Redaktor seçimi

Orta məktəblərdə dərslər bu vaxt başlayacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 4 yanvar 2025-ci il tarixi ilk iş günüdür. Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.

Bu qanuna dəyişiklik edildi - Onların təhsil haqqını dövlət ödəyəcək

Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, mövcud qanunvericilikdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasından olan şəxslərin əhatə dairəsi genişləndirilib. Belə ki, hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər: cəzaçəkmə müəssisələrində cəzasını çəkən; məlum olmayan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər. Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi bildirib ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (övladlığa götürüldükdə belə) təhsil aldıqları müddətdə tam dövlət təminatına götürülürlər. Belə ki, dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma formasında və 23 yaşınadək ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Əlavə olaraq, ödənişli və ya dövlət sifarişi ilə (ödənişsiz) təhsil almasından asılı olmayaraq onlara imtahan sessiyalarındakı orta bal göstəriciləri (ÜOMG) nəzərə alınmaqla müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda hər ay əlavə təqaüdlər verilir, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müavinət ödənilir. Eyni zamanda təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar, ayaqqabı və birdəfəlik pul vəsaiti ilə təmin edilirlər. O cümlədən ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir.

Ədalət Nəbibəyli ömür zirvəsinə doğru bir pillə də irəlilədi

19 dekabr günü ustad söz adamlarından olan, tanınmış jurnalist və şair Ədalət Nəbi Qarabuludun 69 yaşı tamam oldu. Ədalət bəy Paytaxt.org-a açıqlamasında bildirib ki, doğum gününü ailəsi, nəvələri ilə birlikdə qeyd edəcək: “Bu günü ailəmlə, nəvələrimlə bir arada olacam. Coxdandır onların bəzilərini görmürəm. Doğum günü bizi birləşdirəcək. Bilirsiniz, mən yazdıglarımı özümcün yazıram. Ad günü münasibəti ilə yeni şeirlər yazmışam. Çox güman ki, onların bəzilərinin ilk dinləyiciləri elə nəvələrim olacaq." 70 yaşa qədəm qoyan şair bu rəqəmin ona bir az qəribə gəldiyini dedi: “Yeni şeirlərim var, 70 illik yubileyə kimi onları çap etdirib, oxucuların öhdəsinə verəcəm. 70 ilə seçmə şeirlərdən ibarət geniş həcmli bir kitab hazırlamağı düşünürük. Kitabın redaktorluğunu dostum Vəli Xramçaylı boynuna götürüb. Təki, sağlıq olsun...”. Ədalət Nəbi Qarabuludun fikrincə, qələm adamı belədir - yaşının üstünə yaş gələndə adi insanlardan tam fərqli görünür: “Sanki, özünə hesabat verirsən. Yəni, bu yaşa kimi neylədim? Nəyi edə bildim, nə qaldı? Əslində, nəyi eləməliydik, amma edə bilmədik? İnsan yaşlaşdıqca həmişə tələsir. İstəyir ki, nəsə iş görsün.” "İlin sonuna bir şey qalmayıb, 69-cu yaşınızın işığında şəxsi həyatınızda hec vaxt unutmayacagınız günlərinizi xatırlayırsınızmı?" sualımıza Ədalət bəyin cavabı maraqlı oldu: "Şəkildə gördüyünüz bu yeniyetmə, qız nəvəm Abduləziz Əzizlidir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olan Molla Cümənin nəslindəndir. Bu bala bu il dövlətimizin başını ucaldanlardan olub - Hindistanda kecirilən Dünya Robot Çempionatında uğurla iştirak edərək dünya cempionu adını qazanıb. Bir baba olaraq mənimcün bundan möhtəşəm sevinc ola bilməz. Allah bütün balaları qorusun!" Şair sonda onu da vurğulayıb ki, o, oxucularına və xalqa demək istədiklərinin hələ hamısını deməyib: “1970-ci ildən dövrü mətbuatdayam. Hələ deyilməmiş, yazılmamış çox şey var. Hələ hamısını deməmişəm. Bunun üçün 70 il də azdır”. Ədalət Nəbi Qarabulud 1955-cı il dekabrın 19-da Ağsu şəhərində anadan olub. Ağsu şəhər 1 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alıb. İlk iş yeri rayonda cıxan "Birlik" qəzeti olub. O, mətbəə müdirliyindən baş redaktor vəzifəsinə qədər yüksəlib. O, 2000-ci ildə Bakı şəhərin köcüb. Bir müddət "Paklıq" qəzetində, sonradan Aydın Quliyevin baş redaktor olduğu gündəlik dərc olunan "Hüriyyət" qəzetində calışıb. Sonradan o. həftəlik "Qulaqburması" satirik jurnalına rəhbərlik edib. 3 ilə qədər həfdədə 3 dəfə dərc olunan "Qaynar xətt" qəzetinin baş redaktoru olub. Hazırda BİA.az-ın (Bakı İnformasıya Agentliyi) baş direktorudur. Ədalət Nəbi Qarabulud həmcinin Xalq hərəkatının öncüllərindəndir. AXC yarandığı gündən onun ön sıralarında olub. AXC Ali Məclisinin üzvü, Ağsu rayon şöbəsi idarə heyətinin üzvü, 1991-ci ildən isə AXC Ağsu rayon şöbəsinin sədri olub.

“Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq” - Paşinyan

"Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır". Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress"ə verdiyi müsahibəsində bildirib. Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaları geri götürməyi məntiqli adlandırıb. "Burada iki nüans var. Onlardan biri ondan ibarətdir ki, beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin ikitərəfli formatda həlli üçün aydın perspektiv olmalıdır, ikincisi isə, aydın olmalıdır ki, digər məsələlər üzrə mübahisələr beynəlxalq platformalar formatından aradan qaldırıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməlidir", - Paşinyan bildirib.

Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak olub. Sozcu.az xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb. Əslən Ağdam rayonundan olan Anar Talıbov Ukrayna ordusunun sıralarında döyüşən zabit olub. O, Ukrayna vətəndaşı imiş. Zabit Rusiyanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Hərbi xidmətə çağırışın yuxarı həddi 30 yaşa endirilir

Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Sozcu.az xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.

Azərbaycanda bəzi məktəblər bağlanacaq? — Nazirdən açıqlama

“Azərbaycanda məktəblərdə müəllim çatışmazlığı yoxdur”. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, ölkəmizdə 4500-ə yaxın məktəb binası var: “İstismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir. Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir. Məktəblərin bağlanmasından söhbət gedə bilməz. Sadəcə elə məktəblər var ki, cəmi 2-3 şagirdi var. Həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir”. (Unikal)

Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərar verdi

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Həbs edilən generalın rütbəsi əlindən ALINA BİLƏR

Dekabrın 7-də Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə başa çatıb. 143 milyon manatlıq mənimsəmə işi üzrə Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmədə özünü qismən təqsirli bilib. General mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib və qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib: "Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam". Nizami Məmmədov və digər zabitlər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Modern.az-ın məlumatına görə, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi üçün Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər. Belə ki, bundan əvvəl Azərbaycanda bir neçə general həbs olunduğu üçün bu rütbədən məhrum edilib. Sonuncu dəfə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Mövlam Şixəliyev də eyni aqibətlə üzləşib. Qeyd edək ki, Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub. O, 2018-ci ildə "Vətən uğrunda", 2020-ci ildə "Hərbi xidmətlərə görə" medalları təltif edilib. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib.

Əsəd rejiminin sonu çoxdan gözlənilirdi - Aİ

Avropa İttifaqı (Aİ) Suriyada baş verən hadisələrə münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb. O bildirib ki, Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi: “Bu, həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”.

Ordumuzda gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - SƏBƏB

Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Sozcu.az xəbər verir ki, birgə məlumatda bildirilir ki, son günlər Azərbaycanda qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. "Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir. Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - birgə məlumatda vurğulanıb.

İşbazlar alıcıları belə oyuna gətirir: Aldanmamaq üçün oxuyun...

Xəbər verdiyimiz kimi, bir çoxları kənd yumurtası adından broyler yumurtasının satıldığını iddia edərək bəzi işbazların alıcıları aldatdığını bildirmişdi. Yenisabah.az sözügedən iddiaları araşdırıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən qida məsələləri üzrə ekspert İlkin Şirinov hər iki növ haqqında vacib məqamlara toxunub: “Hazırda kənd yumurtası ilə broyler yumurtasını ayırmaq ikili fikirlərlə müzakirə olunur. Amma burada məsələ o deyil. Məsələ budur ki, bəziləri onların tərkibinin eyni olduğunu deyir. Ancaq mən bu fikirlə qətiyyən razılaşmıram. Əgər tərkibləri eyni olsa satış qiymətləri arasında da fərq olmaz, kənd yumurtası digər növdən daha yüksək qiymətə satılmazdı. Digər tərəfdən isə nəzərə alsaq ki, broyler yumurtalarını yumurtlayan toyuqların müxtəlif kimyəvi, kökəldici və həyat fəaliyyətinə təsir edən qida əlavələri ilə bəslənirlər. Belə olduğu təqdirdə, həmçinin onlar qapalı şəraitdə saxlanılır, günəş işığı görmür və torpaqla əlaqəsi yoxdursa, yumurtalarının tərkibində kimyəvi birləşmələr olacaq, bir çox vitaminlər isə yetərincə mövcud olmayacaq. Bu səbəbdən insanlar həmin yağ turşularını, proteinləri əldə etmək üçün kənd yumurtasına üstünlük verirlər. Hər iki növün bir-birindən fərqini qiymətlərdən bilmək olar”. Ekspert kənd yumurtasını digərindən ayırmağın yollarını sadalayıb: “Bəzən işbazlar belə bir yola əl atır. Belə ki, kənd yumurtası iki cür, həm sarı, həm də ağ rəngdə satışa çıxarılır. Həmin işbazlar da çeşidli mayelərdən istifadə edərək broyler yumurtasının üzərinə çəkməklə onu kənd yumurtası adı ilə satırlar. Alıcılar bu hiyləyə aldanmamaq üçün bir sıra məqamları ayırd etməyi bacarmalıdır. Bilməlidirlər ki, kənd yumurtasının ölçüsü, broyler qədər iri olmur. Həmçinin, kənd yumurtasının qabığı daha qalındır. Bu toyuqlar günəş və torpaqla təmasda olub, otla qidalandığı üçün onun sarısı daha tünd rəngdədir. Və broyler yumurtasındakı spesifik iy digər növdə mövcud deyil”.