-da imzalanıb və bir nüsxəsi Ermənistanın baş naziri Nikol Paşinyana göndərilib”,- deyə daha sonra erməni qəzeti bildirir. Nəşrin yazdığına görə, Şahramanyan sentyabrın 28-də “artsax”ın ləğvi haqda “fərman”ı “artsax xalqının fiziki təhlükəsizliyini və həyati maraqlarını təmin etmək naminə verib. Fərmanın faktiki mətni dərc olunmayıb, yalnız bu barədə əvvəlcə rus, sonra erməni dilində məlumatlar yayılıb. Və o, prezidentliyin saytında deyil, o günlərdə Stepanakertdən(Xankəndi-S.L.) rəsmi xəbərlər üçün yeganə platforma olan artsax informasiya qərargahının “Facebook” səhifəsində dərc edilib”- Ermənistan saytı belə yazır. “Artsaxın boşaldılmasından sonra Ermənistanın hökumət dairələri bu qərarı mütəmadi olaraq səsləndirir və bütün məsuliyyət yükünü Şahramanyanın çiyninə qoymağa çalışır, onun bir fərmanla bütöv bir dövləti ləğv etdiyini bəyan edərək, artsaxın təslim olmasının günahını və xalqın qəzəbini ona yönləndirməyə çalışırdılar… Samvel Şahramanyan lüzumsuz spekulyasiyalara yol verməmək üçün imzaladığı qərarı ləğv etmək üçün yeni qərar qəbul edib, lakin onlar Ermənistan hakimiyyətinin təhdid və fərziyyələrini nəzərə alaraq, bunu ictimaiyyətə açıqlamaq fikrində deyillər….Mənbəmiz bildirdi ki, Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib…”- erməni nəşri belə yazır. Nəşr bildirir ki, separatçı-terrorçu rejimin müxalifət təmsilçisi Metakse Akopyan “prezident”in fərmanının ləğvi ilə bağlı qərar qəbul etdiyini istisna etmir... P.S. Şahramanyanın "artsax" barədəki davranışları Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisində qondardığı separatçı-terrorçu rejim barədəki gerçək siyasətinin kiçik miqyaslı proyeksiyasıdır...

Rauf Nağıyev klinikada nələr edib? - Şikayət

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 2015-ci ildə vəzifəyə təyin olunandan sonra burada uzun illər çalışan peşəkar və savadlı şəxsləri işdən çıxarıb yerinə öz qohumlarını və yaxın ətrafını işə götürdü. O, vəzifəyə gətirdiyi şöbə və bölmə müdirləri ilə birlikdə burada korrupsiya şəbəkəsi quraraq həkim və orta tibb işçilərindən aylıq haqq toplayırdı. R.Nağıyev işdən çıxarılsa da, onun yaxın ətrafı hələ də burada çalışır. Bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı ərazi bölməsinin sürücüsü Kərim Rəşidzadə Axar.az-a ünvanladığı şikayət məktubunda bildirib. “R.Nağıyev islahatlar adı ilə “103”ün bölmələrində dispetçer xidmətini ləğv etdirib “Vahid dispetçer mərkəzi” yaratdı. Lakin bölmələrdə həkimləri dispetçer əvəzi işlədirdi. Nəticədə təcili yardımın operativliyi xeyli aşağı düşdü və təcili yardım avtomobilləri saatlarla gecikirdi”, - şikayətçi bildirib. Onun sözlərinə görə, R.Nağıyev COVİD-19 pandemiyasının Azərbaycanda yayıldığı dövrdə əslində pulsuz olan analizlərin verilməsi üçün 100 manat, virusa yoluxan xəstəni Yeni Klinikaya göndərmək üçün 5000 manat, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya hospitalizasiya üçün isə 3000 manat pul tələb edirdi: “Təbii ki, belə korrupsiya halları TƏBİB-in və hüquq-mühafizə orqanlarının nəzərindən yayınmadı. O zaman Nağıyevin işdən çıxarılması barədə qərar verilsə də, hospitalın bəzi əməkdaşlarını həbs etdirərək özünü xilas etdi. Bundan sonra R.Nağıyev daha da irəli gedərək birbaşa COVİD-ə yoluxmuş xəstə ilə işləyən həkimlərin və təcili yardım xidmətinin əməkdaşlarının artan əmək haqlarını mənimsədi. Sonradan həmin həkimlərə və tibb işçilərinə saathesabı ilə maaşlarının verilməsi haqda qərar verdi. O zaman bu qərardan narazı qalan Təcili Tibbi Yardım Stansiyasının 9 və 7 saylı ərazi bölmələrinin əməkdaşları işə çıxamaqdan imtina edərək tətil etdilər. Lakin R.Nağıyev yalan vədlər verməklə işçiləri sakitləşdirsə də yenə də haqqımızı ala bilmədik”. Şikayətçi yaxın zamanda məhkəməyə müraciət edəcəyini bildirib. TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Rauf Nağıyev artıq işdən çıxdığı üçün bu barədə açıqlama vermək səlahiyyətləri yoxdur: "Rauf Nağıyev artıq işdən çıxıb, bu barədə yalnız məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etmək doğru olardı".

Ölkədə bir sıra məktəblər BAĞLANACAQ? - RƏSMİ AÇIQLAMA

Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib. "2023-2024-cü tədris ilinin əvvəlində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar yeni ümumi təhsil məktəbləri açılıb. Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına 1, Laçın şəhərində 2, Şuşa şəhərində 1 nömrəli və Laçın rayonunun Zabux kəndində tam orta məktəblət fəaliyyətə başlayıb, Bakı şəhərində fəaliyyət göstərən eyni adlı məktəblər isə ləğv edilib. Eyni zamanda Abşeron rayonunun Masazır kəndində yeni 6 nömrəli tam orta məktəb açılıb", - deyə əlavə edilib. Qeyd edək ki, bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınmasının nəzərdə tutulduğunu bildirmişdi. "Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik", - deyə o, əlavə edib.

10 və 11-ci siniflər nə üçün lazımdır - Emin Əmrullayev açıqladı

Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür? Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib. "Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik", - nazir vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var, lakin nazir detalları açıqlamayıb. "Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır", - Emin Əmrullayev bildirib.

"Əgər kimsə Poladdan halallıq istəyirsə, Polad həyatda yoxdur, amma mən varam"- Polad Həşimovun anası

Bu gün general-mayor Polad Həşimovun doğum günüdür. 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Həşimov xalqın qələbə mübarizəsinin, əzminin, zəfər uğrunda sarsılmaz gücünün başlanğıcı oldu. Döyüş zamanı şəhid olan general-mayor kimi o hərb tarixinin nadir şəxsiyyətlərindən biridir.  Milli qəhrəmanın doğum günü ilə bağlı anası Səmayə Həşimova Moderator.az saytına danışıb.  "1975-ci ilin bu günü sevinirdik ki, Polad dünyaya gəldi. Bu gün də kədərlənirəm ki, Polad həyatda yoxdu. Mən onun yoxluğuna dözə bilmirəm." Polad Həşimovun ölümü təkcə onun anası, ailəsi üçün yox, bütöv bir xalq üçün böyük itkidir. Bu fikirləri Səmayə xanım da təsdiq etdi.  "Xalq onu sevir, xalqım sağ olsun. Bu gün Polad Həşimovun məzarına yüzlərlə insan toplaşmışdı. İndi də evimiz insanlarla doludur. Xalq onu ehtiramla anır, unutmur.  Əgər kimsə Poladdan halallıq istəyirsə, Polad həyatda yoxdur, amma mən varam." Qəhrəmanın anası deyir ki, Polad Həşimovun adını ata babası qoyub. Ad insanın taleyinə, xarakterinə təsir edir. O, elə polad kimi bərk, sarsılmaz yetişdi, o cür yaşadı.  Polad iki qızdan sonra dünyaya gələn oğlan nəvə idi. Oturub məsləhətləşdilər, babası dedi ki, "onun adını Polad qoyacam".  Polad kimi böyüdü, yetişdi, yaşadı və Polad kimi də dünyadan köçdü." Təmtərağı sevməzmiş qalib xalqın qəhrəman oğlu. Doğum günlərini evdə, ailəsi ilə sadə süfrə başında qeyd edərmiş həmişə... "28 il orduya xidmət etdi və ad günlərini heç zaman təmtəraqlı qeyd etmədi. Ümumiyyətlə, təmtərağı sevməzdi. Uşaq vaxtı da ad günü olanda mən süfrə açardım, ona hədiyyə alardım, evdə, ailə içində qeyd edərdik. O, elə görmüşdü, həmişə də elə qeyd edirdi. Sonuncu illərdə Daşkəsəndə xidmət edirdi. İki il ad gününü orda qeyd etdik. Heç bir iş yoldaşına da demirdi doğum günü olanda. Orda kirayə qaldığı evdə bir süfrə açmışdıq, ailəsi, uşaqları ilə qeyd etdi." Yanvarın 2-si dünyaya göz açan general-mayor sağ ikən vətəninə xidmət etdi, ölümüylə isə, vətəninin zəfərinə yol açdı. Belə oğulları yalnız qəhrəman analar yetişdirə bilər! Qəhrəmanın ruhuna ehtiram, qəhrəmanı yetişdirən ananın isə varlığına təzim edirik!

Şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb. P.Həşimovun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar qalıb.

İki nazirlik ləğv olunur - Yeni nazir kim olacaq?

2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq. Bakupost.az -ın əldə etdiyi məlumata görə, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq. Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olmyacağını bildirib. Mənbənin sözlərinə görə, nazirliyin birinci şəxsi sürpriz isim olacaq. Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinin hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir. Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərhad Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.

Qarabağ səhifəsi bağlandı: Sakit oturaq, sülh imzalasınlar

Ermənistana Qarabağ məsələsində daha dərinə getməməyi məsləhət görürəm. Bu bizə heç nə vermir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı keçmiş separatçıların İrəvana qaçan nümayəndəsi Samvel Babayan deyib. “Ermənistan üçün, sülh üçün gəlin sakit oturaq. Proses öz axarı ilə getsin. İrəvan Bakı ilə sülh danışıqları aparır, buna qarışmayaq. Qarabağ məsələsində nizam-intizam yox idi, səhifə bağlandı. Elə davranaq ki, sonralar sülh sazişinin əldə olunmasında problem yaranarsa, günahkar Qarabağdan gələnlər olmasın. Bu məsələnin daxil edilmədiyi bir müqavilə imzalamağa hazırdırlar, qoy etsinlər. Ermənistana sülh gətirəcəksə, bu addımı atsınlar”, – S.Babayan deyib.