Yer üzündən silinməkdə olan Sərsəng su anbarının yeni görüntüləri yayıldı...-VİDEO

Rusiya imperiyasının müvəqqəti(!) nəzarəti altında olmaqla hələ də faktiki erməni işğalı altında qalan Sərsəng su anbarının yeni video-görüntüləri yayılıb. Sozcu.az xəbər verir ki,  həmin görüntüləri Xankəndindəki qanunsuz  "artsax ictimai televiziyası" su abarının mövcud durumuna həsr edilmiş reportajda yayımlayıb. 2022-ci il dekabrın 12-dən, yəni Laçın-Xankəndi yolunda Azərbaycan eko-fəallarının məlum aksiyası başlanandan  bəri  Azərbaycan Respublikasının müvəqqəti(!) olararaq Rusiyanın nəzarətində qalmış ərazisindəki 32 "yaşlı" separatçı-terrorçu rejim işğal altındakı Sərsəng su anbarında ekoloji fəlakətin yaranmasındakı günahlarını boynundan atmaq və bunu da rəsmi Bakının adına yazdırmağa çalışır. Separatçılar mütəmadi olaraq su anbarının foto və video-görüntülərini yayaraq beynəlxalq aləmdə də yanlış rəy yaratmağa çalışır. Bundan əvvəl mediada separatçı xuntanın qondarma “dövlət naziri” Qurgen Nersisyana istinadla  "Sərsəngin su ehtiyatı kritik həddə çatıb - demək olar ki, 88 milyon kub metr, yəni ümumi həcmin təxminən 15%-i,- və ölü (istifadəyə yararlı olmayan) həcmə yaxınlaşır - təxminən 70 milyon kub metr”..." məlumatı da yer almışdı. Xatırladaq ki, 2022-ci il avqustun 22-də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri Xankəndindəki separatçı rejimin mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib. Həmin vaxt su anbarındakı durum indikindən qat-qat yaxşı olub...moderator

“Putinin işi bitdi, Navalnı Rusiyanın gələcək prezidentidir!..”- Saakaşvili

Mixail Saakaşvili  “Putinin işi bitdi – bu, maksimum bir neçə ayın işidir”, Navalnı isə Rusiyanın “gələcək prezidenti” olduğuna əmin olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu "Qruziya Online" nəşrinin yaydığı məlumata görə, Saakaşvili bu haqda müxalif "Formula" telekanalının Droeba proqramına açıq məktubunda yazıb. Gürcüstanın həbsdə olan üçüncü prezidenti əmindir ki, Rusiya Federasiyasının parçalanması Şimali Qafqazdan başlayacaq. Keçmiş lider hesab edir ki, Rusiya müxalifətinin əksəriyyətinin Rusiyada olmamasına və Rusiyanın özündə Aleksey Navalnı və Vladimir Kara-Murza kimi müxalifətçilərin Putin tərəfindən həbsxanada saxlanmasına baxmayaraq, Rusiya müxalifəti “məhv edilməyib”. “Putin bitdi. Bu, bir neçə həftəlik, ən çoxu ayların işidir. Rusiyanın dağılması Şimali Qafqazdan başlayacaq. Artıq həm Tiflisi, həm də Batumini görmüş, bura çatmaq üçün əllərini ovuşduran 25 min Kkadırovçu ilə məşğul olmağa hazırıqmı?.. Rusiya müxalifətinin məhv edildiyini düşünmürəm. Navalnı həbsdən çıxsa da, çıxmasa da, mənim Rusiyadan qalacaq ərazinin lideri ilə,  onunla, Vladimir Kara-Murza və digər liderlərlə çox isti yazışmalarım var. Ən ağır vəziyyətdə olan Navalnının məni buraxmaq xahişi ilə İvanişviliyə müraciət etməsini çox yüksək qiymətləndirdim”, - Saakaşvili bildirib. Eks-prezidentin sözlərinə görə, dünyanın bütün liderləri onun azadlığa buraxılmasını tələb edirlər - Avropa Parlamentinin deputatları, Fransa prezidenti Emmanuel Makron, Moldova prezidenti Maya Sandu, Ukrayna lideri Vladimir Zelenski və hətta “Rusiyanın gələcək prezidenti” Navalnı. “Ancaq mən Podolyakın adamyeyən adlandırdığı sadistlərin əlindəyəm. Zaxarova Zelenskini gələcəkdə mənim taleyimlə hədələyib. Zaxarovanın sahiblərinin çoxdan öz taleləri haqqında düşünmələri lazımdır. Mən onlara danışıqlara başlamağı, sivil oyun qaydalarına və balanslaşdırılmış ədalətli sistemə keçməyi tövsiyə etdim”, - Saakaşvili müxalif "Formula" telekanalının Droeba proqramına açıq məktubunda yazır.

Azərbaycanda toyda 35 nəfər zəhərləndi

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub. Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb./APA

Müharibədə 233 mindən çox rus əsgəri ölüb

Ukrayna tərəfi müharibə başlayandan bəri 233 mindən çox rus əsgərinin öldürüldüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığı məlumat yayıb. "Bu, çətin 500 gündür, lakin azadlığımız və birliyimiz üçün əbədi mübarizəmizin simvoludur. Müharibə başlayandan bəri qarşı tərəfin 233 mindən çox şəxsi öldürülüb, qarşı tərəfə aid 4000-dən çox tank, 8000-ə yaxın zirehli texnika, 4346 artilleriya sistemi, 315 təyyarə və 309 helikopter, 410 hava hücumundan müdafiə sistemi və 3000 hava hücumundan müdafiə sistemi, 666 pilotsuz uçuş aparatı, 1271 qanadlı raket, 6 min 914 texnika, 619 xüsusi texnika və 18 gəmi məhv edilib”, - rəsmi məlumatda deyilir. Rusiya Müdafiə Nazirliyi isə itkilərlə bağlı məlumatları təsdiqləməyib.

Sərhədimizi pozan erməni diversantlara hökm oxundu

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Daha sonra məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır?” - Qalmaqal

“Təhsil naziri Emin Əmrullayevin 500-dən çox müəllimin 2 min manat maaş alması ilə bağlı söylədiyi fikirlər doğrudur. Lakin hazırda ölkənin 4.432 orta ümumtəhsil məktəbində 150 min müəllim var. 150 min müəllimdən 500 nəfərin 2 min manat, 1,500 nəfərdən çoxunun isə 1,500-2,000 manat əməkhaqqı alması çox aşağı bir göstəricidir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.  O, 2 min manat maaş alan müəllimlərin hansı kriteriyalar daxilində bu pulu qazandıqlarından söz açıb.  K.Əsədov xatırladıb ki, Azərbaycan dövləti tərəfindən müəllimlərin əməkhaqqı mütəmadi artırılır:  “Bu gün 18 saat dərs deyən müəllimin əməkhaqqı əvvəl 495 manat edirdisə, hazırda 600 manata yaxındır. Bunlar o müəllimlərdir ki, onların 36 saat dərsi var, 18 ildən artıq dərs deyirlər və onlar sertifikasiyadan keçmiş ibtidai sinif müəllimləridir. Amma bu gün ölkə müəllimlərinin 140 minə qədərinin əməkhaqqı kifayət qədər aşağıdır”.  Mütəxəssis söyləyib ki, Azərbaycan müəlliminin aldığı əməkhaqqı onu idarə edənlərdən azdır:  “Məsələn, biz bunu Elm və Təhsil Nazirliyinin işçilərinin əməkhaqqıları ilə müqayisə etsək, fərqi görərik. Yaxud bu gün 2,500 manat əməkhaqqı alan məktəb direktorları var. Çünki şagird sayı 2,500-dən çox olanda onlara əlavə əməkhaqqı verilir. Bu gün müəllimlərin əməkhaqqı gördükləri işin müqabilində kifayət qədər azdır. Biz 500 müəllimdən danışırıq, bəs digərlərinin məvacibi nə qədərdir?”  Müsahibimiz iddia edib ki, hazırda 600-dən çox müəllimin əməkhaqqı 100 manatdan aşağıdır:  “Yəni nazirin söylədiklərinin tam əksini də iddia etmək olar. Bu gün 100 manat və ondan daha aşağı maaş alan müəllimlər var. Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır? Azərbaycan müəllimi hazırda ən yaxşı imtiyazlara və təminatlara malik olmalıdır. Çünki Azərbaycanın təhsil sistemi müəllimlərin çiyinləri üstündədir, nəinki təhsili idarə edənlər. Heç bir ölkənin təhsil səviyyəsi müəllimin səviyyəsindən artıq deyil. Təhsili idarə edənlər peşəkar ola, xaricdə nüfuzlu ali məktəblər qurtara bilərlər, amma təhsilin göstərici onlardan yox, müəllimdən asılıdır”.  Ekspert onu da vurğulayıb ki, müəllimlərin əməkhaqları onların stajlarına və dərs saatlarına uyğundur:  “Lakin gələcəkdə onların sertifikasiyadan topladığı ballar həm onlara dərs saatlarının verilməsinə, həmçinin də əməkhaqlarının artımına təsir göstərəcək. Məsələn, bu gün 2 min manat əməkhaqqı alan müəllim sertifikasiyadan keçib, 51 baldan çox bal toplayıbsa, nəticədə də əməkhaqqına 35% əlavə olunub. Yaxud həmin şəxsin 18-36 saat dərsi var, 18 ildən çox stajı var və o, 51 baldan çox bal toplayıb ki, onun da əməkhaqqı ona görə çoxdur. Ola bilsin ki, həmin müəllim 5 ildən sonra nəticələri zəif olsa, həmin əməkhaqqını belə ala bilməyəcək”. 

“Bakı və İrəvanın təxribatların Moskva tərəfindən törədildiyini isbatlaması üçün...”

“Bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir... Nə qədər ki, belə bir vəziyyət mövcuddur...” “Hesab edirəm ki, Həm Azərbaycan, həm Ermənistan sülh danışıqları zamanı baş verən təxribatlarla bağlı vahid mövqedən çıxış edərək həmin təxribatların Rusiya tərəfindən törədilməsini isbatlaması üçün iki amil gərəkdir. Yəni bunun baş tutması üçün ən azı iki şərt olmalıdır”. Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Həm Azərbaycan, həm Ermənistan birgə səylərini ortaya qoysa, məhz sülh danışıqları zamanı baş verən təxribatların Moskva tərəfindən təşkil olunduğunu isbat edə bilərlərmi?” sualını cavablandırarkən ifadə edib. “Birincisi, tərəflərin bununla bağlı siyasi iradəsi  və cəsarəti ortalığa qoyulmalıdır. Digər tərəfdən isə tərəflər arasında qarşılıqlı etimad olmalıdır ki, qarşılıqlı və birgə addım atılsın. Əslində belə bir müştərək addım atılsaydı, əlbəttə, bu, sülh prosesinin özünə ciddi bir töfhə olardı. Bu, dünyaya da, beynəlxalq aləmə də bir ciddi mesaj olardı ki, artıq Azərbaycanla Ermənistan ən azı Rusiya tərəfindən törədilən həmin o təxribatlar məsələsində vahid mövqedən çıxış edirlər. Və artıq ayrı-ayrılıqda deyil, təxribatın  törədilməsində bir-birini ittiham etməkdə deyil, təxribatların 3-cü tərəf vasitəsilə, 3-cü tərəfin təşəbbüsü ilə törədilməsində vahid mövqe nümayiş etdirirlər ki, bu da öz növbəsində sülh prosesinə ciddi bir təkan olardı və həm beynəlxalq aləm, həm də danışıqlarda iştirak edən, vasitəçilik edən ölkələr və qurumlar tərəfindən də bir yeni yanaşma, yeni təşəbbüs kimi qəbul olunardı. Bu olacaqmı?”- deyə davamında analitik sual edib. Ekspert hesab edir ki, həm Azərbaycan, həm Ermənistanda “5-ci kalon”un fəallığı səbəbindən təxribatların Kreml tərəfindən törədilməsinin sübut olunması hazırkı durumda mümkün olmayacaq. “Təəssüf ki, düşünmürəm ki, bu olacaq. Bu olmayacaqdır. Ən azı, ona görə ki, Qarabağ və iki ölkə sərhədlərində həmin təxribatları istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən törədən “5-ci kalon”dur. Həmin “5-ci kalon”  hər iki tərəfdə mövcuddur. Və bunlar yalnız silahlı qüvvələrdə deyil... Təxribatın bilavasitə baş verdiyi ərazilərə silahlı qüvvələr nəzarət edir. Ancaq bu təxribatlar yalnız onlar tərəfindən törədilmir. Biz bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir...  Nə qədər ki, belə bir vəziyyət mövcuddur, elə bir siyasi bəyanat verilməsi, yəni birgə səylər nəticəsində təxribatların Rusiya tərəfindən törədilməsi faktının  isbat olunması qeyri-mümkündür.  Bir sözlə, bu, nəzəri baxımdan müzakirə oluna biləcək bir məsələdir. Lakin, təəssüf ki, praktiki baxımdan isə hazırkı durumda mümkün deyil”, -deyə Ərəstun Oruclu vurğulayıb.

Britaniyalı admiral: “Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını itirib"

“Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını, o cümlədən 2500 tankını itirib”. Bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin deyib. Onun sözlərinə görə, ötən il Rusiya ordusu 10 milyon artilleriya mərmisi atıb, lakin ən yaxşı halda ildə 1 milyon mərmi istehsal edə bilir: “Eyni zamanda Rusiya 2500 tank itirib, halbuki ən yaxşı halda ildə 200 tank istehsal edə bilər”. T.Radakin Ukraynanın əks-hücum əməliyyatlarının niyə ləng davam etdiyinə də münasibət bildirib: “Bu, Ukraynanın havadan müdafiə sistemlərinin zəifliyi, Rusiyanın əraziləri minalaması və Ukraynada bütün lazımi texnikaların olmaması ilə bağlıdır. Lakin Rusiya indi o qədər zəifləyib ki, müqavimət göstərmək imkanına malik deyil”. Admiralın fikrincə, Ukraynanın ciddi əks-hücum əməliyyatları hələ qarşıdadır. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən bəri davam edir. Ukrayna əks-hücum əməliyyatlarına iyunun əvvəlində başlayıb.

Baş Qərargah: “Ukrayna ordusu Baxmutda mövqelərini möhkəmləndirir”

Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin şimal və cənub hissəsindəki cəbhə xətti boyu mövqelərini möhkəmləndirir.  Sozcu.az xəbər verir ki, bu barədə iyulun 5-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumata görə, Liman, Baxmut, Avdeyevsk və Marınsk istiqamətlərində ağır döyüşlər gedir, sutka ərzində 40 toqquşma olub. Bildirilib ki, Ukrayna müdafiəçiləri Baxmutun cənub və şimal hissələrindən hücumu davam etdirir, əldə etdikləri mövqelərdə möhkəmlənirlər: “Düşmənin artilleriya atəşindən 15 yaşayış məntəqəsi əziyyət çəkib”. 

“Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur"

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli zəlzələnin daha çox gecə saatlarında baş verməsi ilə bağlı suallara aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, Q.Yetirmişli məsələni belə şərh edib: “2012-ci ildə Zaqatalada zəlzələ səhər baş vermişdi. Ağsu zəlzələsi də 2018-ci ildə səhər olmuşdu. “Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur. Ani bir proses istənilən vaxt baş verə bilər”, - direktor qeyd edib.

Xırda təkanlar olacaq, amma... - Qurban Yetirmişli AÇIQLADI

"Qorxulu heç nə yoxdur. Xırda təkanlar olacaq. Ancaq bu qədər güclü olmayacaq". Sozcu.az xəbər verir ki, bunu news24.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Zəlzələ dənizdə baş verib. Yeraltı təkanlar Siyəzəndən şimal-şərqə doğru, Qubadan eyni istiqamətdə bütün sahil boyu yaşayış məntəqələrinin hamısında hiss olunub. 5-6 bal gücündə olub. Dərinliyi isə 65 kilometrə qədərdir. Bundan sonra qorxulu nəsə yoxdu. Xırda təkanlar ola bilər. Amma afterşoklar bu gücdə olmayacaq, daha zəif olacaq. Afterşoklar olmalıdır. Türkiyədə zəlzələ baş verən bölgələrdə xırda təkanlar hələ də davam edir", - Q.Yetirmişli qeyd edib. Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Ukrayna ordusu "Axmat"ın komandirini məhv etdi

Çeçenistanın "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Yevgeni Pisarenko Ukraynada həlak olub. Sozcu.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə bölmənin komandiri Aptı Alaudinov bildirib.