Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:  

"Əziz  həmvətənlərim! 

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə  təbrik edir, sizə qarşıdan gələn 2025-ci ildə uğurlar arzulayıram. 

31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı  məftillərin sökülməsi Azərbaycan  xalq hərəkatının mühüm mərhələsi oldu. 

Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən və daha böyük miqyasda yaylmasına təkan verdi. 

Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi. 

1992-ci ildə prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi. 

Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu. 

Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı.

Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təssüf ki, yola saldığımız ildə demokratiya, azad cəmiyyətin qurulması istiqamətində ciddi addımlar atılmadı.

Qarabağda qazandığımız qələbədən, ərazi bütövlüyümüzün təmin olunmasından və dövlət  suverenliyimizin bərpa edilməsindən sonra hakimiyyət milli birlik naminə yaranmış tarixi  fürsətdən istifadə etmədi. İlk dəfə bütün ərazilərimizdə keçirilən seçkilər yenidən saxtalaşdırıldı. Xalqın iradəsinin gerçəkləşdirilməsinə imkan verilmədi.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı (COP-29) kimi əhəmiyyətli beynəlxalq   tədbir ərəfəsində  siyasi məhbuslar azad edilmədi. Əksinə siyasi həbslər həyata keçirildi.Tanınmış jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi fəallar qondarma ittihamlarla həbs edildilər. Bu da ciddi narahatlıq doğurur. Ölkəmizinin maraqlarına ciddi zərbə vurur.

Belə idarəçəlik nəticəsində cəmiyyətdə təbəqələşmə daha da dərinləşir.

Amma bütün çətinliklərə baxmayaraq 2024-cü ildə Qazax rayonunun dörd kəndinin işğaldan azad edilməsi mühüm tarixi hadisədir. Əldə etdiyimiz qələbələr xalqımızın ordu və milli ideya ətrafında birliyinin təzahürüdür. 

İlin sonunda mülki təyyarəmizin Qroznı yaxınlığında Rusiya silahlı qüvvələrinin açdığı atəş nəticəsində zədələnməsi, təyyarənin yaxın hava alanlarında təcili eniş gerçəkləşdirməsinə imkan verilməməsi, Xəzər dənizini keçib Aktau şəhərində eniş zamanı partlaması, onlarla vətəndaşımızın həlak olması ağır faciə oldu. Bu ağır günlərdə də yenə xalqımızın həmrəylik nümayiş etdirməsini qürurla qeyd edirəm.

Bayram günündə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizlə yanaşı təyyarə faciəsində həlak olanları sevgi, sayğı ilə anır və onlara Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm.

Qarşıdan gələn 2025-ci ildə ümummili problemlərin həlli üçün ciddi addımlar atılmalıdır.

Azərbaycanın həqiqi inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda,ciddi işlər görülməlidir. Ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm iqtisadi, həm də siyasi sahədə bərabər imkanlar yaradılmalıdır. Bütün siyasi məhbuslar azad edilməli, mili birliyə nail olunmalıdır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sürətləndirilməli,

İşğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz doğma torpaqlarında yenidən məskunlaşması ilə bağlı ciddi addımlar atılmalıdı.

Əziz  həmvətənlər! 

Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayır, hamınızı layiqli gələcəyimiz naminə birliyə, həmrəyliyə çağırıram.

Share on Facebook