Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 mart tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Sozcu.az xatırladır ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb. Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır. İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.

Ermənistandakı əsir əsgərimiz geri qaytarılır - Onu nə gözləyir?

Xəbər verdiyimiz kimi, fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib.  Ermənistanın bu qərarını hərbi ekspert Ədalət Verdiyev “Yeni Sabah”a şərh edib. Bildirib ki, bu məsələdə aşkar şəkildə saxtakarlıq olub: “Ruslan Pənahov azaraq Ermənistan ərazisinə keçib. Qarşı tərəf ilk anlarda əsgərimizi diversant kimi təqdim etməyə çalışsa da, bu öz təsdiqini tapmadı. Mövzu barədə 29 fevralda verdiyim müsahibədə bu məsələni ağ saplarla qara parçanın tikilməsi kimi dəyərləndirdim. Ortada açıq-aşkar saxtakarlıq var idi. Artıq əsgərimizin Azərbaycana qaytarılması üçün şərait yaranıb. Ermənistan tərəfi ən qısa müddətdə Ruslan Pənahovu geri qaytarmalıdır”. Ekspert prosesin həddən artıq uzadıldığını da vurğulayıb: “Nəzərə alınmalıdır ki, biz daha əvvəl 2 nəfər hərbçimizin qarşılığında 32 nəfər hərbi əsiri Ermənistana eyni anda təhvil verdik. Belə olan halda, Ruslan Pənahovun bizə təhvil verilməsi prosesinin bu qədər ləngiməsi uzun müddət oldu. Hər bir halda əsgərimiz geri qaytarılıb, müəyyən prosedurlar həyata keçirildikdən sonra hərbi xidmətini davam etdirəcək”.

Gəncədə nə baş verir? – Yüksək vəzifəli şəxslər...

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində korrupsiya faktları ilə əlaqədar güc orqanlarının əməliyyatı başlayıb. Bu barədə bəzi qeyri-rəsmi mənbələr bildiriblər. Günün ikinci yarısında Baş Prokurorluq KİV-i yoxlanılmış məlumatları dərc etməyə çağırıb. Eyni zamanda, Gəncə əməliyyatı barədə məlumat təkzib edilməyib. “Turan” İnformasiya Agentliyi isə bildirib ki, qeyri-rəsmi məlumatlara görə, güc qurumları ölkənin ikinci böyük şəhərinin İcra Hakimiyyətinin ən azı iki yüksək vəzifəli məmurunu saxlayıblar.

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı, İsrailə aparıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb. Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

İsveçrə Avropa Birliyinin (AB) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub. Sozcu.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb. “29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə AB-nin 13-cü sanksiyalar paketinə qoşulub”, - məlumatda diqqətə çatdırılıb. Xatırladaq ki, fevralın 21-də AB Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Salyanda daha bir cinayət: yenə 2 nəfər öldürüldü

Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Salyan rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır

Ermənistan hakimiyyəti Zvartnots hava limanında Rusiya sərhədçilərinin varlığını müzakirə edir. Sozcu.az xəbər verir ki, bunu Mülki Müqavilə Partiyasından olan deputat Artur Ovannisyan deyib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizi narahat edir. Partiyamız daxilində müzakirələr gedir, hələ ki, bir qərar yoxdur”, - Ovannisyan bildirib. Mülki Müqavilə Partiyasından olan digər deputat Vladimir Vardanyan da deyib ki, ölkənin hava sərhədlərini ermənilər qorumalıdır. Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan rus sərhədçilərin Zvardnotsda qalmasının heç bir hüquqi əsası olmadığını bildirmişdilər.

"Mən deyəndə, 60 faiz adam eşitdiyini başa düşmür, qınayırsınız"

İbtidai siniflərdə dərs yükünün çox olduğunu düşünmürük. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycanda dərs saatı, illəri azdır. "İndi uşaqlar daha az məktəbə gedir, daha az saat tədris olunur. İndiki tədris məzmunu dünya təcrübəsinə uyğundur. Bizim dərsliklərimiz oxu yönümlüdür. İstəyirik ki, oxuduqlarını anlama bacarığı olsun. Mən deyəndə 60 faiz adam eşitdiyini başa düşmür, siz məni qınayırsınız”,- deyə nazir bildirib.

Veteranların müavinəti artırılsın - Ombudsman

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Sozcu.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Hərbçimiz Ermənistanda həbs edildi

Fevralın 28-i səhər saatlarında Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan, daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılan Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat dərc olunub. Bildirilib ki, Ruslan Pənahova qarşı cinayət işi açılıb. News.am Ermənistan İstintaq Komitəsinə istinadla yazır ki, o, təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.

Bayramov Berbokla görüşdü: Normallaşma prosesi...

16:58 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya xarici işlər naziri Annalena Berbok ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib. Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan ordusu bu əraziləri tutmaq üçün hücuma keçəcək, sonra isə… – ŞOK

Ermənistanın Fransa və digər regiondankənar qüvvələrin köməyi ilə Azərbaycanla sərhəddə hücuma keçəcəyi barədə iddialar yayılıb. Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bu iddiaların artıq geniş vüsət aldığını bildirib. Deputat deyib ki, yayılan məlumatlara görə, Ermənistan Fransa və digər qüvvələrin köməyi ilə Azərbaycana qarşı hücuma hazırlaşır: məqsəd danışıqlar prosesində “əlini” gücləndirmək üçün sərhəddə bir neçə yüksəkliyə nəzarəti bərpa etməkdir. Lakin Abramyan bu addımın İrəvan üçün təhlükəli olduğunu vurğulayıb. Xatırladaq ki, ötən gün Fransanın Ermənistanın Azərbaycan, Rusiya, Türkiyə və İranla sərhədboyu hərbi-siyasi vəziyyət haqqında bilgilərin yer aldığı peyk məlumatlarını İrəvana ötürəcəyi iddia edilmişdi.