Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb. Sozcu.az "Trend"ə istinadən xəbər verir ki, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb. Belə ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var. Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Mərkəzdə xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir. Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir. “Lakin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq. Bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq”, - hesabatda qeyd olunub.

Görür xəbərdarlıq etdi: Bu ərazidə daha çox zəlzələ olacaq...

Türkiyəli geoloq Naci Görür Türkiyədə zəlzələ olacağı bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, geoloq bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. “Diləkli-Yüksəkova, Hakkaridə 5 bal gücündə zəlzələ oldu. Bu zəlzələ Bitlis-Zaqros bölgəsi daxilindədir. Gözlədiyimiz bir zəlzələ idi. 2023-cü il 6 fevral zəlzələlərindən sonra bu zona Şərqi Anadolu ilə Ərəbistan lövhələri arasında sıxıldı. Daha çox zəlzələ gözlədiyimiz bir zonadır”, - Görür bildirib. Qeyd edək ki, AFAD-ın məlumatına görə, İraqın Ərbil şəhərinin Merqasur rayonunda 11 martda saat 21:03-də 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ Hakkari, Bitlis və Şırnakın rayonlarında da hiss olunub.

Rubio: Kiyevə hərbi yardımın bərpası Ukrayna nümayəndə heyəti ilə görüşdən asılıdır

ABŞ-dən Ukraynaya hərbi tədarükün bərpası, eləcə də ona kəşfiyyat məlumatlarının verilməsi barədə qərar Amerika nümayəndə heyətinin Kiyev nümayəndələri ilə görüşdən “məmnun” çıxacağı təqdirdə qəbul edilə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə deyib. “Sabah görək danışıqlar necə gedəcək. İclasdan məmnun çıxıb prezidentə hesabat verə bilsək, indiki pauza ilə bağlı qərarlar veriləcəyinə inanıram”, - Rubio vurğulayıb.

Gəncədə azyaşlı xəstəxanada öldü

Gəncədə 4 yaşlı uşaq xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə şəhər Uşaq Xəstəxanasında baş verib. TƏBİB-dən bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib: "Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunur".

Şara döyüşlərdən danışdı: Gözlənilən idi...

Suriyanın qərbində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasındakı qarşıdurmalar gözlənilən idi. Sozcu.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara deyib. "Biz hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq", - Şara bildirib. O, mülki insanlara hücumlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb. Qeyd edək ki, 6 martda Əsəd tərəfdarları Latakiya əyalətində Suriya təhlükəsizlik qüvvələrinə hücum edib. Bundan sonra Suriya əraziyə ordu yeridib və sahilyanı ərazidə komendant saatı tətbiq edib. Suriya hökumət qüvvələri artıq Əsəd tərəfdarlarının ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.

Türkiyənin ərazi sularında 50 qanunsuz miqrant saxlanılıb

Egey dənizinin Türkiyənin ərazi sularına daxil olan hissəsində 50 qanunsuz miqrant saxlanılıb. Sozcu.az xəbər verir ki, miqrantlar bölgədə patrul aparan Sahil Mühafizəsi Xidmətinin gəmi heyəti tərəfindən Türkiyənin İzmir vilayətinin Çeşmə və Karaburun rayonları sahillərinə yaxın bölgədə ələ keçiriliblər. İki rezin qayıqda aşkarlanan bu miqrantlardan 22-nin azyaşlı olduğu müəyyən edilib. Miqrantlar aidiyyatı qurumlata təhvil veriliblər.

Satıcını bıçaqla hədələyib, kassa aparatını ələ keçirdi

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha bir körpə doğuş zamanı öldü

Tovuzda doğuşda körpə ölümü baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerlədirilib. Körpə doğuşda ölüb. Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 26-dan etibarən çap edib götürə bilirlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb. Martın 9-da keçiriləcək imtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

İrlandiya Ukraynaya xüsusi təyinatlıları göndərməyi nəzərdən keçirə bilər

İrlandiya, xaricdə hərbi qüvvələrin yerləşdirilməsini sadələşdirən yeni qanun qəbul ediləcəyi təqdirdə, Ukraynaya xüsusi təyinatlıları göndərə biləcək. Sozcu.az xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti yazıb. Təklif olunur ki, bu tədbir Kiyevdəki səfirliyin müdafiəsi üçün qəbul edilə bilər. Söhbət İrlandiya Silahlı Qüvvələrində yüksəkixtisaslı hesab edilən xüsusi hərbi bölmə olan ordu reyncerlərinin göndərilməsindən gedir. “Hökumət orada olan İrlandiya rəsmi şəxslərini qorumaq üçün Kiyevdə xüsusi təyinatlı qoşunların yerləşdirilməsinə imkan verəcək qanunvericilik dəyişikliklərini təsdiqləyib”, – məqalədə qeyd olunub.

Onun Putinin tərəfinə keçməsi faciədir - Keçmiş nazir

Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Tramp administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarını faciəvi adlandırıb və bunun qlobal mənfi nəticələrə səbəb ola biləcəyini deyib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Şapps bu barədə X hesabında paylaşım edib. "Azadlar evi" adlanan Amerika Birləşmiş Ştatlarının diktator Putinlə eyni tərəfdə olması faciəvidir. Bu, ABŞ-ın dünyadakı mövqelərini zəiflədir, Ukraynanın suverenliyini sarsıdır və dünyadakı digər aqressorlara cəsarət verir", – Şapps bildirib. O, Rusiyanın qalib kimi çıxacağı hər hansı "sülh" ssenarisinin təhlükəli olduğunu qeyd edib və Ukraynanın müəyyən ərazilərini itirmək məcburiyyətində qalacağı halda bu prosesin NATO-ya sürətli üzvlüklə kompensasiya edilməli olduğunu vurğulayıb. Qeyd edək ki, Qrant Şapps 2023-2024-cü illərdə Britaniyada Rişi Sunak hökumətində müdafiə naziri vəzifəsini icra edib.