HƏMAS təkzib etdi: Girovları azad etmirik

HƏMAS İsraillə barışıq və həbsxanada məhbus olan bir qrup fələstinlinin azad edilməsi müqabilində Qəzzada saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyi barədə xəbərləri təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi Sami Əbu Zuhri deyib. “Hərəkatın iki aylıq atəşkəs müqabilində bir neçə girovu azad etməyə razılaşdığı barədə xəbərlər həqiqətə uyğun deyil. İsrail hakimiyyəti bu cür yalan məlumatlar yaymaqla insanları çaşdırmağa çalışır”, - o bildirib. Qeyd edək ki, HƏMAS-ın anklavda iki aylıq atəşkəs və İsrailin həbsdə olan 300 fələstinlini azad etməsi müqabilində Qəzzada saxlanılan 9 girovu azad edəcəyi barədə məlumat yayılmışdı.

Ukrayna ordusu Rusiyanın Qara dənizdəki obyektlərini vurdu

Rusiyanın Qara dənizdəki radiolokasiya sistemi və qaz hasilatı platformalarındakı anbarları məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat zamanı suüstü və hava dronlarından istifadə olunub.

Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

MN-dən xəbərdarlıq - Partlayış səsləri eşidiləcək

Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Mirasın əldə edilməsi qaydası dəyişir

Mirasın əldə edilməsi qaydası dəyişir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan Mülki Məcəlləyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Layihəyə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edəcəklər. Qüvvədə olan qanuna əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Layihəyə əsasən, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol veriləcək. Qeyd edək ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Türkiyənin bu ölkədəki səfiri öldü

Türkiyənin Maltadakı səfiri Erdeniz Şən vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Maltanın xarici işlər və turizm naziri İan Borq (Ian Borg) X hesabında yazıb. Nazir bu hadisədən dərin kədər hissi keçirdiyini vurğulayıb: "Onun diplomatik fəaliyyəti və ölkəsinə xidməti hörmətlə xatırlanacaq". XİN başçısı səfirin ailəsinə, həmkarlarına, Maltadakı Türkiyə səfirliyinə və Türkiyə xalqına başsağlığı verib.

Pakistanda terakt: ölənlər var

Pakistanın Balucistan əyalətinin Qilləh Abdullah bölgəsində terror aktı törədilib. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bazar qarşısında avtomobilin partladılması nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Bildirilib ki, partlayış dalğasından ətrafda olan ticarət obyektlərinə, o cümlədən silahlı qüvvələrə aid binaya ziyan dəyib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

1180-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1180-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 973 730 hərbçi, 10 832 ədəd tank, 22 557 ədəd zirehli döyüş maşını, 27 980 ədəd artilleriya sistemi, 1 387 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 48 900 ədəd avtomobil texnikası, 36 385 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 892 xüsusi avadanlıq itirib.

Rusiya-Ukrayna danışıqları: Səhnə arxasındakı mühüm fiqur...

Rusiya ilə Ukrayna arasında danışıqlarda AB və Türkiyə də fəal səylər göstərir. Lakin diqqət çəkən başqa bir oyunçu da var: səhnə arxasında səssiz, amma təsirli diplomatiya aparan Böyük Britaniya. Sozcu.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib. “Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell Ukraynanın Avropa ilə münasibətləri və NATO-ya inteqrasiyası baxımından mühüm bir fiqur kimi ön plana çıxır. Pauell hazırda üzərində işlənən mümkün atəşkəs razılaşmasının əsas şərtlərinin və ümumi strategiyasının hazırlanmasında önəmli rol oynayır”, - ekspert bildirib. Öztürk qeyd edib ki, Pauell əvvəllər Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin Şimali İrlandiya üzrə sülh prosesi zamanı nümayəndəsi olub və bu uğurlu təcrübəsi ilə Avropada tanınmış diplomatlardan biridir: “Hazırda onun əsas məqsədi Ukraynanın müharibədən sonrakı mərhələdə ABŞ yox, Avropa mərkəzli bir sistemə inteqrasiya olunmasına dəstək verməkdir. Pauell dünyanın müxtəlif yerlərində oxşar münaqişələrin həlli proseslərində iştirak edib və Rusiyada “müasir dövrün Tomas Eduard Laurensi” kimi təsvir olunur. Bu bənzətmə onun mürəkkəb geosiyasi böhranlardakı fəal və yönəldici rolunu əks etdirir”.

Türkiyədə növbəti zəlzələ

Türkiyədə episentri Egey dənizi olan 4,1 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Qeyd edək ki, dünən də Türkiyənin Qəhrəmanmaraş bölgəsinin Göksün rayonunda 4 bal gücündə zəlzələ baş vermişdi.

Husilər Təl-Əviv hava limanını iki raketlə vurdu

Husilər İsrailin Ben-Qurion aeroportuna ballistik raket zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə husilərinnümayəndəsi Yəhya Səriya məlumat verib. Onun sözlərinə görə, aeroporta “Fələstin-2” hipersəs və “Zülfüqar” ballistik raketləri ilə iki zərbə endirilib.

Şabranda ağır qəza: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "AzSamand" markalı minik avtomobili və “Reno” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şirvanda avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi

Şirvan şəhərində sürücü dispetçeri döyüb. Oxu.Az-ın məlumatına görə, hadisə Şirvan şəhəri, Salyan yolu adlanan ərazidə baş verib. 9 saylı marşrut avtobusunun sürücüsü Bəxtiyar dayanacağa daxil olaraq, oradan tez çıxmaq istəyib. Amma dayanacaqda həmin xəttə nəzarət edən dispetçer Azər buna narazılıq edib və digər avtobusun intervalına problem yaradacağını deyib. Sürücü buna görə dispetçer ilə mübahisə edib. Mübahisə zamanı Azər Bəxtiyarı söyüb və bununla da dava başlayıb. Nəticədə Bəxtiyar Azəri vurub və ona vintaçanla xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb. Məhkəmə Bəxtiyara 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Celal Şengörün həbsi tələb edilir

İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb. Sozcu.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Buna səbəb kimi C.Şengörün sosial şəbəkələrdə paylaşılan videoda türk xalqı ilə bağlı dediyi sözlər göstərilir. O, videoda deyib: "Mən türk xalqı qədər cahil, türk xalqı qədər əxlaq məfhumundan məhrum bir cəmiyyət tanımadım". Geoloqun türk millətini təhqir etməsi iddiası üzrə iki ilə qədər həbsi istənilir.

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb, saxlanılan var. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müharibə dövrünün ən böyük əsir mübadiləsi... - Budanov

Gələn həftə Ukrayna ilə Rusiya arasında müharibə dövründəki ən böyük hərbi əsir mübadiləsi baş tuta bilər. Hər iki tərəfdən 1000 nəfərin dəyişdirilməsi planlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib. “Ümid edirəm ki, bu, gələn həftə baş verəcək. Siyahılara gəlincə, bu cür mübadilələrdə necə mümkündürsə, elə də olacaq – kimi ala biliriksə, alacağıq, eyni şəkildə də verəcəyik”, - Budanov qeyd edib.

Rusiya bu regionda hamıya təhlükə yaradır - Almaniya

Biz, qonşu ölkələr, NATO və Avropa Birliyi (AB) olaraq, hibrid təhdidlərə qarşı bütün gücümüzlə, o cümlədən əlavə patrullar vasitəsilə mübarizə aparırıq. Sozcu.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib. “Rusiya Baltik dənizi regionunda hamımıza təhlükə yaradır. Kəsilmiş kabellər, sıradan çıxmış siqnallar və şübhəli gəmilər bizdə ciddi narahatlıq doğurur”, - nazir əlavə edib.

Azərbaycanda kimlər hərbi toplanışa cəlb edilir? - RƏSMİ CAVAB

Azərbaycanda hərbi xidmətdən ehtiyata buraxılanlar təlim və ya toplanışlara cəlb edilir.  Modern.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar: • birinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 35 yaş; kiçik zabitlər – 50 yaş; mayor və polkovnik-leytenantlar – 50 yaş; polkovniklər – 55 yaş; ali zabitlər – 60 yaş.) — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq; • ikinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş) — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq; • üçüncü dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş; kiçik zabitlər, mayor və polkovnik-leytenantlar – 55 yaş; polkovniklər – 60 yaş; ali zabitlər – 65 yaş.) — bir ay müddətinə bir dəfə.  Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.

Bank kartlarından daha 20 min manat oğurlandı

Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib: "Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

İsrail Müdafiə Ordusunun Baş Qərargahının Operativ Əməliyyatlar İdarəsinin istefada olan rəisi general-mayor Oded Basyuk bu həftə Bakıya səfər edib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Qəzet İsrail ordusunun bu barədə mətbuatda gedən xəbərləri təsdiq etdiyini bildirib. Məlumata görə, general Türkiyə rəsmiləri ilə görüşündə Suriya ilə bağlı təhlükəsizlik məsələlərini müzakirə edib. Qeyd edək ki, mayın 14-də ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşü zamanı ondan İsraillə münasibətləri normallaşdırmağı istəmişdi.

Kürdə suyun səviyyəsi 33 sm artdı

Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Sozcu.az xəbər verir ki, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1179-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 972 600 hərbçi, 10 831 ədəd tank, 22 553 ədəd zirehli döyüş maşını, 27 942 ədəd artilleriya sistemi, 1 386 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 48 809 ədəd avtomobil texnikası, 36 278 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 892 xüsusi avadanlıq itirib.

Traktordan yıxılan şəxs xəstəxanada öldü

Bərdə rayonunda 6 gün əvvəl traktorun qoşqusundan yıxılan şəxs xəstəxanada ölüb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Yeni Daşkənd kənd sakini, 2000-ci il təvəllüdlü Kənan Əlizadə ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb. Nəticədə o, ağır xəsarət alıb və Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin apardığı müalicəyə baxmayaraq K.Əlizadənin həyatını xilas etmək mümkün olmayıb və mayın 17-də vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Ukrayna və Rusiya prezidentlərinin görüşü üzərində işləyirik - Umerov

Yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasında “1000-ə 1000” düsturuna əsasən əsir  mübadiləsi aparıla bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov İstanbulda danışıqlardan sonra bildirib. “Tarixi bilirik, amma hələ deməyəcəyik”. Umerovun sözlərinə görə, danışıqlarda atəşkəsin “bütün üsulları” müzakirə olunub. Ukrayna nümayəndə heyətinin rəhbəri daha sonra ətraflı məlumat verəcəyini vəd edib. O əlavə edib ki, danışıqlar zamanı Ukrayna və Rusiya prezidentləri arasında mümkün görüş müzakirə olunub. "Biz bu məsələ üzərində işləyirik", - RBC-Ukrayna onun sözlərindən sitat gətirir.