“Belələri öz qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür inkişaf etdirə bilmir...”- Ekspert

“Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir...” 

“Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara...”

Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda elm və təhsilin problemləri mövzusunda “Elm və təhsilin inkişafına qayğı lazımdır...”  növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

Bu yaxınlarda AMEA-nın  ümumi yığıncağı keçirilib. Yığıncaqda iştirak edən  elm və təhsil naziri Emin Əmrullayev də çıxış edib.  O, bildirib ki, 30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir. 

Sual yaranır:  bəs xaricdə 1-2 il oxuyub, 25 yaşında ordan bir diplom və ya sertifikat alıb, ömür boyu ondan istifadə etmək olarmı? 

Alim nə maaş alır ? 600-700 manat (Bakı şəhəri üzrə orta əmək haqqı 1000+ manatdır).  

Alim elmi ada  görə nə qədər pul alır? Alimin maaşının  60 manatı elmi ada görədir. Az maaşı bir az da azaltmaqla, nazir nəyə nail olmaq istəyir? 

Bizim son illər elm-təhsil sahəsində aparılan islahatlar sovetin son illərdəki “yenidənqurma”nı   xatırladır. 

Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara).  

Yəqin ki, yenilik etmərik, desək ki, elm və təhsilin inkişafı üçün alim və müəllimlərə qayğı, normal maaş vermək gərəkdir (ən azı qonşu ölkələrdə olduğu qədər, baxmayaraq ki, bizdə qiymətlər xeyli yüksəkdir).  Əks halda elm-təhsil sahəsində olan-qalanlar  da məhv olacaqdır. 

Nazir 2 il əvvəl deyirdi ki, gənc alimlərə ev vermək yox, yüksək maaş vermək lazımdır.  Amma əməldə nə gənc alimə, nə də təcrübəli alimə heç bir qaygı və saygı müşahidə edilmir.  

Alimə, elmə belə “qiymət”  verən  elm-təhsilin “baş  meneceri”, görəsən, ürəyində  nə düşünür?.. 

Bizim elm və təhsil sahəsində xeyli problemlərimiz  var, bunlar onilliklər ərzində yaranıb, qalaqlanıb. Bu problemlərin yaranmasında ən sonuncu səbəbkar müəllim və alimlər, əsas səbəbkarlar isə bu sahələrə rəhbərlik edən məmurların qüsurlu idarəetməsi olub, elə indiki kimi... 

Amma  nazir  hər dəfə özünü və özündən əvvəlki  “baş menecerləri” təmizə çıxarmaq üçün,  məqsədli şəkildə müəllim və alimləri günahkar çıxarır. Bu,  böyük qəbahətdir, özü də  şagirdinə repetitorluq edən müəllimin qəbahətindən də betər... 

Nazir  elm  sahəsində təcrübəsizdir,  baxmayaraq ki, ARTİ-də 5 il direktor əvəzi olmuşdur.  Ola bilsin ki, o, bəzi reallıqları bilmir.  

Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir.  Özəl sektorun elmə dəstəyini və əməkdaşlığını  təmin etməli, vergi v.s. güzəştlər  tətbiq etməlidir.  Bu halda elmdən və alimlərdən nəticə  gözləmək olar. Yoxsa “biz prosesləri yox, nəticələri maliyyələşdirəcəyik” kimi yanlış prinsiplərlə elmdə olan-qalan da tam məhv edilər.  

İndi alimin fərdi qaydada, təkbaşına tədqiqat apardığı zamanlar deyil. Elmi fəaliyyət kollektiv işdir. Belə kollektiv fəaliyyəti planlaşdırmaq,  təşkil etmək, stimullaşdırmaq,  nəzarət və monitorinq etmək, bir sözlə idarə etmək gərəkdir. 

Hər sahədə olduğu kimi, təbii ki, elmdə də təsadüfi, yerində olmayan, elmə yad insanlar var. Elə ETN-də olduğu kimi.  Bu gün ETN-də yerində olmayanlar daha çoxdur, nəinki elmdə,  yoxsa, nazirliyin fəaliyyətindən  ölkədə bu qədər narazılıqlar da olmazdı. 

İllər ərzində elmdə olan səhv kadr siyasətinin günahı  alimlərdə deyil. Günah saxta “alim”ləri yetişdirən, “dissertasiya”larını təsdiq edən, onları bəsləyən, irəli çəkən, təltif edən  qüsurlu idarəetmədə və öz yerində olmayan məmurlardadır. 

Bu problemlər həll edilməlidir.  Belə olsa, elm, elmi  fəaliyyət, alim daha səmərəli fəaliyyət göstərə bilər.  

Elmin səmərəli idarə olunması üçün belə sistemli addımlara ehtiyac  var:

1. Milli elm siyasətinin formalaşdırılması.  Uzunmüddətli elmi strategiya hazırlanmalı və konkret hədəflər müəyyən edilməli,  elmi inkişafın prioritet sahələri müəyyən edilməlidir (süni intellekt, biotexnologiya, enerji, kosmik tədqiqatlar və s.),  elmi fəaliyyətin qanunvericilik bazası gücləndirilməlidir.

2. Elmi idarəetmə strukturlarının yaradılması və gücləndirilməsi. Milli Elmlər Akademiyası və müvafiq dövlət qurumları elmi tədqiqatları səmərəli koordinasiya etməli,  elmi-tədqiqat institutları və universitetlər arasında əməkdaşlıq mexanizmləri yaradılmalı, elmin dövlət və özəl sektorla inteqrasiyası təmin olunmalıdır.

3. Maliyyələşdirmə və  resurslarla təminat. Elmi araşdırmalar üçün büdcədən ayrılan vəsait artırılmalı və səmərəli bölüşdürülməli, qrant sistemləri və fondlar vasitəsilə tədqiqatçılar dəstəklənməli, elmi tədqiqatların kommersiyalaşdırılması üçün innovasiya fondları yaradılmalıdır.

4. İnsan kapitalının inkişafı.  Tədqiqatçılar üçün rəqabətli maaş və iş şəraiti təmin edilməli, gənc alimlərin və tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün stimullar yaradılmalı, beyin axınının qarşısını almaq və xaricdəki alimləri ölkəyə geri qaytarmaq üçün proqramlar hazırlanmalıdır.

5. İnfrastruktur və texnoloji inkişaf.  Müasir laboratoriyalar və elmi tədqiqat mərkəzləri yaradılmalı, elmi institutlar və universitetlər qabaqcıl texnologiyalarla təchiz olunmalı,  milli və beynəlxalq elmi məlumat bazalarına çıxış təmin edilməlidir.

6. Beynəlxalq əməkdaşlıq və şəbəkələşmə.  Qlobal elmi təşkilatlarla əməkdaşlıq genişləndirilməli (məsələn, UNESCO, CERN, NASA və s.), xaricdə təhsil almış alimlərin ölkəyə geri qaytarılması üçün xüsusi proqramlar hazırlanmalı,  beynəlxalq elmi konfranslar və layihələrdə iştirak dəstəklənməlidir.

7. Elmi tədqiqatların qiymətləndirilməsi və monitorinqi.  Tədqiqatların nəticələrinin effektivliyi mütəmadi qiymətləndirilməli,  elmi fəaliyyətin keyfiyyətini artırmaq üçün indeksasiya və reytinq sistemləri tətbiq olunmalı, elmi nəticələrin kommersiyalaşdırılması və praktiki tətbiqi izlənilməlidir.

8. Cəmiyyətin elmi inkişafa cəlb edilməsi.  Elmin populyarlaşdırılması üçün media və maarifləndirmə kampaniyaları keçirilməli, dövlət və özəl sektor arasında elmi layihələrə investisiya təşviq edilməlidir.  

Bütün bu tədbirlər elmin  idarəedilməsinin  səmərəliyini artıraraq, gələcəkdə ölkənin innovasiya və texnologiya sahəsində qlobal rəqabət qabiliyyətini, texnoloji suverenliyini   müəyyən qədər yüksəldə bilər. 

Bu gün isə  elmi təcrübəsi olmayanlar,  alimə və müəllimə dəyər verə bilməyənlər, öz  qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür  inkişaf  etdirə bilmirlər.  

Ölkənin suverenliyi və təhlükəsizliyi  ilk növbədə bu problemlərin həllini tələb edir. Xüsusən də suverenlik ilində...

Share on Facebook