Buraxılış imtahanlarından şikayətlər niyə çoxalıb... - DİM-ə etiraz

2 martda keçirilən buraxılış imtahanında iştirak edən 6305, 9 martda keçirilən buraxlış imtahanında iştirak edən 4676 şagird apellyasiya şikayəti verib. Bu say əvvəlki dövrlərlə müqayisədə xeyli çoxdur.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, builki buraxılış imtahanlarında apellyasiya müraciətlərinin çox olması əsasən yazılı cavab tələb edən suallarla əlaqəlidir:

“Yazılı cavab tələb edən sualları yoxlayanlar əsasən magistratura pilləsində təhsil alan tələbələr olur. Onlar Dövlət İmtahan Mərkəzində (DİM) təlimlər, treninqlər keçirlər və sonra sualları yoxlayırlar. Burada məsələ ondan ibarətdir ki, narazılıqlar ildən-ilə artır. Bu da onu göstərir ki, sualları yoxlayan marker şəxslər müəyyən qədər səhvlərə çox yol verirlər”.

“İşin pis tərəfi odur ki, biz əvvəlki illərdə apellyasiya şikayəti verəndə görürdük ki, abituriyentlərə vaxt ayrılır, dinlənilirdi. Ya ona videozəng edilir ya da telefon zəngi olunurdu. Bu imkan da indi onların əlindən alınıb. Təsəvvür edin, apellyasiya keçirilir, abituriyentin iştirakı yoxdur. Daha bunun nəyi apellyasiya oldu?! Düşünürəm ki, prosesin özü də nöqsanlıdır və düzgün keçirilmir. DİM bununla bağlı konkret olaraq nəticəyə gəlməlidir ki, markerlər sualları yoxlayarkən çox səhvlərə yol verirlər. Biz baxanda görürük ki, abituriyentlərin haqlı tərəfləri çoxdur. Bu ciddi imtahandır, insanın taleyi, gələcək karyerası, ixtisası həll olunur. Belə hallarda məsələyə ciddi yanaşmaq lazımdır. Bu məsələlərlə bağlı DİM ciddi işlər görməlidir. Abituriyentlərin bu narahatlığı nəzərə alınmalıdır”, - R.Fikrətoğlu bildirib.

Share on Facebook