Tramp NATO baş katibi ilə görüşdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla NATO Baş katibi Mark Rutte arasında görüş baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, onlar Alyansın qarşısında duran bir sıra qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Baş katib, eyni zamanda, konqresmen Mayk Uolts və prezidentin milli təhlükəsizlik komandasının üzvləri ilə də görüşüb. Xatırladaq ki, D.Trampın qərarı ilə Mayk Uolts prezidentin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.

“Bizi ot kimi biçirlər” - Rusiya əsgərləri

Rusiya Silahlı Qüvvələrinin 394-cü motoatıcı polkunun 2-ci batalyonunun əsgərləri cəbhədə ağır şəraitdə olduqlarını bildirərək kömək üçün müraciət ediblər. Sozcu.az xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb. Əsgərlərin sözlərinə görə, onlar dəstək və düzgün planlaşdırma olmadan döyüşə göndərilir. Batalyon ağır itkilər verir: əsgərlər “ot kimi biçilir”, pilotsuz uçuş aparatlarının davamlı hücumları isə heç bir fasilə imkanı tanımır. Hərbiçilər təminatın tamamilə çatışmadığını, yaralıların döyüş meydanında köməksiz buraxıldığını vurğulayırlar. Evakuasiya və tibbi yardımın olmaması vəziyyəti daha da ağırlaşdırır. İddia olunur ki, komandirlər təhlükəsiz mövqelərdə qalaraq “Geri addım atmayın!” əmrləri verməyə davam edir və əsgərləri ölümə məhkum edirlər./Müsavat

Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq - Starmer

İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya daxil olarsa, həbs olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Keyr Starmerin Ofisi məlumat yayıb. “Böyük Britaniya hər zaman milli və beynəlxalq hüquqda müəyyən edilmiş hüquqi öhdəliklərinə əməl edəcək”, - ofisdən verilən açıqlamada bildirilib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

Zelenskiyə yeni silahlar vəd olunur: ABŞ "Patriot" sistemlərini gücləndirə bilər

Ukrayna ABŞ ilə qitələrarası ballistik raketləri (ICBM) zərərsizləşdirməyə qadir olan müasir silahların təmin olunması məsələsini müzakirə edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, müzakirələr həm də "Patriot" zenit-raket komplekslərinin modernləşdirilməsi üzərində fokuslanır. Mənbələrin sözlərinə görə, bu, Ukraynanın müdafiə imkanlarını daha da gücləndirəcək və Rusiyanın müharibədə tətbiq edə biləcəyi yeni təhlükələrə qarşı effektiv cavab olacaq. Hər iki tərəf arasında bu istiqamətdə əməkdaşlıq detalları və mümkün vaxt qrafiki hələ açıqlanmayıb.

Avropa nüvə təhlükəsi ilə üz-üzədir - Ukraynadan AÇIQLAMA

Son bir neçə gündür Rusiyanın Ukrayna paytaxtına kütləvi raket zərbələri gözləntisinə görə diplomatik korpusların əməkdaşları təhlükəsizlik səbəbindən sığınacaqlara göndərilir. Ötən gün səhərdən etibarən isə ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın ciddi hava hücumu ilə bağlı diplomatik korpusa xəbərdarlıq edib. Ehtiyat tədbiri olaraq, səfirliyin bağlanacağını bildiriblər. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edib. ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.  Günün ikinci yarısından etibarən isə digər səfirliklər, eyni zamanda Azərbaycanın Ukraynadakı diplomatik korpusu da çağırış edib. Qeyd edilib ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq. Ukrayna Xarici İşlər Nazirliyi Kiyevdəki bir neçə səfirliyin bağlanmasını “əlavə məlumat axını” adlandırıb. "Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə də əvvəlki min gündə olduğu kimi reaksiya verməsi düzgün olardı", - açıqlamada bildirilir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə bəyan edib ki, Ukrayna şəhərlərinə “xüsusilə kütləvi” raket və bomba hücumları ilə bağlı sosial şəbəkələrdə və Baş Kəşfiyyat İdarəsinin adından messencerlərdə yayılan xəbərlər saxtadır. Ukraynalı politoloq Oleq Starikov Modern.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın yeni silahlardan istifadə edəcəyi xəbəri müharibə üçün "soyuq effekt" yaratmaq üçün ola bilər: “RS-26 "Rubej" raketinin istifadəsi ilə bağlı sual hələ də müəmmalıdır. Əgər bu raket həqiqətən də bizim üçün təhlükə yaradırsa, bizim daha güclü müdafiə sistemlərinə ehtiyacım var. Daha güclü sistemlər üçün amerikalılara müraciət etməmiz lazım gələ bilər. Orta mənzilli raketlərə qarşı durmaq üçün bizə "THAAD" kimi sistemlər lazımdır ki, bundan amerikalılar bu yaxınlarda İsraili müdafiə etmək üçün istifadə edirdilər. Əgər Rusiya bu silahdan istifadə edərsə, bizim daha çox imkana sahib olmağımız lazımdır.  Bilmək lazımdır ki, RS-26 “Rubej” raketi yaxşı işlənmiş Rusiya layihəsidir və sınaqdan uğurla keçib. Rusiyanın qiymətləndirmələrinə görə, hələ 2018-ci ildə yerləşdirilməyə hazır olub. Bununla belə, Kremlin təhlükəli silahları yerləşdirilməsi Avropanın yarısının Rusiyanın nüvə təhlükəsi altına düşməsi deməkdir. Belə bir məqamda müttəfiqlərin, eyni zamanda Ukraynanın üzərinə böyük vəzifə düşür. Bu təhlükəni aradan qaldırmaq üçün birlikdə işləmək lazım gələcək".

Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...

Bu gün yeni bir Rusiya raketi atıldı. Bütün xüsusiyyətləri – sürət və yüksəklik baxımından – qitələrarası ballistik raketlərə uyğun gəlir. Hazırda ekspertiza prosesi davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski təcili müraciətində deyib. "Bu gün başdanxarab qonşumuz bir daha göstərdi ki, o, əslində kimdir. O, insan ləyaqətinə, azadlığa və ümumilikdə insanların həyatına necə hörmətsizlik etdiyini nümayiş etdirdi. Eyni zamanda, necə qorxduğunu da sübut etdi. O qədər qorxur ki, artıq yeni raketlərdən istifadə edir və dünya boyu silah axtarır: gah İranda, gah da Şimali Koreyada... Aydındır ki, Putin Ukraynanı poliqon kimi istifadə edir. O, normal həyatın onun yaxınlığında mövcudluğundan, insanların sadəcə ləyaqətli yaşamasından və ölkənin müstəqil olmaq haqqına sahib olmasından qorxur”. Qeyd edək ki, bu gün səhər tezdən Rusiya qitəlararası ballistik raketlərlə Dneprə ağır zərbələr endirib.

Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Co Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək planları barədə Konqresi məlumatlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda qeyd edilib ki, yeni seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl Kiyevə dəstək üçün son addım olacaq. Bildirilib ki, 4,65 milyard dollarlıq borc Kiyevin apreldə Konqresin təsdiqlədiyi 60 milyard dollarlıq əlavə maliyyə paketi çərçivəsində aldığı ümumi 9 milyard dollar borcun bir hissəsidir. ABŞ Senatı Ukraynanın 4,65 milyard dollarlıq dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməni müzakirə etməkdən imtina edib. Rədd edilən qətnamənin müəllifi ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya və Ukraynaya münasibətdə mövqeyini dəfələrlə tənqid edən Kentukki ştatından olan respublikaçı Rend Poldur. O, həmçinin Kiyevə yardımın kəsilməsini müdafiə edib. 61 senator qətnamənin əleyhinə, 37 senator isə lehinə olub.

Rusiyanın itkiləri 727 mini ötdü

Ukrayna müharibənin 1002-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 727 250 hərbçi, 9 398 ədəd tank, 19 143 ədəd zirehli döyüş maşını, 20 731 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1003 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 745 ədəd avtomobil texnikası, 19 259 ədəd PUA, 2 756 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 674 xüsusi avadanlıq itirib.

Çindən Rusiyanın nüvə təhdidinə reaksiya

Çin Rusiyanın nüvə doktrinasının yenilənməsi fonunda digər ölkələri sakit olmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinq zamanı deyib. "Biz bu hesabatları nəzərə almışıq. Hazırkı vəziyyətdə bütün maraqlı tərəflər sakit və təmkinli olmalı, dialoq və məsləhətləşmələr vasitəsilə gərginliyin və strateji risklərin azaldılması üçün birlikdə çalışmalıdırlar", - XİN rəsmisi qeyd edib.

Bu ölkələr də Ukraynadakı səfirliklərini bağladı

Noyabrın 20-də İtaliya və Yunanıstanın da Ukraynadakı səfirliklərini bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24” məlumat yayıb. Məlumata görə, səfirliklər Ukraynaya hücum təhlükəsi ilə əlaqədar işini bir günlük dayandırmaq qərarına gəlib. Qeyd edək ki, ABŞ və İspaniya səfirlikləri də analoji qərar verib.

Ukrayna bu silahlardan da istifadə edəcək - Zelenski

Ukraynanın öz istehsalı olan uzun mənzilli dronları, "Dlinnıy Neptun" raketi var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Ukraynanın öz istehsalı olan uzun mənzilli dronları, çoxlu “Dlinnıy Neptun” raketləri var. İndi bizdə ATACMS-lər də var və bütün bunlardan istifadə edəcəyik", - o bildirib.

Bu ölkə Ukraynaya qırıcılar verəcək

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib. “F-16 ilə bağlı planlarımız dəyişməyib”, - deyə o, Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. Danimarkanın Baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.