Deputatdan BNA-ya etiraz: “Sanki ölkəni qarışdırmaq üçün tapşırıq alıblar…”

Aidiyyatı strukturların taksi fəaliyyətinin təkmilləşdirilməsi və bu istiqamətdə tənzimlənməyə dair cəhdləri əslində normal qarşılanmalıdır. Lakin bu cəhdlərin məqsədi yalnız birtərəfli xarakter daşıyarsa, onun gətirəcəyi xeyir sosial narazılığa səbəb olacaqsa, əldə edilən 5 manat fayda əvəzinə sonradan sosial gərginliyin aradan qaldırılması üçün 15 manat xərcləyəcəyiksə, belə yenilik yolverilməzdir. Bizim dövlətin ali məqsədi insanların layiqli həyat səviyyəsinin təmin edilməsidir. Xalq – hakimiyyətin mənbəyidir, dövlətin ən vacib meyarıdır.

Sozcu.az-ın xəbərinə görə, bunu millət vəkili Bərhuz Məhərrəmov Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksi xidməti ilə bağlı mediada-ARB-də səsləndirdiyi fikirlərin kəskin etirazla qarşılanmasına, sosial şəbəkələrin, medianın gündəminə çevrilməsinə münasibətini bildirərkən deyib.

Qeyd edib ki, əlbəttə, atılan istənilən addımda xalqın mənafeyi üstün tutulmalıdır. Dövlət başçısının da siyasi iradəsi bu yöndədir, Prezident İlham Əliyev son 7 ayda iqtisadiyyat və insan amili arasında mürəkkəb seçim qarşısında qalanda üzərinə çox riskli və ağır bir yük götürüb, insan amilini üstün tutub, sosial məqsədlər üçün milyardlar xərclənib.

“İndi bütün yeniliyin ruhu, dəyişimin, islahatın fəlsəfəsi də elə bu yöndə olmalıdır. Əgər taksi ucuz qiymətə fəaliyyət göstərirsə, bunun nəyi pisdir ki? Bundan kim zərərə düşür ki? Taksi şirkətlərimi? Heç ağlabatan deyil, əks halda işləməzdilər, bu ölkədə heç kim zərərlə işləməyə məcbur edilmir. Əlbəttə, qazanc az ola bilər, amma sonucda vətəndaş da məmnun qalırdı, sürücü də az da olsa, evinə çörək aparırdı, şirkət də az da olsa, qazanırdı. Açığı burada müdaxiləyə ehtiyac duyulduğu qənaətini qəbul etmirəm, əksinə, bu yanaşma problemlərə yol aça bilər.

Əgər mediada yayılanlar həqiqətdirsə, BNA-nın açıqlaması mənə çox təəccüblü gəldi. Üzürü ayıbından betər. Həqiqətən anlaşılmaz şeylər baş verir. Biri karantin tədbirlərini ayaq altına atır, biri onun müdafiəsinə qalxır, biri xalqı başqa formada narazı salır. Sanki hansısa kənar qüvvədən bu ölkəni qarışdırmaq, insanları süni olaraq narazı salmaq üçün tapşırıq alıblar. Düşünürəm ki, belə həssas məqamda təmkinli olmalı, 3-5 yarıtmaz məmurun mövqeyini dövlətin mövqeyi kimi qəbul etməməliyik. Xüsusən, sosial şəbəkələrdə bu məsələdən özlərinə xal qazanmaq üçün istifadə edib, insanları qızışdıran populistlərə də meydan verməyək”-deyə, B. Məhərrəmov sözlərinə əlavə edib.Etikxeber.az

Facebook Comments