Paşinyan Ter-Petrosyanı da hədələdi

"Mən bayaq xəbər tutdum ki, dövləti məhv edən vəba Levon Ter-Petrosyan kilsəni məhv edən vəba Ktriç Nersisyanla (II Qaregin-red.) dünən görüşüb. İndi araşdıracağam görüm, onlar nə boş-boş danışıbar". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yazıb. Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan iyunun 25-də bütün ermənilərin katolikosu II Qaregini qəbul edib. Ermənistan KİV-nin məlumatına görə, bir saata yaxın davam edən görüşdə ölkədəki mövcud vəziyyət, baş nazir Nikol Paşinyanın iş adamı Samvel Karapetyanı həbs etdirməsi məsələsi müzakirə olunub. Levon Ter-Petrosyan Paşinyanı məğlubiyyətin təcəssümü adlandırıb. Eks-prezident deyib ki, baş nazir Qarabağ müharibəsində biabırçı şəkildə uduzdu, erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də mütləq uduzacaq.

Kəlbəcərli müəllimdən 60 ballıq nəticə

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncü günündə - dünən daha bir region müəllimi 60 bal toplayıb. Sozcu.az xəbər verir ki, Kəlbəcər rayonu 49 nömrəli tam orta məktəbin informatika müəllimi Alsu Mikayılova 60 bal toplayaraq yüksək peşəkarlıq nümayiş etdirib. Xatırladaq ki, dünənki rest imtahanına ümumilikdə 7096 nəfər müəllim dəvət olunub.

Sabirabadda ağır qəza: 2 gənc, 1 yeniyetmə öldü

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb. Sozcu.az xəbər verir ki, hərəkətdə olan yük maşını QAZ-2410 markalı avtomobillə toqquşub. Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Fərid Amil oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Cəmil Vüqar oğlu Məmmədli və 2010-cu il təvəllüdlü Nihad Mahir oğlu Məmmədli ölüblər. Faktla bağlı araşdırma aparılır.

Hərbi hissənin maşını qaya daşlarına dəydi, hərbçimiz öldü

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib. Hərbi qulluqçunun dəfn mərasimində qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib. Qeyd edək ki, ötən gün Daşkəsəndə 1986-cı il təvəllüdlü Sadiq Əsgərovun içərisində olduğu hərbi hissənin avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Nəticədə hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub. Sadiq Əsgərov ailəli olub, 3 övlad atası idi.

Baqrat Qalstanyan həbs edildi

Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. Arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məhkəmə Qarabağdan qovulan separatçı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da iki aylıq həbs qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib. Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib. Qeyd edək ki, ötən gün Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyası üzvlərinin evlərində axtarışlar aparıb. Ermənistan İstintaq Komitəsi Keşiş Baqratı və digərlərini hakimiyyəti zorla ələ keçirmə cəhdində, o cümlədən teraktlar hazırlamaqda ittiham edir.

Aeroport yolunda qəza: ölən var

Ötən gün 23:00-da Suraxanı rayonu, aeroport şosesində ölümlə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, qəza nəticəsində KİA markalı, 77 YF 704 dövlət nömrə nişanlı minik avtomobili "Kamaz”la (11 BE 212) toqquşub. Nəticədə KİA-nın sürücüsü və bir sərnişin xəsarət alıb, digər sərnişin isə hadisə yerində həlak olub.

Kimya müəllimlərindən Emin Əmrullayevə etiraz - imtahan yenidən keçirilsin

Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanı ilə bağlı sosial şəbəkələrdə narazılıq artır. Müəllimlər imtahanın məzmununun kimya fənninə uyğun olmadığını, sualların əsasən riyazi yönümlü olduğunu bildirirlər. Sozcu.az xəbər verir ki, kimya müəllimləri onlar üçün sertifikasiya imtahanının yenidən təşkil edilməsini tələb edirlər. Kimya müəlliməsi Sara Huseyn bildirib ki, onlar kimyadan yox, riyaziyyatdan imtshan veriblər: “Kimya adı altında riyaziyyatdan imtahan verdik. Biz məktəbdə kimya fənnini tədris edirik, riyaziyyat yox. Suallar vaxt aparan və mərhələliydi, 2 saat bu suallar üçün az vaxtdır. Kimyadan maksimum nəticə yoxdur. 49 balla imtahandan keçdim, amma 50+ olması üçün vaxtım çatmadı. Eyni gündə imtahan verən kimya və biologiya arasında ayrı-seçkilik oldu.” Digər bir müəllim – Afaq Cəbrayıllova isə imtahanda düşən sualların ümumiyyətlə kimya elminə uyğun gəlmədiyini qeyd edir: “Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanında salınan suallar heç də kimya elminə uyğun olmayan suallar idi. Mən kimya müəllimi olaraq bilmədim kimyadan, yoxsa riyaziyyatdan imtahan verdim. 48 bal toplasam və imtahanın test mərhələsindən keçsəm də, mən bu sualların təhlil olunmasını tələb edirəm. Yeni kimya müəllimləri bu qədərmi aciz və savadsız oldular ki, bu sualların öhdəsindən çoxluq olaraq gələ bilmədilər?” Şərifə Nəcəf Məmmədova isə sualların fənlər üzrə qeyri-bərabər səviyyədə tərtib olunmasından narazıdır: “Nəyə görə suallar salınanda bütün fənlərdə səviyyələr eyni olmur? Biologiya asan, kimya çətin salınıb. Kimya müəllimlərinin imtahanı riyaziyyat imtahanı kimi çox vaxt aparan olub. Müəllimlər haqlıdır – onlar riyaziyyat yox, kimyadan imtahan verirdilər.” Narazılıq edən müəllimlərin bununla baölı sosial şəbəkələrdə yazdıqlarını təqdim edirik: Tribunainfo.az

Trampdan Zelenski ilə görüş barədə ilk açıqlama

Prezident Vladimir Zelenski ilə Ukraynada atəşkəs məsələsini müzakirə etməmişik. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə Haaqada keçirilən görüşü şərh edərkən deyib. Qeyd edək ki, bu gün liderlər arasında keçirilən görüş 40 dəqiqədən çox davam edib.

Ukrayna Rusiyaya qalib gələ bilər – Baş komandan

Ukrayna hələ də Rusiyaya qalib gələ bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Qüvvələrinin yeni baş komandanı Aleksus Qrinkeviç ABŞ Senatındakı çıxışında deyib. “İnanıram ki, vətəniniz təhlükə altında olanda siz elə mətanətlə vuruşursunuz ki, bunu təsəvvür etmək bizim üçün çətindir, çünki biz heç vaxt belə vəziyyətə düşməmişik”, - Qrinkeviç ukraynalılara xitabən bildirib.

Trampla Zelenskinin görüşü başa çatdı

17:10 NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Görüşlə bağlı əlavə məlumat verilməyib. *** Donald Tramp və Vladimir Zelenski arasında görüş yekunlaşıb. Bu barədə “Unian” məlumat yayıb. Görüş 40 dəqiqədən çox davam edib.

Bu tarixdə İranla saziş imzalaya bilərik - Tramp

Gələn həftə İranla danışıqlar aparacağıq, saziş imzalaya bilərik. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O qeyd edib ki, İranla nüvədən başqa razılaşma onu maraqlandırmır.

Tovuzda 14 nəfər dönərdən zəhərləndi

19:00 Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, 12 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar arasında azyaşlı da var, hazırda rayon xəstəxanasında müalicələri davam etdirilir. *** Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Urmiyada İsrailə görə 3 nəfər edam edildi

Bu gün səhər saatlarında Urmiya həbsxanasında 3 məhbus edam edilib. Sozcu.az xəbər verir ki, bu haqda İranın ədliyyə qurumu məlumat yayıb. Onlar “nüvə alimlərinin birinin öldürülməsində istfadə olunan avadanlıqları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmkdə” və “İsraillə əməkdaşlıq”da günahlandırılıblar.

Britaniya Rusiyanın pulu ilə Kiyevə silah göndərir

Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Rusiyanın aktivlərindən istifadə edir. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “350 ədəd ASRAAM hava-hava raketindən ibarət yeni paketin pulu dondurulmuş Rusiya aktivlərindən ödəniləcək”, - məlumatda qeyd olunub. Qeyd edək ki, yeni hərbi yardım paketini NATO-nun Haaqa sammitində Böyük Britaniyanın Baş naziri Keyr Starmer bəyan edib.

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan biri Elnur Kazımovdur. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, Elnur Kazımov ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır. O, 2022-ci ilədək hərbi prokurorun müavini olub. R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunub.

Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB

Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesi başlayandan bəri – 2022-ci ildə indiyə kimi 5054 müəllimin əmək müqaviləsi ləğv edilib. Sozcu.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, həmin müəllimlər sertifikasiya imtahanlarında kəsilən təhsilverənlərdir. N.İsmayılbəyli bildirib ki, sertifikatlaşdırılması prosesi başlayandan bəri daha 500 müəllim öz ərizəsilə işdən çıxıb. Agentlik rəsmisinin sözlərinə görə, indiyədək 120 min müəllimdən 85 mini sertifikatlaşdırılma prosesinə cəlb olunub. Qeyd edək ki, sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Bayram günlərinin HAVA PROQNOZU açıqlandı

Bakıda bayram günlərində 34, rayonlarda 37 dərəcə isti olacaq. Sozcu.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Paytaxtda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq. İyunun 27-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək. İyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-si gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Əmrullayev: Onlara müəllim demək ədalətsizlikdir

Məktəblərdə müəllimin borcu oxumayan uşaqlarla işləməkdir. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib. Onun sözlərinə görə, sertifikasiya imtahanı ona görə tətbiq edilib ki, daha yaxşı müəllimlər seçilə bilsin: "Müəllim olmaq çox çətin peşədir. Bu ixtisası insan özü seçir. Uşaqlarla, valideynlərlə işləmək heç də asan deyil. 30 sualdan 30-a da doğru cavab verən müəllim ilə 10 suala doğru cavab verən şəxsə "müəllim" demək ədalətsizlikdir". E.Əmrullayev bildirib ki, son 3 ildə 8 000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib. Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemində tədqiqat olduqca azdır: “Bu sahədə geri qalırıq”.

İranda rejim dəyişikliyi… - Tramp

İranda rejim dəyişikliyi istəmirəm. Bu, ölkədə xaos yaradacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. O, İranın nüvə silahına malik olmayacağını bəyan edib: “Bu, onların ağlında olan son istəkdir”.

Pezeşkian açıqladı: İsrail atəşkəs rejimini pozmasa...

Əgər İsrail atəşkəs rejimini pozmasa, İran da ona əməl edəcək. Sozcu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığı zamanı deyib. "Biz dialoq aparmağa və İran xalqının qanuni hüquqlarını danışıqlar masasında müdafiə etməyə hazırıq", - deyə o bildirib.

Putin İranla bağlı yardım etmək istədi, dedim ki... - Tramp

Rusiya Prezidenti Vladimir Putin İran-İsrail münaqişəsinin həlli üçün yardım təklif etmişdi. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a açıqlamasında deyib. Trampın sözlərinə görə, Putin özü ona zəng edib və kömək təklif edib. "Bildiyiniz kimi, Vladimir mənə zəng etdi. O soruşdu: "İranla bağlı sizə kömək edə bilərəmmi?" Dedim: "Xeyr, İranla bağlı köməyə ehtiyacım yoxdur. Sizinlə bağlı köməyə ehtiyacım var". Və ümid edirəm ki, Rusiya ilə razılaşacağıq. Çox təəssüf ki, ötən həftə 6 min əsgər həlak olub", - Tramp bildirib.

12 günlük müharibə: İran itkisini elan etdi

Rəsmi statistika iyunun 13-dən bu yana sionist rejimin işğalçı müharibəsində 606 iranlının şəhid olduğunu göstərir. Sozcu.az xəbər verir ki, bu sözləri İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi deyib. O qeyd edib ki, İsrail müharibəsi başlayandan indiyədək İran üzrə ümumilikdə 5332 nəfər yaralanıb. Zəfərkəndi bildirib ki, İsrailin İrana qarşı hücumlarının ən ölümcülü son 24 saatda olub: çərşənbə axşamı səhər atəşkəs qüvvəyə minməzdən əvvəl 107 nəfər şəhid olub, 1342 nəfər yaralanıb. Xatırladaq ki, 13 iyunda İsrailin hücumu ilə başlayan İran-İsrail savaşı bu gün atəşkəslə yekunlaşıb.

Gəncəli müəllim sertifikasiya imtahanında 60 bal topladı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edir. Sozcu.az xəbər verir ki, sertifikatlaşdırılma imtahanlarının dördüncü günündə də 60 bal toplayan müəllim olub. Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva sertifikatlaşdırılması prosesinin tedt imtahanı mərhələsində maksimum nəticə göstərərək 60 bal toplayıb! Qeyd edək ki, 24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər. Bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.

Məhərrəm İncə CHP-yə qayıdır

Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır. Sozcu.az xəbər verir ki, İncə bu gün keçiriləcək TBMM-in CHP fraksiyasının iclasında yenidən CHP-yə qatılacaq. CHP lideri Özgür Özəl Məhərrəm İncəyə döş nişanı təqdim edəcək. Qeyd edək ki, Məhərrəm İncə Türkiyədə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultayla özünü buraxacaq.