Güneydə müəllimlər etiraz aksiyaları keçirib

Aprilin 6-da Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər. Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb. Təhsil İdarələrinin binaları qarşısına toplaşan müəllimlər əmək haqlarının verilməməsinə etiraz edib, aprelin 5-də həbs edilən İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbininin azad edilməsini tələb ediblər. Qeyd edək ki, eyni gündə Kirmanşah, Kərəc, Məlayer və başqa bir neçə şəhərdə də oxşar aksiyalar baş tutub.Günaz.TV

Tehranda etirazlar başladı

Aprelin 5-dən 6-a keçən gecə Tehranın Şər-i Ziba bölgəsində hökumətə qarşı etiraz aksiyaları keçirilib. Sozcu.az xəbər verir ki, aksiyalar 2022-ci ilin sentyabr ayında hökumət məmurları tərəfindən öldürülən Həmid Rza Ruhi adlı gəncin doğum günü münasibətilə keçirilib. Etirazçılar "Xamenei, bu qiyam sona çatmayacaq" , "Bu il sistemin son ilidir" kimi şüarlar səsləndiriblər.

İran Azərbaycan meydanından milli elementi yığışdırdı

Novruz bayramı öncəsi Təbrizin Azərbaycan meydanında quraşdırılan ay və səkkiz guşəli ulduz elementi paniranist və radikal dinçi kəsimin təzyiqlərindən sonra yığışdırılıb. Sozcu.az xəbər verir ki, elementin güneylilər tərəfindən rəğbətlə qarşılanması, foto çəkdirmək üçün vətəndaşların Azərbaycan meydanına axınından sonra hökumət onun sökülməsinə qərar verib. Qeyd edək ki, bu elementin quraşdırılmasından sonra panfarsist dairələrə bağlı media orqanları materiallar dərc etmiş və "Təbrizin ortasında separatçı izləri" başlıqlı yazılar yazmışdılar.

Təbriz konsulluğumuza qarşı “xəbərdarlıq” edildi

Təbrizdəki Baş konsulluğumuza qarşı təhlükənin olduğu haqda yazmışdıq: keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdığı “Hüseyniyyun” terror qruplaşmasının addımı İranın konsulluğumuza qarşı təxribatları terror mərhələsinə keçirə biləcəyi gözləntisini daha da artırır. Burada iki məqam xüsusilə diqqət çəkir: Birincisi, qruplaşmasının verdiyi bəyanatdır: “Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”; İkincisi, İran mediasının qruplaşmanın “etiraz aksiyası”nı “Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” olaraq təqdim etməsidir. Tehran rejimi konsulluğumuzu “MOSSAD yuvası” kimi təqdim etməklə müdaxiləyə əsas yaradır və istisna deyil ki, mümkün müdaxilə ssenarisi “Təbriz gənclərinin “MOSSAD yuvası”na etirazı” adı altında edilə bilər.

Güneyli müəllimlər etiraz aksiyaları keçirdilər

Martın 28-də Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Ərdəbil və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər. Sozcu.az xəbər verir ki, aksiyalar Təhsil Nazirliyinin idarələri qarşısında keçirilib. İdarələrin qarşısına toplaşan azərbaycanlı müəllimlər əmək haqlarının ödənilməməsinə, inflyasiya artımı ilə maaşlarının uyğun olmamasına, qanunla nəzərdə tutulmuş başqa hüquqlarının tapdalanmasına etiraz ediblər. Təbrizli müəllimlər Təhsil Nazirliyinin qarşısına "Bu bina müəllimlərin əmək haqlarını ödəmək üçün satılır" məzmunlu banner asıblar.

İranda yüzlərlə etnik bəluc edam edildi

Son bir il ərzində İranda 628 sünni məzhəbli etnik bəluc edam edilib və hökumət məmurları tərəfindən öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc İnsan Haqları Təşkilatının son hesabatında məlumat verilib. Hesabatda İranın 23 şəhərində 182 bəlucun edam edildiyi, 446 bəlucun isə müxtəlif səbəblərdən, o cümlədən etiraz aksiyalarında iştirak etdiklərinə görə güllələnərək öldürüldüyü bildirilib.

Brüsseldə İran rejiminə qarşı aksiya keçiirilib

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasının qarşısında “Azadlıq və ədalət marşı” mitinqi keçirilib. Sozcu.az  xəbər verir ki, mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Bildirilib ki, onlar Fransa, AFR, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” olub. Qeyd edib ki, mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb ediblər.

Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

Güneydə, Qərbi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru məlumat yayıb. Xəsarət alanlardan 139-u evə buraxılıb. 26 vətəndaşın isə hələ də tibbi yardıma ehtiyacı var. Qeyd edək ki, dünən İranın Xoy şəhərində 5.7 maqnitudalı zəlzələ baş vermişdi.

Urmiyada 5 nəfər edama məhkum edildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin İnqilab Məhkəməsinin 3-cü bölməsi biri qadın olmaqla, 5 nəfəri İsrailə casusluq ittihamı ilə ölüm cəzasına məhkum edib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatlı məlumat yayıb. Bununla yanaşı daha 5 nəfər eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

İranın Bakıya qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqlarla qarşılaşıb. Sozcu.az xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib. O, İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib: "İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycan-Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Ancaq Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər. Bu sistemə son zərbəni Təbriz vuracaq", - güneyli vəkil xəbərdarlıq edib.

Təbrizdə milli məzmunlu banner asıldı

Martın 16-dan 17-ə keçən gecə Təbrizin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən Güney Azərbaycan müstəqilliyi ilə bağlı banner asılıb. Sozcu.az xəbər verir ki, bannerdə “Güney Azərbaycanın müstəqilliyi yalnız “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə gerçəkləşəcək” yazılıb. “Azadlıq, Ədalət, Milli Hökumət” son aylar Güney Azərbaycanda ən çox bəyənilən şüara çevrilib və bu artıq İranda yaşayan başqa qeyri-fars xalqlar tərəfindən də səsləndirilir.

Urmiyada məhbusu işgəncə ilə öldürdülər

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında siyasi məhbus Şirzad Əhmədinejad işgəncə ilə öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Yaxınlarının bildirdiyinə görə, məhbusun cənazəsi ailəsinə təhvil verilməyib. Ölüm xəbəri yayıldıqdan sonra martın 15-i gecə saatlarında Şirzad Əhmədinejadın doğulduğu Bukan şəhərində etiraz aksiyaları olub.