“Ermənilər istəyirlər qatil Köçəryanı seçsinlər, qalanı əsgərimizin boynuna” – Hərbi ekspert

Azərbaycanın PUA təcürübəsi Qərb üçün nümunədir

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki döyüş təcrübəsi kifayət qədər geniş coğrafiyada, həm də nüfuzlu təhqiqat mərkəzləri tərəfindən hələ də araşdırılır və öyrənilir.
Dünən isə Almaniyada yerləşən təhqiqat mərkəzlərindən biri keçən il Azərbaycanın Qarabağda həyata keçirdiyi Vətən müharibəsində pilotsuz vasitələrin rolunu və beynəlxalq PUA bazarını təhlil edəndən sonra maraqlı açıqlamalar verib. Açıqlamada bildirilir ki, Almaniya ordusu hər keçən gün daha da mürəkkəbləşən zərbə tipli pilotsuz vasitələrinin potensial hücumuna qarşı özünü müdafiə etmək üçün lazımi səviyyədə təchiz edilməyib. Əslində sensasiya hesab edilməli bir açıqlamadır. Avropanın siyasi kursunu təyin edən aparıcı dövlətin, 100 milyard manatlıq (47 milyard avro) hərbi büdcə ilə Azərbaycan silahlanmasında mövcud olan PUA-lar qarşısında müdafiəsiz qalması həqiqətən də sensasiyadır.
Almaniyanın Müdafiə və Strateji Araşdırmalar İnstitutunun (GİDS) müasir müharibə və yeni texnologiyalar üzrə eksperti, polkovnik-leytenant Maykll Karl isə yuxarıda nisbətən yumşaq səslənən açıqlamanı, hərbçiyə yaraşan bir şəkildə, yəni tam çılpaqlığı ilə ortaya qoyub: “Çox ciddi şəkildə məsələyə yanaşsaq, qısaca olaraq deyə bilərik ki, Bundesver bu konkret qarşıdurmada Azərbaycanla döyüşməli olsaydı, çətin ki, hansısa şansa malik olardı”.

M.Karl əlavə edir ki, “Döyüş dronları və kamikadze tipli pilotsuz vasitələr kimi silah sistemlərindən istifadə olunacağı təqdirdə, özümüzü yetərincə müdafiə edə bilməzdik. Ordumuzun yalnız hava hücumundan müdafiəsiz qalması, bizim tam məhvimiz olardı”.

Əslində M. Karl heç nəyi şişirtməyib. Görünən odur ki, Azərbaycan Ordusunun Qarabağ əməliyyətlar teatrında həyat keçirdiyi yeni nəsil müharibənin əks sədası artıq Almaniyada belə ciddi dairələr tərəfindən müzakirə olunur.

Təbii ki, Almaniya və onun kimi inkişaf etmiş ölkələr Azərbaycanın döyüş əməliyyatlarıda həm özünün, həm də Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz vasitələrdən uğurla istifadəsi nəticəsində Qarabağı erməni işğalından azad etməsi faktlarını diqqətə almaya bilməzdilər.

Azərbaycan Ermənistanla apardığı Vətən Müharibəsində əsasən Türkiyənin “Bayraktar” TB-2 və “Anka”, İsrailin “Harop”, “Quzğun” və “Hermes 900” vasitələri ilə bərabər yerli “İtiqovan”, “Orbiter” və “Aerostar” PUA-larından geniş istifadə etdi. Döyüş əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin idarə etdiyi PUA-ların pilotlü aviasiya vasitələrinə hədəf göstərməsi, onların artılleriya atəşini tənzimləməsi, peyk görüntülərindən istifadə etməklə havada olan PUA-ların hədəflərə yönləndirilməsi, PUA-ların peyk idarəetmə kanalı maneəsiz idarə olunması, TETRA sisteminin PUA-larla qarşılıqlı əlaqəsi və s. kimi yeniliklər Avropanın bir çox hərbi araşdırma mərkəzləri üçün ciddi təhlil materialı ola bilər.
Kimsəyə sirr deyil ki, Avropa ölkələri NATO çətiri altında uzun müddət savaşlardan kənarda qalıblar və sahib olduqları texnologiyaları döyüşdə tətbiqinə diqqəti azaldıblar. Təlim və sülhməramlı fəaliyyətləri çıxsaq, ortada Avropa ordularını silaha bağlayan fəaliyyət də nəzərə çarpmır. Əslində onlar texnologiya baxımından heç də geridə qalmırlar, lakin müasir hərb elminin tələb etdiyi sadə və səmərəli sistemlər artıq Avropada yaranmır.

ABŞ-da yaradılan yeni silah sistemləri isə effektiv olsa da, kifayət qədər baha olmaqla bərabər əldə edilməsi uzun müddət tələb edir. Saxlanılması da ucuz deyil. Bu silah sistemlərinin müttəfiq olmayan ölkələr tərəfindən əldə edilməsi isə demək olar ki, mümkünsüzdür. Bu baxımdan ekspert M.Karlın Almaniyanı PUA-ları qarşı tam müdafisiz olduğunu bildirməsi, sadəcə bir iddia kimi deyil, aci həqiqət kimi qəbul edilməlidir. Azərbaycanın Qarabağdakı Qələbəsini araşdıran və buna heyrətlənən yalnız Almaniya və ya M.Karl deyil.

2021-ci ilin martında ABŞ-ın məşhur “Foreign Policy” jurnalı da ABŞ hərbçilərinin belə Azərbaycan Ordusunun Qarabağ Müharibəsindəki təcrübəsini dərində öyrəndiklərini yazmışdı. Daha əvvəl “The Guardian” qəzeti Böyük Britaniyanın Azərbaycanın Qarabağda PUA tətbiqini nəzərdən keçirdiyini və PUA istehsal etmək üçün yeni proqrama başlayacaqlarını bildirmişdi. Bu məsələ ilə bağlı Krallıq Türkiyə ilə məsləhətləşmələr aparıldığı da ehtimal olunur.
Azərbaycanın dağlıq ərazilərdə kamikadze-dronlar tətbiq edərək düşmənin canlı qüvvəsini və texnikasını məhv etməsi, hələ keçən Pentaqonda, Hindistanda və Rusiyada geniş təhlil edilmişdi.

ABŞ Ordusunun Baş Qərargah rəisi, general James Makkonvill isə keçən ilin oktyabrında “Army Times” qəzetinə verdiyi müsahibəsində bildirmişdi: “İlk əvvəl hava hücumundan müdafiə sistemini inkişaf etdirməliyik. Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsisi olması ilə bağlı düşünməyə vadar edir. Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz edir. Hazırda biz havada üstünlüyə malikik. Amma gələcəkdə belə olmaya da bilər. Qarabağdakı döyüşlərdə gördük ki, PUA-lar çox ciddi vasitə və real təhlükədir”. Azərbaycanın Qarabağdakı əməlityyyatlarında Qələbəsindən dərhal sonra, ABŞ Quru Qoşunlarının modernləşdirilməsinin prioritetlərindən biri kimi hava hücumundan və raketlərdən müdafiə sistemlərinə üstünlük veriləcəyini vurğulamışdı.

Britaniyanın Müdafiə Nazirliyi Türkiyədən “Bayraktar” TB2 PUA-larını almağa hazırlaşması da bu ilin əvvəlində məlum olmuşdu.

Yaponiyanın NHK dövlət televiziya kanalı da PUA və digər müasir silah sistemlərinin tətbiqi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi möhtəşəm Qələbəyə həsr olunan geniş reportaj hazırlayıb. Mənim də keçən ay geniş müsahibə verdiyim reportaj hazırda montaj mərhələsindədir.

Rusiya, İsrail və Yaxın Şərq ölkələrinin mətbuatı da Azərbaycanın Vətən Müharibəsindəki nailiyyətlərinə geniş yer ayırıb.

“Le Figaro”, “Euronews”, “Associated Pres”, “Le Monde” kimi nəşrlər də Azərbaycanın möhtəşəm Qələbəsi barədə məqalələr dərc ediblər.

İşğalçı düşmən ölkənin rəsmi dairələri də Azərbaycanın uğurlarını etiraf etməyə məcbur qalıblar. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Artsrun Ovhannisyan hələ Müharibənin ilkin mərhələsində Azərbaycan PUA-ları qarşısında aciz qaldıqlarını etiraf etmişdi: “Dünyada heç kim dronlara qarşı tam müdafiəni təmin edəcək bir vasitəyə malik olmağı bacarmayıb. Bu silahlara qarşı qızıl həll yoxdur, kompleks həllərin ümumiliyi – vuran, aşkar edən, mübarizə aparan, təzyiq göstərən tədbirlərin ümumiliyi tətbiq olunmalıdır. Müasir müharibələrdə PUA-lar ən çox baş ağrısı olan silah növlərindədir”.

Yaxın perspektivdə çox sayda ölkələr silahlı mübarizə konsepsiyalarına müəyyən dəyişikliklər edəcəklər. Dəyişiklərin başa çatması isə formalaşan yeni geosiyasi vektorların bir qədər deformasiyası fonunda bir çox ölkələri hərbi doktrinalarına yenidən gözdən keçirməyə sövq edəcək. Əslində bu çox gözləniləndir, çünki son on ildə dünyada kifayət qədər geostrateji dəyişikliklər olub, ağır müharibələr baş verib, lakin NATO-nun hərbi konsepsiyası 2010-cu ildən sonra hələ də sabit olaraq “yerində sayır”.
Azərbaycan Silahlı Qüvvələri isə Qarabağdakı Qələbəsi ilə adını haqlı olaraq hərb tarixinə qızıl hərflərlə yazdırdı. “İlk kütləvi dron müharibəsi” və “ilk 5-ci nəsil müharibəsi” nominasiyalarının şəriksiz qalibi olan Azərbaycan Əsgəri bundan sonra da adını dünyanın ən uca zirvələrinə həkk edəcək.

ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı və s. kimi inkişaf etmiş və ya ciddi hərbi potensiala malik ölkələr Azərbaycanın Qarabağda tətbiq etdiyi universal silahlı mübarizə metodlarından sonra özlərinin ordu quruculuğu planlarına dəyişiklik edirlər, Ermənistanda isə Köçəryan kimi müharibə zamanı fasiləsiz pampers dəyişənlər, hələ də əzilmiş və alçaldımış erməni xalqına Şuşa və Hadrut haqqında “nağıllar” oxuyur. Əslində Ermənistanın dünyanın gözündə rəzil olmasına, 30 ildə “əldə etdiklərini” 44 gündə itirməsinə və pis-yaxşı ordu adlandırdıqları hərbi qüvvəsinin darmadağın edilməsinə, məhz Köçəryan kimi qatil rəhbərlərin və onların xaricdəki havadarlarının verdiyi dəstək səbəb oldu.
İndi isə seçim erməni xalqınındır: Əgər həqiqətən də son 9 ayda itirdiklərinə bir az da əlavə etmək istəyirlərsə və ya itirəcək bir şeyləri qalmadığını düşünürlərsə, o zaman ABŞ və Avropanın həsəd apardığı Azərbaycan Silahlı Qüvvələrinin potensialını sınamağı israrla xahiş edən qatil Köçəryanı seçsinlər. Qalanı Əsgərimizin boynuna.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments