“Putin öz siyasətini yeritmək üçün Qarabağda münaqişə ocağını saxlamağa çalışır…”

“Və bu geo-siyasi reallıq Rusiya “sülhməramlı”ları Azərbaycan ərazisindən çıxarılanadək davam edəcək…”

“Rusiya Prezidentinin keçmiş SSRİ məkanında İttifaq Dövləti qurmaq cəhdi yeni iddia deyil və artıq xeyli müddətdir ki, bu istiqamətdə işlər də aparılır. O cümlədən Gömrük İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin fəaliyyətini genişləndirmək cəhdləri də bu qəbildən olan işlərdir”.

Sozcu.az xəbər verir ki, bu fikirləri Moderator.az əməkdaşının “Putinin “Sovet İttifaqı, tarixi Rusiyadan başqa bir şey deyildi” tezisi ilə yadda qalan son bəyanatının fonunda hazırda Rusiyanın “sülhməramlı” adlanan kontingentinin yerləşdiyi Laçın “dəhlizi” və Yuxarı Qarabağın gələcək taleyini necə görürsüz?” sualına cavabında tanınmış politoloq, ləğv olunmuş MTN-in əks-kəşfiyyat idarəsinin sabiq əməkdaşı Ərəstun Oruclu ifadə edib.

“Bura MDB-ni də əlavə etdikdə görürük ki, əslində müəyyən mənada ümumi siyasi, iqtisadi və hərbi məkan da artıq mövcuddur. Hərçənd, elə sadaladığım qurumlara üzv olan dövlətlərin arasında yetərincə ziddiyyətli münasibətlər də var. O cümlədən də elə İttifaq Dövləti məsələsinə dair də. Putinin “kvazidövlətlər” adlandırdığı postsovet ölkələrinin, hətta Kremlə loyal olan liderləri belə, öz ölkələrinin müstəqilliyini qoruyub saxlamağa çalışırlar ki, görünür, Rusiya prezidentinin ritorikası həm də bu səbəbdən belə kəskinləşir. Paralel olaraq Rusiya MDB ölkələrinə müxtəlif sahələrdə təzyiq siyasətini də intensivləşdirir ki, bu da onun plan və niyyətlərinə olan müqavimətlərin təzahürüdür. Məsələn, bu gün nəinki Rusiya-Qazaxıstan, hətta Rusiya-Belarus münasibətləri də ziddiyyətlərlə doludur. Bu da təbiidir, çünki bir tərəfdən postsovet ölkələrinin siyasi elitaları Rusiyanın siyasi və iqtisadi dominantlıq iddialarını öz ölkələri və hakimiyyətləri üçün təhdid kimi görürlər, digər tərəfdən isə Rusiyanın özü dövlət modeli kimi inkişaf üçün əlverişli deyil. Bu səbəbdən, “yumşaq güc” baxımından cəlbedici olmadığını anlayan Rusiya öz qonşularına qarşı daha çox “sərt güc” – hərbi və siyasi vasitələrlə təsir etməyə çalışır” – açıqlamasının davamında bunları söyləyən politoloq Rusiya hərbi kontingentinin Azərbaycan ərazisindən çıxarılanadək davam edəcək geo-siyasi reallıqdan da danışıb:

“Laçın “dəhlizi”ndə və Qarabağın ermənilərin yaşadığı dağlıq ərazilərində Rusiya “sülhməramlılarının” yerləşdirilməsi Kreml üçün öz planlarının reallaşdırılması yolunda əsas vəzifələrdən biri idi və o, buna da nail oldu. İndi Qarabağın taleyi yalnız Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən deyil, həm də və bəlkə də daha çox Rusiyanın Qafqaz siyasətinin hədəflərindən asılı olacaq. Təəssüf ki, bu, artıq geo-siyasi reallıqdır və həmin reallıq Rusiya “sülhməramlı”ları Azərbaycan ərazisindən çıxarılanadək davam edəcək…”

Keçmiş təhlükəsizlik zabiti “ Bəlkə elə Putin 44 günlük savaş boyu və sonra bir neçə dəfə işlətdiyi “Dağlıq Qarabağ beynəlxalq hüquq (!-S.L.) baxımından Azərbaycanın tərkib hissəsidir” deməklə dolayısı ilə Azərbaycanla yanaşı, Yuxarı Qarabağı da tarixi Rusiya ərazisi hesab etdiyini bildirir? Eyni zamanda ermənilərə “pas” atır ki, “Qarabağ tarixi baxımdan sizin də ola bilər” – üzüyola olsanız, gələcəkdə yenidən Qarabağın “azadlığı” uğrunda mübarizə aparmağınıza şərait yarada bilərik”? sualını da cavablandırıb.

“Putinin həmin təsbiti, zənnimcə, bir neçə mənada şərh olunmalıdır: əvvəla, Rusiya dünyaya mesaj verirdi ki, o, yəni Moskva münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışır və deməli, digər ölkələrin də prosesə qatılmasına ehtiyac görmür. İkinci mesaj Azərbaycana ünvanlanmışdı və bu, o demək idi ki, Azərbaycan müəyyən mərhələyə qədər öz torpaqlarını işğaldan azad etməkdə Rusiya tərəfindən müqavimət görməyəcək. Üçüncüsü, Putin Ermənistana demək istəyirdi ki, biz Qarabağ ərazisində gedən hərbi kampaniyaya qoşula bilmərik, çünki belə bir müdaxilə həm beynəlxalq hüquqa ziddir, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə. Amma bunların arxasında duran niyyətlərə gəlincə, əlbəttə ki, məqsəd Rusiyanın bölgədəki maraqlarının təmin olunmasına çalışmaq idi. Bunlar isə fikrimcə, aşağıdakılar idi: Qarabağ münaqişəsindən istifadə edərək bölgəyə “sülhməramlı” adı altında hərbi güc yerləşdirmək, münaqişəni müəyyən bir mərhələdə donduraraq saxlamaq, kommunikasiyaları nəzarətə götürmək, Paşinyanın hakimiyyətdən getməsinə nail olmaq və həm də regiona can atan digər güclərin müdaxiləsinə rəvac verməmək. Şübhəsiz ki, bütün bunların reallaşdırılması da münaqişə ocağını saxlamaq və ondan həm yaxın, həm də uzaq perspektivdə öz siyasətini yürütmək üçün istifadə etməkdən keçir. Başqa sözlərlə, prosesi başlanğıc nöqtəyə qaytarmaq…” –deyə politoloq bildirib.

Facebook Comments