MN: "Yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə məlumat əsassızdır"

Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Sozcu.az-a bildirilib ki, bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır. "Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır. Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", - Nazirlkdən deyiblər.

Nizam Osmanovun vəzifəsi ləğv edildi

Bir neçə gün əvvəl Müdafiə nazirinin müavini general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Onunla birgə nazirliyin Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimovun işdən çıxarıldığı bildirilirdi. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizam Osmanovun rəhbəri olduğu Maddi-Texniki Təminat İdarəsi və general-polkovnik Kərim Vəliyevin daha əvvəl rəisi olduğu Şəxsi Heyət Baş İdarəsi postu ləğv edilib. Onlar, eyni zamanda nazir müavinləri idi və yeni dəyişikliyə əsasən adları nazir müavinləri siyahısından çıxarılıb. Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Xatırladaq ki, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov yeni yaradılmış müdafiə nazirinin müavini - baş direktor vəzifəsinə təyin olunub.

Azərbaycanda Aşura mərasimləri keçirilir

Azərbaycanda Aşura mərasimləri keçirilir. Sozcu.az xəbər verir ki, mərasimlər “Təzə Pir”, Göy məscid, Bibiheybət, İmam Əli və ölkənin digər məscidlərində təşkil olunub. Hazırda onminlərlə insan Kərbəla faciəsini yad etmək, imam Hüseynin şücaəti haqqında moizələri dinləmək üçün məscidlərə toplaşıb. Bundan əlavə, Aşura ilə əlaqədar 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində də qanvermə aksiyaları təşkil olunub. Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Pentaqon: “Ukrayna Silahlı Qüvvələri Krıma gedən quru yolu yararsız hala salmağa çalışır”

“Ukrayna Silahlı Qüvvələri Krıma gedən quru yolu yararsız hala salmağa çalışır”. Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusu hazırda Zaporojye istiqamətində ciddi əks-hücum əməliyyatları keçirmək niyyətindədir. Qeyd edilib ki, əməliyyat uğurlu başlasa, 2-3 həftə davam edə bilər. Bunun da Ukrayna üçün ciddi sınaq olacağı bildirilib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Rusiyalı polkovnik Ukraynada öldürüldü

Rusiyanın “Leninqrad alayının” komandiri, polkovnik Yevgeni Vaşunin Ukraynada öldürülüb.  Sozcu.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belski məlumat verib.  Onun sözlərinə görə, Vaşuninin əsgərləri ilə əlaqəsi kəsilib və O, ağır yaralanıb. Ona tibbi yardım göstərilsə də, polkovnik dünyasını dəyişib.  Qeyd edək ki, “Leninqrad alayı” qismən səfərbərlik elan edilən zaman yaradılıb. 

Şirvanda üzərinə mişar daşı düşən fəhlə ölüb

Şirvanda üzərinə mişar daşı düşən fəhlə ölüb. Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman üzərinə mişar daşları düşüb. O, aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Moskvaya PUA hücumu Ukraynanın xüsusi əməliyyatıdır

PUA-ların Moskvaya gecə hücumu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələr məlumat yayıb. Məlumata görə, mənbələr “bütün quşların Moskvaya uçduğuna” eyham vurublar. Qeyd edək ki, bu gecə Moskvaya dron hücumları baş tutub.

Daha bir qazinin özünə qəsd etməyə çalışdığı deyilir

Daha bir Vətən müharibəsi iştirakçısının intihara cəhd etdiyi deyilir. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, Vətən müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək canına qəsd edib. Məlumata görə, qazinin dizinə dəmir protez qoyulub: "Onun dizində çürümə gedirmiş. Qazinin 1 ildən çoxdur əlillik dərəcəsini ala bilmədiyi deyilir". Qazinin son vəziyyəti və əlillik ala bilməməsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.

Rusiyanın itkiləri 243 minə yaxınlaşır

Ukrayna müharibənin 516-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 242 620 hərbçi, 4162 ədəd tank, 8118 ədəd zirehli döyüş maşını, 4675 ədəd artilleriya sistemi, 697 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 452 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7182 ədəd avtomobil texnikası, 3963 ədəd PUA, 1307 qanadlı raket, 18 gəmi/qayıq, 698 xüsusi avadanlıq itirib.

Putin bitib, Rusiya inqilaba hamilədir

Rusiyada Priqojin üsyanından sonra hakimiyyət çevrilişi hansısa silahlı qruplaşmanın əli ilə yox, xaosdan baş verəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. Podolyakın sözlərinə görə, Priqojinin üsyanının fiaskoyla sonlanmasının səbəbi onun hakimiyyəti ələ keçirmək istəməməsiydi. Eyni zamanda o qeyd edib ki, Priqojin qan üzərində biznes quran iş adamıdır, özü də Rostovdan Moskvaya bu qədər sürətli keçidi gözləmirdi: “Amma o, Moskvanı götürmək və hakimiyyəti ələ keçirmək istəmirdi, çünki onun miqyası kiçikdir, siyasətçi deyil. Hazırda hakimiyyəti ələ keçirmək və Putini əvəzləmək istəyən heç bir siyasi qrup formalaşmayıb”. Onun fikrincə, çevriliş onunla nəticələnəcək ki, Rusiya xaotik vəziyyətə düşəcək - çoxlu kiçik qruplar olacaq, onlar gedib özlərinə nəsə götürəcəklər - bu, Rusiya Federasiyasında inqilabi prosesə çevriləcək. O vurğulayıb ki, bu gün Putin Rusiya Qvardiyasına təkcə ağır silahlar vermir, həm də Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını ora köçürür: “O, daxili istifadə üçün ikinci ordu yaratmağa çalışır ki, bu da onu qorumalıdı. Yanılır. Bu ordu Putinə də hücum edəcək. Çünki Rusiya güclü çarı sevir, onlar II Nikolayı yox, məhz güclü I Aleksandrı sevir. Priqojinin uğursuz üsyanından sonra Putin sübut etdi ki, o çar deyil, zarafatcıldır və qərar qəbul etməyi bacarmayan qorxaqdır. Rusiya artıq onu sevmir. Bitdi, Putin artıq müqəddəs deyil. Rusiya inqilaba hamilədir. Rusiyada 1991-ci ildə baş verənlər təkrarlanacaq və Sovet İttifaqının dağılmasının ikinci mərhələsi tamamlanacaq. Bundan sonra öz aralarında mübarizə aparan kiçik passionar qruplar meydana gələcək. Onlar keçid hökuməti qurmaq imkanı əldə edəcəklər. Rusiya müharibədən sonra yox olmayacaq, ancaq müəyyən xammala, resurslara, pula malik olan, lakin qlobal siyasətə təsiri olmayan ölkə olacaq”.

Krım körpüsü vurulmalıdır - Zelenski

Krım körpüsünü zərərsizləşdirmək lazımdır, işğalçılar buradan müharibə üçün istifadə edirlər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Zelenski qeyd edib.

“Haqlarından danışan Qarabağ haykları öncə Ermənistan pasportundan imtina etməlidir...”

“Haqlarının qorunmasından danışan Qarabağdakı ermənilər öncə Ermənistan pasportundan imtina etməlidirlər...” “Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və  bunu etməyə bir dövlət olaraq borcludur...” “Xankəndində ermənilərin mitinq, aksiya şouları 1988-in “Miatsum” hərəkatını xatırladır. O zaman ermənilər "Partiya, Lenin, Qorbaçov" şüarı ilə çıxmışdılar. Moskvadan dəstək ala bilmişdilər. İndi nə Qorbaçov var, nə də onun xanımı Raisa... Odur ki, şuarlar fərqlidir”.  Bu fikri Moderator.az-a açıqlamasında Qarabağ ətrafında baş verən son olaylara münasibət bildirən ermənişünas alim, politoloq Qafar Çaxmaqlı söyləyib. “Əslində ermənilər şouları qapalı olmayan  Laçın “dəhliz”inin açılması provakasiyası ilə təşkil edirlər. Beynəlxalq birliyi aldatmağa yönəlik hərəkətlərlə diqqəti cəlb etməyə çalışırlar. Separatçı qurum da bunlara imkan verir və Azərbaycanın bu iqtisadi rayonda planlarını pozmaq üçün mövcud bütün imkanlardan istifadə edir. "Qarabağ erməniləri heç zaman Azərbaycana tabe olmayacaqlar  " tezisi Qarabağa göndərilmiş Rusiya  və Ermənistan emissarlarının da təlqin etdiyi fikirlərdir”,- deyə davamında həmsöhbətimiz bildirib.  “Xankəndindəki bəzi siyasi qüvvələrin aralarında fərqli düşüncələr olsa da, gizli mövqe savaşı  getsə də, 1988 təfəkkürü dəyişməyib.  Qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmaması və "artsaxın müdafiə komitəsi" adı ilə qurulan yarı-terror qurumu da Azərbaycana qarşı dirəniş üçündür.  Azərbaycanın burada yaşayan ermənilərlə bağlı beynəlxalq normalara uyğun təklifləri cinayətkar separatçı qurumun ortadan qaldırılmasına səbəb olacağından Xankəndində bir təşviş yaşanır. Bu küçələrdə şou şəklində ortaya çıxır.  Qarabağ ermənilərinin "haqlarının və təhlükəsizlinin" təmin edilməsi  mexanizmləri ilə bağlı Ermənistan -Azərbaycan danışıqlar prosesində səsləndirilən fikirlərin də əsası olmadığı üzə çıxır. Kimin haqqından söhbət gedə bilər. Qarabağda yaşayan ermənilər Ermənistan pasportuna sahibdirlər. Öncə onlar bundan imtina etməlidirlər. Başqa ölkənin vətəndaşı bizim torpaqlarda yaşaya bilməz. Azərbaycan gözlənilən addımı atsa, bölgədə antiterror əməliyyatları və yaxud qanunsuz erməni silahlı birləşmələrinin ləğvi tədbirlərini həyata keçirməyə başlasa  bir çox məsələrə aydınlıq gətiriləcək. Ermənilərin guya burada" etnik təmizləmə və soyqırımı " siyasəti aparılacağı da erməni uydurması və qabaqdangəlmişliyidir. Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və  bunu etməyə bir dövlət olaraq borcludur”- deyə alim vurğulayıb.