Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi tələb olundu

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.  Anket məlumatlarının elanı zamanı məlum olub ki, təsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.  Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.  Məhkəmə vəsatəti təmin etməyib.  Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edir. Jurnalistlər “Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır. Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib. Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb. Bu vəsatət baxılmamış saxlanılıb. İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb. 

Rusiya Belqorodu müdafiə edə bilmir - Malyar

Rusiyanın Belqorod vilayətində baş verən son hadisələrdən sonra ruslar Ukraynada döyüş meydanına göndərilən qüvvələrin yenidən qruplaşdırılması məsələsi ilə üzləşiblər. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib. "Ruslar qüvvələrini yenidən qruplaşdırmaq məsələsi ilə üzləşiblər, çünki Belqorod vilayətindəki vəziyyəti sakitləşdirmək üçün indi buna ehtiyac var. Onlar faktiki olaraq bütün qüvvələrini Ukrayna cəbhələrinə göndəriblər", - nazir müavini söyləyib. Malyar Belqorodda baş verənlərin Ukrayna ilə bağlı olmadığını vurğulayıb: "Bu, yalnız onların daxili işi ola bilər". Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər. Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb. Ukrayna baş verənləri vətəndaş müharibəsi adlandırıb və bununla əlaqəsi olmadığını bildirib.

Həqiqi hərbi xidmətlə bağlı yenilik

Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Nazirlər Kabineti bununla bağlı “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.

Ukrayna Baxmutda bu yüksəkliklər uğrunda döyüşür

Ukrayna Silahlı Qüvvələri Baxmutun şimalı və cənubunda yüksəklikləri ələ keçirmək üçün döyüşür. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, şəhərin özündə ukraynalı döyüşçülər müdafiə xəttini qoruyur.

"Azərbaycan heç bir güzəştə getməməlidir"

“Ermənistan həmişəki kimi ikili oyun oynayır. Bir yandan, Nikol Paşinyan başa düşür ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bir yandan da öz canı üçün qorxur. Yəni ehtiyat edir ki, ölkədə ona qarşı müəyyən hərəkətlənmə ola bilər”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib. O, Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Ermənistanın Baş naziri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə yanaşı, sərhəddə bufer zonanın yaradılması təklifini edib. N. Şəfiyevin fikrincə, Azərbaycan heç bir güzəştə getməməlidir: “Alayarımçıq nəyinsə imzalanması son nəticədə yeni münaqişəyə gətirəcək. 2020-ci ildə Atəşkəs Bəyanatını imzalayanda elə bilirdik ki, eyni sistem Laçın dəhlizi ilə yanaşı, Zəngəzur dəhlizində də tətbiq olunacaq. Amma ermənilər bu günə kimi həmin bəndi icra etməyib. Onlar bildirdilər ki, bəyanatda “koridor” sözü yoxdur”. Müsahibimiz xatırladıb ki, Azərbaycan siyasi hakimiyyəti dəfələrlə Ermənistan tərəfinə bildirib ki, Qarabağ erməniləri ilə münasibətlərin tənzimlənməsi Azərbaycanın daxili işidir və Bakı bunu özü həyata keçirəcək: “Heç bir beynəlxalq qurum, o cümlədən İrəvanın özü buna müdaxilə edə bilməz. Hazırda gedən proseslərdə onların nə deməsindən asılı olmayaraq, Azərbaycanın irəli sürdüyü 5 prinsipdən irəli gələn müddəalar qorunub saxlanılmalı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı gələcək sülh müqaviləsində ikili yozula biləcək ər hansı ifadə zərrə qədər də olmamalıdır. Bu gün ermənilər Başkənddən danışırlar. Əgər əvvəldən SSRİ-yə daxil olduğumuz dövrü götürsək, bəlkə də 10-15 kv.km ərazi bizə qayıda bilər, son nəticədə Ermənistanın 10-13 kv.km. ərazidə qalar. Yəni bura ərazilərə Ermənistanın cənubu, Göyçə mahalı, Qazaxla sərhəd olan rayonlar və Naxçıvanın üstü daxildir. Azərbaycan bu iddianı irəli sürmək əvəzinə, Ermənistan bizə meydan oxuyur”. Siyasi analitik hesab edir ki, növbəti görüşdə Prezident İlham Əliyev bu məsələni ortaya qoyacaq: “Ermənistan rəhbərliyi özünü yığışdırmalı və baş-beynimizi aparmamalıdır. Bu gün beynəlxalq vasitəçilər ortaya düşüb, bizi gah Moskvaya, gah da Vaşinqtona dəvət edirlər. Ondansa Ermənistan rəhbərliyi ilə məsələni biryolluq həll, sonra bizi narahat etsinlər”. “Sərhədyanı bölgədən qoşunların güzgü effekti ilə geri çəkilməsinə gəlincə, ermənilərə etibar yoxdur. Əgər biz çəkilsək, bufer zona yaratsaq, onlar yenə nə isə edəcəklər. Tarix də göstərir ki, ermənilər sakit oturan deyillər. Onlar həmin ərazidən birtəhər içəri sızmağa və min cür hoqqadan çıxacaqlar”, – deyə N. Şəfiyev əlavə edib.

İrandan Ermənistana silah və narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Ermənistana qanunsuz yolla silah, sursat və narkotik maddə keçirilməsinin qarşısı alınıb. Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilib ki, Ermənistan vətəndaşı R.P. və kimliyi məlum olmayan İran vətəndaşı mayın əvvəlində ölkəyə qanunsuz yolla narkotik maddə, silah və sursat keçirməyi planlaşdırıblar. Onları Mehri rayonundakı Gömrük Xidmətində Ermənistanın daha 2 vətəndaşı qarşılamalı imiş. Ancaq qaçaqmalçılar rayonun ətrafında Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarənin və Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış zamanı onların üzərindən 10 kq heroin, metamfetamin, marixuana, 20 ədəd güllə, 2 ədəd döyüş tapançası aşkarlanıb. Fakt üzrə cinayət işi başlayıb.

İsrail qüvvələri qaçqın düşərgəsinə girdi: ölənlər var

İsrail Müdafiə Qüvvələrinin İordan çayının qərb sahilindəki Balata qaçqın düşərgəsinə təşkil etdiyi reyd zamanı azı üç fələstinli həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 3 nəfər isə yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. İsrailin itkiləri barədə məlumat verilmir. “İsrail Tayms” nəşrinə əsasən, “Əl-Əqsa Şəhid Briqadaları” terror qruplaşması atışmada ölənlər arasında öz üzvlərinin olduğunu da açıqlayıb.

Ukrayna ordusu Baxmutda hücumları davam etdirir

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Baxmut yaxınlığındakı cinahlarda hücum əməliyyatlarını davam etdirir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətinə səfərindən sonra deyib. "Cəbhədə olan əsgər və komandirlərimizi ziyarət etdim. Müdafiə əməliyyatı davam edir. Hazırda şəhərin ətrafına nəzarət etməyimizə baxmayaraq, onun müdafiəsinin əhəmiyyəti mənasını itirmir. Gələcəkdə bu, bizə əməliyyat vəziyyətində dəyişiklik olduqda şəhərə daxil olmaq imkanı verəcək", - o bildirib. Qeyd edək ki, ötən gün Rusiya MN Baxmutun tam işğal olunduğunu açıqlayıb.

Susuzluqla imtahan edilən sakinlər - VİDEO

Suraxanı rayonu, Ramana qəsəbəsindəki Samir Əliyev küçəsinin sakinləri susuzluqdan əziyyət çəkirlər. Vətəndaşların bildirdiyinə görə, su həftədə 2 dəfə və saatla verilsə də, məhz təzyiq aşağı olduğundan ehtiyat çənlərini doldura bilmirlər. “Su verilsə belə, təzyiqi olmur. Əlavə olaraq su motoru istifadə edirik. Su motoru da ayda 10 manat işıq pulu yazır”, - deyə sakin qeyd edib. Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

451-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 451-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 202 430 hərbçi, 3781 ədəd tank, 7382 ədəd zirehli döyüş maşını, 3229 ədəd artilleriya sistemi, 564 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 325 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6103 ədəd avtomobil texnikası, 2801 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 423 xüsusi avadanlıq itirib.

Qeyri-pedaqoji ixtisaslara sahib şəxslər MİQ-də iştirak edə bilərlər

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Belə ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaqlar. Xatırladaq ki, ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən elan ediləcək.

Ukrayna MN: “Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”

“Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”. Sozcu.az “İnsayder”ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov deyib. O bildirib ki, Rusiyanın Ukraynadakı agentlik şəbəkəsi hələ də qalır, lakin onların imkanları tükənib və artıq mif olub. K.Budanovun sözlərinə görə, Rusiya ordusu hücum imkanlarını itirib: “İndi onlar müdafiə olunurlar”. Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, nüvə müharibəsi nəzəri cəhətdən mümkündür, amma praktik baxımdan belə imkan yoxdur: “Çünki bu ssenari Rusiyanın strateji məğlubiyyəti ilə başa çatacaq”.