Redaktor seçimi

Qriqoryan Londonda görüşlərə BAŞLADI

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüş Qriqoryanın Londona səfəri çərçivəsində baş tutub. Bu, səfər qrafikinin ilk hadisəsi olub. Qeyd olunub ki, strateji dialoqa start verilib və Qriqoryanın vəzifəsi bunu mümkün qədər gücləndirməkdir.

Azad edilən ermənilər arasında o da var...

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Sozcu.az xəbər verir ki, Azərbaycanın azad edəcəyi erməni hərbçilər arasında bu gün məhkəməsi keçirilən Voskanyan Qagik Aşoti də var. Qeyd edək ki, bu gün Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilibmişdi.

Elm və Təhsil Nazirliyində yeyintilər AŞKARLANDI

Hesablama Palatası 2023-cü il üçün İş Planı əsasında Elm və Təhsil Nazirliyinin, eləcə də qurumun təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (İdarə) 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə auditini aparıb, nöqsanlar aşkar edib. Bu barədə Sozcu.az - -a Palatadan bildirilib. Məlumata görə, auditin əhatə etdiyi dövrdə 666,3 milyon manat dəyərində 494 müqavilə bağlanılıb, həmin müqavilələr üzrə icra məbləği 526 milyon manat təşkil edib. Satınalma müqavilələri əsasında 461,1 milyon manat dəyərində mal, iş və xidmətlər alınıb, hər iki qurumda keçirilmiş satınalmaların əsas hissəsi funksional fəaliyyətlə bağlı funksiyaların yerinə yetirilməsi məqsədini daşıyıb. Auditlə ümumilikdə 411 müqavilə çərçivəsində 468,8 milyon manatı əhatə edilib. Hesablama Palatası eyni mövzu üzrə əvvəlki dövrdə də kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib, iki auditin nəticələrinin müqayisəsi bir sıra istiqamətlərdə müsbət meyillərin olduğunu göstərsə də, cari auditlə hər iki qurum tərəfindən dövlət satınalmalarının müxtəlif mərhələləri üzrə fəaliyyətin təşkilində oxşar və fərqli bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Əvvəlki dövrdən fərqli olaraq, cari auditin əhatə etdiyi dövrdə dövlət satınalmalarının hüquqi aktların tələbləri ilə müəyyən olunmuş müddətlərdə hazırlanması təmin edilsə də, planlaşdırmanın əsaslı şəkildə təşkil olunmaması səbəbindən bir sıra hallarda plandan kənarlaşmalara yol verilib. Satınalma planlarının tərtibi zamanı bəzi hallarda satın alınacaq malların adı, həcmi, miqdarı və ölçüsü haqqında məlumatlar hər bir mal üzrə ayrı-ayrılıqda göstərilməyib, bəzi hallarda isə faktiki satınalma sayı planlaşdırılmış saya uyğun olmayıb. Əsas şərtlər toplusunda satın alınan mallara dair texniki və ya keyfiyyət göstəriciləri üzrə tələblərin dəqiq və aydın şəkildə əks etdirilməməsi bir sıra hallarda nəzərdə tutulmuş və satın alınmış malların fərqlənməsinə səbəb olmaqla ümumilikdə tenderin şərtlər toplusunda göstərilən xüsusiyyətlərə cavab verməyən malların satın alınmasına şərait yaratmışdır. Bu, eyni zamanda, həmin malların alış və bazar qiymətlərinin uyğunluğunun ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmışdır. İcra edilmiş satınalmaların rüblər üzrə bölgüsü dövlət vəsaitlərinin icrasında ahəngdarlığın təmin edilməsinin tam olaraq gözlənilmədiyini, dövlət ehtiyaclarının ödənilməsi istiqamətində satınalmaların əsas hissənin, o cümlədən bir mənbədən satınalma metodunun tətbiq edildiyi halların 40,1%-nin ilin dördüncü rübünə təsadüf etdiyini göstərir. Ümumilikdə bir sıra fəaliyyətin təkrarlanan və amillərin proqnozlaşdırıla bilinən olması fonunda satınalmaların bir mənbədən keçirilməsi halları davam etmiş, başqa sözlə bəzi istiqamətlərdə əhatənin məlum olması satınalmaların proqnozlaşdırılmasını asanlaşdırsa da, həmin işlərin və xidmətlərin bir mənbədən satınalmalar tətbiq edilməklə alınması metodun əsaslı şəkildə seçilmədiyini vurğulamaq imkanı vermişdir. Bəzi hallarda hüquqi aktlarla müəyyən olunmuş funksiyaların icrasını təmin edən xidmətlərin kənar təşkilatlardan satın alınmasına və ya nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsinə yol verilmiş, satınalmaların, eləcə də müqavilənin qüvvədə olma müddətinin funksional fəaliyyətə uyğun şəkildə planlaşdırılmaması poliqrafiya məhsullarının bir hissəsinin təhsil ilinə uyğun təmin olunmaması ilə nəticələnmişdir. Satın alınacaq malların, işlərin və xidmətlərin xüsusiyyətlərinin tam nəzərə alınmaması fərqli xüsusiyyətlərə malik tələbatlar üzrə bərabər ehtimal qiymətlərinin müəyyənləşdirilməsi ilə nəticələnməklə dəyər və qiymət arasında uyğunluğun təmin olunması imkanlarını məhdudlaşdırmış, bir sıra hallarda isə müvafiq hesablamaların aparılmaması dövlət ehtiyaclarının baha qiymətlərlə ödənilməsinə şərait yaratmışdır. Bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırmışdır. Audit prosesində ehtiyacların mövcud resursların real dəyərləndirilməsi aparılmadan qiymətləndirildiyi müəyyən olunmuşdur ki, bu da bir tərəfdən dövlət vəsaitlərinin əlavə istifadəsinə, digər bir tərəfdən isə 2,0 mln. manatdan çox dəyərə malik aktivlərin ildən-ilə istifadəsiz saxlanılmasına şərait yaratmışdır. Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunmuşdur ki, bu da son nəticədə icra prosesində 1(bir) şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olmuşdur. Funksional fəaliyyəti əhatə edən müqavilələr çərçivəsində şərtlərin düzgün formalaşdırılmaması və öhdəliklərin icrasına nəzarətin təmin edilməməsi bəzi hallarda yerinə yetirilməmiş işlər və xidmətlər üzrə 696,8 min manat məbləğində ödənişə şərait yaratmışdır ki, bu artıq vəsait icrası ilə nəticələnməklə yanaşı məqsəd-nəticə uyğunluğunun təmin edilməsi vəziyyətinin ədalətli qiymətləndirilməsinə şərait yaratmamışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizmlərinin tətbiq edilməməsi 92,0 mln. manat məbləğində 11 müqavilənin vaxtında icra olunmaması ilə nəticələnməklə yanaşı, satınalmaların nəticəliliyinin tam təmin edilməməsinə, cərimələrin hesablanmamasına şərait yaratmışdır. Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşımış, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilmişdir. Həyata keçirilmiş funksiyalar əsasında formalaşan maliyyə vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində avans ödənişi ilə bağlı müəyyən edilmiş hədlər gözlənilməmiş, istifadə olunmayan vəsaitlərin büdcəyə qaytarılmasından yayınmaq məqsədilə akkreditiv ödənişlər həyata keçirilmiş, bu isə ödənişlər və görülmüş işlər arasında uyğunluğun ədalətli qiymətləndirilməsinin məhdudlaşdırmasına səbəb olmuşdur. Auditin nəticələri üzrə 2022-ci ilin sonunda akkreditiv hesablara yönəldilmiş vəsaitlərdən nəzarət tədbirinin sonuna qədər 12,9 mln. manat tam məbləğdə bağlanılmış, 4,2 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilmiş və işlər yerinə yetirilmiş, qəbul olunmuş Kollegiya Qərarında 102,4 min manatın bərpasının təmin edilməsi ilə bağlı bənd əks olunmuşdur.

Ermənistan parlamenti Qarabağla bağlı layihəni rədd etdi

Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. Hakim “Mülki müqavilə” fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, layihə “Ayakve” vətəndaş təşəbbüsünə məxsusdur. Ötən gün Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Daimi Komissiyası Cinayət Məcəlləsinə Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişikliyinə mənfi rəy vermişdi. Buna baxmayaraq, layihənin plenar iclasın gündəliyinə salınması nəzərdə tutulurdu.

“Hədəfimiz Qarabağı geri qaytarmaqdır”

Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi komissiyasının növbədənkənar iclasında hazırda “Ayakve” mülki qanunvericilik təşəbbüsünün irəli sürdüyü qanun layihəsi müzakirə edilir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, təşəbbüs üzvləri və buna dəstək verən ermənilər parlament binası yaxınlığında toplaşıblar. Həmin qanun təşəbbüsünə görə, Qarabağın Azərbaycanın tərkibində sayılması cinayət sayılır. “Ayakave” təşəbbüsünün koordinatoru Avetik Çalabyan adıçəkilən komissiyanın 12 üzvündən 8-nin hakim “Vətəndaş sazişi” partiyasının üzvü olduğunu xatırladıb. “Onlar öz mövqelərini müxtəlif yollarla ifadə ediblər və bu da hüquqi baxımdan zəif, absurd və əsassız cavabdır. Əgər Qarabağı yenidən geri qaytarmaq istəyiriksə, öncə onun öz müqəddəratını təyinetmə hüququnu bərpa etməliyik”, - deyə Çalabyan bildirib.

Səfər Mehdiyevlə bağlı sensasiya: külli miqdarda vəsaitlə...

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə bağlı sensasiya sayıla biləcək məlumat yayılıb. Axar.az-a daxil olan məlumatda bildirilir ki, S.Mehdiyev tez-tez xaricə səfər etməyə başlayıb və hər gedişində külli miqdarda vəsait çıxarır. Onun hər dəfə külli miqdarda vəsaiti “xərcləmək üçün” apardığı ildirilsə də, səfərlər arasında intervalın çox sıx olması general-polkovnikin ölkədən vəsait daşıdığı təəssüratını yaradıb. S.Mehdiyevin külli miqdarda vəsaiti ölkədən necə çıxara bilməsi də maraqlıdır. Xatırladaq ki, 1973-cü il təvəllüdlü Səfər Mehdiyev 2018-2022-ci illərdə Gömrük Komitəsinə sədrlik edib.

“Gürcüstan etibarlı deyil, silahları İrandan daşıyırıq” - Akopyan

Ermənistan kifayət qədər çətin regiondadır, kənardan aldığımız silahları gətirmək asan deyil. İran bu baxımdan bizə yardım edir. Sozcu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Mqer Akopyan deyib. “Silahlar Ermənistana İran ərazisindən ötürülür. Hər halda, 44 günlük müharibə zamanı Ermənistana silah İran vasitəsilə daxil olub. Hindistandan gətirilən toplar da Ermənistana İran üzərindən çatdırılıb”, – ekspert bildirib. Akopyanın iddiasına görə, bu baxımdan silahların Gürcüstan üzərindən qəbul edilməsində ciddi problemlər var: “Gürcüstan yolu o qədər də etibarlı deyil”. Ermənistanın İrandan silah alması ehtimalına gəlincə, ekspert hesab edir ki, bu çətin məsələdir: “Çətin sualdır. Birincisi, hazırda İranın arsenalı çox köhnədir. İranın hava qüvvələri çox pis vəziyyətdədir. Helikopterlərinin nə qədər köhnə olduğu İran mətbuatından da aydın görünür, hər cəhətdən köhnədirlər. Ballistik və zenit raketləri baxımından öndədirlər, amma bu da özlərinə yetəcək qədərdir. Rusiya da çox az satır, üstəgəl, arada siyasi problemlər var, silahların yarısını dünyanın bir tərəfindən, yarısını isə tamam başqa tərəfdən almaq olmaz. Bu, çox pis presedent yaradacaq. Qərb silahlarını alsaq, İrandan ala bilməyəcəyik, belə bir addım atmağa dəyməz. Əksinə, İrandan alsaq, Fransa və ABŞ kömək etməyəcək”.//Teleqraf

Azərbaycanda 15 deputata 100 minlik maşın verildi - FOTO

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.  Yenisabah.az-ın xəbərinə görə, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.  Hazırda parlamentin 15 komitəsi var.  Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.  "Yeni Sabah" araşdırıb ki, hazırda “Mercedes E 300” markalı avtomobillərin Mercedess-in Azərbaycandakı rəsmi nümayəndəliyində satış qiyməti 101 808 manatdır. 

Araik Bakıdan Şahramanyana tez-tez zəng edir? - Separatçıların yeni planı

Qarabağda qandallanaraq, Bakıya gətirilən separatçı-terrorçu rejimin keçmiş “rəhbərləri” haqda yeni iddialar yayılıb. Ermənistan mediası Araik Arutyunyanın, Arkadi Qukasyanın və Bako Saakyanın Qarabağdan Ermənistana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanla mütəmadi olaraq əlaqə saxladığını yazır. Bu iddianı İrəvana qaçmış separatçıların qondarma “deputatı” olaraq göstərilən Davit Qalstyan irəli sürüb. “Məhkumlarımız mütəmadi olaraq təkcə ailələri ilə deyil, həm də (qondarma) “artsax prezidenti” ilə əlaqə saxlayırlar. Bildirirlər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”, - Qalstyan bildirib. Bu iddianın absurd olduğu aydındır. Çünki həbs edilən separatçıların ailələri ilə əlaqə yaratmasından tutmuş bütün digər hüquqları təmin edilsə də, onların özünü ləğv edilmiş qondarma rejimin “rəhbəri” kimi təqdim edən və Qarabağla bağlı iddiaları saxlayan Şahramanyanla əlaqə yaratmasına icazə verilməməlidir. Qalstyanın iddiası daha çox Şahramanyanı “rəhbər” kimi göstərmək məqsədi daşıyır. Bu, Ermənistana qaçan separatçılar arasındakı qarşıdurma fonunda təsadüfi deyil və bu iddiaların Şahramanyanın yeni planı olduğu da istisna deyil. Bununla nümayiş etdirir ki, “keçmiş rəhbərlər” onu “başçı” kimi qəbul edirlər./Publika.az

Arayik arvadını və qızlarını Bakıya gətirtmək istəyir - Sensasion iddia

Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Araik Arutyunyan Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir.  Bu barədə Musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir.  Məlum olduğu kimi, həbs olunanlar arasında ən ağır cinayətləri o törədib. Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə komandan olub, Gəncənin, Bərdənin bombalanması əmrini özünün verdiyini etiraf edib. Azərbaycan övladlarının şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. O, bir müharibə canisidir. Onsuz da Azərbaycan məhkəmələri ona ən ağır cəzanı - ömürlük həbsi verəcək. Bu baxımdan, Araikin Azərbaycanda ölənə qədər qalması təmin olunub. İtirməyə heç nəyi qalmayan separatçı bu səbəbdən indi yaltaqlığa, xoşqılığa, artistliyə əl atıb"... Onun istintaqa verdiyi ifadələrlə bağlı da ümumi və qismən məlumat ala bilmişik. Rəsmi olmayan həmin məlumatda iddia olunur ki, Araik Arutyunyan özünə qarşı elan olunan bütün ittihamlara "...mən kim idim ki, orduya əmr verəm. Bütün əmrlər Ermənistan Müdafiə nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi, görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Paşinyan əmr edib. Mənə də əmr etdi, efirə çıxıb hər şeyi öz üzərimə götürdüm, Ermənistanı məsuliyyətdən yayındırım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var, yoxlayın, görün onlar hansı ərazilərdən atılıb..."  Bir sözlə, separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün suçu Paşinyanın üzərinə atmaqla, həyasızcasına özünü təmizə çıxartmağa çalışır.  Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", -deyə hər dəfə də yaltaq-yaltaq təkrar edir.  Məlumatda o da vurğulanır ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Araik 10 kq kökəlib.  Yaxın zamanlarda onların cinayət istintaqı yekunlaşacaq və iş məhkəmə instansiyasına təqdim olunacaq. O zaman bu müharibə suçlularını hakim qarşısında görüb, çəkmək, yaymaq imkanımız da olacaq. 

Elçibəyin müşavirini vurub öldürən həkim işinin başındadır

Noyabrın 15-də piyadanın ölümü ilə nəticələnən qəzanı törətmiş həkim Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri kimi vəzifəsini davam etdirir.  Sozcu.az "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, o, hazırda işinin başındadır.  A.Maqsudov tibb elmləri namizədi, toksikologiya üzrə mütəxəssisdir. Peşəkar həkim 1989-cu ildən o zamankı “Semaşko” xəstəxanasında (hazırkı Kliniki Tibbi Mərkəz - red.) Toksikologiya şöbəsində çalışır. O, 1998-ci ildən isə Toksikologiya şöbəsinin müdiridir.  Xatırladaq ki, Azər Maqsudov noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Dərhal A.Maqsudov özü A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. O, sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. Türkiyədə yaşayan alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə Bakıya gəlibmiş. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ”Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda noyabrın 16-da keçirilmiş beynəlxalq elmi konfransa dəvət olunubmuş. 

Anar təsdiqlədi: “Sürücü və katibəmə də ev vermişəm!”

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.  Sozcu.az xəbər verir ki, AYB-nin sədri Anar Rzayev Globalinfo.az-a açıqlamasında deyilənlərin hamısının yanlış olduğunu bildirib.  Onun sözlərinə görə, ev AYB-yə verilib:  “2600 üzvümüzdən 230 nəfəri evlə bağlı bizə müraciət edib. Lakin onlar arasında 21 nəfərə ev verildi. Qeyd edim ki, həmin 21 nəfərin əksəriyyəti işləməyən yazıçılardır. Hətta adlarını da çəkə bilərəm – Seyran Səxavət, Firuz Mustafa, Nəriman Qasımzadə, Dəyanət Osmanlı, Elxan Qaraxanlı və s. Bundan başqa, bizimlə çalışan şəxslər yalnız bizdən ev ala bilərlər. Çünki onların başqa iş yerləri yoxdur. Ona görə, sürücü və katibə də başqa vətəndaş kimi növbədə gözləyərək ev alıb. Ev almaq onların da haqqı idi”. Sədr bir neçə evi olub, yenidən ev alanlar haqda da danışıb: “Deyirlər 2-3 evi olanlara ev vermişik. Bizə 230 nəfər müraciət edib. Mən necə araşdıra bilərəm ki, onların evi var, yoxsa yox? Ərizə yazarkən evsiz olduqlarını qeyd edirlər. Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!” A.Rzayev yaxın günlərdə AYB üzvlərinə maddi yardım olacağını bildirib: “Pul verəcəyimiz şəxslər də olacaq. Kimlərə verilməsi isə katiblikdə həll olunacaq. Kimin pula daha çox ehtiyacı varsa, o da alacaq”.