4 bələdiyyə sədri cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 6-da Tovuz rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.  Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Tovuz rayon, Aşağı Öyrüslü, Yuxarı Öyrüslü, Cırdaxan və Qovlar kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Dənizə getməyin, təhlükəlidir

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır. Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Paşinyan açıqladı: Brüsseldə Əliyevlə görüşəcəyik

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib. O söyləyib ki, görüş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

MİT diplomatın qətlini təşkil edən PKK-nın “rəhbər şəxs”ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İraqın şimalında - Süleymaniyyədə gerçəkləşdirilib. Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri, "İraq üzrə kəşfiyyat başçısı", diplomat Osman Kösenin qətlini təşkil edənlərdən olan Celal Kaya zərərsizləşdirilib. Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Müasir tələblərə cavab verən seysmoloji xəritəmiz yoxdur

Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Sozcu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır. O bildirib ki, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub: "Bizim tərəfdən yeni xəritə üçün təklif verildi və işlər aparılır". Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Ürəkdən ölənlər... - Azərbaycan dünyada ikincidir

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Bu xəstəlik gün ərzində minlərlə insanın ölümünə səbəb olur. Azərbaycanda da ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Sozcu.az xəbər verir ki, bu barədə dünyaca məşhur statistik mənbələrdən biri olan "worldlifeexpectancy"-nin apardığı araşdırmada qeyd olunur. Ürək, qan-damar sistemi xəstəlikləri səbəbindən baş verən ölüm hallarına görə Azərbaycan Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Belə ki, Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub. Siyahıda üçüncü Özbəkistan, dördüncü Ukraynadır. Qafqaz ölkələrindən Gürcüstan 24-cü, Ermənistan isə 28-ci yerdədir. Qardaş Türkiyə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinq siyahısında 127-ci yerdə qərarlaşıb. Qonşu Rusiya isə siyahıda 27-cidir. Digər postsovet ölkələrindən Belarus 10, Qırğızıstan 16, Moldova 18, Qazaxıstan 35, Latviya 49-cu yerdə müəyyənləşib.

Doğuş və qeysəriyyə əməliyyatı ödənişsizdir - Agentlik

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər təminata alınıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sozcu.az-a verilən məlumata görə, tibbi xidmətlərə doğuşaqədər mama-ginekoloji yardımın göstərilməsi və dispanser nəzarət daxildir. Həmçinin hamiləlik dövründə, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, müalicə üçün tibb müəssisələrinə göndərişlərin verilməsi də profilaktik müayinələr zamanı həyata keçirilir. Bu xidmətlər hamiləlik dövründə baş verə biləcək fəsadların qarşısını almaq, ana və uşaq sağlamlığını qorumaq məqsədilə göstərilir. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir. Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta ilə qarşılanır. Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması və digər müayinələr də həyata keçirilir. Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə yönləndirilir. Dölün diaqnostik dəyərləndirilməsi (fetal MRT), daun sindromuna görə qan nümunəsində hormonların təyini (ayrı-ayrılıqda laborator müayinələr şəklində) Xidmətlər Zərfi ilə təminata alınır. Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvezdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, doğuşdan sonrakı dövrdə zahı qadınların müayinə və müalicəsi, yenidoğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də ödənişsiz göstərilir. Ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müasir tibbi avadanlıq, cihaz və alətlər alınıb. Avadanlıqlar hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunacaq.

Bu abituriyentlər üçün sənəd qəbuluna başlanıldı

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibi olan abituriyentlər üçün sənəd qəbuluna başlanılıb. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur: - beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər; - IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; - beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. (Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.) Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 3-21 iyulda aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə (Bakı ş., akad.H.Əliyev küç., 299) və ya onlayn qaydada ([email protected] poçtuna mövzu hissəsinə “müsabiqədənkənar qəbul” yazmaqla) təqdim etməlidirlər: - ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti; - beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti, - müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumat. Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir. Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı 4.2-ci bənddə göstərilən sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər bu Qaydanın 4.1-4.3-cü bəndlərdə göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

“Rusiya tezliklə dağılacaq, Tatarıstan və Başqırdıstan müstəqil olacaq" - Oliksiy Danilov

“Rusiya tezliklə dağılacaq və bəzi respublikalar onun tərkibindən ayrılacaq”. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov feysbukda yazıb. Onun fikrincə, Ural, Sibir, Kuban, Tatarıstan, Başqırdıstan, Yakutiya və digər respublikaların öz müqəddəratını həll etmək, Rusiyadan ayrılmaq hüquqları var: “Onlar müstəqil və suveren dövlət kimi formalaşa bilərlər”. Eyni zamanda O.Danilov əmindir ki, bütün bunlar demokratik yolla və kənar təsirlər olmadan baş verəcək.

Ukrayna kəşfiyyatı: "Rusiya ordusu Zaporojye AES-i tərk edir"

Rusiya ordusu tədricən Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Bildirilib ki, obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb: ““Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”. Qeyd olunub ki, ərazidə hərbi patrulların da sayı getdikcə azalır: “Stansiyadakı heyətə tapşırılıb ki, istənilən fövqəladə hadisə ilə bağlı Ukrayna tərəfi günahlandırılsın”. Xatırladaq ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.

Separatçılar Qarabağda yeni təxribatlar hazırlayırlar

İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulduğu barədə məlumat vermişdik. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Ordumuzun "Qəzəb” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Trend-in əldə etdiyi məlumatlara görə, separatçıların Qarabağdakı qanunsuz hərbi birləşmələri tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir. Belə olarsa, Ordumuz tərəfindən daha sərt və adekvat cavab olacağı, qanunsuz birləşmələrin hərbi infrastrukturunun məhv ediləcəyi istisna edilmir. Qarabağda terror fəaliyyətinin fəallaşmasının Vaşinqtonda keçiriləcək növbəti danışıqlar raundu ilə birbaşa bağlı olduğuna dair şübhə yoxdur. Bu təxtibatın rusiyalı sülhməramlıların təşfiqi ilə baş verdiyi də istisna deyil. Hər halda sözügedən qanunsuz birləşmələrinin sülhməramlıların tam nəzarəti altında olması bunu deməyə əsas verir.

Ukrayna MN: "İtkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır"

"Ötən həftənin yekunlarına əsasən, itkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır". Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb. Son həftədə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin cənub və şərq istiqamətlərində irəlilədiyini qeyd edən nazir müavini bu müddət ərzində Rusiyanın 17 zenit-raket kompleksinin məhv edildiyini bildirib. O, bundan başqa düşmənin 11 komanda məntəqəsinin və 7 sursat anbarının vurulduğunu, eləcə də yüzlərlə texnikasının, tank, helikopter və artilleriya sistemlərinin məhv edildiyini açıqlayıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.