İtkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirildi: "Qızları tora salan gənclər var"

“Ötən günlərdə Bakıda itkin düşən üç rəfiqələrdən biri hazırda bizim sığınacaqdadır. O aqressivdir, boyun hissəsində zədələr var. Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir". Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, belə yeniyetmələr reabilitasiyaya çox çətinliklə cəlb olunurlar: "Hər zaman qaçmaq ehtimalları var. Düşünürlər ki, onlar ən düzgün addımı atırlar. Qız hələki yeni gəlib. Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Dünən axşam saatlarında isə bizə zəng olundu ki, qızlardan birini valideyn tapıb. Qızın sinif yoldaşının valideyni deyib ki, qızı birtəhər razı salmışıq. Dedim dərhal polisə müraciət etsinlər, getməyə, qalmağa yeri yoxdur. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Bu cür uşaqlar telefon istifadəsindən asılı olduqları üçün qadağalar onları aqressivləşdirir. Amma zamanla düzəlirlər, reabilitasiya başlayandan sonra başları qarışır və telefonu da unudurlar". K.Ağazadə bildirib ki, yeniyetməni sorğu-suala çəkmək çox tezdir: "Niyə bu addıma atmasına ilə ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”. Qızlardan biri iki il əvvəl sığınacağa gətirilib, amma ... K.Ağazadə itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: “Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burda qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlavə saxlayırdıq, o da bizə “Sabah gətirəcəm”, “Bu gün gətirəcəm” dedi amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi bizdə qeydiyyatda olub, bir gün də qalmışdı". Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.

QMİ fitrə zəkatının məbləğini açıqladı - Adambaşına 10-15 manat

"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar". Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. “Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib. F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər”.

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı

Amerika Birləşmiş Ştatları Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün “Marqara”-“Alican” sərhəd keçid məntəqəsinin müvəqqəti açılmasına görə Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun əməkdaşı Lui Bono X sosial şəbəkəsində yazıb. “Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”, - o əlavə edib. Qeyd edək ki, ötən gündən Ermənistan və Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi açılıb və Ermənistanın Suriyaya göndərdiyi 4 yük maşını Türkiyəyə daxil olub. “Marqara” keçid məntəqəsinin martın 31-dək açıq olacağı bildirilir.

Beyləqan sakini spirtli içkidən zəhərlənərək öldü

Beyləqan sakini spirtli içkidən zəhərlənərək ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü Ramiz Orucov spirtli içki qəbul etdikdən sonra vəziyyəti pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bir müddət öncə Beyləqanda bir nəfərin də spirtli içkidən öldüyü xəbəri yayılmışdı.

Ordumuzun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Məhkəmə USAİD-in ləğvini dayandırdı

Merilənd ştatının federal hakimi Teodor Çuanq İlon Maskın nəzarətində olan ABŞ Hökumətinin Effektivliyi Ofisinə USAİD-i ləğv etməyi müvəqqəti olaraq qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti əldə etdiyi məhkəmə qərarına istinadən məlumat yayıb. Qeyd olunub ki, məhkəmə ABŞ Hökumətinin Effektivliyi Ofisinə təhlükəli ərazilərdə işləyənlər də daxil olmaqla, minlərlə USAİD əməkdaşının elektron poçt və sistemlərinə girişi bərpa etməyi tapşırıb və ona agentlik rəhbərliyinin icazəsi olmadan şəxsi məlumatlarını açıqlamasını qadağan edib: “Məhkəmə Maskın hərəkətlərinin hakimiyyət bölgüsü prinsipini pozduğuna qərar verib, çünki yalnız ABŞ Konqresi USAİD-i ləğv edə bilər”.

Daha 2 şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Behbudov Daşqın Nəsrəddin oğlunun qalıqları Göyçay rayonunda, Atayev Atakişi Qəhrəman oğlunun qalıqları Bakının Keşlə qəsəbəsində martın 19-da dəfn olunacaq. D.Behbudov 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndində, A.Atayev isə 1992-ci ildə Xocalının Naxçıvanlı kəndi istiqamətində itkin düşüb.

Bakıda 15 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 12. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində; 13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

BMT ABŞ-nin Yəmənə zərbələrindən narahatdır

BMT ABŞ-nin Yəmənin “Ənsar Allah (Husilər) hərəkatının nəzarətində olan ərazilərinə zərbələr endirməsindən narahatdır və bütün tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır. Sozcu.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin jurnalistlərə yaydığı bəyanatda deyilir. "ABŞ-nin Yəmənin husilərin nəzarətində olan bölgələrinə çoxsaylı zərbələr endirdiyini və bunun ölənlər və yaralananlarla nəticələnməsini narahatlıqla qeydə alırıq. Biz həmçinin husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları davam etdirməsi ilə bağlı təhdidlərdən də narahatıq", - bəyanatda bildirilir. Beynəlxalq təşkilatdan həmçinin qeyd olunub ki, hər hansı növbəti gərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və (Yaxın Şərq) regionunda sabitliyi daha da poza, ölkədə onsuz da ağır olan humanitar vəziyyətə ciddi təhlükə yarada biləcək yeni cavab tədbirləri həyata keçirə bilər.

Britaniya 10 minlik ordusunu Ukrayna göndərir

Koalisiya liderlərinin görüşündə Britaniya Ukraynaya Qərbin sülhməramlı kontingenti çərçivəsində 10 min hərbçi yerləşdirmək planını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” yazıb. Nəşrin məlumatına görə, Ukraynaya göndəriləcək Britaniya qoşunlarının yekun sayı 10 min nəfəri keçəcək. Sülh yolu olacağı təqdir də də Ukraynaya iki Britaniya minaaxtaran gəmisinin göndərilməsi planlaşdırılır. Bundan başqa, 35-ə yaxın ölkə Ukraynadakı sülhməramlılara silah, maddi-texniki və digər dəstək verməyə razılaşıb.

Bu, bizim üçün kifayətdir, lakin Rusiya üçün... - Zelenski

30 günlük atəşkəs gələcək fəaliyyətlə bağlı razılaşma yolunda yalnız ilk addımdır. Bu, Ukrayna üçün kifayətdir, lakin Rusiya üçün kifayət edəcəyinə zəmanət yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Bundan sonra nə olacağını söyləmək mənim üçün çətindir. Çünki bu, növbəti addımlar barədə razılığın əldə edilməli olduğu dövrdür. Əlavə edəcəyim heç nə yoxdur", - Zelenski bildirib.