MN məlumat yaydı: Bu ərazidə partlayış səsi eşidə bilərsiniz!

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq?

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi 3-4 aya tam yekunlaşacaq. Sozcu.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib: "Üç aşırımdan ibarət körpünün uzunluğu 104 metrdir. 4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur". Anar Nəcəfli körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisinin də nəzərdə tutulduğunu qeyd edib. Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

Pilot təyyarəni Qroznıya icazəsiz endirə bilərdi: Nə baş verib?

Pilotun xəbərdarlıqsız eniş etməyə icazəsi var. Sozcu.az xəbər xəbər verir ki, bu sözləri Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimov Globalinfo.az-a açıqlamasında AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin Qroznıya enişə başladığı, lakin hansısa səbəbdən enişə az qalmış yüksəklik yığdığı barədə məlumata münasibət bildirərkən deyib. O, doğru cavabın “qara qutu” oxunduqdan sonra üzə çıxacağını bildirib: “Aktau başqa bir ölkənin şəhəridir. Əslində, icazə alınır, razılıq verilir və s. Hər halda bir dispetçer, digər ölkənin dispetçerinə məlumat verməlidir. Lakin pilot görsə ki, təyyarə qəzaya uğramaq üzrədir, xəbərdarlıqsız gedib yaxında olan aeroporta eniş edə bilər. İstənilən boş zolağa oturmaq olar, heç kim də buna görə pilota heç nə deməz. Çünki göyərtədə nə qədər adam olur və sən onların sağ qalmasını istəyirsən. Ona görə də təyyarəni icazəsiz endirmək mümkündür”. Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Avtomobildə meyiti tapılan şəxs maşını özü yandırıbmış

Sumqayıtda avtomobilin içərisində yanaraq, ölən şəxs narkotik istifadəçisi imiş. Sozcu.az TNS-ə istinadla xəbər verir ki, avtomobili yandıran şəxs 1985-ci il təvəllüdlü Fikrət Həsənli narkotik aludəçisi olub və tüfeyli həyat tərzi keçirib. Bir ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki mənzillərdən birinə kirayə köçən F.Həsənli əsasən, gecə saatlarında yaşadığı evi tərk edib, küçələrdə gəzirmiş. Yanvarın 12-də saat 04:00 radələrində otaq yoldaşlarının birinin mobil telefonunu da götürüb evdən çıxıb. Saat 06:00 radələrində küçədə Rusif Nəzərova məxsus avtomobilin şüşəsini qıraraq maşına daxil olub. O, avtomobilin ön oturacağına od vuraraq maşının içərisində oturub. Nəticədə F.Həsənli avtomobillə birlikdə yanıb. Avtomobildəki yanğın söndürülərkən onun yanmış meyiti aşkarlanıb. Xatırladaq ki, yanvarın 12-də səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, qəsəbə sakini Rusif Nəzərova məxsus “KİA Sorento” markalı avtomobildə yanğın baş verib. Avtomobildə F.Həsənlinin yanmış meyiti tapılıb.

Almaniya Suriyaya 50 milyon avro yardım göndərir

Almaniya Suriyaya 50 milyon avro məbləğində əlavə humanitar yardım ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. "Biz keçid dövründə mülki əhaliyə əlavə 50 milyon avro humanitar yardım təqdim edirik. “Bu, Suriyadakı vəziyyəti sabitləşdirmək, Almaniyada və Avropada öz təhlükəsizliyimizi təmin etmək məqsədinə xidmət edir”, - deyə bildirilib.

"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb

Ötən il dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” təyyarəsinin “qara qutu”ları təyyarə Cənubi Koreyanın Muan hava limanında beton qurğuya çırpılmazdan təxminən dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi məlumat verib. Ölkə hakimiyyəti Cənubi Koreyada baş vermiş ən böyük aviaqəza olan və 179 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbini başa düşmək üçün "qara qutular"ın yazılarını təhlil etməyi planlaşdırırdı. Qeyd olunub ki, səs yazısının bir hissəsinin itdiyi aşkar edildikdən sonra qeydiyyatçılar ABŞ-nin Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurasının laboratoriyasına göndərilib.

Son günlər hava niyə mülayim keçir? - Açıqlama

Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur. Sozcu.az xəbər verir ki, bu sözləri Milli Hidrimeteorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti olub: "Havanın temperaturu yanvarın 3-də Bakı və Abşeron yarımadasında iqlim normasından 5.6 dərəcə yüksək olub. Son 24 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə təşkil edib". G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakııda və Abşeron yarımadasında 9-14, Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".

Sabah bu ərazilərdə qaz olmayacaq

Abşeron, Binəqədi və Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah” QPS-də qaznəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 10.01.2025-ci il saat 10-00-dan işlər başa çatanadək Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsi və Abşeron rayonu, Fatmayı, Goradil, Digah, Məhəmmədi kəndlərinin və Novxanı kəndinin Kanal qırağı hissəsində yaşayan əhalinin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır. Həmçinin, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 10.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Bünyadzadə, Kazımzadə, N.Şahbazov, C.Hacıbəyli, Bakıxanov küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu

Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. Sozcu.az "Report"a istinadən xəbər verir ki, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq. Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Azər transplantasiya əməliyyatı olunmaqdan özü imtina edibmiş

Aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib: “16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM-a daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib, lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”. Qeyd edək ki, aparıcı-aktyor İlkin Həsəni orqan transplantasiyası ilə bağlı son məqamda Azər Baxşəliyevə imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, analizlər götürülüb, sənədləşmə gedib. Sonuncu məqamda Azər Baxşəliyevə imtina cavabı gəlib. Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. O, yanvarın 5-də vəfat edib.

Məktəblərdə 5 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayacaq. Sozcu.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Tətildən sonrakı ilk dərs günü 1 fevral 2025-cü il tarixidir. Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Almaniyada dəhşətli şaxtalar: Onlarla reys təxirə salındı

Son günlər Almaniyada havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Yolların buz bağlaması avtomobil qəzalarının baş verməsinə və aeroportlarda bəzi aviareyslərin təxirə salınmasına səbəb olub. Sozcu.az xəbər verir ki, Frankfurt hava limanında uçuş-eniş zolaqlarının təmizlənməsi və görmə məsafəsinin zəif olması ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Bazar günü üçün planlaşdırılan 1090 aviareysdən 120-si ləğv edilib, bir sıra reyslərdə gecikmələr baş verib. Münhen aeroportunda bir neçə reys təxirə salınıb. Uçuş-enmə zolaqlarının təmizlənməsi işləri davam etdirilir. Hava şəraiti Ştutqart hava limanının da fəaliyyətinə təsir edib. İndiyədək bu aeroportda yeddi uçuş təxirə salınıb. Temperaturun aşağı düşməsi Berlin Brandenburq aeroportunda 30 uçuşa təsir göstərib. Təkcə şənbə günü 17 aviareys ləğv edilib. Hava şəraiti ilə əlaqədar ölkənin bir sıra əyalətlərində ciddi qəzalar baş verib. Yolların buz bağlaması nəticəsində cümə günü Türingiya əyalətində 17 qəza olub. Meteoroloqlar temperaturun bazar ertəsindən etibarən yüksələcəyini proqnozlaşdırırlar.