Redaktor seçimi

İşbazlar alıcıları belə oyuna gətirir: Aldanmamaq üçün oxuyun...

Xəbər verdiyimiz kimi, bir çoxları kənd yumurtası adından broyler yumurtasının satıldığını iddia edərək bəzi işbazların alıcıları aldatdığını bildirmişdi. Yenisabah.az sözügedən iddiaları araşdırıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən qida məsələləri üzrə ekspert İlkin Şirinov hər iki növ haqqında vacib məqamlara toxunub: “Hazırda kənd yumurtası ilə broyler yumurtasını ayırmaq ikili fikirlərlə müzakirə olunur. Amma burada məsələ o deyil. Məsələ budur ki, bəziləri onların tərkibinin eyni olduğunu deyir. Ancaq mən bu fikirlə qətiyyən razılaşmıram. Əgər tərkibləri eyni olsa satış qiymətləri arasında da fərq olmaz, kənd yumurtası digər növdən daha yüksək qiymətə satılmazdı. Digər tərəfdən isə nəzərə alsaq ki, broyler yumurtalarını yumurtlayan toyuqların müxtəlif kimyəvi, kökəldici və həyat fəaliyyətinə təsir edən qida əlavələri ilə bəslənirlər. Belə olduğu təqdirdə, həmçinin onlar qapalı şəraitdə saxlanılır, günəş işığı görmür və torpaqla əlaqəsi yoxdursa, yumurtalarının tərkibində kimyəvi birləşmələr olacaq, bir çox vitaminlər isə yetərincə mövcud olmayacaq. Bu səbəbdən insanlar həmin yağ turşularını, proteinləri əldə etmək üçün kənd yumurtasına üstünlük verirlər. Hər iki növün bir-birindən fərqini qiymətlərdən bilmək olar”. Ekspert kənd yumurtasını digərindən ayırmağın yollarını sadalayıb: “Bəzən işbazlar belə bir yola əl atır. Belə ki, kənd yumurtası iki cür, həm sarı, həm də ağ rəngdə satışa çıxarılır. Həmin işbazlar da çeşidli mayelərdən istifadə edərək broyler yumurtasının üzərinə çəkməklə onu kənd yumurtası adı ilə satırlar. Alıcılar bu hiyləyə aldanmamaq üçün bir sıra məqamları ayırd etməyi bacarmalıdır. Bilməlidirlər ki, kənd yumurtasının ölçüsü, broyler qədər iri olmur. Həmçinin, kənd yumurtasının qabığı daha qalındır. Bu toyuqlar günəş və torpaqla təmasda olub, otla qidalandığı üçün onun sarısı daha tünd rəngdədir. Və broyler yumurtasındakı spesifik iy digər növdə mövcud deyil”.

Həbsdə olan polkovnik-leytenantın cəzası 3 il artırıldı

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun barəsində verilən hökmdən apellyasiya protesti və şikayətləri üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib. Mahir Şirvanovun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla onun cəzası 6 ilə qədər artırılıb. Mahir Şirvanovun vəkili tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, bu il sentyabrın 9-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan mərhum edilib. Xatırladaq ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə edildi

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib. O bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub". "Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib", - deyə o bildirib.

Zurabişvili Avropadan kömək istədi

Gürcüstandakı vəziyyətlə bağlı Avropa paytaxtlarından sərt reaksiya gözləyirəm. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkələrdə yazıb. “Səhər saat 6:30-a olan məlumata görə, Tiflisin mərkəzində etiraz və repressiyalar hələ də davam edir. Hədəflər jurnalistlər və siyasi liderlərdir”, - o bildirib. Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.

Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Ə.Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə əsasən, əməli sübuta yetirilən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 308.2-ci maddəyə əsasən isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xatırladaq ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib."Unikal"

Qazaxın 4 kəndində yeni sərhəd zastavaları tikiləcək

Qazaxın işğaldan azad olunan 4 kəndində gələn il yeni zastavalar tikiləcək. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Xeyrimli kəndində müvəqqəti zastava qurulub: "Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin inşasına başlanılacaq. Bu zaman orada yeni zastavalar tikiləcək".

Azərbaycan hərbçisi VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır” - Nazir

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. “Məktəbəqədər təhsil müəssisələrində əlçatanlıq məsələsini son 3 ildə 16%-dən 40%-ə çatdırırıq. Bizə ayrılan büdcə vəsaitinin böyük hissəsi məhz məktəbəqədər təhsil hissəsinin artırılmasına yönəlir.  Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir. Ölkədə hər il 120 min uşaq doğulur. Yəni biz 1 yaşı saymasaq, yarım milyon uşağı məktəbəqədər təhsilə yönəltmək istəsək, cari ildə xərclərimiz 2 milyard manat olar. Əgər bu realdırsa, biz bu söhbəti davam etdirə bilərik. Lakin bu məsələdə reallıq görmürüksə, həmişə alternativ modellərdən danışacağıq. Yəni bu kifayət qədər böyük xərclərdir. Nazirlik hazırda məktəbəqədər təhsilin əhatəliyini artırmaq məqsədilə məhz həmin alternativ modellər üzərində işləyir”.

Yaxın günlərdə Rusiyaya güclü zərbə endiriləcək!

Yaxın günlərdə ABŞ-ın uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə zərbələr endirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Planlaşdırılan hücumların təfərrüatı açıqlanmayıb. Qeyd edək ki, “Nyu York Tayms” ABŞ Prezidenti Co Baydenin ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verdiyi barədə məlumat yayıb.

Səfərbərliyin bu idarələrində yoxlama: 3 nəfər işdən çıxarıldı

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqların icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Sozcu.az xəbər verir ki, cari ilin noyabr ayında Xidmətin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

AB tarixində ilk: Şərikli silah alınıb, Ukraynaya veriləcək

Avropa Komissiyası ilk dəfə olaraq AB-yə üzv dövlətlər tərəfindən silahların, xüsusilə də raket və sursatların birgə tədarükü üçün maliyyə ayrılmasını təsdiqləyib. Onlardan bəziləri Ukraynaya kömək kimi göndəriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Birgə Satınalmalar vasitəsilə Avropa Müdafiə Sənayesinin Gücləndirilməsi (EDİRPA) çərçivəsində həyata keçirilən beş layihə AB-nin maliyyə dəstəyini alacaq: “AB üzvü olan 20 ölkənin iştirak edəcəyi layihələrin ümumi dəyəri 11 milyard avrodan çoxdur. İki layihə “Mistral” və İRİS-T SLM hava hücumundan müdafiə sistemlərinin, ikisi 155 mm-lik sursatın, digəri isə zirehli transportyorların birgə alınmasına aiddir”.

Bu şəxslər aliment ödəməyə bilərlər

Fiziki və əqli qüsurlu şəxslərin aliment məsələsi hüquqi baxımdan xüsusi yanaşma tələb edir, çünki onların fəaliyyət qabiliyyəti və gəlir əldə etmə imkanları məhdud ola bilər. Belə hallarda aliment ödənişləri ilə bağlı xüsusi qaydalar mövcuddur ki, bunlar şəxsin sosial vəziyyətinə və tibbi durumuna əsaslanır. Bəs əqli və fiziki qüsurlu şəxslərin aliment ödənişləri necə həyata keçirilir? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov açıqlama verib. O bildirib ki, əgər ata fiziki əlilliyi olan şəxsdirsə və yalnız əlillik üçün pensiya alırsa, bu, onun əmək qabiliyyətini və dolanışığını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Aliment ödənilməsi ilə bağlı olan vəziyyətlərdə, məhkəmə ata tərəfindən verilən pensiyanın məbləğini və onun gündəlik ehtiyaclarını nəzərə alır. “Belə bir halda, məhkəmə alimentin məbləğini təyin edərkən, atasının gəlirini, sağlamlıq vəziyyətini və dolanışıq şəraitini diqqətə alır. Əgər ata yalnız əlillik pensiyası ilə dolanırsa, məhkəmə alimentin miqdarını onun real iqtisadi imkanlarına uyğun olaraq müəyyənləşdirə bilər. Əgər ata aliment ödəməyi çətinləşdirən vəziyyətdədirsə (məsələn, yalnız pensiya alır və əlavə gəliri yoxdur), alimentin miqdarı minimum səviyyədə təyin edilə bilər və ya onun aliment ödənişindən tam olaraq azad olunması mümkün ola bilər. Lakin həmin şəxsə qəyyum təyin olunanda ödənişi o həyata keçirilir. Qeyyum şəxsə xüsusən də məhdud fəaliyyət qabiliyyəti olan bir şəxsə onun həyatını idarə etmək və hüquqlarını qorumaq məqsədilə təyin olunur. Psixoloji sağlamlıq problemi olan bir ataya gəlincə, əgər o, işləmir, dispanserdə müalicə alır və fəaliyyət qabiliyyəti yoxdursa, aliment ödənişi məsələsi daha da mürəkkəbləşir. Əgər məhkəmə bu şəxsin fəaliyyət qabiliyyəti olmadığını təsdiq edərsə, alimentin ödənilməsi məsələsi təxirə salına bilər və ya  alimentin icraatı dayandırıla bilər.  Bu halda, qəyyum şəxsin hüquqlarını müdafiə edir və lazım gələrsə, aliment ödənişlərini təşkil edir”.