Ukrayna ordusu Kurskda səngərlər qazır

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində möhkəmlənməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu artıq Kursk vilayətinin Maxnovka kəndində səngərlər qazırlar.

Şəhidin oğlu faciəli şəkildə öldü

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qeyd edək ki, Xəqani Aslanov 1992-c ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.

Bakıda taksi sürücüsünü döyüb maşınını qaçırdılar

Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Şevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.

İki il əvvəl itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb – KİV

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Bildirilib ki, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğluna məxsus meyitlərin qalıqları Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında aşkarlanıb. Məlumata görə, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək. Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi - Təfərrüat

09:05 Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü Azər Rəşid oğlu İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır. *** Bərdə rayon Prokurorluğu qadının qaynı tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb. Prokurorluqdan avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub. *** Bərdədə baş verən qətlin bəzi təfərrüatları məlum olub. Report xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən İbrahimov Azər Rəşid oğlu epilepsiya xəstəsi olub. Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb. Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Bakıda 51 yaşlı kişi qətlə yetirildi

Bu gün paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Sumqayıtda qardaş qardaşını BIÇAQLADI

Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Ucarda ağır qəza: yaralılar var

Ucarda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində maşınlardan biri yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı hər iki avtomobildə olan sürücü və sərnişinlərin ağır bədən xəsarəti aldıqları bildirilir. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda 5 nəfər sirkə turşusundan öldü

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə zəhərlənmə səbəbi ilə 74 nəfər qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Şöbəyə qəbul edilən xəstələrdən 32 nəfəri dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrindən, bir nəfər qidadan zəhərlənən şəxslərdir. Həmçinin, 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Azərbaycanda son 50 ilin rekordu

Qlobal iqlim dəyişməsinin əsas səbəblərindən biri də antropogen fəaliyyət zamanı istixana effekti yaradan qazların emissiyasının çox olmasıdır ki, bu da öz növbəsində temperaturun yüksəlməsinə səbəb olur. Ölkəmizdə də havanın temperaturu yüksələn xətt üzrə davam edir. Sozcu.az "Trend"ə istinadla xəbər verir bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji stansiya şəbəkələrinin məlumatlarına əsasən son illər havanın orta çoxillik temperaturunun artdığını demək mümkündür: “2007-ci ildən 2023-cü ilə qədər aparılan hidrometeoroloji müşahidələr əsasında deyə bilərik ki, ölkəmizdə havanın orta çoxillik temperaturu 1.3° normadan yüksək olub”. Xidmət rəisinin sözlərinə görə, son 50 il ərzində respublika üzrə ən isti gün 2000-ci il avqustun 2-də Naxçıvanın Culfa və Ordubad rayonlarında 46°, Bakı və Abşeron yarımadasında isə 2018-ci il iyulun 1-də Maştağada 44.5°, Bakıda 42.7° qeydə alınıb. Son 50 il ərzində ən soyuq günlər isə ölkə üzrə 2002-ci il dekabrın 28-də Naxçıvan şəhərində 30° şaxta, Bakı və Abşeron yarımadasında 2012-ci il fevralın 8-də 11° şaxta müşahidə olunub”. N.Mahmudov onu da qeyd edib ki, son dövrlərdə təhlükəli atmosfer hadisələrinin artım tendensiyası müşahidə olunur. Belə ki, sel-daşqın hadisələrinin sayının artmasını buna misal göstərmək olar. “Son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınıbsa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”, - deyə N.Mahmudov bildirib.

Bakıda gəmi yanır: Heyət təxliyə edildi - Rəsmi

09:20 Bakıda gəmidə yanğın başlayıb. Sozcu.az Trend-ə istinadla xəbər verir ki, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərrikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb. Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsiz yerə köçürülüb. Təxliyə prosesində digər bir gəmidən istifadə edilib. Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır. *** Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-dən bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məktəbin həyətində 18 yaşlı gənci “tok” vurub öldürdü

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.  Sozcu.az "Report"a istinadən məlumat verir ki, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.  Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.  Faktla bağlı araşdırma aparılır.