"Sülhməramlıları burdan iti qovan kimi qovmaq lazımdır!"

Hərbi ekspert Üzeyir Cəfərov TV Müsavat-ın canlı efirinin qonağı olub. Sozcu.az xəbər verir ki, Üzeyir Cəfərov verilişdə mühüm məqamlara toxunub.  Ətraflı videoda:

Xaçmazda 28 yaşlı oğlanın meyiti ağacdan asılı vəziyyətdə aşkarlanıb

Xaçmazda 28 yaşlı oğlanın meyiti tapılıb. Sozcu.az xəbər verir ki, Mirzəmməd kənd sakini, 1995-ci il təvəllüdlü Dövlət Xankişiyevin meyiti torpaq sahəsinin daxilində ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir. Araşdırma aparılır.

“Şəkər xəstələrinin vurduğu insulinin birini verib, digərini verməmək günah deyilmi?!“

Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri ilə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.  Hər ay şəkər xəstələri qeydiyyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək dərmanları almalı olur. Yenisabah.az-a daxil olan şikayətdə bildirilir ki, artıq 9 aydır ki, pulsuz diabet testi və insulinin verilməsində ciddi problemlər yaşanır.  Şikayətçi Nazim Xancanov qeyd edib ki, Bakının Binə qəsəbəsi, 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz insulin və şəkər ölçən cihazla təmin olunmasında ciddi problemlər var: "Şəkər xəstələrinin vurduğu insulinin birini verib, digərini verməmək günah deyilmi?! Xəstə həmin dərmanların ikisini də qarışdırıb vurmalıdır. Xəzər rayonu, Binə qəsəbəsi, 29 saylı poliklinikada 9 aydır ki, şəkər testi xəstələrə verilmir. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı ən qısa zamanda tədbir görməlidir". 

Paşinyan delimitasiyadan DANIŞDI

"Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar gələn həftə Vaşinqtonda keçiriləcək". Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O qeyd edib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsi imzalamaq niyyəti ilə gedəcək. "İrəvan da delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib, artıq bu məsələdə razılıq var. Ermənistan da suverenlik, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regionda mümkün qədər tez kommunikasiya və iqtisadi əlaqələrin blokunu açmağa hazırdır", - Paşinyan əlavə edib.

Ermənilər Laçın, Xocavənd, Şuşa və Xocalını atəşə tutdu

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Hüseyn Axundova 20 il həbs verildi

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.  Bakupost.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Zəngəzur mis-molibden kombinatının gözətçisini “qətlə yetirməkdə təqsirləndirilib”. Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilib. Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bakıda 11 yaşlı oğlan bıçaqlandı

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs qadına görə 11 yaşlı oğlanı bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarına gəlincə, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

“Vizanın ləğv olunması quru sərhədinin açılmasına hazırlıqdır” — NATİQ CƏFƏRLİ

“Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi  quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir”. Azpost.info bildirir ki, bu sözləri iqtisadçı -ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda nəhayət ki, Operativ qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq koronavirus məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var. “Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək – artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək”. N.Cəfərli deyib ki,  bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı  indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın: “Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.

Ordumuz Zod və Arazdəyəni atəşə tutub? - Rəsmi

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilib.

Biçilmiş sahələri yandıran şəxslərə xəbərdarlıq

Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtləşdirilə bilər. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illərin statistikasına əsasən, Azərbaycanda biçənək sahəsinin istifadəçiləri yanlış təsəvvürlə həmin əraziləri yandırmaqla oradakı zərərvericiləri məhv etməyi düşünürlər: “Halbuki onlar bu addımla torpağın münbit qatını məhv edirlər. Bu kimi yanğınlar sonradan meşə yanğınları ilə nəticələnir. Onsuz da ölkəmiz az meşəsi olan ölkədir”. H.Əlizadə vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib: “Belə hallara yol verən biçənək sahiblərinə münasibətdə sərt cəza tədbirləri görüləcək. Onlara verilən subsidiyalar geri alına, müvəqqəti sahələrlə əlaqəli icarə müqavilələri ləğv edilə bilər. Hətta onların məsuliyyətsizliyi meşə yanğınlarına səbəb olsa, onlarla bağlı cinayət işinin başlanılması da planda var”. Qurum rəsmisi həmçinin əlavə edib ki, Azərbaycanda tullantıların idarəolunması səviyyəsi çox da yüksək deyil: “Hər bir insan tullantılarla davranışda böyük məsuliyyət hiss etməlidir. Ətraf mühitin tullantılardan təmizlənməsi həm də yay mövsümündə baş verən yanğınlardan mühafizə üçün çox vacibdir. Ötən illər baş verən yanğın hadisələrinin 90-95 %-i bilərəkdən ya da ehtiyatsızlıq səbəbindən baş verib”.

Zəngilanda İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 16-da saat 01:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayı sahilində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 215 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.