Ukrayna Ali Radası bu yaxınlarda Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında imzalanmış sazişi ratifikasiya edib.
Sozcu.az xəbər verir ki, 338 xalq deputatı onun “lehinə” səs verib.
Beləliklə, bu gün parlament məhz İnvestisiya Fondunun yaradılmasına imkan verəcək hökumətlərarası sazişi ratifikasiya edib.
Bundan əvvəl ratifikasiya parlament komitələri tərəfindən təsdiq edilib, Nazirlər Kabineti isə izahat yazısı, sazişin mətninin özü və qeydiyyat kimi zəruri sənədləri təqdim edib.
Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka daha əvvəl izah etmişdi ki, tərəflərin daha sonra imzalayacağı iki əlavə texniki saziş var. Lakin onları Ali Radada ratifikasiya etmək lazım deyil.
Ratifikasiya olunmuş sənəd ikinci mərhələyə – iki “texniki” sazişin razılaşdırılmasına yol açır.
Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya telemarafonun efirində bildirib.
O, bildirib ki, ABŞ qanunvericiliyi Ukrayna ilə tərəfdaşlıq sazişinin ratifikasiyasını tələb etmir. Lakin Ukrayna parlamenti sazişi ratifikasiya etməli olub, çünki o, vergilər, rüsumlar və İnvestisiyaların Bərpası Fonduna ödənişlər məsələsini özündə ehtiva edir.
D.Araxamiya ümid edir ki, artıq sabah, mayın 9-da ratifikasiya haqqında qanun layihəsi Prezident Volodimir Zelenski tərəfindən imzalanacaq.