Redaktor seçimi

Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Sozcu.az-ın məmulatına görə, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib. O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib. Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib. General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

Qazi anası Prezidentə MÜRACİƏT ETDİ - Övladımın gələcəyi üçün mənə köməklik göstərin

Azərbaycan Respublikasının Prezidenti Zati ailələri İlham Əliyev Cənablarına Füzuli rayonu, Gecəgözlü kənd sakini  Hüseynova Gülşən Rafael qızı  (AZE 1234567, FİN-kod, mobil tel: (051 - 418 - 21 - 26) tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, mən Füzuli rayonu Gecəgözlü kənd sakini Hüseynova Gülşən Rafael qızı, 27.07.2001-ci il tarixdə anadan olmuş 44 günlük Vətən Müharibəsi iştirakçısı qazi Həsənli Cəsarət Elçin oğlunun anasıyam.  Övladım Cəsarət Həsənli 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Goranboy-Tərtər N saylı hərbi  hissələrdə qulluq etmişdir. 10.10.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə atılmış düşmən mərmisindən ağır güllə (qəlpə) yarası almışdır. Travmalardan ilkin tibbi yardım Naftalan şəhərində göstərildikdən sora Yevlax mərkəzi xəstəxanasında sağ budun orta 3/1-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayyət olunan,dəlib keçən odlu silah yarası kimi 1-ci dəfə 10.10.2020-ci il tarixdə və 2-ci dəfə  14.10.2020-ci il il tarixlərdə,  Q.A.İlizarov üsulu ilə cərrahi əməliyyat olmuşdur.  Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 №li qərarı ilə təsdiq olunmuş xəstəliklər cədvəlinin 86-cı maddəsinin ikinci qrafasına əsasən hərbi xidməti yararsız hesab edilmişdir. Vətən Müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən övladım ”Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Ttibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının 29 noyabr 2021-ci il tarixli rəyi ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsinə səbəb olmuşdur.  Övladım dəfələrlə tibbi sosial ekspertizadan keçməsinə baxmayaraq, müvafiq orqanlara, Şirvan Rayon İnzibati Məhkəməsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq müraciətimiz cavabsız qalmışdır və məsələ hələ də öz həllini tapmır.  Cənab Prezident! Dəfələrlə Sizə, Birinci xanım, Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Füzuli rayonu deputatı Vüqar Bayramlıya, kənd icra nümayəndəliyinə yazdığınız məktublar heç bir nəticə verməmişdir. Cənab Prezident! Bir ana kimi sizdən çox-çox xahiş edirəm ki, övladımın gələcəyi üçün mənə köməklik göstərəsiniz.  Heç yerdə işləmirəm, övladımın səhhətindən dolayı sağlamlıq haqqında sənəd ala bilmədiyimdən heç yerdə işə götürülmür. Sizə müraciət edərək aidiyyatı qurumlara lazımi tapşırıqlarınızı verməyinizi, şikayətimə qanunauyğun baxılmas, övladımın tapdanmış hüquqlarının bərpası üçün mənə köməklik göstərməyinizi və əllilik dərəcəsinin verilməsini xahiş edirəm.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   "Əziz  həmvətənlərim!  Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə  təbrik edir, sizə qarşıdan gələn 2025-ci ildə uğurlar arzulayıram.  31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı  məftillərin sökülməsi Azərbaycan  xalq hərəkatının mühüm mərhələsi oldu.  Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən və daha böyük miqyasda yaylmasına təkan verdi.  Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi.  1992-ci ildə prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.  Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu.  Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı. Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təssüf ki, yola saldığımız ildə demokratiya, azad cəmiyyətin qurulması istiqamətində ciddi addımlar atılmadı. Qarabağda qazandığımız qələbədən, ərazi bütövlüyümüzün təmin olunmasından və dövlət  suverenliyimizin bərpa edilməsindən sonra hakimiyyət milli birlik naminə yaranmış tarixi  fürsətdən istifadə etmədi. İlk dəfə bütün ərazilərimizdə keçirilən seçkilər yenidən saxtalaşdırıldı. Xalqın iradəsinin gerçəkləşdirilməsinə imkan verilmədi. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı (COP-29) kimi əhəmiyyətli beynəlxalq   tədbir ərəfəsində  siyasi məhbuslar azad edilmədi. Əksinə siyasi həbslər həyata keçirildi.Tanınmış jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi fəallar qondarma ittihamlarla həbs edildilər. Bu da ciddi narahatlıq doğurur. Ölkəmizinin maraqlarına ciddi zərbə vurur. Belə idarəçəlik nəticəsində cəmiyyətdə təbəqələşmə daha da dərinləşir. Amma bütün çətinliklərə baxmayaraq 2024-cü ildə Qazax rayonunun dörd kəndinin işğaldan azad edilməsi mühüm tarixi hadisədir. Əldə etdiyimiz qələbələr xalqımızın ordu və milli ideya ətrafında birliyinin təzahürüdür.  İlin sonunda mülki təyyarəmizin Qroznı yaxınlığında Rusiya silahlı qüvvələrinin açdığı atəş nəticəsində zədələnməsi, təyyarənin yaxın hava alanlarında təcili eniş gerçəkləşdirməsinə imkan verilməməsi, Xəzər dənizini keçib Aktau şəhərində eniş zamanı partlaması, onlarla vətəndaşımızın həlak olması ağır faciə oldu. Bu ağır günlərdə də yenə xalqımızın həmrəylik nümayiş etdirməsini qürurla qeyd edirəm. Bayram günündə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizlə yanaşı təyyarə faciəsində həlak olanları sevgi, sayğı ilə anır və onlara Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm. Qarşıdan gələn 2025-ci ildə ümummili problemlərin həlli üçün ciddi addımlar atılmalıdır. Azərbaycanın həqiqi inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda,ciddi işlər görülməlidir. Ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm iqtisadi, həm də siyasi sahədə bərabər imkanlar yaradılmalıdır. Bütün siyasi məhbuslar azad edilməli, mili birliyə nail olunmalıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sürətləndirilməli, İşğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz doğma torpaqlarında yenidən məskunlaşması ilə bağlı ciddi addımlar atılmalıdı. Əziz  həmvətənlər!  Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayır, hamınızı layiqli gələcəyimiz naminə birliyə, həmrəyliyə çağırıram.

Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla TUTULDU

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb. Sayt yazır ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır. Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

“Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın” - Təyyarə qəzasında həlak olan pilotun qızı

Aktauda baş verən təyyarə qəzasında həyatını itirən AZAL-a məxsus sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atasına həsr olunmuş emosional paylaşım edib. Sozcu.az xəbər verir ki, kapitanın qızı sosial şəbəkə hesabında atasına olan hisslərini belə ifadə edib: "Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, günahkarı tapdın, öz həyatını qurban verdin. Həmişə mənim yanımda çox güclü idin. Sənin kimi atam olduğu üçün hər zaman fəxr edəcəyəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxtliyimizi istəyirdin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!" Qeyd edək ki, İqor Kşnyakin böyük təcrübəyə malik kapitan idi. O, 15 min saatdan çox uçuş həyata keçirmiş, bunlardan təxminən 11 200 saatını kapitan kimi idarəetmə məsuliyyəti daşıyaraq yerinə yetirmişdi. Dəhşətli qəzada 29 nəfərin sağ qalması, təyyarəni idarə edən kapitanın peşəkarlığı və qəhrəmanlığı sayəsində mümkün olub.

İqorun uçuş zamanı təkrarladığı söz... - Dostu danışdı

Dekabrın 25-də baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu onunla bağlı maraqlı faktları açıqlayıb. Sozcu.az xəbər verir ki, keçmiş təyyarə komandiri olan Bayram ATV telekanalına müsahibəsində dostu İqorun az danışan adam olduğunu bildirib. “Biz təyyarə məktəbini birgə qurtarmışıq. İmkan olduqca ayda bir-iki dəfə dostlarımızla yığılardıq. Saytlarda yayılan fotoda mən də İqorun yanındayam. Maraqlıdır ki, əslində İqor çox danışan adam deyildi. Amma son görüşümüzdə nədənsə İqor çox danışdı. Hələ zarafatca dedim ki, “İqor, sən nə qədər çox danışdın?”. Dedi, “Bayram, o biri görüşlərimizdə heç danışmamışdım...” Bəlkə bunda da bilmədiyimiz bir hikmət var. Böyük oğlum Fərid də pilotdur və o da İqorla uçur. Həmişə oğlumun necə uçduğu haqda danışardı. Dünən oğlum dedi ki, İqor həmişə uçuşa “Allah, Məhəmməd, ya Əli” sözləri ilə başlayardı. Baxmayaraq ki, rus idi, xristian idi, Azərbaycan dilində də çox yaxşı danışardı. Hamımız öləcəyik, Allahın lütfündəndir ki, ona şərəfli ölüm nəsib oldu. Allah rəhmət eləsin”, - dostu bildirib. Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Təyyarə qəzası: Putin bu cinayəti ört-basdır etmək üçün isterik şəkildə Tokayevdən yardım istəyəcək

“Kanal 24” Yutub kanalının aparıcısı Oleq Belousov “Monoblog about...” adlı müəllif bloqunda Qazaxıstanda AZAL-ın qəzaya uğranan təyyarəsi ilə bağlı vəziyyəti təhlil edib. Sozcu.az xəbər verir ki, aparıcı sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu qeyd edir. “Xüsusən, Rusiya Prezidenti Vladimir Putinin faciəvi olaya qəribə reaksiyası, həmçinin Çeçenistan liderinin qardaşı oğlunun etirafı... Əslində, Putin nəyi gizlətmək istəyir? Təyyarə ilə bağlı nə baş verib? Putin bu cinayəti ört-basdır etmək üçün isterik şəkildə Tokayevdən yardım istəyəcək. Lakin bir nüans var: Xeyli foto və videolar internetdə yayılıb”, - o bildirib. Daha ətraflı videoda: Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Rusiya məsuliyyətdən qaça bilməz: Üzr istəməli və cinayətkarları cəzalandırmalıdır

Təyyarənin vurulduğu faktı Rusiya rəhbərliyinə ilk dəqiqələrdən bəlli olub. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktauda qəzaya uğraması haqda qeyd edib. O bildirib ki, bu fikri gücləndirən iki məqam var: “- İzi itirmək üçün təyyarənin istiqamətinin Xəzər dənizinə yönləndirilməsi: belə bir qərarın yüksək səviyyədə verilmədiyi ehtimalı azdır; - Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə qoymaq üçün göstərdiyi canfəşanlıq: informasiya-təbliğat axınının hazırlandığı aydın görünürdü. Görünür, plan baş tutmayıb: təyyarə Aktau sahilinə qədər uça bilib və “qara qutu” tapılıb. Təyyarənin vurulduğu faktının hökumətdəki mənbələr tərəfindən də təsdiq edilməsi artıq Moskvaya “qaçış yeri” qoymur. İndi Rusiya Azərbaycandan üzr istəməli və cinayətkarları cəzalandırmalıdır, çünki təyyarənin vurulması səhv addım olsa da, izi itirmək üçün dənizə istiqamətləndirilməsi cinayət əməlidir”. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub.

Təyyarə qəzasında həlak olan və xilas edilənlərin dəqiq sayı AÇIQLANDI

Ötən gün (25 dekabr) Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan və xilas edilən sərnişinləri ilə bağlı müxtəlif rəqəmlər yayılıb. Sozcu.az Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi və baş nazirinin məlumatına əsaslanaraq bildirir ki, təyyarədə 67 nəfər sərnişin olub. 38 nəfərin cəsədi tapılıb və ekspertizaya göndərilib. Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl! 29 nəfər xilas edilib ki, onlardan da 3 nəfəri azyaşlı uşaqdır. Qazaxıstan FHN bildirib ki, hadisə yerində gecə-gündüz növbə təşkil olunub.

Sərnişin: Bizi pilotsuz aparat vurdu

Aktauda qəzaya uğrayan təyyarənin düşməzdən əvvəlki görüntülərində kəlmeyi-şəhadət deyən şəxsin daha bir videosu yayılıb. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, qəzadan dərhal sonra həmin şəxs çəkiliş aparıb və bəzi fikirlər səsləndirib. O, təyyarənin qanad hissəsini göstərərək bu sözləri deyib: “Pilotsuz aparat vurdu”.

Təyyarə qəzasında yaralanan şəxsin anası: Oğlum dedi yaralanmışam, xəstəxanadayam

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”. Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib. “Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb”, deyə G. Alıyeva bildirib. Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb: “Səs ataraq dedi ki, Allaha şükür sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi”.

Dəhşətli təyyarə qəzası: cinayət işi başladı - Rəsmi

Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib. Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur. Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır.