Şınıx zonası İcra Hakimiyyətinin başcısı Sənan Quliyevin xatirələri

                        II hissə Yuxarıda qeyd etdiyim kimi “Azərbaycan gəncləri qəzetində “Dağlarmı günahkardır, yoxsa” başlıqlı məqalə dərc edildikdən sonra Şınıxa maraq və diqqət artmışdı. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun müəllimi Vaqif Bayramovun sədrliyi ilə Şınıx Xeyriyyə Cəmiyyəti (Şınıx Təşkilat Komitəsi) Azərbaycan SSRİ Nazirlər Sovetinin 22 yanvar 1991-ci il tarixli 21 г saylı sərəncamı ilə Şınıx zona XDS yaranmış, Şınıx zonasında rayon tipli idarə və müəssisələr təşkil olunmuşdur.  1991-ci ilin noyabr ayında respublikada XDS icraiyyə komitələri ləğv edildiyinə görə Şınıx zona XDS icraiyyə komitəsi ləğv edilmiş və Şınıx zona icra hakimiyyəti yaranmışdır... 1992-ci ilin yanvar ayında Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatında humanitar məsələlər şöbəsində baş referent vəzifəsinin icrasına başladım. Həmin dövrü xatırlayanlar bilir ki, Dağlıq Qarabağ hadisələrinin kəskin dövrü idi. Ermənistanla sərhəd bölgədə yerləşən Gədəbəy rayonunda, xüsusilə Şınıxda vəziyyət gərgin idi. Gədəbəy rayonunun digər bölgələri ilə Şınıx bölgəsinin arasında yerləşən erməni kəndi Başkənd quldur yuvasına dönmüşdü.  Şınıxda və digər sərhədyanı kəndlərdə əhali qorxu və səksəkə halında yaşayırdı. Şınıx bölgəsinin Ermənistanın iki rayonu-Krasnoselo və Berd rayonları ilə həmsərhəd olması vəziyyəti daha da çətinləşdirirdi. Milli ordu yenicə formalaşmağa başlamışdı. Şınıxın Düzrəsullu kəndində anadan olmuş polkovnik Cahangir Rüstəmovun komandanlığı altında Novosaratovka kəndində 861 nömrəli hərbi hissə təşkil olunmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyətinın başçısı Qənbər Qurbanovun rəhbərliyi ilə rayonda ordunun formalaşması, müdafiənin təşkili üçün fasiləsiz iş aparılırdı. Şınıxın kəndlərində yollar təmir olunur, sərhədboyu müdafiə işləri aparılırdı. Məni Şınıxa təhkim etmişdilər. Əsas diqqət müdafiə postlarının möhkəmləndirilməsinə yönəlmişdi. Gədəbəy rayon texniki təchizat birliyindən bir neçə “Leon” tipli ratsiya aparatlarını götürüb Şınıxın Mutudərə, Düzrəsullu, Göyəlli, Qaravəllər kəndlərində yerləşən postlarına payladım. Qaravəllər kəndinin qonşuluğunda yerləşən Tovuzun Qaralar kəndi ilə rabitə əlaqəsi təşkil etdim. 1992-ci ilin mart ayının 1-də Şınıx Zona İcra Hakimiyyətinin başçısı Musa Məmmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad olundu. Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq İsalı sovxozunun direktoru İsa Köçərliyə həvalə edildi. Həmin vaxt Rayon İcra Hakimiyyətinin başçısı Qənbər Qurbanovun tapşırığına uyğun müntəzəm olaraq Şınıxda olurdum. Zonada əhali arasında daimi bir qorxu höküm sürürdü. Başkəndlə Ermənistanın iki rayonu arasında qalan Şınıxda hərc-mərclik idi. Bir gün Şınıx zona Aqrar İstehsalat Birliyinin sədri Yusif Cəfərov və Arabaçı kəndində yerləşən “1 May” sovxozunun direktoru Baxış Nağıyev mənə yaxınlaşdılar. Onlar bildirdilər ki, gəl sən Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə razılıq ver. Qoy Qənbər müəllim səni həmin vəzifəyə təyin etsin. Zonada bu vəzifə səriştəsiz adamların əlinə keçməsin. Mən həmin təkliflə razılaşdım.  Yadında olanlar yaxşı bilir ki, həmin vaxt vəzifəyə kadrlar Rayon Soveti sədrinin Azərbaycan Xalq Cəbhəsinin rayon şöbəsinin və Rayon İcra Hakimiyyəti başçısının birgə razılığı ilə təyin olunurdu. Rayon Soveti sədrinin razılığı alınmışdı. Azərbaycan Xalq Cəbhəsi Gədəbəy rayon şöbəsinin sədrinin razılığı alınmamışdır. 1992-ci ilin may ayının 14-də Ayaz Mütəllibovun Milli Məclisin qərarı ilə yenidən Azərbaycan Respublikasının Prezidenti elan edilməsindən sonra, yəni mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi mənim təyinatımı gecikdirdi. May ayının 15-də Sabir Məmmədovun rəhbərlik etdiyi tələbələrdən ibarət silahlı dəstə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasını zəbt etdi. İcra başçısının möhürünü ələ keçirdi. Aparatın işçilərini işdən qovdular. Bir neçə gündən sonra möhür Qənbər Qurbanova verildi. Biz isə öz işimizə qayıtdıq. May ayının 28-də Respublika günü münasibətilə Ermənistanla sərhəddə yerləşən hərbi postlara yardımlar aparmaq üçün qruplar təşkil edildi. Mən Şınıxın Qaravəllər kəndi ərazisində yerləşən Ağdaş postuna təhkim olundum. Həmin gün anamın dayısıoğlu jurnalist Sabir Hüseynov da bizimlə birlikdə idi. Həmin günü hərbçilərlə birlikdə Respublika gününü qeyd etdik. Axşam saat 21 radələrində rayona –icra hakimiyyətinə qayıtdım. Rayon icra hakimiyyətində bütün otaqların işıqları yanırdı, Aparat işçiləri hamısı iş başında idi. Mənə dedilər ki, İsa Qənbərin sərəncamı ilə Qənbər Qurbanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Saat 22 radələrində Prezident Aparatının məsul işçisi Surxay Tağızadə rayona gəldi və sərəncamın icralarını təmin etdi. Qənbər Qurbanov sənədləri Saleh Rüstəmova verərkən bildirdi ki, Sənan Quliyevin Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmağı haqqında əmr hazırlayıb, istəyirsən mən imzalayım və yaxud istəsəniz siz imzalayın. Saleh Rüstəmov bildirdi ki, Sənan Quliyevi tanıyıram. Sabah əmri imzalayaram. Səhəri gün may ayının 29-da mənim Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəifəsinə təyin olunmağım barədə əmr imzalandı. Həmin gün rayon sovetinin sədri Ədalət Nəsibov məni Şınıx Zona İcra Hakimiyyətinin kollektivinə təqdim etdi. 1992-ci ilin may ayının 29-da mən həyatımın ən çətin, ən şərəfli dövrünə qədəm qoydum. Azərbaycanın qərbində yerləşən ən strateji əhəmiyyətə malik bir bölgənin idarəçiliyi mənə tapşırılmışdı. Öncə zonanın rəhbər şəxsləri, fəalları ilə görüşdükdən sonra müdafiənin hansı səviyyədə olduğunu öyrənmək üçün müdafiə postlarında oldum, əsgər və zabitlərlə görüşdüm. Zonanın Ermənistanla sərhəddində müdafiə işi yaxşı təşkil edilmişdi. Bir sıra strateji yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Sərhədboyu yüksəkliklərə ermənilər tərəfindən vaxtında yollar çəkildiyindən onlar rahat həmin yüksəkliklərdə möhkəmlənmişdilər. Milli Ordunun zabit və əsgərləri ilə görüşərkən əfsanəvi topçu-İsgəndər Aznaurov mənə yaxınlaşdı və bildirdi ki, Mor-Mor kəndi ilə Erməınistanın sərhədində yerləşən yüksəkliyi tutmasaq Şınıxın müdafiəsi təhlükə altında qalacaq. Ermənilər həmin yüksəkliyin sağ və sol tərəfindəki buza qüllə məsafəsində yerləşən yüksəkliyi tutmuşdular. Baxdım ki, çox düşünülmüş təklifdi. Lakin həmin yüksəkliyə yol yox idi. Tədbirlər planı hazırlayıb Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı Saleh Rüstəmova təqdim etdim. Zona ərazisində Şınıx zona yol idarəsinin 2 ədəd ÇTZ buldozeri var idi. Bundan başqa rayon mərkəzində Qarayev soyadlı traktorçunun idarə etdiyi Cebaksarı şəhərində istehsal olunmuş buldozer daxil olmaqla hər üç texnikanın iştirakı ilə həmin yüksəkliyə (hazırda Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə “İsgəndər qalası” adlanır) yol çəkilməyə başlanıldı. Yolun tikintisi üçün 16 ton dizel yanacağı və digər texnikaların işləməsi üçün 20 ton benzin və 2 ton motor yağı tədarük olundu.  Yanacağın əksər hissəsi Düzrəsullu kəndində sovxozun yanacaq bazasında, bir hissəsi isə Bayram Hacıyevin komandir olduğu Düzrəsullu zastavasının həyətində yerləşən yanacaq çənlərinə boşaldıldı. 1992-ci ilin iyun ayının əvvəlində başlanan tikinti işləri avqust ayının 1-dək başa çatdırıldı. Yüksəkliyə yolun çəkilişi başa çatdırıldıqdan sonra orada istehkamın qurulması işləri aparıldı. Möhkəmləndirilmiş istehkamın qurulmasında Şınıx Xeyriyyə Cəmiyyətinin körpü tikintisi üçün Şınıxa gətirdiyi dəmir materiallardan istifadə olundu. Həmin materialların daşınmasında zonada yerləşən kolxoz və sovxozların texnikası bizə kömək etdilər. Hətta həmin dövrdə Düzrəsullu sovxozuna məxsus traktorlardan biri dərəyə yuvarlandı. Traktor sıradan çıxsa da traktorçu vaxtında kabinəni tərk etdiyinə görə ölüm hadisəsi olmadı. Həmin yüksəklikdən Krasnoselonun rayon mərkəzi aydın göründüyündən ermənilərin hərəkətlərini dəqiq müşahidə etmək olurdu. Həmin vaxtlar Şınıx zonasında elə surətli hadisələr baş verdi ki, sonradan təhlil aparanda bu hadisələrin qarşısının alınmasında yalnız uca Allahın yenilməz iradəsinin mənə kömək olduğunu dərk etdim. 1992-ci ilin iyun-iyul aylarında Şınıx zonasında yerləşən hərbi dəstələrə vahid rəhbərlik yox idi. 861 nömrəli hərbi hissənin qərarhagı Novosaratovka kəndində, Şınıx müdafiəsinə cəlb edilmiş batalyonun qərargahı isə Gədəbəy şəhərində, texniki peşə məktəbinin binasında yerləşirdi. Zonada yerləşən rotaların işinə batalyon komandirlərinin müavini kapitan Əlövsət Seyidov rəhbərlik edirdi. Zona İcra Hakimiyyətin başçısı kimi Mutudərə tibb məntəqəsinin “UAZ” markalı avtomobilini Əlövsət Seyidovun sərəncamına verdim. İş qrafikim səhər saat 8-dən başlaylb, gecə saat 2 radələrinə qədər çəkirdi. Xidməti “Niva” markalı avtomobilin yanacaq çəni hər gün doldurulsa da gün ərzində zona daxilində istər vətəndaşlarla, istərsə də hərbçilərlə görüşlər tam sərf olunurdu. Yuxarıda qeyd etdiyim kimi Şınıx zonasında rayon tipli dövlət qurumları-zona polis bölməsi, təhsil şöbəsi, sosial təminat şöbəsi, mədəniyyət şöbəsi, VVAQ şöbəsi, pasport masası, zona mərkəzi xəstəxanası, yol idarəsi, tikinti idarəsi, qaz idarəsi, Avtokalona, Aqrar istehsalat birliyi və digər qurumlarla bərabər Şınıx zona rabitə qovşağı da fəaliyyət göstərirdi. Rayon mərkəzi və hərbi hissələrin qərargahları ilə rabitə əlaqələri hər an ermənilərin yaşadıqları Başkənd kəndinin ərazilərindən keçirdi. Rabitə əlaqələri hər an danışıqların ermənilər tərəfindən dinlənilməsi təhlükəsi var idi. Buna görə də qərara aldıq ki, Tovuz rayonunun ərazisindən keçməklə Düzrəsullu kəndi ilə Novosaratovka kəndi arasında yeraltı rabitə xətti çəkilsin. Bu işə rəhbərlik Şınıx rabitə qovşağının mühəndisi Ələddin Sarıyevə tapşırıldı. O, bu işin öhdəsindən layiqincə gəldi. Beləliklə, Şınıxla-Novosaratovka kəndi arasında etibarlı rabitə xətti quruldu. Şınıx Zona İcra Hakimiyyəti və Şınıx polis bölməsi Düzrəsullu kənd orta məktəbin binasında yerləşirdi. Həmin məktəb Şınıx zonasında tikilmiş ilk müasir tipli məktəb idi. 1992-ci ilin iyun ayının əvvəlində Şəmkir rayonundan olan igid oğlanlardan təşkil olunmuş “Dəli Kür” hərbi dəstə Şınıxa gəldi. 76 nəfərlik dəstə Düzrəsullu kənd orta məktəbinin binasında Şınıx Zona İcra Hakimiyyətinin qonşuluğunda yerləşdirildi. Zonada yerləşən hərbi hissələr ilk vaxtlar ərazidə yerləşən 6 çörəkbişirmə müəssisələri tərəfindən çörəklə və digər ərzaqlarla təmin olunmuşdu. Düzrəsullu kəndində yerləşən rotanın komandiri Tofid İsmayılov əvvəllər Şınıx Zona İcra Hakimiyyətinin işçisi olmuşdu. Onların iş yerləri saxlanılırdı. Düzrəsullu rotasının tərkibinə daxil olan Məzahir Rüstəmovun xidmət etdiyi vzvod mühüm strateji məntəqədə Krasnoselo-Başkənd yolunun üstündə Mutudərə kəndində yerləşirdi. Vzvod komandirinin müavini kimi Məzahir Rüstəmovun sayəsində Mutudərə zastavasında ciddi intizam qaydaları hökm sürürdü. Hər dəfə həmin zastavaya baş çəkəndə mən orada daha bir yeniliyin şahidi olurdum. Şınıxın müdafiəsinin təşkilində İsgəndər Aznaurovun müavini Sahib Rüstəmovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Sahib Rüstəmov istedadı və bacarığı ilə ad çıxarmışdı. Qeyd etdiyim kimi sərhəd postlarının qurulması işi yarımçıq qalmışdı. Göyəlli, Qaravəllər kəndlərinin yaxınlığında yerləşən hərbi postların qurulmasına Yevlax rayonundan gəlmiş tikinti briqadası cəlb edilmişdi. İşin gedişi bizi qane etmirdi. Ona görə də işi sürətləndirmək üçün zonada yerləşən 2 kolxozun və 3 sovxozun texnikasının bu postların tikintisinə cəlb etməli oldum. Ermənsitanın Krasnoselo rayonundan daim Şınıxa hücüm gözlənilirdi. Krasnoselo-Başkənd yolu müasir tipli yol idi. Həmin yolda bütün növ hərbi texnika asanlıqla hərəkət edə bilirdi. Hücüm təhlükəsini azaltmaq, hər hansı hücüm planının qarşısını almaq üçün yolun partladılması lazım olacaqdı. Bunun üçün Şınıx yol idarəsindən Balakən rayonuna partlayıcı maddə gətirmək üçün avtomobil göndərdim. 1 tona yaxın partlayıcı maddəni 861 nömrəli hərbi hissəyə təhvil verdik. Şınıxın müdafiəsində əməyi olan şəxslərdən biri, xeyriyyəçi, səmimi insan Dövlət Məmmədovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Dövlət Məmmədovla məni qohumum jurnalist Sabir Hüseynov tanış etdi. Dövlət Məmmədov gecəgörmə cihazlar daxil olmaqla xeyli hərbi sursat gətirmişdi. Bundan başqa tikiş maşınları da gətirmişdi ki, Şınıxda əhalinin məşğulluğuna kömək etsin. Hərbi sursat hissələrə təhvil verildikdən sonra Sabir Hüseynov, Dövlət Məmmədov və mən Dördlər kəndində Aşıq Musanın qonağı olduq. Gecə səhərə qədər Şınıxın müdafiəsi və gələcəyi barədə söhbətlər etdik. Başkənd təhlükə mənbəyi olaraq qalırdı. Ermənilər çalışırdılar ki, Şınıxın sərhəd kəndləri arasında hərbi postlar yerləşdirsinlər. Onların bütün cəhdlərinin qarşısı qətiyyətlə alındı və Başkənd ətrafında erməni postlarının qoyulmasına imkan verilmədi. Yalnız Başkəndin giriş və çıxışında postlar qalırdı. Novasaratovkadan Şınıxa-Başkəndə girmədən əlavə yol çəkilmişdi. Həmin yol çox təhlükəli idi. Tək avtomobilin həmin yolda hərəkət etməsi mümkün deyildi. Yuxarıda qeyd etdiyim kimi ermənilər 1990-cı ilin yanvar ayının 30-da Başkənd ərazisində olan “jiquli” avtomobilini dayandırmış və avtomobildə olan şəxsləri qəddarlıqla öldürmüşdülər. Bir gün Ermənilər Şınıxa gələn avtomobilin qabağını kəsərək onlara maneçilik törətmək istəmişdilər. Biz kəndin rəhbərliyi ilə Mutudərə zastavasının yaxınlığında danışıq aparıb, onların bu hərəkətlərinə son qoymasını tələb etdik. Ermənilər özlərini çox narahat hiss edirdilər. Krasnoselo-Başkənd yolunun üzərində yerləşən Mutudərə zastavasından onların bütün hərəkətlərinə nəzarət olunurdu. 1992-ci ilin son günləri idi. Batalyon komandirinin müavini Əlövsət Seyidov mənə yaxınlaşıb bildirdi ki, ermənilər Başkənddə Sizinlə danışıq aparmaq istəyirlər. Biz isə adətən Mutudərə zastavasının ərazisində danışıq aparırdıq. Mən təklifi qəbul etmədim və ona bildirdim ki, mənim kəndin içərisinə gedib ermənilərlə hər hansı danışıq aparmaq fikrim yoxdur. Həmin danışıq rayon və respublika rəhbərliyi ilə razılaşdırılmamışdır. Əlövsət Seyidov sürücü Məhərrəm və Düzrəsullu kəndinin icra nümayəndəsi Vilayət Məmmədov birlikdə Başkəndə getdilər. Mən bir neçə nəfərlə Başkəndlə Düzrəsullu sərhəddində idim. Aradan 20 dəqiqə keçdikdən sonra gördüm ki, Əlövsət Seyidovun getdiyi “UAZ” markalı avtomobil sürətlə bizə tərəf gəlir. Avtomobil gəlib yanımda dayandı. Avomobili Əlövsət Seyidov idarə edirdi. Seyidovun yanında bir nəfər kapitan formasında erməni hərbçi oturmuşdu. Onun əlində qumbara var idi. Ermənilər Vilayət Məmmədov və Məhərrəmi avtomobildən düşürüb, onları döymüş və Seyidovdan mənim Başkəndə gətirilməyimi istəmişdirlər. Seyidov məndən bir daha Başkəndin mərkəzinə gedib ermənilərlə görüşməyimi istədi. Mən ermənilərin çinkin niyyətini başa düşüb, getmədim. Seyidovdan onlarla gələn erməni hərbçisini də götürüb ərazini tərk etməsini tələb etdim. Sonradan öyrəndim ki, görüş baş tutsaydı ermənilər məni kirov götürəcəkdilər.. Aradan bir müddət keçdi. Axşam saat 22 radələri olardı: Yaşadığım evin yaxınlığında yerləşən posta idi. Güclü atışma başladı. Məlum olmayan qüvvələr tərəfindən post və mənim yaşadığım ərazi atəşə tutulurdu. Mən dərhal ratsiya ilə Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevdən və Düzrəsullu kəndində yerləşən “Dəli Kür” dəstəsindən kapitan Sərdar Heydərov başda olmaqla kömək istədim. Sərdarın dəstəsi bizim evə gəldi, Tofiq Qarayevin dəstəsi digər tərəfdən Göyəlli kəndindən həmin posta tərəf irəlilədi. Hərbi köməyin gəldiyini görən silahlı dəstə üzvləri atəşi dayandırıb qaçmalı oldular. Həmin gündən qədər sonra səhəri Bakıda yaşayan dayım Fərman Süleymanov axşam saat 20 radələrində bizim evdə mənimlə söhbət edirdi. Bir ar keçmiş Fərmandan böyük olan dayım İsbəndiyar idarə ediyi “Ural” markalı avtomobillə bizim yanımıza gəlirdi. Dayım Fərmanla mən onun qabağına çıxdıq. Bu zaman evin qabağındakı kolluqdan atılan güllə Fərmanla mənim aramdan keçdi. Vəziyyət çox ciddi idi. Müəyyən qüvvələr zonada aparılan işlərə maneçilik törətmək və ərazidə hərc-mərclik yaratmaq istəyirdilər. Mən Gədəbəy rayon polis şöbəsinə müracət edərək təhlükəsizliyimin qorunması üçün kömək istədim. Rayon polis şöbəsi isə mənim müraciətimə müsbət yanaşmadı. Şınıxda bizim qohum- əqrabanı “çeçenlər” adlandırırdılar. Ona görə də məkrli qüvvələr açıq şəkildə mənə qarşı təxribat törədə bilmirdilər. Hərəkət marşurutumu tez-tez dəyişməli olurdum. Bu isə onların çirkin niyyətlərini həyata keçirməyə mane olurdu. Yaşadığım ev Ermənistan sərhəddinə yaxın idi. Kəndin ərazisindən Ermənistan ərazisinə atılan qrad mərmilərin ikinci atışı bizim evin üstündə baş verdi. Zonanın rəhbər şəxslərindən Göyəlli kəndinin icra nümayəndəsi Ələddin Qurbanov, Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyev, Düzrəsullu kənd icra nümayəndəsi Vilayət Məmmədov, Arabaçı kənd icra nümayəndəsi Mirzə Quliyev, Arabaçı sovxozunun direktoru Baxış Nağıyev, Göyəlli kolxozunun sədri Subhan Orucov, Hacılar kolxozunun sədri Mədəd Hacıyev, Şınıx zona Aqrar İstehsalat Birliyinin rəisi Nazim Babayev və Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevlə birgə ərazidə müdafiənin təşkili, ictimai asayişin qorunması, əhalinin təhlükəsizliyinin təmin olunması üçün fasiləsiz olaraq gərgin iş aparırdım. İsgəndər Aznaurovun topçu dəstəsi Mor-Mor kəndinin üstündə “Daşlı boyun” deyilən ərazidə erməni mövqelərindən aşağıda yerləşirdi. Ermənistanın hədəf nöqtələrini müəyyən etməkdə çətinlik yaranırdı. Həmin vaxtlar xidməti “Niva” markalı avtomobillə Hacılar kəndinin ərazisində yerləşən teleötürücü qüllənin yaxınlığındakı təpəyə çıxaraq ermənilərin atəş nöqtələrini müəyyən edib koordinantları İsgəndər Aznaurova ötürdük. Bu işdə icra nümayəndələri Ələddin Qurbanov və Əsəd Alıyev mənə yaxından köməklik göstərirdilər. İsgəndər Aznaurovla birlikdə bizim evin yaxınlığında yerləşən təpədə quraşdırılmış 100 mm-lik topun şəxsi heyəti də fədakarlıq göstərirdilər. Onlar tərəfindən ermənilərə məxsus hərbi texnikanın hərəkətinə imkan verilmirdi. Ləzgiqaya yüksəkliyi və ətraf ərazilər daim həmin topun nəzarətində olurdu. 1992-ci ilin avqust ayı yaxınlaşdıqca Şınıxda vəziyyət gərginləşirdi. Ara-sıra baş verən hadisələr nəticəsində Novasaratovka-Başkənd-Şınıx yolu, Krasnoselo-Başkənd yolu bağlanırdı. Bu isə hər iki tərəfdə hərbi toqquşmanı yaxınlaşdırırdı. Novosaratovkadan-Şınıxa getmək üçün Tovuz rayonunun Böyük Qışlaq kəndindən keçməklə uzun bir yol keçilməli olurdu. Avqust ayının 2-də erməni hərbçilərinin atdığı top mərmisi Şınıxın Çayrəsullu kəndində Sinəxanım Məmmədovanın yaşadığı evə düşdü. Ermənilərin top atəşi nəticəsində zonada elektrik enerjisi kəsildi. Mənim iş yerimlə (Düzrəsullu kəndi) qaldığım (Sonalar kəndi) yerin arasında 11 km məsafə var idi. Axşam saat 9 radələrində xidməti avtomobili ratsiya ilə yanıma çağırdım. Çünki, avtomobillərdə olan ratsiya ilə ətraf aləmlə əlaqə saxlayırdım. Sürücü Qabil Məmmədov iş yerinin yaxınlığında, Düzrəsullu kəndində qalırdı. O, çağırışa gəlməkdən imtina etdi. Məcbur olub Hacılar kolxozunun sədri Mədəd Hacıyevlə birlikdə QAZ-53 markalı avtomobillə iş yerinə gəldim. Qabil Məmmədov yenə də avtomobili idarə etməkdən boyun qaçırdı. Bir təhər Düzrəsullu kənd sakini Sultanəli Cəfərov xidməti avtomobili idarə etməyə razı saldıq. Xidməti avtomobillə Çayrəsullu kəndinə hadisə yerinə getdim. Ermənilərin top mərmisinin partlaması nəticəsində Sinəxanım Məmmədova və ailənin digər 2 üzvü həlak olmuşdu. Əhali vahimə içərisində idi. Zonanın rəhbər şəxslərini səfərbər edib ərazidə sakitlik yaratdıq. Rayon rəhbərliyi ilə əlaqə saxlayıb səhəri gün həlak olanları dəfn etdik. Həmin vaxt on min nəfərlik əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən Şınıx zonasında sərhədlərin müdafiəsi ilə yanaşı əhalinin təhlükəsizliyinin qorunması ən aktual məsələyə çevrilmişdi. Avqust ayının 3-də Ermınistanın Krasnoselo rayonu ilə Mutudərə kəndinin sərhəddində atışma zamanı 3 nəfər erməni yaraqlısı öldürüldü və xeyli hərbi sursat ələ keçirildi. Vəziyyət getdikcə çətinləşirdi. Ermənilər Krasnoselo-Başkənd yolunu açmaq üçün hücüma hazırlaşırdılar. Mutudərə və Qasımağalı kəndlərinin əhalisinin köçürülməsi zərurəti yarandı. Rayondan bir neçə avtobus və İsalı sovxozunun avtomobilləri vasitəsilə hər iki kəndin əhalisinin bir hissəsini çıxara bildik. 1992-ci ilin avqust ayının 6-da səhər tezdən Mutudərə zastavasının komandiri Şahbaz və Mutudərə kənd sakini Ələddin müəllim mənim yanımda oldular. Onlar ermənilərin hücüm edəcəyini və buna görə də Mutudərə zastavasına əlavə kömək verilməsini istədilər. Mən dərhal polis bölmə rəisi Tofiq Qarayev başda olmaqla 20 nəfər milis işçisini, Sərdar Heydərov başda olmaqla “Dəli Kür” dəstəsindən 20 nəfər hərbiçini-cəmi 40 nəfəri Mutudərə zastavasına köməyə göndərdim. Ermənilərin ilk hücümü saat 12 radələrində dəf edildi. Həmin vaxt ratsiya ilə məlumat verdilər ki, Ermənilər Şınıxın digər hissəsində yerləşən Qaravəllər kəndini atəşə tutub. Xeyli ölən və yaralanan var. Şınıx polis böləməsinin rəisi Tofiq Qarayevlə birgə təcili yardım briqadası götürüb. Qaravəllər kəndinə getdik. Kəndə çatanda gördük ki, ermənilərin atdığı top mərmiləri bir neçə evin həyətyanı sahəsinə düşsə də xoşbəxtlikdən ölüm yoxdur. Saat 14 radələrində Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyevlə (onun avtomobilində ratsiya var idi.) Çayrəsulluya qayıtdım. Yolda Mutudərəyə köməyə göndərdiyim polis işçisi Şakirlə rastlaşdım. Ondan soruşdum ki, Sizin dəstə Mutudərəni müdafiə etməli idi. Nə oldu? Dedi ki, köməyə göndərdiyin hərbi dəstəni geri çağırdılar. Erməni tankları artıq Mutudərəni keçib Başkəndə giriblər. Xidməti avtomobili ratsiya ilə çağırdım. Avtomobil Çayrəsullu məktəbinin yaxınlığında Şınıx-Qaradaş yolunun üstündə durmuşdur. Aramızda 150 metrə masafə var idi. Əsəd Alıyev kəndə qayıtdı. Mən avtomobilin yanındakı körpünü keçib yola çıxdım. Sürücü avtomobili qaçırmışdı. Ərazidə köç başlamışdı. Bütün kəndlərdə əhali daşınan əşyaları müxtəlif növ nəqliyyat vasitələrinin köməyi ilə ərazidən çıxarırdı. Şınıx mədəniyyət şöbəsinin avtomobilinin sürücüsü Qoşqar Tağıyevin köməyi ilə xidməti avtomobili Tovuz rayonunun Qaradağ kəndi ərazisində tapdım. Artıq gecə saat 12 radələri olardı. Sürücü qəti olaraq avtomobili idarə etməkdən imtina etdi. Mən bir neçə nəfərin köməyi ilə avtomobili Qabil Məşədiyevdən aldım. Mədəniyyət şöbəsinin sürücüsü Qoşqar Tağıyev məni qardaşım Adıgözəli və bir nəfər adını bilmədiyim kapitan rütbəli hərbçini Tovuzla Şınıx sərhədinə gətirdi. Həmin vaxt Qoşqarın ailə üzvləri bizim yanımıza gəldi və onun avtomobili idarə etməsini istəmədilər. Mən heç bir sürücülük təcrübəsi olmadan xidməti avtomobili idarə etməyi qərara aldım. Bir təhər avtomobili Çayrəsullu kəndinə gedənə qədər idarə etdim. Ratsiya ilə bütün postlarla əlaqə saxladım və əhalinin sakitliyinə çalışdım. Xalam oğlanları Baxış Hüseynovla Talıb Həmzəyevi köməyə çağırdım. Həmin gecə avtomobili xalam oğlu Baxış Hüseynov idarə etdi. Həmin gecə Düzrəsullu-Başkənd və Tovuz rayonunun Göyəbaxan kəndlərinin sərhədində yerləşən “Qaradağ” postunda Məhərrəm Ələsgərov ratsiyada fasiləsiz olaraq kimləri isə söyür, onları satqın adlandırırdı. Sonradan öyrəndim ki, Məhərrəmin mənim və digərlərinin həmin gecə ratsiya ilə olan danışıqlarını Şınıx Xeyriyyə Cəmiyyətinin sədri Vaqif Bayramov yazdırırmış. Gecə Gədəbəy tərəfdən Böyük Qışlaq yolu ilə Məhərrəm Hüseynovun dəstəsi köməyə gəldi. Gecə həmçinin Gədəbəy rayon prokurorunun köməkçisi Aytəkin Paşayev MTN Gədəbəy rayon şöbəsinin rəis müavini Vahid İsmayılov və Şahin Əliyevdə Şınıxa gəlmişdilər. Onlarla mən Şınıxın mərkəzində yerləşən bazarın yanında görüşdüm. Vəziyyətlə tanışlıqdan sonra avqustun 7-də onlar rayon mərkəzinə qayıtdılar. Səhər tezdən ermənilərin hücumu nəticəsində Mutudərənin müdafiəsi zamanı Məzahir Rüstəmovun qəhrəmancasına həlak olması xəbərini aldım. Gecə ikən qadınlar və uşaqlar kəndləri tərk etmişdilər. Postlarda dayanan əsgərlərə yemək çatdırmaq lazım idi. Odur ki, onlara çörək və digər ərzaqlar toplayıb özümüz çatdırmalı olduq. Ayın 7-də Başkəndə Gədəbəy tərəfdən hücüm gözlənilsə də, həmin gün heç bir əməliyyat aparılmadı. Avqustun 8-də Başkəndin, Mutudərə və Qasımağalı kəndlərinin erməni işğalçılarından azad edilməsi planı hazırlanmışdı. Şınıx tərəfdə Fərzalı xəstəxanasında gərargah yatarmışdıq. Şınıx zonasında döyüşən əsgər və zabitlərin ərzaq təminatını, yaralanan və ölən hərbçilərin daşınması və yerləşdirilməsi işlərini qərargahdan idarə edirdim.  (ardı var) Sənan Quliyev 

Aytən Səfərovanı efirə buraxmırlar? - Özü açıqladı

İlk günlərdən “Xəzər” telekanalının rəhbəri Murad Dadaşov başda olmaqla çalışdığım telekanalın hər bir əməkdaşı mənim yanımdadır. Onlar bir gün də olsa məni tək buraxmayıblar. Sozcu.az xıbır verir ki, bu sözləri Globalinfo.az-a Xəzər TV-nin aparıcısı Aytən Səfərova efirə buraxılmaması iddiaları haqda danışarkən deyib. O, xəbərləri təkzib edib: “Sadəcə, səhhətimlə bağlı özüm, ailəm və həkimlər işə çıxmağımı məqbul saymırdılar. Ona görə də “Xəzər” telekanalında efirə buraxılmamağım haqqında yayılan məlumatlar böyük bir dezinformasiyadır. Özüm də o xəbəri oxuyan zaman şoka düşdüm. Lakin belə şayiələrə fikir vermək lazım deyil. Hətta bir ara məlumat yaymışdılar, guya rəhmətə getmişəm”. A.Səfərova efirə nə zaman qayıdacağını açıqlamayıb: “Düzü, bu haqda danışmaq istəmirəm, hələ tezdir. Hazırda əsas məsələ mənim psixoloji və ümumi səhhətimin tam yerinə düşməsidir. Amma Xəzər TV mənim üçün, mən də onlar üçün dəyərliyəm”.

Kürdə batan hərbçinin atası DANIŞDI

Xəbər verdiyimiz kimi, Kür çayının Tovuzun Hunanlar kəndi ərazisindən keçən hissəsində bədbəxt qeydə alınıb. Rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Kür çayına düşüb. Həm vaxt avtomobildə Abulbəyli kənd sakinləri 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Elxan Sadıqov və 32 yaşlı Turqut İbrahimov da olub. Nəqliyyat vasitəsini suya düşdükdən sonra Turqut İbrahimov üzərək sudan çıxa bilib.  Digər üç nəfər isə avtomobillə birlikdə batıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilərə nəzarət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda Kürdə batan şəxslərin axtarışları davam etdirilir. Modern.az xəbər verir ki, Tural Quliyevin atası Hüseyn Quliyev çaya düşən şəxslərin istirahət məqsədilə əraziyə gəldiyini bildirib. "Buradan keçən köhnə yolu sel yuyub. Onların da bu barədə məlumatım olmayıb. Gəlib həmin yerdən çaya düşüblər. Oğlum ailəlidir, üç uşağı var. Digər batan şəxs - Cəfərov Vüqar Rəsul oğlu isı bacım oğludur", - o deyib. Modern.az-ın məlumatına görə, Tural Quliyev Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub.

Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı

Bu gündən www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, 2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də başa çatıb. Yeni tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə iyunun 13-ü saat 15:00-a qədər davam edəcək. Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Azərbaycanda hərbçilərə “TikTok” qadağan ediləcək? - AÇIQLAMA

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib. Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib. Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb. Qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir. Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün bu sosial şəbəkədən istifadə məhdudlaşdırılıb. Azərbaycanda da ara-sıra "TikTok"un bağlanmasına çağırışlar edilib, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması göstərilir. Hərbi əməliyyatlar zamanı ölkədə "TikTok"un fəaliyyəti məhdudlaşdırılsa da, bir müddət sonra yenidən bərpa edilib. Türkiyədə hərbçilərə sözügedən sosial şəbəkədən istifadənin qadağan edilməsindən sonra Azərbaycanda da oxşar addımların atılması ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, hərbi qulluq zamanı sosial şəbəkədən istifadə təhlükəsizliyə təhdid növlərindən biridir: "Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadənin qadağan olunması, məlum məsələdir ki, təhlükəsizliklə əlaqədardır. Təhlükəsizliyə təhdidin qarşısı mütləq şəkildə alınmalıdır. Tək "TikTok" deyil, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə qoşunların dislokasiyası, özlərinin müəyyən hərəkət marşrutlarının dəyişilməsi ilə bağlı paylaşımların hansı fəsadları doğurmasını artıq praktikada görmüşük. Bununla paralel olaraq, Azərbaycanda da müəyyən qanunlar qəbul olunub. Söhbət, təbii ki, "TikTok"dan getmir. Amma dislokasiya ilə əlaqədar "Facebook" sosial şəbəkəsində hərbçilərin öz yerlərini göstərmələri böyük problemlərə gətirib çıxarır. Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsində belə bir qərarın qəbul olunması Silahlı Qüvvələrin təhlükəsizliyinin təmin edilməsindən başqa bir şey deyil. "Facebook" və digər sosial şəbəkələrin dövlətlərdə nümayəndəliklərinin açılması məsələsi də gündəmə gəlmişdi. Bir sıra dövlətlər, o cümlədən Türkiyə də bu məsələni həll etdilər. Çünki sosial şəbəkələrdə yayılan məlumatlardan düşmən xarici xidmət orqanları da istifadə edirlər. Geosiyasi mövqeyimiz elədir ki, hər problemin yaradılmasında sosial şəbəkələrin iştirakından istifadə mümkündür". A.Nağıyev qeyd edib ki, hərbçinin şəxsi vaxtında etdikləri özünü əlaqələndirir, amma hərbi qulluq zamanı bu belə deyil: "Məlumdur ki, düşmən yatmır və sosial şəbəkələr vasitəsilə onların xüsusi xidmət orqanları cəlbetmələri həyata keçirir, hətta nüfuzdansalıcı materiallar əldə etməyə cəhd göstərirlər. Ona görə də düşünürəm ki, bu, çox vacib məsələdir. Məsələnin hansı ciddi fəsadlar doğuracağı ciddi düşünülməlidir. Gələcəkdə ən mühüm məsələ dövlətin və dövlətçiliyin təhlükəsizliyi və ona olan təhdidin qarşısının alınmasıdır". Hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, sosial şəbəkələrdən istifadəyə orduda, sadəcə, bir qisim şəxsə icazə var: "Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət edən şəxsi heyətlə informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və sosial şəbəkələrdən istifadənin yarada biləcəyi nəticələr barədə ardıcıl olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların xidmətə qəbul olunması zamanı onlarla müəyyən öhdəçiliyin götürülməsilə əlaqədar iltizamnamələr imzalanır. Lakin bəzən bir neçə hərbi qulluqçu tərəfindən öhdəçiliyin pozulması hallarının şahidi olmuşuq. Belə hallar aşkar edildikdə hətta həmin hərbi qulluqçuların xidmətdən tərxis olunması istiqamətində əmrlər də imzalanıb. Təbii ki, "TikTok" sosial şəbəkəsində Azərbaycanın mənəvi-əxlaqi dəyərlərinə zidd olan, gənclərin, yeniyetmələrin əxlaqi tərbiyəsində kifayət qədər mənfi rol oynayacaq paylaşımlara da rast gəlinir. Orduda xidmət edənlərin əksəriyyətinin gənclərdən ibarət olduğu nəzərə alınaraq, onları da bu sosial şəbəkənin ziyanlı təsirindən qorumaq üçün aidiyyəti rəhbər şəxslər tədbirlər planlaşdırırlar. Şəxsi heyətlə görüş və söhbətlər aparılır. Hazırda Silahlı Qüvvələrdə "TikTok" sosial şəbəkəsinin istifadəsi, onsuz da, qadağandır. Məhdud sayda hərbi qulluqçuya sosial şəbəkədən istifadə etməyə icazə verilir. Ona görə də gələcəkdə yeni təkliflərin hazırlanması mümkündür". Ə.Verdiyev vurğulayıb ki, yaxın perspektivdə sosial şəbəkələrlə bağlı müəyyən qərarların şahidi olacağıq: "Bildiyim qədərilə, "TikTok"un Azərbaycandakı rəhbərliyi ilə bu sosial şəbəkənin ziyanlı təsirlərinin ölkə ərazisində məhdudlaşdırılması istiqamətində danışıqlar aparılıb. Yəqin ki, yaxın perspektivdə biz sosial şəbəkələrin ziyanlı istiqamətlərinin Azərbaycanda yayımlanmaması üçün müəyyən qərarların şahidi olacağıq. Bu da yalnız hərbçiləri deyil, azyaşlıları və digər kateqoriyadan olanları da əhatə edə bilər".

Şagird dərs vaxtı xəsarət alıb? - Ailəsi məktəbdən şikayətçidir

Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadə dərs zamanı kəllə-beyin travması alıb. Bu barədə Qaynarinfo-ya Şakir Cəfərzadənin nənəsi Zöhrə Dadaşova məlumat verib. Onun sözlərinə görə, həmin vaxt müəllim sinifdə olmayıb. Şakir Cəfərzadənin sinif yoldaşı butulka ilə onun başına zərbə endirib. "Hadisə mayın 27-si baş verib. Sistem dərsi olub. Müəllim sinifdə olmayıb. Şakirin sinif yoldaşı onun başına içi su dolu butulka ilə iki dəfə zərbə endirib. Biz bunu bir neçə gün sonra bilmişik. Şakir evə gələndə gözləri qızarmışdı. Yemək yemədi, dedi iştaham yoxdur. Uzandı yatdı və o gündən yataq xəstəsi olub. Elə bildik soyuqdəymədir. Amma sonradan məlum oldu ki, başına zərbə dəyib və travma alıb. İndi burnundan qan gəlir, yemək yeyə bilmir, nə yeyir qaytarır. Tez-tez təzyiqi qalxır", deyə Zöhrə Dadaşova bildirib. Şakir Cəfərzadənin nənəsi və anası baş vermiş hadisəyə görə məktəb rəhbərliyini ittiham edirlər. "Müəllim dərsdə olmayıb. Bundan başqa, uşaq dərsə getmir. Maraqlanan yoxdur ki, bu uşaq haradadır. Bəlkə elə mən dərsə göndərirəm, o getmir. Bir soruşsunlar da, sizin uşağa nə olub, niyə dərsə gəlmir?" - Şakir Cəfərzadənin nənəsi bildirib. Şagirdin anası isə qeyd edib ki, onun övladını müalicə etdirməyə imkanı yoxdur: "Özüm onkoloji xəstəyəm. Yoldaşımdan ayrılmışam. Xəstə ola-ola işləmək məcburiyyətindəyəm. Amma aldığım maaş heç dolanışığımıza yetmir. Ona görə də bu hadisəni törədən, bu hadisədə günahkar olanlar balamı zəhmət çəkib balamı sağaltsınlar". Məsələ ilə əlaqədar 262 saylı orta məktəblə əlaqə saxlanılıb. Oradan isə rəhbərliyin iclasda olduğu bildirilib. Sonrakı zənglərə isə cavab verilməyib.

Bu binalarda mənzillər niyə bahadır?

Bakıda "Xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması ilə bağlı xəbərlər yayılır. Bu hal mənzil bazarında qiymətlərə necə təsir edəcək? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən pilot layihələr üzərindən köhnə, xüsusən də istismar müddəti bitən qəzalı binaların söküntüsünə start verilib. "Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi sökülərək yerində yeni binalar tikilib. Dünya ölkələrinin praktikasına nəzər salsaq, görərik ki, istismar müddətini bitirmiş binalarda mənzillərin satış qiyməti yenilərindən 50% ucuz satılır. Hazırda Bakı şəhərində istismar müddətini bitirmiş binalarda 11 minə yaxın mənzil var". Ekspert qeyd edib ki, ölkəmizdə pilot layihələr üzərindən söküntü işləri başlayandan istismar müddətini bitirən binalardakı mənzillərin qiymətləri kəskin bahalaşdı. "Qiymət artımının müxtəlif səbələri var. Sökülən binada mənzili olan şəxsə yeni tikilidən daha böyük sahəli və təmirli mənzil verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər satılmır və qiyməti bahalaşır. Belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımçılar olur. Həmin şəxslər köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarır və iki dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə kirayə pulu da verirlər ki, bu da əlavə qazancdır", - deyə o qeyd edib.

Ensiklopediyanın növbəti cildi yarım milyona çap ediləcək

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi nəşr ediləcək. Sozcu.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. Artıq Milli Ensiklopediyanın 11-ci cildi çapa hazırdır. Hazırda nəşriyyat axtarışında olan mərkəz cildin nəşrinin 519 000 manata başa gələcəyini ehtimal edir. Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri ənənəvi olaraq Almaniyada çap edilib. Lakin 2022-ci ildə ensiklopediyanın 10-cu cildi pandemiya şəraitindən irəli gələn çətinliklərə görə Bakıdakı nəşriyyatların birində çap olunub. 11-ci cildin də paytaxtdakı nəşriyyat mətbəəsində çapa verilməsi nəzərdə tutulub.

Prezident Fateh Birolu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlandı. Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparıldı. Ölkəmizlə Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirildi. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edildi, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulandı. Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olundu. *** Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakıda əməliyyat: qadın saxlanıldı

Paytaxtın Yasamal rayonunda 26 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Toy axşamı özünü öldürən bəylə bağlı yeni faktlar - VİDEO

Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub. Belə ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb. O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı: "Bağa getmişdim, dedim bəlkə traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı". Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Əhliman Omarovun sevgi münasibəti üç il davam edib və aralarında heç bir problem olmayıb. Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib. Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

143 milyonluq mənimsəmə: 2 hərbçi həbs olundu

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib. Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. DTX-nin İstintaq baş idarəsi tərəfindən sabiq maliyyə xidmət rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib. Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədiyi üçün barələrində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.

AYNA hədəfinə nail oldu: Bakıda taksilər kəskin bahalaşdı

Bakıda taksi xidmətləri ilə bağlı yeni qaydaların tətbiqinə bir aya yaxın vaxt qalmasına baxmayaraq, artıq bir neçə gündür qiymətlərdə bahalaşma başlayıb. Sozcu.az xəbər verir ki, 1 iyundan bütün taksi xidmətlərində 50% civarında artım müşahidə edilir. Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Artıq bir müddətdir taksi şirkətləri yeni qaydaların tətbiqinə hazırlıqlara başlayıb. Bu isə ixtisarlara, bəzi taksi şirkətlərinin bağlanmasına səbəb olub ki, nəticədə təklif azalıb. Xatırladaq ki, yeni qaydaların tətbiq olunmasının əsas səbəblərindən biri də Bakıda taksilərin sayını azaltmaqdır və AYNA bu hədəfinə nail olmaq üzrədir.axar.az)

Bill Qeyts inəklər üçün "iqlim peyvəndi" hazırlayır

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts inəklər üçün "iqlim peyvəndi" hazırlayır. Sozcu.az xəbər verir ki, kənd təsərrüfatı sektorundan istixana qazı emissiyalarını azaltmaq üçün texnologiyanın inkişafında qabaqcıl olan "Arkea Bio Corp" artıq yeni bir peyvənd hazırlamağa başlayıb və A seriyası üçün 26,5 milyon dollar vəsait toplayıb. Bildirilib ki, "ArkeaBio" gövşəyən heyvanlardan (buynuzlu mal-qara, qoyun və keçilər daxil olmaqla) metan emissiyalarını kəskin şəkildə azaltmaq üçün innovativ peyvənd hazırlayır və peyvəndlərin qlobal ət və süd istehsalının sürətlə karbonsuzlaşdırılmasında sərfəli həllərdən biri olacağını gözləyir. Məlumata görə, "ArkeaBio" ilk böyük sərmayəsini 2022-ci ilin sonunda amerikalı iş adamı Bill Qeyts tərəfindən təsis edilmiş "Breakthrough Energy Ventures" investisiya fondundan alıb. Dünya İqtisadi Forumu (WEF) planı dəstəkləyərək, bunun "iqlim böhranına mühüm cavab" olduğunu bildirib. Britaniyanın əczaçılıq nəhəngi "GlaxoSmithKline" (GSK) dekabr ayında öz saytında yazıb ki, "İqlim dəyişikliyi qarşısında vaksinlər kritik, lakin qiymətləndirilməmiş rol oynayır". Qeyd olunub ki, koronavirus peyvəndinin istehsalçısı olan "AstraZeneca" şirkəti də öz iqlim vaksinlərinin istehsalında iştirak etmək istəyir.

Qəbul imtahanının cavabları nə vaxt açıqlanacaq?

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Sozcu.az-ın məlumatına görə, imtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu. İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bayden niyə Rusiyaya zərbəyə icazə verdi? - Kirbi

ABŞ Prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməsinə icazəni təsdiqləməzdən əvvəl bütün mümkün nəticələri hesablayıb. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. "Prezident bu mövzunu idarələrarası qrupla müzakirə edib. O, sorğunun tam mənasını başa düşdüyünə əmin oldu və sonra onu təsdiqlədi", - o bildirib. Kirbinin sözlərinə görə, Bayden Rusiya ilə münaqişəyə can atmır və Üçüncü Dünya müharibəsinin başlamasına görə məsuliyyət daşımaq istəmir.

Metroda ölən şəxs nazirliyin keçmiş əməkdaşı olub

Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub. Sozcu.az-ın Oxu.az-a istinadla məlumatına görə, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb. Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi - Foto

Amerikalı media maqnatı, 93 yaşlı Rupert Merdok rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib. Sozcu.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb. “93 yaşlı Merdok bir neçə aylıq görüşdən sonra 67 yaşlı təqaüdçü molekulyar bioloq Yelena Jukova ilə evlənib. Cütlük hadisəni Kaliforniyadakı Merdok bağında yaxınlarının iştirakı ilə qeyd ediblər”, - məlumatda bildirilib. Rupert Merdok 1979-cu ildə “Voll Strit Jurnal”, “Tayms”, “San” və Nyu York Post” qəzetlərinin daxil olduğu “Xəbərlər Korporasiyası” (News Corporation) media holdinqini təsis edib. Bundan əlavə, milyarder “Foks Nyus” televiziya şirkətinə, habelə bir sıra peyk operatorlarına və “Dow Jones” xəbər agentliyinə sahibdir. 2023-cü ilin sentyabrında media Merdokun “Fox and Nyus” korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirdi. Onun yerinə oğlu Laklan Merdok keçib.

Şınıx zonası İcra hakimiyyətinin başcısı olmuş Sənan Quliyevin xatirələri

Son vaxtlar Şınıx bölgəsi, onun qəhrəman müdafiəçiləri haqqında, mətbuatda, digər kütləvi informasiya vasitələrində yazılar gedir. Mən ilk öncə bütün Şınıxlılar, bütün Gədəbəylilər qarşısında, eyni zamanda doğma vətənimizin bir parçası olan Şınıxın müdafiəsində iştirak edən insanların qarşısında həlak olan vətən oğullarının ruhu qarşısnda baş əyirəm. Əziz dostlar Hələ uşaqlıqdan vətən sevgisi mənim başlıca amalım olub. Əmək fəzliyyətimə doğma kəndim Şınıxın Hacılar kəndində 1978-ci ildə müəllimliklə başlamışam.Daha sonra 1982-ci ilin dekabr ayında Gədəbəy Rayon Partiya Komitəsinə təlimatçı təyin olunmuşam.Şınıxın müdafiəsi ilə bağlı ilk tapşırığı 1983-cü ilin aprel ayında almışam. 1983-cü ilin aprel ayının 30-da Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi Əli Bayramovun yanına dəvət olundum. Mən kabinetə girəndə birinci katibin yanında ağ saçlı, nurani bir şəxs əyləşdi. Həmin şəxs Dövlət Təhlükəsizlik Komitəsinin Şəmkir rayon şöbəsinin rəisi rəhmətlik Hüseyn Rəhimov idi. Mənə bildirdilər ki, Ermənistan Türkiyə sərhədində yerləşən Amasiya rayonunda ermənilərlə-azərbaycanlılar arasında qarşıdurma olub. Aldığımız məlumata görə Gədəbəy rayonunun Şınıx bölgəsinin Qaravəlilər, Tağılar kəndləri ərazisində ermənilər təxribat törətməyi planlaşdırırlar. (Tağılar kəndi 1969-cu ildə əsassız olaraq Ermənistana verilmişdi, əhalisi Gədəbəy rayonunun Novasaratovka kəndinin ərazisinə köçürülmüşdü. Tağılar kəndində-qorxmaz, mərd və mübariz İsmayıl və Yusif Tağıyev qardaşları qalmışdı. Onlar hər bir təzyiqə dözərək doğma yurdlarını tərk etməyiblər). Mənə tapşırıq verildi ki, milis zabiti Yolçu Məmmədovla birlikdə bir neçə gün Tağılar kəndində olacaqsınız və gözlənilən təxribatın qarşısını alacaqsınız.Bütün məlumatları Rayon XDS İcraiyyə Komitəsinin sədri Musa Məmmədova verəcəksiniz.720 hektar torpaq ermənilərə veriləndən sonra sərhəd Qaravəllər kəndində evlərinin 10-15 metrliyindən keçirdi. Həmin günlərdə ermənilər bir neçə dəfə təxribat törətmək istədilər. Qaravəllər kəndinin sakinləri o qədər qəzəblənmişdilər ki, təxribat törədən erməniləri öldürmək istəyirdilər. Əhalini bir təhər dilə tutub qarşıdurmanın qarşısını ala bildim. 1983-cü ilin mayın 4-də Gədəbəy Rayon Partiya Komitəsinin Plenumu ilə əlaqədar rayon mərkəzinə qayıtdım. Həmin Plenumda Əli Bayramov Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad olundu. Aydın Quliyev Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi seçildi.1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlayanda mən Gədəbəy Rayon Partiya Komitəsində ideologiya şöbəsinin müdiri vəzifəsində işləyirdim.Rayon Partiya Komitəsi tərəfindən Şınıx zonası ilə bağlı tapşırıqları yerinə yetirirdim. Həmin dövrdə Gədəbəy rayonu qonşu Daşkəsən və Ermənistanın Krasnoselo rayonları ilə sosializm yarışı keçirirdi. Bir sıra mədəni kütləvi tədbirlər keçirilirdi.Şöbənin arxivini araşdırarkən əlimə 1986-cı ilə dair bir sənəd keçdi. Həmin sənəddə Ermənistanın Krasnoselo rayonuna daxil olan Gədəbəyin digər kəndləri ilə Şınıx zonası arasında yerləşən Başkənd kəndinin yaranmasının 140 illiyinə dair tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlər planına görə Başkənd kəndi Şəmsəddin (indiki Berd) rayonundan gəlmiş ermənilər tərəfindən 1844-cü ildə salınmışdır.1988-ci ilin fevral ayında Sumqayıt hadisələrindən sonra rayonun Şınıx bölgəsində vəziyyət günü-gündən pisləşirdi.Vəziyyət elə gətirdi ki, Gədəbəy Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədovun xidməti avtomobili Başkənd kəndinin ərazisində atəşə tutuldu. Xoşbəxtlikdən ölüm olmamışdır.Əhali Şınıxdan köçmək istəyirdi. Rayon Partiya Komitəsində qərara alındı ki, Gədəbəy Rayon mərkəzində işləyən rəhbər şəxslərdən bir qrupu təcili Şınığa getmişdi. Əhalinin arasında olmalı, sabitlik yaratmalıdır. Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədov, RİK-nın sədri Musa Məmmədov, RİH sədrinin birinci müavini Şahin Əliyev və mən kino idarəsinin UAZ-469 markalı Arif adlı sürücünün idarə etdiyi avtomobillə Şınıxa yola düşdük. Axşam saat 19 radələrində Novosaratovka kəndinə çatdıq. Həmin dövrdə Novosaratovkadan Şınığa gedən avtomobil karvanının rus hərbiçiləri müşaiyət edirdi. Rus hərbiçiləri tək avtomobili müşaiyət etməkdən imtina edirdilər. Biz müşaiyətsiz Şınıxa yol düşdük. Başkənd kəndinin girişində 60-dan çox erməni avtomobili işıqlarını yandıraraq Novosaratovka-Şınıx yolunu nəzarətdə saxlayırdılar.Ermənilərdən hər cürə alçaq, xain hərəkət gözləyirdik. Gecə Mutudərəyə çatdıq. Musa Məmmədov, Şahin Məmmədov Mutudərədə qaldı. Şahin Əliyevlə mən Qaravəllər kəndinə getdik. Səhəri günü mənimlə Şınığa gələn rəhbər işçilər rayon mərkəzinə qayıtdı. Mən isə Hacılar kənd orta məktəbinin müəllimləri və kənd fəalları daxil olmaqla Tovuz rayonunun Qaradağ kəndindən Şınıxın Turşsu kəndinə çəkilən elektrik xəttinin elektrik dayaqları üçün yuvalar qurmaq məqsədilə Turşsu kəndinə getdik.Həmin dövrdə Şınığa gedən avtomobil yolu, elektrik və telefon xətləri Başkənd ərazilərindən keçdiyi üçün ermənilər elektrik və rabitə təchizatına qarşı müxtəlif təxribatlar törədirdilər.Qısa müddətdə Qaradaş kəndi ilə Turşsu kəndi arasında ehtiyat elektrik xətti çəkildi.Sonrakı dövrlərdə bu elektrik xətti əhalinin enerji təchizatında mühüm rol oynadı. 1989-cu ilin avqust ayında Rayon Partiya Komitəsinin göndərişi ilə Bakı şəhərinə Bakı Ali Partiya Məktəbinə (sonradan Bakı Sosial İdarəetmə və Politologiya instutunun dinləyicisi göndərildim). 1990-cı ilin 20 yanvar ilə əlaqədar Etibar Məmmədovu həbs edib Moskva şəhərinə aparmışdılar. Həmin dövrdə Bakı şəhəri Dağüstü parkda Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun qəbri ətrafında Etibar Məmmədovun həbsdən azad edilməsi ilə əlaqədar imza toplanırdı. Mən də Etibar Məmmədovun azad edilməsinə imza atdım. İmza toplanan yerin yaxınlığında Gədəbəy rayonunda nəşr olunan “Tərəqqi” qəzetinin bir nömrəsi gözümə sataşdı. Qəzetdə 1990-cı ilin yanvar ayının 30-da Gədəbəyin rayon mərkəzindən Şınıxa gedən 6 nəfər Şınıx sakininin Başkənd ərazisində qəddarcasına öldürülməsindən bəhs edilirdi.Bu hadisə mənə çoc pis təsir etdi. Həmin dövrdə xalamoğlu və qaynım Əkbər Hüseynzadə Bakı Dövlət Universitetinin junrnalistika fakultəsinin IV kursunda oxuyurdu. O, Bayıl qəsəbəsində kirayədə qalırdı.Axşam Əkbərin kirayədə qaldığı evdə oturduq. Şınıxla-Başkəndlə bağlı bir məqalə hazırlandı.Həmin məqalə Azərbaycan gəncləri qəzetinin fevral nömrələrinin birində “Dağlarmı günahkardır, yoxsa” başlığı ilə dərc edildi.Məqalə bomba effekti yaratdı. Respublikada Şınıxın təbliği başlandı. Gədəbəy rayon Partiya Komitəsinin rəhbərliyi məqaləyə görə mənə bərk qəzəbləndilər. Hətta Əkbər Hüseynzadəni cəzalandırmaq istədilər.Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirdikdən sonra mənə dörd ay iş vermədilər. Rayon rəhbərliyi dəyişdikdən sonra mənim üçün əziz və hörmətli Azərbaycan ziyalısı, əsl dövlət adamlarından biri olan Qənbər Qurbanov məni Gədəbəy Rayon İcra Hakimiyyətində işə götürdü.  Ardı var... Sənan Quliyev 

Rusiyanın itkiləri 510 minə yaxınlaşır

Ukrayna müharibənin 830-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 509 860 hərbçi, 7 765 ədəd tank, 14 980 ədəd zirehli döyüş maşını, 13 233 ədəd artilleriya sistemi, 1 089 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 821 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 092 ədəd avtomobil texnikası, 10 699 ədəd PUA, 2 268 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 195 xüsusi avadanlıq itirib.

Qaradağda güclü külək avtomobili aşırdı - Yaralanan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, rayonun Puta qəsəbəsində magistral yolda hərəkətdə olan avtomobil küləyin təsirindən idarəetməni itirərək aşıb. Hadisə zamanı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Cənnətov Dilqəm Qərib oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Zelenski Sinqapurda ABŞ-ın müdafiə naziri ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb. “ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - deyə dövlət başçısı bildirib. O, danışıqların təfərrüatlarını açıqlamayıb. Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.

Bu gün Türkiyənin bəzi bölgələrində yenidən yerli seçkilər keçirilir

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdən sonra edilən etirazlar nəticəsində bəzi rayon və qəsəbə bələdiyyələrində seçkilərin yenilənməsi qərara alınıb. Sozcu.az CNN Türk-ə istinadən xəbər verir ki, 3 rayon və 4 qəsəbədə 58 min 259 seçici bu gün yenidən sandıq başına gedərək səs verəcək. Türkiyə Yüksək Seçki Qurulunun (YSK) yerli seçkilərin yenilənməsinə qərar verdiyi 3 rayon və 4 mahalda bələdiyyə başçılığı üçün bu gün yeni seçkilər keçiriləcək. Aksarayın Güzelyurt, Kayseri Pınarbaşı, Şanlıurfanın Hilvan mahalları və Sivasın Yıldızeli Güneykaya mahalında da bələdiyyə məclis üzvlüyünün yenilənməsi seçkiləri keçiriləcək. Yeniləmə seçkisində 58 min 259 seçici 312 səs verəcək. Yeniləmə qərarlarının qəbul edildiyi yerlərdə yeni seçicilər əlavə edilməyəcək.

Ukrayna may ayında rekord sayda rus əsgəri məhv etdi

Ukrayna ordusu may ayında Rusiyanın 1160 artilleriya sistemini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, may ayında həmçinin Rusiya ordusu Ukraynaya qarşı müharibədə 38 940 əsgərini itirib. Bu rəqəmlər Rusiyanın Ukraynaya hücumu başlayandan bəri rusların ən böyük aylıq itkisidir.