Redaktor seçimi

KİV: Fransa Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib

Fransa avropalı tərəfdaşlarına Rusiyanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Paris Rusiyanın aktivlərinin müsadirə olunmasından Ukraynanın təhlükəsizliyinin təminatı kimi istifadə etmək istəyir. Qəzet onu da əlavə edib ki, təklif Fransanın Avropadakı müttəfiqləri tərəfindən isti qarşılanıb, lakin tərəflər hələ də bu barədə razılığa gəlməyiblər.

Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib.  Sozcu.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.  Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məlumata görə, məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

“Qadınlara boşanmağa stimul verən alimentdir”

“Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”. Sozcu.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib. “Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram.  Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”, - deyə, millət vəkili bildirib.

Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evdə onunla bağlı çəkişmənin nəticələri aradan qaldırılacağına və Kiyev ilə Vaşinqtonun konstruktiv münasibətlərə qayıdacağına əmindir. Sozcu.az xəbər verir ki, bunu dövlət başçısı Böyük Britaniyanı tərk etməzdən əvvəl Stansted hava limanında britaniyalı jurnalistlərə deyib. “Mən əminəm ki, hazırkı vəziyyət aradan qaldırılacaq”, – deyə Zelenskinin sözlərini “Sky News” sitat gətirib. O əmin edib ki, əgər gələcək danışıqlar konstruktiv olarsa, o zaman “müsbət nəticələr” gələcək. Zelenski həmçinin bildirib ki, Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir. “Biz ABŞ ilə işləyirik, əvvəllər ABŞ Konqresinin təsdiq etdiyi yardım silah şəklində gəlir”, – Zelenski vurğulayıb. “Biz yeni dəstəyə ümid etmək istəyirik”, – o əlavə edib.

Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir

Ukrayna ərazilərinin itirilməsi müqabilində atəşkəs sazişi imzalamağa hazır deyil. Sozcu.az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl britaniyalı jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə gərginliyə gətirib çıxara bilər. Onun fikrincə, Ukraynanı dəstəkləyən və ya "vasitəçi" olmaq istəyən ölkələr başa düşürlər ki, əgər münaqişə Kiyevin doğru hesab etdiyi şəkildə bitməsə, "onda bu, sadəcə vaxt məsələsi olacaq ki, insanlar ədaləti bərpa etmək istəsinlər".

Separatçılara yeni "rəhbər" SEÇİLDİ

Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə altında olan Gürcüstanın Abxaziya bölgəsində yeni "rəhbər" seçilib. Sozcu.az xəbər verir ki, separatçıların keçmiş "vitse-prezidenti" Badra Qunba qanunsuz seçkilərin ikinci turunda qalib gələrək "prezident" seçilib. İlkin nəticələrə görə, o, 54,73% səs toplayıb.

Zelenski Trampla mübahisədən danışdı: Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər

ABŞ-ın köməyi olmadan Ukraynanın Rusiyaya müqavimət göstərməsi çətin olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə mübahisə edəndən sonra “Foks Nyus”a açıqlamasında deyib. Zelenski “ABŞ-ın dəstəyi olmadan Ukrayna Rusiyaya müqavimət göstərə biləcəkmi” sualına bu cür cavab verib: “Bizim üçün çox çətin olacaq. Ona görə də buradayam. Ona görə də mən qarşıdan gələn danışıqlardan danışırdım. Sizin köməyiniz olmadan çətin olacaq. Amma biz öz dəyərlərimizi, xalqımızı, azadlığımızı itirə bilmərik. Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər. Sadəcə bunu unudub deyək ki, Putin əla oğlandır? Xeyr, bunu bizsiz edin”. O vurğulayıb ki, ukraynalılar genişmiqyaslı işğalın başlanğıcını yaxşı xatırlayırlar və yeni işğal dalğası ilə üzləşmək istəmirlər: “Ona görə də mən indi təhlükəsizlik zəmanəti məsələsini qaldırıram. Biz təzyiq etmirik, sadəcə, xahiş edirik. Biz tərəfdaşlarımız, dostlarımız və amerikalılarla aydın mesajlar paylaşırıq. Əgər siz bizimlə qalsanız, təşəkkür edirəm, amma gəlin təhlükəsizlik zəmanətləri infrastrukturunu yaradaq". Zelenski həmçinin əlavə edib ki, Ağ Evdəki mübahisə hər iki tərəf üçün yaxşı deyil.

Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm”

Baş nazir Nikol Paşinyan bir neçə gün öncə iki ölkə arasındakı nizamlanmaya dair rəsmi Bakıya həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul sayılan həll təklifi verdiyini bildirib. Sozcu.az xəbər verir ki, martın 1-də erməni jurnalistlər Paşinyandan söhbətin hansı təklifdən getdiyini soruşublar. KİV-in sualına cavab olaraq Paşinyan bildirib ki, hazırda bu məlumatı açıqlaya bilməz: “Azərbaycandan cavab aldıqdan sonra təkliflə bağlı daha ətraflı açıqlama veriləcək. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan təkilfə razıdır və o, ictimailəşdirilməlidir; təklifin ictimailəşdirilməsi müəyyən mənada Ermənistana mənəvi haqq verəcək”.

Bu müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama VERİLDİ

Əgər müəllim məktəbdə iki fənni tədris edirsə, onun bir fəndən sertifikatlaşdırmadan keçməsi digər fənni tədris etməyinə təsir göstərmir. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı Təhsil TV-də qonaq olarkən deyib. O bildirib ki, lakin sertifikatlaşdırmanın ilkin mərhələsi tamamilə yekunlaşdıqdan sonra bu istiqamətdə hansısa yeniliklər ola bilər: "Kimya-biologiya ixtisaslı müəllimlər tez-tez maraqlanırlar ki, əgər onlar bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaqlarsa, digər fəndən dərs demək hüquqları olmayacaqmı? Bəli, həmin müəllimlər bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaq, lakin hər iki fənni tədris edə biləcəklər. Bir müəllimin ikinci fəndən sertifikatlaşdırmaya cəlb olunması məsələsi isə hazırda aktual deyil".

"Öcalanın Xəzər sahilindəki tərəfdarlarının onun dünənki bəyanatına reaksiyasını məmnuniyyətlə dinləyərdim, amma..."

“Qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr...” “Lakin məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoyub təslim olsunlar. Onsuz da MİT gec-tez gəlib sizin də mitilinizi atacaq...” Nəhayət, 26 ildən sonra ağlı başına gələn “PKK” terrorbaşı Abdullah Öcalan dünən tərəfdarlarına müraciət etdi ki, silahlarını yerə qoyub Türkiyə dövlətinə təslim olsunlar...  Çoxunuzun yadında olar, Abdullah Öcalan 1999-cu ildə MİT tərəfindən yaxalanıb Türkiyəyə gətirilində Xəzər sahilindəki ölkələrdən birində böyük dayaqları olduğu haqda bir söz söyləmişdi. Fəqət, bu günədək rəsmən bilinmədi ki, həmin respublikada terrorçubaşının tərəfdarları kimlərdir. Xatırımdadır ki, bircə dəfə o məmləkətin böyük şəhərlərindən birində bir cavanı sinəsində  Öcalanın şəklini, “PKK”-nın emblemini gəzdirdiyi üçün tutdular, əmbə sonra buraxıb bir müddət dəlixanaya saldılar ki, sən demə, cavan dəli imiş... İndi müxtəlif ölkələrdəki müxtəlif “PKK” tərəfdarı olan və ya o yönlü terrorçu qruplaşmalar Öcalanın bəyanatına müxtəlif cür reaksiyalar verirlər, biri “hə” deyir, biri “yox” deyir. İndi görək bu Xəzər sahilindəkilər nə deyəcəklər? Onları da tapıb, reaksiyalarını məmnuniyyətlə dinləyib təqdim edərdim, əmbə qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr... Lakin onlara məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoysunlar. Onsuz da MİT Suriyadan, İraqdan hərlənib üzü Xəzərə tərəf gəlir. Gec-tez sizlərin də mitilini Xəzərə, yox(Azərbaycan da bu dənizin yanındadır, suyumuzu murdarlamasınlar, bir azdan distillə edib içəcəyik), Sibir bataqlıqlarına atacaq...  Nə isə... Yəqin, bu yazıdan sonra bir reaksiya verərlər... Bir xəbər çıxsa və salamat qalsam, adlarını da, yerlərini də sizə bildirəcəm... Sultan Laçın  

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. Sozcu.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Xətai rayon Məhkəmədi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Xocalı soyqırımından 33 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 33 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.