İran sərhədində silahlı qarşıdurma: 1 sərhədçi öldü

Ötən gün İran-İraq sərhədində silahlı qarşıdurma olub. Sarıdaş (Sərdəşt) bölgəsində yerləşən “Ağlan” sərhəd-keçid məntəqəsində SEPAH qüvvələri ilə PJAK (PKK-nın İran qanadı) arasında silahlı toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə İran Hüquq-Müdafiə Təşkilatı yayıb. Atışma nəticəsində Miandoab (Qoşaçay) Polis Şöbəsinin zabiti Meysəm Kəbiri həlak olub, daha iki sərhədçi isə yaralanıb. Qeyd edək ki, bir neçə gün əvvəl Banə sərhəd bölgəsində də iki silahlı qarşıdurma qeydə alınıb. Nəticədə 3 polis əməkdaşı həyatını itirib , 2 nəfər isə yaralanıb.

HƏMAS razılığa gəlmək istəmir, liderləri də... - Tramp

HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlmək istəmir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, HƏMAS liderləri təqib edilməlidirlər. Qeyd edək ki, ötən gün həm ABŞ, həm də İsrail Qətərdə HƏMAS-la danışıqlar aparan vasitəçiləri geri çağırıb.

İki ölkə arasında toqquşma - Əhaliyə çağırış edildi

Kamboca hakimiyyəti Tailandla hərbi toqquşmadan sonra Oddarmeantyey əyalətindən təxminən 5 min nəfəri təxliyə edib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Əhaliyə sərhəddən ən azı 50 kilometr uzaqlaşmaq tövsiyə edilib. Qeyd edək ki, iki ölkə arasında münasibətlər mübahisəli ərazilərdə baş verən toqquşmalardan sonra gərginləşib.

Rusiyanın Ermənistana hücumu kəskinləşdi: Qaz nəqli dayandı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təbii qazın nəqli 60 saat müddətinə, yerli vaxtla iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək dayandırılacaq. Qaz nəqlinin dayandırılmasına “Şimali Qafqaz - Zaqafqaziya” magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Sağuramo” hissəsində aparılan təmir işləri səbəb olub. Şirkət vurğulayıb ki, istehlakçılar qaz təchizatında fasilə hiss etməyəcəklər. Tələbat daxili ehtiyatlar və İrandan əlavə tədarüklər hesabına təmin ediləcək.

Tramp Çində Putinlə görüşəcəkmi? - Özü açıqladı

ABŞ Prezidenti Donald Tramp Çinə potensial səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib: “Bizim çoxlu görüşlərimiz ola bilər. Məni çoxları dəvət edib və biz yaxın gələcəkdə qərar verəcəyik”, Tramp əlavə edib. Qeyd edək ki, daha öncə Trampın Çində Si Szinpin və Vladimir Putinlə görüş ehtimalı barədə xəbərlər yayılıb.

AB Rusiyaya görə Şamxaninin oğlunu cəzalandırdı

Avropa Birliyi Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində İran rəhbəri Əli Xameneinin ali müşaviri Əli Şamxaninin oğlu və neft taciri olan Hüseyn Şamxani və onun bir neçə şirkətinə sanksiya tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə "Blumber" məlumat yayıb. Bildirib ki, Hüseyn Şamxani Rusiyanın neft ticarətində əsas fiqurdur. Sanksiyalardan yan keçən və Rusiya neftini üçüncü ölkələrə, xüsusən də Hindistan və Çinə ixrac edilən neft daşıyıcıları şəbəkəsi donanmasının əsas idarəçilərindəndir. AB həmçinin, Dubayda yerləşən “Admiral Group “və “Milavus “da daxil olmaqla Şamxani ilə əlaqəli şirkətlərə sanksiya tətbiq edib.

Moskvanı sel suları basdı

Leysan yağışları səbəbindən Moskva küçələrini su basıb. Sozcu.az xəbər verir ki, “Fobos” hava mərkəzi son sutka ərzində Moskvaya aylıq normanın 25 faizi qədər yağış yağdığını açıqlayıb. Moskva Nəqliyyat Departamenti pis hava şəraiti səbəbindən yerüstü nəqliyyatda gecikmələrin mümkün olduğunu bildirib.

Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır

Rusiya ilə Azərbaycan arasında hərbi eskalasiya ehtimalını yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı diplomatik mənbəyə istinadla məlumat yayıb. “Rusiyanın Qafqazda hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursu yoxdur. Hərbi güc balansı Rusiyanın xeyrinə deyil, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi yardım müqaviləsi var. Belarus və Qazaxıstan rəhbərliyinin Bakıya dəstəyi KTMT ölkələrinin iştirakını tamamilə istisna edir”, - məlumatda qeyd olunub. Mənbə bildirib ki, Rusiyanın son illər Cənubi Qafqazda mövqeləri zəifləyib, lakin bu il proseslər daha da sürətlənib: “Türkiyə və ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq təşəbbüsünü ələ keçiriblər, İranın regionda təsiri kəskin şəkildə azalıb, Türkiyə “Qazprom”u regiondan sıxışdıracaq multiqaz qovşağı qurur. Türkiyə Abxaziyaya marağını artırır. Rusiya Cənubi Qafqazdan sıxışdırılır ki, bu da daxili gündəmə təsir edəcək. “Qafqaz məsələsi” yaxın onillikdə Rusiyanın əsas qaynar nöqtəsinə çevrilə bilər”.

Trampdan İrana xəbərdarlıq: Onları məhv edəcəyik

Tehran yeni yerlərdə nüvə obyektləri tikməyə qərar verərsə, onlar məhv ediləcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp qeyd edib ki, İranın hər üç nüvə obyekti tamamilə məhv edilib.

Ukraynada yeni müdafiə naziri təyin edildi

Ukrayna Ali Radası Denis Şmıxalın müdafiə naziri təyin edilməsinə səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak Telegram-da bildirib. O qeyd edir ki, Şmıxalın namizədliyini 267 xalq deputatı dəstəkləyib. Xatırladaq ki, Denis Şmıxal dünənə qədər baş nazir postunu tuturdu.

Tramp 100-dən çox ölkəni “sevindirəcək”

ABŞ 150-yə yaxın kiçik ölkədən idxal edilən mallara 10-15% idxal rüsumları tətbiq etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Yəqin ki, bu, 10% və ya 15% olacaq. Hələ qərar verməmişik”, - o bildirib.

İraqda 50 nəfər yanaraq öldü - Matəm elan edildi

İraq Bağdadın cənubunda Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında həlak olan təxminən 50 nəfərin xatirəsinə üçgünlük matəm elan edib. Sozcu.az xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib. "Biz yanğın nəticəsində təxminən 50 nəfəri itirdik. Səlahiyyətli orqanlar yanğının səbəblərini araşdırmağa davam edir, ilkin nəticələr tam şəffaflıq təmin edilməklə 48 saat ərzində ictimaiyyətə açıqlanacaq", - o vurğulayıb. Vasit polis komandanlığı hipermarketdəki yanğını söndürmək üçün əyalətin mülki müdafiə qüvvələrinin tam səfərbərliyini elan edib.