Redaktor seçimi

Basarkeçər sakinləri Paşinyana müraciət etdi: “Silah, tank, qoşun istəyirik”

“Ən yaxın yüksəklikdə türklər var və bu gün onlara qarşı çıxanlar cüzi maaş alırlar”. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu fevralın 12-də Basarkeçərdə keçirilən etiraz aksiyası zamanı Mets Masrik kəndinin sakini David Qasparyan deyib. “Burada, sərhəddə nə baş verdiyini bilən varmı? Qoy dövlət insanların Rusiyaya gedib beton tökməməsinə çalışsın, pul versinlər, insanlar vətənini müdafiə etsinlər. Əvvəllər Qarabağ bizim qapımız idi, indi bu qapılar yoxdur, indi qapı Vardenisdir. Bu bizim dağımızdır, onu qorumalıyıq, insanların Vardenisi tərk etməməsi üçün çalışmalıdırlar ki, bura Ağdama çevrilməsin. Burada vətəndaşların 90%-i əlinə silah alıb döyüşə bilir. Biz bir daha Paşinyana müraciət edirik - silah, tank, qoşun istəyirik. Gəncləri cəlb edin ki, gəlib kamikadze olsunlar”, - Qasparyan bildirib.

Rusiyanın hədəfi təkcə Ukrayna deyil - Zelenski

Müharibə Rusiya Ukrayna cəbhəsində başlayıb, ancaq onun hədəfi təkcə dövlətimiz və müstəqilliyimiz deyil. Ona görə də azad dünyanın maksimum konsolidasiyasını saxlamaq və Ukraynanın Rusiyanı məğlub edə bilməsi üçün mümkün olan hər şeyi etmək vacibdir. Çünki Moskva başqa cür başa düşmür. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentİ Vladimir Zelenski çıxış edib. Zelenski əlavə edib ki, Ukraynanın silahlandırılması, yeni müdafiə paketləri və təhlükəsizlik həlləri üzrə avropalı tərəfdaşlarla iş aparılır: "Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaqda tərəfdaşlarla işləməyə davam edirik. Biz Rusiyanın müxtəlif yurisdiksiyalarında mövcud olan aktivlərinin müsadirəsi ilə bağlı mümkün qədər fəalıq. Mən Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün bizə kömək edən hər kəsə minnətdaram".

Arayik seçkilərdə səs vermək istəyir - Müraciət edib

Arayik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib. Sozcu.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, Qarabağdan qovulmuş separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib. Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və gələcəkdə ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini bildirir. Xatırladırıq ki, bu barədə TV Musavat rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir. Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir. Qeyd olunur ki, Arayik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonıa danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arayik 10 kq kökəlib. Mötəbər qaynağımız bildirir ki, Arayik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Arayikin arzusu var.

Ordunu gücləndirib Qarabağı geri qaytarsaq… – Erməni deputat

“Tarixi ədalətdən danışaraq bütün qonşularımıza qarşı ərazi iddiası irəli sürməyimiz nə dərəcədə məntiqlidir?” Sozcu.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan deyib. Deputat bildirib ki, 3 milyonluq Ermənistanın bu kimi addımları doğru deyil: “Müstəqillik Bəyannaməsi və Ermənistanın Konstitusiyanın dəyişdirilməsi məsələsində ilk növbədə özümüzlə müzakirə aparmalı, vəziyyəti dərk etməliyik. Bir anlıq özümüzə kənardan baxaq, Azərbaycan, İran, Türkiyə, Gürcüstanla qonşuluq münasibətlərimizi indiki kimi davam etdirməyimiz nə dərəcədə xeyrimizədir? Gələcək nəsilləri Qarabağı geri qaytarmaq arzusu ilə böyütməməliyik. Tutaq ki, bu baş verdi, sonra nə olacaq? Azərbaycan güclənəcək və beynəlxalq mexanizmə uyğun öz ərazilərini yenidən geri alacaq. Nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsi Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanımayıb”.

Alternativ hərbi xidmət modeli: Bu şəxslər əsgərliyə getməyəcək

Uzun müddətdir ki, ölkədə alternativ hərbi xidmətlə bağlı yeniliklərin tətbiqi müzakirə olunur. Son olaraq bu gün Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. Deputat bu kimi addımın gənclərin təhsilinə əlavə təkan olacağını bildirib.  Bəs görəsən alternativ hərbi xidmət modeli özündə hansı dəyişiklikləri ehtiva etməlidir?  Mövzu ilə bağlı ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov Yenisabah.az-a danışıb. Ekspert belə bir modelə çoxdan ehtiyac olduğunu qeyd edib:   “Əvvəla, Azərbaycanda bu günə qədər qəbul olunmamış əsas hərbi qanunlardan biri alternativ hərbi xidmət haqqında qanundur. Bu qanun qəbul olunmalı və daha sonra buna uyğun olaraq bəzi işlər həyata keçirilməlidir. Biz 2025-ci ilə qədər ordumuzu NATO və qardaş Türkiyə standartlarına gətirib çıxarmalıyıq. Türkiyədə ordu sahəsində hansı qanunvericilik varsa, onun Azərbaycan reallıqlarına uyğun hazırlamalıyıq. Azərbaycanda artıq bir övladını şəhid vermiş, yaxınlarını müharibədə itirmiş ailələrin digər üzvlərinin heç olmasa arxa cəbhədə xidmət etməsi və yaxud müəyyən güzəştlərin verilməsi ilə bağlı addımlar atılmalıdır. Mən 25 ilə yaxın hərbi xidmət keçmiş və ali hərbi-siyasi jurnalist təhsili almış şəxs kimi deyirəm ki, Azərbaycanda hərbi sahə ilə bağlı fikir bildirənlərin 90 faizi bu sahədən anlayışı olmayanlardır. Deputatların səsləndirdiyi fikirlər prinsip etibarı ilə kənardan cəlbedici görünə bilər. Amma onun nə dərəcədə real olub-olmaması barədə düşünmək lazımdır”.  Ekspert mövzu ilə bağlı öz təkliflərini də bildirib:  “Mən təklif edirəm ki, xidmət yaşına çatmış hər kəsi hərbi xidmətə aparmaq lazım deyil. Hər bir şəxsin müəyyən maraq dairəsi, istedadlı olduğu sahə var. Gəlin, millətin gələcəyi naminə fikirləşək, əgər hansısa gənc təhsil, elmi yaradıcılıq və bu kimi fəaliyyət sahələrinə maraqlıdırsa, onun 1 il və ya 1 il 6 ay hərbi sistemdə xidmətə cəlb etmək düzgün olmaz. Vətənə xidmət təkcə hərbi sferada deyil, müxtəlif sahələrlə bağlı da yerinə yetirilə bilər. Ümumiyyətlə, Azərbaycanda Qarabağ məsələsi həll olunduqdan sonra hərbi qanunvericilik demək olar ki, təzədən format edilib yenidən hazırlanmalıdır. 21-ci əsrin tələblərinə cavab verən müddəalar yeni qanunvericilikdə öz əksini tapmalıdır. Biz neçə vaxtdır deyirik ki, alternativ xidmət haqqında qanun mütləq qəbul olunmalıdır”. 

Ermənistan üçün Putinin həbsi qərarının icrası məcburiləşdi

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan üçün fevralın 1-dən - bu gündən qüvvəyə minir.  Sozcu.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.  Bununla İrəvan BCM-in tam hüquqlu üzvü olub. Artıq Ermənistan üçün Məhkəmənin Rusiya prezidenti Vladimir Putinin həbsi barədə qərarının icrası məcburidir.  Qeyd edək ki, bununla bağlı uzun müddət gərgin müzakirələr aparılıb. 

İranda səfirliyimizə hücum edən terrorçu hakim qarşısına çıxarılır: Asılacaq!

“Bir neçə ay əvvəl Tehran prokurorluğu bəyan etdi ki, Yasin Hüseynzadə barəsində edam hökmü tələb edib. Amma bu məhkəmə prosesi ilə bağlı fasilə uzandı və yekun hökm çıxarılmadı”.  Bu sözləri Yenisabah.az-la söhbətində iranşünas Sədrəddin Soltan deyib.  Analitik ötən ilin 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı terrorçu Yasin Hüseynzadənin məhkəməsinin başlaması faktına toxunub.  Xatırladaq ki, bu 2024-cü ilin yanvarın 27-də məhkəmənin başladılmasından sonra İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, terrorçu ilə bağlı yekun hökm çıxarılacaq.  Müsahibimiz əlavə edib ki, İran hakimiyyətinin rəsmilərinin fikrincə, məhkəmə prosesi çox uzanmayacaq:  “Bu tip hallar İran qanunvericiliyinə görə, edamdır. Məsələn, mövzu İran tərəfinin iddia etdiyi versiya olsa belə, avtomatla başqa bir ölkənin ərazisinə basqın etmək cinayətdir və həmin hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məhz bunun üçün o şəxs barəsində İranın cinayət məcəlləsinə görə, yekun hökm edamdır. Onu dar ağacından asacaqlar, yaxud güllə ilə öldürəcəklərsə, bu, artıq icraatdan asılıdır”.  Müshaibimiz diqqətə çatdırıb ki, bu gün İsfahanda İran Müdafiə Nazirliyinin hərbi sənaye obyektlərinə hücum təşkil etməkdə ittiham olunan 4 nəfər edam olunub:  “Yəni İran hakimiyyəti 1 il ərzində edam hökmünü verib. Yaxud 2022-ci ilin sentyabrında İranda başlamış etiraz aksiyalarında iştirak edən ayrı-ayrı şəxslərlə bağlı 5 edam hökmü çıxarılıb və icra olunub. Ona görə də İran hakimiyyəti istəsəydi, Yasin Hüseynzadə barəsində istər ömürlük, istər edam, istərsə də “qanpulu” olsun, onlar vaxtında hökmü çıxara bilərdi. Çünki hadisənin baş verməsi səbəbi, dəlil və sübutların hamısı ortada idi, uzun istintaq araşdırması aparmağa ehtiyac yox idi”.  S.Soltana görə, bu hadisə Azərbaycan-İran münasibətlərində siyasi bir məsələdir:  “Ona görə də İran tərəfi bu cinayət işindən siyasi qazanc əldə etməyə çalışır. Tehran hakimiyyəti Azərbaycana münasibətdə özünü xoşməramlı göstərmək üçün Yasin Hüseynzadəni qurban da verə bilər ki, səfirliyə hücum olmuşdu və bunu edəni öldürdük. Amma Azərbaycan tərəfinin istədiyi əsas məsələ səfirliyin binasının, ərazisinin, səfirin, oradakı diplomatların və texniki işçilərin terror və başqa xoşagəlməz hadisələrdən qorunmasıdır. İran tərəfi bununla bağlı hansı addımları atıb işlər görəcək? Ona görə də İran tərəfi özünü xoşməramlı göstərmək üçün Azərbaycanın Təbrizdəki konsulluğunda iştirak edib. Amma prosesdə əvvəldən Azərbaycanın ədliyyə sistemi və prokurorluğu iştirak etməyib”.  Siyasi təhlilçi əlavə edib ki, Azərbaycan tərəfi bu hadisəni terror aktı kimi qiymətləndirsə də, İran tərəfi bunu məişət hadisəsi kimi dəyərləndirib:  “Ona görə də törədilmiş hadisəyə tərəflərin baxışı eyni deyil. Eyni olmadığı üçün nəticə nə olursa-olsun, məsələ Azərbaycan tərəfini tam qane etmir. Azərbaycan iddia edir ki, hadisəni bir nəfər törətməyib, əksinə, bu səfirliyimizə qarşı törədilmiş bir aksiyadır. Çünki İranda əli avtomatlı polisin qarşısında gəzmək mümkün deyil, amma günün günorta çağır səfirliyə hücum edir və çıxanda polislə də salamlaşır. Maraqlıdır, polisin nəzarəti altında olmayan İranda nə isə varmı? İranda bütün sərhədlər SEPAH-ın nəzarəti altındadır. Bu halda Azərbaycan səfirliyinə hücumdan belə bir sistemi olan hakimiyyət necə xəbərsiz ola bilər?  Odur ki, hadisələr və münasibətlərdə bu tip nüansların nəzərə alınması vacibdir. Ola bilər ki, səfirlik açılsın, münasibətlər bərpa olsun, amma etimad və etibar əvvəlki səviyyədə olmayacaq. Onsuz da Tehran hakimiyyətinə etimad az idi və onların hadisəni bu tip təhlil etməsi münasibətlərə xələl gətirdi”. 

Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketi təqdim edib - RƏSMİ

Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik. Bunu xarici işlər naziri Cehun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək. "Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək", - deyə bildirib.

İrəvandan delimitasiya açıqlaması: Yalnız bu halda...

Ermənistan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyadan sonra öz suveren ərazisi haqqında məlumat əldə edəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr sertifikatının olmaması ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. “Baş nazir bəyanatında sərhədlərin delimitasiya edilməməsini nəzərdə tuturdu. Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesinin hansı xəritələrlə aparılacağını söyləmək mümkün olacaq”, - Tovmasyan bildirib.

Ruben Vardanyanın həbs müddəti uzadıldı

Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

“Məktəblərdə bütün qapılara kilid vurulsun, müəllimlər isə...” - Təhsil ekspertindən ÇAĞIRIŞ

Bir neçə gündür ki, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəbdə baş verənlər  müzakirə predmetinə çevrilib. Yada salaq ki, məktəbdə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qalması ilə bağlı məlumatlar yayılmışdı. Düzdür, Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmi açıqlamasında qeyd edilib ki, kamera görüntülərinə əsasən məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb. Bununla belə, valideynlər bu açıqlama ilə  razılaşmadıqlarını bildiriblər. Valideynlər Baku TV-yə açıqlamalarında hadisənin ört-basdır edildiyini bildiriblər: “Uşaqla bağlı əvvəl də şikayət olmuşdu. Həmin şagirdlə bağlı heç bir tədbir görmədilər”. Baş verənlərlə bağlı cinsi-seksual hərəkətlərə məruz qaldığı deyilən şagirdin valideyni ilə əlaqə də saxlanılıb. Ana suallara cavab vermək istəmədiyini deyərək məktəb rəhbərliyinin məsələni həll etdiyini bildirib. 6 nömrəli məktəbin direktoru Gülşən Orucova da deyəcəklərini kamera qarşısında deyil, şifahi olaraq açıqlayıb. Bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib. Bu, həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib. Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb. Direktorun sözlərinə görə, tualetdən kabinetlərə qədər kamera quraşdırılıb. Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda tualetdə birgə olmadığı müəyyən edilib. Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova zorakılığa məruz qaldığı deyilən şagirdin sağlamlığı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müayinə zamanı azyaşlıda təşviş, stresdən sonrakı vəziyyət və qorxu simptomları aşkar edilib. Bir gün öncə isə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülməsi məktəblərə olan etimadı, inamı daha da sarsıtdı. Son günlər məktəblərdə baş verən kriminal hadisələr valideynlərin təlaşına səbəb olub. Artıq təhsil ocaqlarında kameraların olmasının yetərli olmadığı görünür. Burada təhlükəsizliklə bağlı daha ciddi tədbirlərin görülməsi zərurəti yaranıb. Bəs məktəbliləri necə qorumalı? Məsələ ilə bağlı təhsil üzrə ekspert Qoşqar Məhərrəmov Musavat.com-a fikirlərini açıqlayıb. O deyib ki, məktəblərdə şagirdlərin nəzarətsiz qaldığı tək yer altı tam bağlı, kilidi olan ayaqyolu olmalıdır:  “Qalan hər yerdə şagirdlər nəzarətdə olmalıdır. Bunun üçün lazımi növbətçilik sistemi direktorlar tərəfindən qurulmalıdır. Bunu edə bilmək üçün isə direktorun tam gün məktəbdə olan və lazımi qədər məvacib alan müəllimlərə ehtiyacı var. Direktor məktəbin hər yerində, bütün şagirdlərə hər an nəzarət edə bilmək üçün hər müəllimə həftədə maksimum 30-60 dəqiqə növbətçilik versə, bu məsələni həll etmək olar. Müəllimlər bəli, həm də şagirdləri mühafizə etməlidirlər. Bu məsələni mühafizə xidməti ilə həll edəsi olsanız, onda hər məktəbdə 5-6 mühafizəçiyə ehtiyac olacaq. Bu da hazırda çətin görünür. Çünki qəza vəziyyətində olan məktəblərə belə hələ sıra gəlməyib. Təklifim budur ki, məktəblərdə siniflərin hamısının qapısında kilid olsun. Bütün siniflərdə məktəbdaxili telefon olsun. Şagirdlər məktəbə gələrkən sinfə keçmədən hamısı bir məkanda gözləsin. Müəllimlər siniflərini özlərində olan açarla açdıqdan sonra şagirdləri qəbul etsinlər. Dəhlizlərdə, bufetdə, şagirdlərin gözləmə zalında və həyətdə növbətçilər, onların xüsusi təlimatı olsun. Bu üsullar yaranan problemin qarşısını ala bilər”.

Qarabağ ermənilərinə 50 min dollar veriləcək

Sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilər üçün Ermənistanın Sosial Məsələlər Nazirliyində yeni layihə hazırlanır və bu barədə onlar artıq məlumatlandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Past” məlumat verib. Erməni nəşri yazır ki, söhbət mənzillərin verilməsi proqramından gedir: “Burada hər bir Qarabağ ermənisinə 5 milyon dram (12.410 dollar) məbləğində sertifikatın ayrılması planlaşdırılır ki, bu da yalnız mənzil alarkən istifadə olunacaq. Tutaq ki, bir ailədə 4 nəfər varsa, bu zaman həmin ailəyə 20 milyon dram (49,627 dollar) veriləcək. Bundan əlavə, həmin arayışlara əmsalların tətbiqi məsələsini də müzakirə edirlər. Məsələn, İrəvandan kənarda yerləşən mərzlərdə mənzillər alındıqda, sertifikatlara 1,6 əmsalı tətbiq ediləcək, yəni 5 milyon dram 1,6 əmsalı ilə artaraq 8 milyon drama (19.855 dollar) çatacaq”.  Qəzet iddia edir ki, sərhəd kəndlərində isə daha yüksək nisbətdən danışılır: “Ən yüksək qiymətlər İrəvanda olsa da, sertifikat yalnız İrəvanda işləyəcək. Lakin layihə hələ ki, tamamlanmayıb. Əgər nazirlik bunu qəbul etsə, o zaman hakimiyyət paytaxtı Qarabağ ermənilərindən azad etməyə nail olacaq, çünki bu vəsaitlə ancaq mərzlərdə mənzillər almaq olar. Ona görə ki, paytaxtda mənzillərin qiyməti, əsasən, 20-30 milyon dram arasında dəyişir”.  Analitiklərin fikrincə, Qarabağ erməniləri Paşinyan üçün əməlli-başlı başağrısına çevrilib. Baş nazir onları gözünün qabağında, yəni İrəvanda görmək istəmir. Bu məqsədlə hətta dövlət büdcəsindən milyonlar ayırmağa hazıdır. Yeni plan da məhz buna hesablanıb. yenisabah)