Albert Aqarunovun vurduğu erməni tankı Hərbi Qənimətlər Parkında

Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib. Sozcu.az-ın xəbərinə görə, hazırda texnika nümayiş olunması üçün parkda yerləşdirilir. Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticədində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika orada götürülüb. Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər. Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.

“Qarabağdakı separatçı qurumun keçmiş və indiki "rəhbərləri" həbs edilməlidir...”

“Rusiyanın torpaqlarımızda “sülhməramlı” adı altındakı hərbi varlığı çox davam edə bilməz...”  “Azərbaycan dövlətçiliyi üçün təhdidlər aradan qaldırılmalıdır...” “Ermənilər  Azərbaycanın Qarabağ torpağını 30 il yalnız işğal altında saxlamadılar. Həm də burada yaşayan əhaliyə  bölücülük , separatizm aşıladılar. Və bunu zəhərli, sağalmaz xəstəliyə çevrilmiş bir ideologiya halına gətirdilər. Qarabağı biz işğaldan tamamilə qurtara bilərik, amma separatizmi, onu özünün həyat fəlsəfəsi və gələcəyinin təminatı hesab edən kütlənin qafasından çıxarmamız çətin olacaq. Sovet höküməti kimi 70-80 il inzibati metodlarla da bunu edə bilməyəcəyik. Neçə ki, Qarabağın bu hissəsində erməni əhali qalır, biz hər zaman separatizm təhdidi ilə üzləşəcəyik”. Ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bu fikrini dilə gətirib. “24 saatlıq antiterror tədbirinin ardınca bu bölgədə separatçı ünsürlərin təmizlənməsi gəlməlidir. Separatçı qurumun keçmiş və indiki "rəhbərləri" həbs edilməlidir. Azərbaycan dövlətçiliyi üçün təhdidlər aradan qaldırılmalıdır. Bəlli zaman içərisində Azərbaycan dövlətinin yurisdiksiyasına keçmiş şəhər və kəndlərdə, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və başqa iri yaşayış məntəqələrində dövlət orqanlarımız fəaliyyət göstərməlidir. Rusiyanın bu ərazidəki torpaqlarımıza “sülhməramlı” adı altında yeridilmiş hərbi varlığı çox davam edə bilməz. Bölgədə münaqişə aradan qalxmışsa, rusların burada işi qalmayacaq”- deyə davamında alim vurğulayıb.

Rusiya Ukrayna bataqlığında: 274 950 canlı itki

Ukrayna müharibənin 576-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 274 950 hərbçi, 4644 ədəd tank, 8891 ədəd zirehli döyüş maşını, 6177 ədəd artilleriya sistemi, 785 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 528 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8690 ədəd avtomobil texnikası, 4858 ədəd PUA, 1517 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 912 xüsusi avadanlıq itirib.

Paşinyan Rusiya silahlarından imtina etdi

Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib, Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb, 500 milyon dollar köçürüb, lakin müqavilədə nəzərdə tutulan silahların 5%-ni belə almayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. Nəşrin İrəvan və Moskvadakı mənbələrinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın SMERÇ tipli raketlər istehsal edən zavodu “NPO Splav” arasında müqavilə imzalanıb: “Ona əsasən Rusiya zavodu Ermənistan üçün lazım olan raketləri istehsal etməli idi. Zavod Ermənistan Müdafiə Nazirliyinə bildirib ki, mallar çatdırılmağa hazırdır və onlar hərbi yükü qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər. Bundan 1 il 3 ay keçsə də, Ermənistan Müdafiə Nazirliyi yükü hələ də gətirməyib. Malları götürmək üçün “NPO Splav” zavodu Ermənistanla 3 dəfə əlaqə saxlayıb, məhsullarını qısa müddətdə almaq xahişi ilə müraciət edib, çünki bu ölçüdə olan məhsulları anbarda uzun müddət saxlamaq mümkün deyil. Bu qədər müraciətdən sonra belə İrəvan hərbi yüklərin daşınmasını təşkil etməyib. Bundan əlavə, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kredit müddəti ilə 1 milyard 400 milyon dollar dəyərində silah və sursat təklif edib və verməyə hazırdır. 400 milyon dollar məbləğində müqavilə artıq təsdiqlənib, müqavilələr imzalanmağa hazır idi. 1 milyard dollarlıq müqavilənin isə iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə sayılı günlər qalıb. Lakin İrəvan birdən-birə bu müqavilələrdən imtina edərək, əvəzində Hindistandakı özəl təşkilatlarla müqavilələr bağlayaraq, 500 milyon dollar köçürüb. Lakin ödədiyi bu məbləğin qarşılığında silahların 5%-ni belə almayıb”.

Qarabağda bütün qeyri-qanuni strukturlar buraxılıb - Şirinyan

Azərbaycanın Qarabağ bölgəsində bütün qeyri-qanuni strukturlar buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni bloger Karen Şirinyan Feysbuk səhifəsində yazıb. “Qarabağda bütün strukturlar buraxılıb. Bir müddət əvvəl işçilərə dedilər ki, gəlib əmək kitabçalarını götürsünlər. 100% dəqiq məlumatdır”, - deyə Şirinyan bildirib.

Paşinyan: Nəyin bahasına olursa-olsun, bunu edəcəm

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında hökumət binasının yaxınlığında etirazların qızğın vaxtında bir neçə tərəfdarları ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. “O, komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlayacaq. Bu, İrəvanda polisin kobud hərəkətlərini, qumbaraatanlardan istifadə etməsini izah edir”, - məlumatda deyilir.

Separatçılar təslim oldu, döyüş dayandı: şərtlər - MN

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Ermənilər səngərlərdən qaçır - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı antiterror tədbirləri davam edir. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi qarşı tərəfin səngərdən qaçmasına dair görüntürlər yayıb. Həmin görüntüləri təqdim edirik:

Ağdərə haqda yayılmış bu xəbər yalandır – MN

Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - Video

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsinin görüntülərini ictimailəşdirib. Sozcu.az Müdafiə Nazirliyinin paylaşdığı videonu təqdim edir:

Ermənistanın Qarabağdakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib

Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağdakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuz müdafiə xəttini yardı - Hikmət Hacıyev

Azərbaycan Ordusu Qarabağ bölgəsinin bir neçə yerində qanunsuz erməni qüvvələrinin müdafiə xəttini yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlayıb. Hacıyevın sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur. “Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, - Prezidentin köməkçisi vurğulayıb. Onun sözlərinə görə, Bakı antiterror əməliyyatları ilə strateji hədəfinə - öz ərazisi üzərində suverenliyini təmin etməyə - nail olacağına inanır.