ABŞ-dan Avropaya NATO ilə bağlı xəbərdarlıq...

ABŞ NATO-dan çıxmağı nəzərdə tutmur, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığa dözməyəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında deyib. "Bizim transatlantik alyansımız onilliklərdir mövcuddur. Və biz onun gələcək nəsillər boyu davam edəcəyini tam gözləyirik. Lakin bu, öz-özünə baş verməyəcək. Bunun baş verməsi üçün bizim avropalı müttəfiqlərimiz arenaya çıxmalı və qitədə şərti təhlükəsizliyin təmin edilməsi üçün məsuliyyət daşımalı olacaqlar", - Heqset xəbərdarlıq edib.

Ləğv edilən qurumun işçiləri 3 aydır maaş ala bilmir

Bir müddət öncə ləğv edilən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin keçmiş əməkdaşlarına son üç ayın məvacibi, həmçinin işlərini itirmələri ilə əlaqədar ödənməli olan kompensasiya verilmir. Sozcu.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən qurumda çalışan şəxslər bildiriblər. Onların sözlərinə görə, əməkhaqları ödənilmədiyindən 3 ay ərzində banklara borcları yığılıb qalıb. Hazırda Mərkəzlə bağlı Ləğvetmə Komissiyası yaradılıb və komissiyanın sədri Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovdur. Həmin şəxslərin əməkhaqları və kompensasiyalarının ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirilməsi üçün ƏMDX-yə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğvi ilə bağlı komissiya yaradılıb. Mülki Məcəllənin 59-61-ci maddələrində nəzərdə tutulmuş tələblər çərçivəsində ləğvetmə prosesi davam etdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar çərçivəsində Tərcümə Mərkəzinin əməkdaşlarının əməkhaqqı və digər təminatlarının verilməsi öz həllini tapacaq”. Qeyd edək ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi 23 may 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Mərkəz 2 milyon 40 min 124 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Afaq Məsud Məsud qızıdır. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxsi 2024-cü ilin noyabrın 21-i ləğv edilib.

Siniflərdə 30-40 şagird var - Nazirlik buna diqqət etsin! - Ekspert

Məktəblərdə siniflərin 30 şagirddən ibarət olması  tədris prosesinə ciddi narahatlıq törədir. Sozcu.az-ın məlumatına görə, bunu təhsil məsələləri üsrə ekspert Ramin Nuraliyev bildirib. O, hətta bəzi məktəblərdə bu sayın 35-40 nəfərə çatdığı bildirib. “Bu məsələyə Elm və Təhsil Nazirliyi diqqət ayırmalıdır. Məktəblərdə şagirdlərin nizamla paylanması həyata keçirilməli, bu istiqamətdə müvafiq addımlar atılmalıdır”, - ekspert vurğulayıb. Qeyd edək ki, qanunvericiliyə əsasən, hər bir sinifdə şagird sayı 20 nəfırdən ibarət olmalı, 30-dan isə çox olmamalıdır.modern)

Güclü küləyə görə kişi yıxıldı, avtobus üstündən keçdi

Fevralın 7-də güclü külək Xırdalan sakininin həyatına son qoyub. Belə ki, 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı avtobus piyadanı vurub. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib. "Hadisə 19:00-da baş verib. Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü A.Məmmədov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən 1957-ci il təvəllüdlü C.Əsgərovu vurub. C.Əsgərov hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsində araşdırmalar aparılır", - deyə məlumatda əlavə edilib. Məlumata görə, güclü külək səki ilə hərəkət edən 68 yaşlı piyada Cavanşir İlyas oğlu Əsgərovun yıxılmasına səbəb olub. Nəticədə səkidən yolun hərəkət hissəsinə yıxılan şəxsin başı avtobusun təkəri altına düşüb. C.Əsgərov aldığı xəsarətlərdən həyatını itirib.

Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək - Conson

Ukrayna Qərbdən real təhlükəsizlik zəmanəti almalıdır, əks halda müharibə Putinin zəfəri ilə başa çatacaq. Sozcu.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib. “İndi Qərbin öz qətiyyətinin gücü ilə Putini şoka salmaq vaxtıdır. Bunu etməyə qadir olan isə ABŞ-ın yeni Prezidenti Donald Trampdır. O, indi, bu kritik anda Putinə qarşı durmaq üçün lazım olan cəsarətə malikdir”, - Conson bildirib.

Bu hərbçilərin ordudan tərxisi başladı

Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqraf-a məlumatlı mənbələrdən bildirilib. Qeyd olunub ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliyi təsdiqləyib. Dəyişikliklərə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşdan 30 yaşadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Buna qədər isə həmin yaş həddi 18-dən 35-dək idi. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

Bu ölkə də Rus Evini bağlayır

Fransa Parisdəki Rus Evinin fəaliyyətini dayandırmaq üçün addımlar atır. Sozcu.az xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib. Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub: “İndi Rus Evinin hesablarını dondurmaqla işini tamamilə dayandrımağa cəhdlər edilir. Rus Evinin burada ikitərəfli razılaşma əsasında qanuni fəaliyyət göstərdiyini nəzərə alsaq, bu məsələyə dair Fransa ilə kompleks danışıqlar aparılır”. Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

Egey dənizində 2 saatda 7 güclü zəlzələ oldu

Bu gün Egey dənizində 2 saat ərzində 7 zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, Egey dənizində yerli vaxtla saat 04:41-də 4,1; 05:02-də 4,1; 05:24-də 4,4; 05:45-də 4,4; 05:54-də 4,6; 06:23-də 4,6; 06:36-da 4,5 bal gücündə ardıcıl zəlzələlər olub. Zəlzələlərin yerin 7 km dərinliyində meydana gəldiyi bildirilib. Qeyd edək ki, Egey dənizində artıq bir neçə gündür ard-arda zəlzələlər baş verir. Yunanıstanın bölgədə yerləşən Santorini adasının yerli sakinləri ərazini tərk etməyə başlayıb.

Pensiyalar artımla nə vaxtdan veriləcək? - Rəsmi CAVAB

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən məlumat verilib. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.

Təyyarənin hər iki mühərriki son ana qədər işləyib...

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub. "Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat FDR vasitəsilə təsdiq olunmuşdur. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir", – hesabatda bildirilib. Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bakıda qadın qəza törətdi: 87 yaşlı kişi öldü

Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Şəhla Rəfail qızı Qulamova idarə etdiyi özünə məxsus “BAİC” markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Nadir İmaməli oğlu Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb. Fakta bağlı cinayət işi başlanılıb.

Ağsuda məktəb direktoru həbs edildi

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib. Sozcu.az xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.