500 gündən çoxdur ki, Bakıda həbsdə olan qondarma “Dağlıq Qarabağ Respublikası”ın “keçmiş dövlət naziri” Ruben Vardanyan Cənubi Qafqazda həqiqi birgəyaşayış üçün zəmin yaradacaq, ləyaqətə söykənəcək fundamental bəşəri dəyərlərə əsaslanan sülhün tərəfdarıdır.
“Public Radio of Armenia”da gedən xəbərdə belə deyilir. Həmin xəbərin davamını təqdim edirik:
“Vardanyan ailəsi vasitəsilə Bakı təcridxanasından audiomüraciət göndərərək, telefon danışığının lentə alınmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib. O, “həqiqi, sabit, uzunmüddətli sülhə – təkcə kağız üzərində deyil, davamlı və bütün insanlar tərəfindən riayət olunan sülhə” çağırır. Vardanyan dəstəyə görə hər kəsə təşəkkür edir, səhhəti barədə danışır, yaxınlarından üzr istəyir. O, keçdiyi yoldan söhbət açır, aclıq aksiyasının məhkəməyə etiraz olduğunu bildirir, hüquqi prosesin qanun çərçivəsində aparılmasını tələb edir. Ruben Vardanyan məhkəməni bütün ermənilərə qarşı iş kimi səciyyələndirir və xəbərdarlıq edir ki, Azərbaycan bununla dayanmayacaq. O, incitdiyi hər kəsdən bağışlanmasını arzulayır və “Dağlıq Qarabağ”da edə bilmədiklərinə görə üzr istəyir. Ruben Vardanyan Artsax xalqına minnətdarlığını bildirir və regionda əldə olunan nailiyyətləri etiraf edir. O, insanları pisliyi yaymamağa çağırır. Bunun iğtişaşlara və millətlərarası qarşıdurmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.
O, həmçinin bəzi azərbaycanlılara humanist rəftarlarına görə təşəkkür edir. Vardanyan davamlı sülhün bərqərar olacağına və Ermənistanda millətin gələcəyini düşünən elitanın meydana çıxacağına ümid etdiyini bildirir.
Vardanyan erməniləri müsbət dəyərlərə sadiq olmağa çağırır, özü ilə barışdığı üçün həbsxanada da xoşbəxt olduğunu bildirir və hər kəsi ümidsizliyə qapılmaqdan çəkindirir, bunu ən böyük günah adlandırır”.
Bugünlərdə Bakıda keçirilən məhkəmədə Ruben Vardanyanın votsap yazışmaları gündəmə gəldi. Onun terrorçu dəstlərlə əlaqələri üzə çıxdı. Əminliklə demək olar ki, məhz bu amil Ruben Vardanyanı yenidən humanizmə tərəf yönləndirib, sülhə çağırış etməyə əsas yaradıb. Ruben Vardanyan başa düşüb ki, vəziyyət son dərəcə acınacaqlıdır. Ancaq bu vəziyyətdən uduşla da çıxmaq olar. Bunun üçün isə rəsmi Bakı ilə bəribaşdan anlaşmaq lazımdır...
Elbəyi Həsənli,
Sürix