İşbazlar alıcıları belə oyuna gətirir: Aldanmamaq üçün oxuyun...

Xəbər verdiyimiz kimi, bir çoxları kənd yumurtası adından broyler yumurtasının satıldığını iddia edərək bəzi işbazların alıcıları aldatdığını bildirmişdi.

Yenisabah.az sözügedən iddiaları araşdırıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən qida məsələləri üzrə ekspert İlkin Şirinov hər iki növ haqqında vacib məqamlara toxunub:

“Hazırda kənd yumurtası ilə broyler yumurtasını ayırmaq ikili fikirlərlə müzakirə olunur. Amma burada məsələ o deyil. Məsələ budur ki, bəziləri onların tərkibinin eyni olduğunu deyir. Ancaq mən bu fikirlə qətiyyən razılaşmıram. Əgər tərkibləri eyni olsa satış qiymətləri arasında da fərq olmaz, kənd yumurtası digər növdən daha yüksək qiymətə satılmazdı. Digər tərəfdən isə nəzərə alsaq ki, broyler yumurtalarını yumurtlayan toyuqların müxtəlif kimyəvi, kökəldici və həyat fəaliyyətinə təsir edən qida əlavələri ilə bəslənirlər. Belə olduğu təqdirdə, həmçinin onlar qapalı şəraitdə saxlanılır, günəş işığı görmür və torpaqla əlaqəsi yoxdursa, yumurtalarının tərkibində kimyəvi birləşmələr olacaq, bir çox vitaminlər isə yetərincə mövcud olmayacaq. Bu səbəbdən insanlar həmin yağ turşularını, proteinləri əldə etmək üçün kənd yumurtasına üstünlük verirlər. Hər iki növün bir-birindən fərqini qiymətlərdən bilmək olar”.

Ekspert kənd yumurtasını digərindən ayırmağın yollarını sadalayıb:

“Bəzən işbazlar belə bir yola əl atır. Belə ki, kənd yumurtası iki cür, həm sarı, həm də ağ rəngdə satışa çıxarılır. Həmin işbazlar da çeşidli mayelərdən istifadə edərək broyler yumurtasının üzərinə çəkməklə onu kənd yumurtası adı ilə satırlar. Alıcılar bu hiyləyə aldanmamaq üçün bir sıra məqamları ayırd etməyi bacarmalıdır. Bilməlidirlər ki, kənd yumurtasının ölçüsü, broyler qədər iri olmur. Həmçinin, kənd yumurtasının qabığı daha qalındır. Bu toyuqlar günəş və torpaqla təmasda olub, otla qidalandığı üçün onun sarısı daha tünd rəngdədir. Və broyler yumurtasındakı spesifik iy digər növdə mövcud deyil”.

Share on Facebook