Tehran İrəvanla Araz çayına görə memorandum imzaladı

Araz çayının çirkəndirilməsi ilə bağlı İşçi Qrupu yaradılır. Sozcu.az xəbər verir ki, bunu İranın vitse-prezidenti, Ekologiya Təşkilatının sədri Əli Səlaceqe “Şəfəqna” saytına müsahibəsində deyib. O, məsələnin nəzarətə götürüldüyünü bildirib: “Bizim Ermənistanla bu sahədə əlaqələrimiz çox yaxşı səviyyədədir. 18 il ərzində bu məsələyə Energetika Nazirliyi cavabdeh idi. Artıq bir neçə aydır ki, ölkənin Ekologiya Təşkilatına həvalə olunub. Xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib. Həmin görüşdə birgə bəyanat və memorandum imzalanıb. Memorandumda Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç əsas işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin”.

Orduya həyəcan siqnalı verildi, döyüş texnikası atəş mövqelərinə çıxarıldı - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bacısını döyüb öldürən şəxsə hökm oxundu

Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktında qeyd edilib ki, hadisə ötən il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı - 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılıb, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb. A.Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Zurabişvilinin Paşinyanla görüşünə icazə verilmədi

Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində yanvarın 26-da Tbilisiyə səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilməməsindən təəssüfləndiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.  “Gürcüstan prezidenti Ermənistanın baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə qəbul etmək imkanı verilmədiyinə görə təəssüflənir. O da təəssüf doğurur ki, aidiyyatı qurumlar ölkədə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə dövlət başçısına məlumat vermirlər”, - Gürcüstan dövlət başçısının bəyanatında deyilir. Zurabişvili bundan əvvəl şikayət etmişdi ki, ona tədbirlərdə danışmağa icazə verilmir və çox vaxt ona məhəl qoyulmur.

7,4 bal gücündə zəlzələ olacaq - Xəbərdarlıq

Zəlzələşünas Naci Görür daha bir ciddi xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, alim Türkiyənin iki əyalətinin risk altında olduğunu deyib. Yedisu fayına diqqət çəkən zəlzələ mütəxəssisləri, xüsusilə Tunceli və Bingöl bölgələrinin təhlükə altında olduğuna diqqət çəkib. O bu ərazilərdə 7,4 bal gücündə zəlzələnin olacağını vurğulayıb.. "Tunceli təhlükə altındadır" deyən Görür Yedisu fayına diqqət çəkib. "Bəlkə bunu ilk dəfə burada deyəcəm. Tunceli təhdid altındadır. Bu gün Tuncelidən danışan yoxdur, amma təhdid altındadır. Ərzincan ilə Karlıova arasında Yedisu fayı var. Bu qırıq sonuncu dəfə 1790-cı illərdə zəlzələ törədib. Hər 250 ildən bir zəlzələ törətmə potensialına malikdir. Xüsusilə, Ərzincan ilə Karlıova arasında olan ərazidə güclü zəlzələ olacağını gözləyirik. Bu qırıq zəlzələ yaratsa gücü 7,4 bala çata bilər".

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu hadisələrin 180-ni Bakıda, 440-ı isə rayonlarda qeydə alınıb.

Azərbaycanlılar İrəvanda ev ala bilər? - Rəsmi

Azərbaycan və Türkiyə vətəndaşları standart prosedura uyğun olaraq Ermənistanda daşınmaz əmlak ala bilərlər. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan jurnalistlərin sualına cavabında deyib. “Ölkəmizdə yalnız kənd təsərrüfatı torpaqları üçün daşınmaz əmlakın alınmasına məhdudiyyətlər var. Başqa dövlətlərin vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı torpaqlarını ala bilməzlər. Bütün digər hallarda prosedur eynidir. Hər kəs müraciət edib müvafiq müqaviləni imzalayaraq daşınmaz əmlak ala bilər”, - komitə rəsmisi bildirib.

"Sehrli xalat"-ın Rəşidi 2 həftə əvvəl vəfat edib - Oğlu

Xəbər verdiyimiz kimi "Sehrli xalat" filminin Rəşidi dünyasını dəyişib. Sənətçinin oğlu Moderator.az-a özəl açıqlama verib: "Mənim adım Mikayıldır. Azər Qurbanovun oğluyam. Atam uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Çox təəssüf ki, onu itirdik. Təxminən 2 həftə öncə atam dünyaya gözlərini əbədi yumdu" deyə bildirib. Qeyd edək ki, Azər Qurbanov uzun illərdir Amerika Birləşmiş Ştatlarında yaşayırdı. Atam təxminən 2 həftə öncə vəfat edib.

Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

“Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib. Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil”.  Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. Onun sözlərinə görə, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat “real vaxt rejimi”ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır: “İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır. Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bugünkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil. Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir”.

Ararat Mirzoyandan mina xəritələri ilə bağlı ŞOK ETİRAF

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib. O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub. O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib. Qeyd edək ki, 30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. 2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə azad olunmuş ərazilərdə hazırda minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb. İndiyə kimi 342 nəfər mina terrorunun qurbanı olub. Azərbaycan xeyli vaxtdır ki, Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edir.

“Nikosayağı”nın məhkəmədən GÖRÜNTÜSÜ

Xəbər verdiyimiz kimi, bu gün “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.az xəbər verir ki, "Unikal"ın əməkdaşı Nicat Şakirlinin məhkəmədən çıxdığı anı əks etdirən görüntüləri lentə alıb. "Nikosayağı" "Range Rover" markalı avtomobilinə əyləşərək məhkəmə binasının qarşısından uzaqlaşıb.

Əzablı yollarla: Bakıdan Sumqayıta getmək niyə məşəqqətə çevrilib?

Ötən həftə Sumqayıt avtovağzalından Bakı Beynəlxalq Avtovağzalına sərnişinlərin daşınmasını həyata keçirəcək ekspres marşrutların fəaliyyəti başlayıb. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə sözügedən avtobusların Bakı-Sumqayıt yolunda  tıxacda qalması ilə bağlı kadrlar geniş müzakirələrə səbəb olub. Sumqayıtdan Bakıya və əks istiqamətdə sərnişinlərin gediş-gəlişini rahatlaşdırmaq məqsədi ilə fəaliyyətə başlayan ekspres avtobuslar görünür ki, gözlənilən effekti verməyəcək.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli yeni fəaliyyət göstərən ekspres avtobusların gecikmə və tıxac problemini həll etməyəcəyini qeyd edib.  “Bu məsələ illərdir ölkənin belə desək, ən aktual problemlərindən biri olaraq qalır. Bakı-Sumqayıt arası nəqliyyatın daha səmərəli təşkili istiqamətində müzakirələr, təkliflər aparılır amma hələ də konkret addımlar yoxdur. Yeni istifadəyə verilən ekspres avtobusların gediş haqqı 80 qəpik nəzərdə tutulub. Sual yaranır ki, burada məqsəd daha çox 1 manatlıq taksi kimi tanınan nəqliyyat vasitələrinin müştərilərini cəlb etməkdir yoxsa sərnişinləri daha sürətli formada Bakıya çatdırmaq? Düzdü, digər yollarda olduğu kimi, Bakı-Sumqayıt yolunda da avtobuslar üçün alternativ yol da yaradıldı, amma magistralın imkanları sərnişindaşımanın təminatına bəs eləmir. İstəyirsiniz adını ekspres xidməti və ya başqa bir şey qoyun demək olar ki, fərq yoxdur. Burada Bakı Nəqliyyat Agentliyi sadəcə öz maliyyə maraqlarına diqqət edir. O yoldan istifadə edən hamı yaxşı bilir ki, Xırdalan dairəsindən “20 Yanvar” metrosuna qədər gəlib çıxmaq günün pik saatlarında mümkünsüz hala çevrilir. İstənilən qədər avtobus marşurtu yaradılsa belə, nəticədə “butulka effekti” adlandırılan daralmada ilişib qalacaq”.  Ekspert məsələnin həllinin sadəcə bu istiqamətdə bir neçə ötürücü yolun inşasında görür.  “Problemin həlli üçün dünyanın böyük şəhərlərinin təcrübəsindən istifadə etmək lazımdır. Biz artıq çoxpilləli yol ötürücülərinin inşasını tətbiq etməliyik. Bunun xaricində məsələsinin həlli yolu qalmır. Bakı Avtovağzalına çatmamış estakadalar üzərindən 2 və yaxud 3 yol ötürücüsünun inşasına başlaya bilərik. Bu ötürücülərin biri Biləcəri üzərindən birbaşa 9-cu mikrorayon istiqamətinə, digəri isə sağ istiqamətdə Yasamal üzərindən şəhərə girişi təmin edə bilər. Təbii ki, bu mütləq hal deyil və bunun üçün kommunikasiya və lazımi infrastruktur təmin olunmalıdır. Bu bəlkə də qismən həmin yolu tıxacdan xilas edə bilər”.