MN-də milyonluq mənimsəmə: Şahidlər məcbur gətiriləcək

Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı daha bir təqsirləndirilən “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun məhkəməsi keçirilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Soltan Soltanlı ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun bacanağıdır: "Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir. Mən də hərbi qulluqçuyam. istəmirəm ki, kartıma pul gəlsin. Buna görə də mən də bank rekzivitlərimi ona göndərdim. Pulu nağdlaşdırdım və Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”. Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, onun kartına Vahid Novruzlu üçün pul göndərilib: "Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulun miqdarı təxminən 2-3 min manat arası olardı". Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, kartına göndərilən pul 3 min 155 manat olub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Daha sonra ifadə verən şahid Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu bacısının həyat yoldaşıdır: "Mənim kartına 3 min 917 manat pul gəlib. Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulu kimin göndərdiyini əvvəlcədən bilməmişəm. Dedi ki, kartına pul gələcək, çıxarıb mənə verərsən. Mən pulu verəndə soruşdum ki, bu nə puldur. Dedi ki, qardaşım xaricdən göndərib". Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu onu hərbi hissədə qazanxanada işə düzəldib. Onun sözlərinə görə, əməkhaqqı müqaviləsi ilə işləyib, 400 manata yaxın əməkhaqqı alıb. Sualları cavablandıran şahid deyib ki, onun Vahid Novruzlunun 340 min manat mənimsəmə işindən xəbəri olmayıb, bu barədə istintaqa çağırılan zaman xəbər tutub. Daha sonra ifadə verən Eşqin Həsənov bildirib ki, hazırda hərbi hissələrdən birində maliyyə xidmət rəisinin köməkçisi işləyir. 2018-ci ildən xidmətə başladığını deyən şahid qeyd edib ki, əvvəl Vahid Novruzlu ilə birgə xidmət edib. Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu ilə ortaq tanışları olan Şaiq Bayramovun bank kartının rekvizitləri onlarda olub: "Həmin karta köçürülən pulu Şaiqdən Beyləqanda görüşən zaman aldım və işə gələndə Vahid Novruzluya verdim. Ondan bu pulun nə pul olduğunu soruşdum. Dedi ki, qardaşım Almaniyadan göndərib. Həmin vaxt pulu saysam da, hazırda məbləği xatırlamıram". Bu səbəbdən Eşqin Həsənovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 2633 manat olub. Şahid həmin ifadəsini təsdiqləyib. Digər şahid Füzuli Ələkbərov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləyib: "Vahid Novruzlunu tanışım Elşən Salamovun vasitəsilə tanımışam. Mənim kartına 3 min manat pul gəldi. Mən də həmin pulu çıxararaq Elşənə vermişəm. Münasibətimiz yarandığı üçün mənim kartına dəfələrlə pul gəlib, mən də həmin pulu çıxararaq Elşənin kartına atmışam. Elşəndən həmin pulun nə pul olduğunu soruşmamışam. Vahid Novruzlu ilə tanışlığım əvvəllər olmayıb. Onu Elşən vasitəsilə tanımışam. İki dəfə oturub çay içmişdik". Daha sonra hakim bir neçə şahidin adını çəkib və onların məhkəməyə gəlmək istəmədiklərini deyiblər. Hakim tərəflərdən həmin şahidlərin barəsində hansı tədbirin görülməsini soruşub. Təqsirləndirilən şəxsin vəkili onların gəlməsini istəməyib. Təqsirləndirilən şəxsin özü də vəkili ilə razı olub. Bildirib ki, həmin şahidlərin istintaq verdikləri ifadələrin oxuyub, onların dedikləri ilə razılaşıb. Yerində müşavirə keçirən hakimlər həmin şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul ediblər. Hakim Fikrət Əliyev bildirib ki, qərar icra olunması üçün şahidlərin yaşayış yeri üzrə Ağcabədi Rayon Polis Şöbəsinə göndəriləcək. Növbəti proses aprelin 11-də davam edəcək. İttihama görə, təqsirləndirilən şəxs xidməti dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib. Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına köçürərək, mənimsəyib. Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır. İttihama görə, o, 2024-cü ildə üzrlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb. Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar. Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub. Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.

"Torpaqlar susuzluqdan deqradasiyaya uğrayır"

“Ölkədə müasir suvarma sistemi çox da geniş yayılmayıb. Hazırda suvarılan 400 000 hektar torpağın 10 faizə yaxını müasir sistemlərlə suvarılır. Cəmi 38 000 hektar ərazidə müasir sistem quraşdırılıb. Qalan ərazilərdə isə selləmə-sulama üsulu ilə suvarma aparılır. Nəticədə bu torpaqlar şoranlaşaraq dövriyyədən çıxır. Bunun qarşısını almaq üçün müasir suvarma sistemlərinin geniş yayılmasına çalışımaq lazımdır”. Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, bu gün fermerlərin ən əsas əmək predmeti torpaq və su resurslarıdır. Azərbaycanda su axarlarına yaxın olan bir çox fermerlər bitkinin vetegasiya dövründə onu normadan çox və selləmə metodu ilə suvarır. Tez-tez suvarılan torpaq isə şoranlaşır. Bir tərəfdən torpaq şoranlaşır, digər tərəfdən suyun aşağı axarında fermerlər su qıtlığı yaşayır. O torpaqlar susuzluqdan deqradasiyaya uğrayır, yuxarıdakı torpaqlar isə tez-tez suvarıldığına görə şoranlaşaraq deqradasiyaya uğrayır: “Hökumət aqrotexniki qaydalarla bağlı maarifləndirmə işləri aparmalıdır. Fermerlərə izah olunmalıdır ki, əllərindəki resurslardan aqrotexniki qaydalara uyğun istifadə eləsinlər”.

Rayonlarda yağış, Bakıda 25 dərəcə isti - Sabahın havası

Aprelin 4-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Türkiyə təklif etdi, NATO nazirləri toplanır

NATO ölkələri XİN başçılarının may ayında qeyri-rəsmi görüşü baş tutacaq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rütte deyib. O qeyd edib ki, görüş təklifini Türkiyə edib.

Çindən ABŞ-a çağırış: Vaşinqton bunu dayandırmalıdır

Çin ABŞ-ı strateji təhlükəsizliyə xələl gətirən hərəkətləri dayandırmağa çağırır. Sozcu.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib. O bildirib ki, xüsusilə, Vaşinqton milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu azaltmalı, nüvə ittifaqlarının yaradılmasından imtina etməli, orta mənzilli raketləri digər dövlətlərin sərhədləri yaxınlığında yerləşdirməməli və qlobal raketdən müdafiə sistemini inkişaf etdirməyi dayandırmalıdır.

Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramı qeyd edilir. Sozcu.az xəbər verir ki, bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 1-nə təsadüf edib. Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir. Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib. Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günüdür.

Xocalıda 27 yaşlı gənci cərəyan vurub öldürdü

Xocalıda kişini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, 27 yaşlı Ağcabədi rayon sakini Abidov Amin İlqar oğlunu Xocalı rayonu ərazisində elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində keçinib. Faktla bağlı Xocalı rayon Prokurorluğunda araşdırma aparılır.

Məhkəmədən “Melissa Group”un rəhbəri ilə bağlı QƏRAR

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır. Bir müddət əvvəl məlumat verilib ki, mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır. Ancaq sistemin nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması üzrə konsepsiya hazırlanır: "Sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. Bu məsələ Milli Məclisə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunan zamanda müzakirə olundu. Millət vəkilləri tərəfindən təkliflər də səsləndirildi. Bir müddət əvvəl bütövlükdə bu istiqamətdə konsepsiyasının hazırlanmasına başlanmışdı. Konsepsiyanın hazırlanmasında məqsəd sənədsiz evlərin qeydiyyata alınma prosesi ilə bağlı mexanizm və qaydaların hazırlanmasıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər təbii ki, davam etdirilir. Bütövlükdə mexanizmlərin hazırlanması təkliflərin sistemləşdirilməsi ilə bağlı da fəaliyyətlər aparılır".  Deputat söyləyib ki, daha yaxın zamanda sənədsiz evlərlə bağlı mexanizm qəbul edilib, tətbiq edilə bilər: "Burada bir sıra məsələlərin həlli vacibdir. Xüsusən də, nisbətən təhlküəli hesab edilən evlərlə bağlı addımların atılması zəruridir. Bu evlərin bir qismi ya neft buruqlarının və ya yüksək gərginlikli elektrik xətlərinin, nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Təbii ki, həmin evlərlə bağlı qərarın verilməsinə ehtiyac var. Bəzi evlərlə bağlı təbii ki, bu istiqamətdə qərarın verilməsi asan ola bilər. Xüsusən də, elektrik xətlərinə yaxın olan evlərlə bağlı addımların atılması asandır. Burada elektrik xətlərinin yeraltı aparılması mümkündür. Amma xüsusən neft buruqlarının yaxınlığında yerləşən evlərlə bağlı təbii ki, daha sistemli qərarların verilməsinə ehtiyac var. İlkin qiymətləndirmələrə görə belə evlərin sayı 70 minə yaxındır. Yəni bu, kiçik rəqəm deyil. Ona görə də sənədsiz evlərlə bağlı qeydiyyat mexanizminin hazırlanması bütün sənədsiz inşa edilən evləri əhatə etməlidir. Hər halda bu istiqamətdə işlər gedir. Biz də daha yaxın zamanda mexanizmin qəbul edilib, tətbiq edilməsi reallaşa biləcəyinə ümid edirik".

Sizi divara dirəyəcəm, tapdalayacam – Paşinyan əsəbiləşdi

Ermənistanın Baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini “divara dirəməklə” hədələyib. Sozcu.az xəbər verir ki, Paşinyan bunu parlamentdə hökumət saatında deyib. Onun sözlərinə görə, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan 2020-ci ildə Azərbaycanla müharibədə məğlubiyyətə görə onu günahlandırmağa çalışırlar: “Halbuki biz hakimiyyətə gələndə bu, (müharibə - red.) qaçılmaz idi. Buna görə onları canlı debatlara dəvət etdim. Amma bu üç “düşüncə nəhəngi” deyir ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Hey, danışmağa bir sözünüz yoxdursa, oturun və yerinizdən tərpənməyin... Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara dirəyəcəm. Və oradan da sizin siyasi meyitlərinizin qalıqları çıxacaq. Hər üçünə aiddir. Bəsdir əsəblərimizlə oynadığınız. Mən sizi tapdayacam və heç bir müzakirə olmayacaq”.

Apreldə hava nəfəs kəsəcək - İSTİLƏR BAŞLAYIR

Aprel ayında Azərbaycanda hava əsasən mülayim olacaq. Sozcu.az xəbər verir ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin aprel ayında ölkə ərazisində orta aylıq temperaturun 9-11 dərəcə isti olması gözlənilir. Gecələr 2-7 dərəcə isti, gündüzlər isə 12-17 dərəcə isti olacaq, bəzi günlərdə temperaturun 20-25 dərəcəyədək yüksələcəyi ehtimal edilir. Bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Bakı şəhəri üzrə 1-8 aprel tarixləri üçün proqnozda gündüz temperaturunun 14-21 dərəcə arasında dəyişəcəyi, gecə temperaturunun isə 8-14 dərəcə olacağı bildirilir. Beləliklə, aprel ayında havanın temperaturu əsasən mülayim olacaq və soyuq aylardan sayılmayacaq.

İtkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirildi: "Qızları tora salan gənclər var"

“Ötən günlərdə Bakıda itkin düşən üç rəfiqələrdən biri hazırda bizim sığınacaqdadır. O aqressivdir, boyun hissəsində zədələr var. Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir". Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, belə yeniyetmələr reabilitasiyaya çox çətinliklə cəlb olunurlar: "Hər zaman qaçmaq ehtimalları var. Düşünürlər ki, onlar ən düzgün addımı atırlar. Qız hələki yeni gəlib. Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Dünən axşam saatlarında isə bizə zəng olundu ki, qızlardan birini valideyn tapıb. Qızın sinif yoldaşının valideyni deyib ki, qızı birtəhər razı salmışıq. Dedim dərhal polisə müraciət etsinlər, getməyə, qalmağa yeri yoxdur. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Bu cür uşaqlar telefon istifadəsindən asılı olduqları üçün qadağalar onları aqressivləşdirir. Amma zamanla düzəlirlər, reabilitasiya başlayandan sonra başları qarışır və telefonu da unudurlar". K.Ağazadə bildirib ki, yeniyetməni sorğu-suala çəkmək çox tezdir: "Niyə bu addıma atmasına ilə ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”. Qızlardan biri iki il əvvəl sığınacağa gətirilib, amma ... K.Ağazadə itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: “Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burda qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlavə saxlayırdıq, o da bizə “Sabah gətirəcəm”, “Bu gün gətirəcəm” dedi amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi bizdə qeydiyyatda olub, bir gün də qalmışdı". Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.