Tramp: Zelenskidən vacib məktub aldım, o hazırdır!

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən məktub alıb. Sozcu.az xəbər verir ki, bu barədə Tramp ABŞ Konqresinin hər iki palatasında çıxışı zamanı deyib. Tramp qeyd edib ki, Zelenski məktubda Kiyevin Ukraynadakı vəziyyəti nizamlamaq üçün danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib: “Bu gün Zelenskidən vacib məktub aldım, Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.

Starmer və Makron Zelenski ilə birgə ABŞ-a gedir

Böyük Britaniya Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülh planını təqdim etmək üçün gələn həftə Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırdırlar. Sozcu.az xəbər verir ki, bu barədə “Deyli Meyl” diplomatik mənbələrə istinadla yazıb. “Starmer və Makron Vaşinqtona getməyə hazırdırlar. Zelenski gələn həftə ABŞ Prezidenti Donald Trampa planla bağlı vahid mövqe təqdim edəcək”, - məlumatda qeyd olunub.

Səfərbərliyin rüşvət alan vəzifəliləri saxlanıldı - Rəsmi

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə yaydığı məlumatda bildirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Aydın oğlu Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Valik oğlu Əzimov və zabiti Emil Ramiz oğlu Nəbiyevin qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Ramin Aydın oğlu Şükürov və Emil Ramiz oğlu Nəbiyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Xalid Valik oğlu Əzimova isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində vəzifəli və digər şəxslər tərəfindən yol verilən qanunsuzluqların qarşısının alınması, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

Tramp Britaniya və ya Fransanın xeyrinə NATO rəhbərliyinən imtina etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Avropa dövlətlərinin xeyrinə NATO rəhbərliyidən imtina etməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb. Bildirilib ki,Tramp Britaniya və Fransaya qitənin təhlükəsizliyinə dair daha çox məsuliyyət götürmələri üçün təzyiq edəcək.

Britaniyadan qəzəbli reaksiya – Vens dərhal geri çəkildi

Müsahibədə mən son 20 il və daha çox müddətdə ABŞ-ın yanında cəsarətlə döyüşən Böyük Britaniya və ya Fransanın adını belə çəkməmişəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Foks Nyus”a müsahibəsində “30 və ya 40 ildir müharibə aparmayan hansısa təsadüfi ölkədən 20 000 hərbçi”nin Ukraynaya təhlükəsizlik təminatı verməyəcəyi barədə açıqlamasına Britaniyadan sərt reaksiya fonunda sosial şəbəkə hesabında yazıb. “Ancaq etiraf edək ki, bir çox ölkə var ki, döyüş təcrübəsi və ya hərbi texnikası olmadan könüllü olaraq (fərdi qaydada və yaxud publik şəkildə) dəstək verirlər”, - o bildirib. O vurğulayıb ki, onların (Britaniya və Fransa əsgərlərinin – red.) cəsarəti və şücaəti qlobal təhlükəsizliyin təmin edilməsinə, dəyərlərimizin qorunmasına və milli maraqlarımızın müdafiəsinə kömək edib: “Biz Ukrayna üçün davamlı sülhün təmin edilməsinə dair müzakirələri irəli sürərkən milli maraqlarımızı və qlobal təhlükəsizliyimizi necə qoruyacağımıza baxışımızı təzələyəcəyik”. Qeyd edək ki, Vens “Foks Nyus”a müsahibəsində təklif olunan mineral sövdələşmənin Birləşmiş Ştatlara Ukraynada iqtisadi maraq yaradacağı və beləliklə, Kiyev üçün 30 və ya 40 il ərzində müharibə aparmayan bəzi təsadüfi ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanəti olacağını bildirib. Britaniya və Fransa siyasətçiləri isə “30-40 il müharibə aparmayan təsadüfi ölkə” deyərkən, Vensin onları qəsd etdiyini düşünərək, kəskin reaksiya veriblər və ABŞ-ın İraq və Əfqanıstan əməliyyatlarında döyüşdüklərini xatırladıblar. Britaniya və Fransa siyasətçilərinin Vensin sözlərini bu cür qəbul etməsinin səbəbi Ukraynaya bu iki ölkənin sülhməramlı göndərməyə hazır olduğunu bəyan etməsidir.

Onun Putinin tərəfinə keçməsi faciədir - Keçmiş nazir

Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Tramp administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarını faciəvi adlandırıb və bunun qlobal mənfi nəticələrə səbəb ola biləcəyini deyib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Şapps bu barədə X hesabında paylaşım edib. "Azadlar evi" adlanan Amerika Birləşmiş Ştatlarının diktator Putinlə eyni tərəfdə olması faciəvidir. Bu, ABŞ-ın dünyadakı mövqelərini zəiflədir, Ukraynanın suverenliyini sarsıdır və dünyadakı digər aqressorlara cəsarət verir", – Şapps bildirib. O, Rusiyanın qalib kimi çıxacağı hər hansı "sülh" ssenarisinin təhlükəli olduğunu qeyd edib və Ukraynanın müəyyən ərazilərini itirmək məcburiyyətində qalacağı halda bu prosesin NATO-ya sürətli üzvlüklə kompensasiya edilməli olduğunu vurğulayıb. Qeyd edək ki, Qrant Şapps 2023-2024-cü illərdə Britaniyada Rişi Sunak hökumətində müdafiə naziri vəzifəsini icra edib.

ABŞ Panamanı belə ələ keçirir

ABŞ şirkəti Panama limanlarını satın alıb. Sozcu.az xəbər verir ki, Birləmiş Ştatların “BlackRock-TiL” şirkəti Panamanın Balboa və Kristobal limanlarında səhmlərin 90 fazini ələ keçirib. Bu razılaşmanın 22,8 milyard dollara başa gəldiyi vurğulanır. Saziş Panama hökumətinin təsdiqindən sonra qüvvəyə minəcək. Yekun razılaşmanın aprelin 2-dən gec olmayaraq baş tutacağı bildirilir. Xəbərdə qeyd olunur ki, amerikalılar 23 ölkədə 199 yanalma körpüsünə sahib olan şirkətlərdən daha 43 liman almağı planlaşırıb.

QABİLİYYƏT İMTAHANI

O barmaqları ilə qarşısındakı masanı tıkkıldadıb dedi: - Ritmi hiss etməyə çalış və bədəninin plastikasını bizə göstər. Gözlərini həris-həris qıza zilləyib, dişlərini çöldə qoydu. Az qala ağzının suyu axırdı.  - Yanını burcut, qızım. Ritmi tutmağa çalış! Burnundan başqa heç yerində eyibi olmayan qız, imtahan məmurunun barmaqlarının ritminə uyub, yaxşıca burcutdu.  - Əla! Qəşəng! Xoşuma gəldi. Ritmi yaxşı hiss edirsən. Geyiminə fikir ver. Gözəl ağ baldırların var, topuğunun ağlığından hiss edirəm. Baldırını bir az çöldə qoysaydın, günah olmazdı.  - Müəllim, mən kənddən gəlmişəm. Biz tərəflərdə qısa geyinən qızları qınayırlar. - Hm.m.m.m... Eh! Hansı müəllifin monoloqunu hazırlamısan? Buyur, de, aktyor sənəti üzrə imtahan məmuru səni dinləsin.  - Buyur, qızım. De, monoloqunu, - Mən ölkəmizin xalq artistiyəm. Məni tanıyırsan? “Otello”nu oynamışam! “Qırx quldurbasan” tamaşasında, quldurbaşını oynamışam! Sənə öz yaradıcılığım haqdqa danışsam, bu səhnənin pərdələri illərlə bağlanmaz. Yəqin ki, xəbərdarsan - Üzeyir bəy “Leyli və Məcnun” tamaşasını ilk dəfə səhnələşdirəndə, teatrın sahibi teatrın pərdələrini qıfıllamışdı. Sual edə bilərsən – nə üçün? Çünki teatr sahibi pərdələrin açılması üçün pul istəyirdi. Qızım, bu dünya belədir, bəzən pərdələr pulsuz açılmır...Sən monoloqunu de! - Üstündə gəzdiyim torpağı öpdüyünü niyə mənə dedin? Məni öldürmək lazımdır. (Masaya söykənir.) Çox yoruldum! Kaş dincəlsəydim, bir az dincəlsəydim!.. (Başını qaldırır.) Mən qağayıyam... Yox, yox. Mən aktrisayam. Ah, bəli! (Arkadinanın və Triqorinin gülüşünü eşidib qulaqlarını əlləri ilə tutdu. Sonra sol tərəfdəki qapıya tərəf qaçır və açar deşiyindən baxır.) Deməli, o da buradadır!.. (Treplevə dönüb.) Yaxşı, yaxşı... Nə edək... Bəli... O, teatra inanmırdı, mənim arzularımı ələ salırdı... Ona görə də, get-gedə inamımı itirdim...  - Qı.zı.ı.ım! – Ritm üzrə imtahan məmuru qışqırdı. – Axı sən sevdiyin oğlanı görürsən, ehtiraslanmırsan? Ehtiraslan! Bir əlinlə yaxanı aç! Qoy o ağ məxməri sinənin alovu sinəndən qanadlanıb uçsu.u.u.un! Belə monoloq demək olar?!        Bilirsiniz, mən aktrisa olmaq istəyirdim. Bu mənim uşaqlıq arzum idi. Güzgünün önündə çox obrazları canlandırmışam. Hərdən yuxularımda mənə elə gəlirdi ki, məni milyonlarla insan alqışlayır. Axşamlar məktəbdən evə qayıdanda dumanlı çovğundan asılmış küçə lampalarını, səhnənin işıqlarına oxşadırdım. Küçədə o qədər rəqs edirdim ki, nəfəsim isidirdi küçədəki soyuğu. Mənə elə baxma! Sən bu pərdələrin arxasında nələr baş verdiyini bilmirsən! Elə bilirsən kefimdən içirəm? Elə bilirsən o səhnəyə çıxmaq asandır? Sən bilirsən o səhnəyə gedən yol hardan keçir? Teatrın baş rejissorunun yatağından keçir. O qədər də əyləncəli yol deyil. Baş rejissor sadəcə istedadlı alçaqdır! Mövzudan kənara çıxdım. Soruşdun ki, bu sənətə necə gəlmişəm? Bayaq xatırladıqlarımdan bir neçə epizodu sənə danışdım. Yenə hər şeyin başlandığı o günü xatırlamalıyam. Qabiliyyət imtahanı! – Aktrisa çantasındakı dodaq boyasını çıxardıb, yenə dodaqlarını boyadı. Bu artıq neçənci dəfə idi təkrarlanırdı...O yenə keçmişinə qayıdıb danışmağa başladı: - Mən etüd göstərməli idim. Göstərdim. Kimisə gözləyən, darıxan qızı göstərdim. Ritm üzrə imtahan məmuru, Aktyor sənəti üzrə imtahan məmuru ilə birlikdə üstümə qışqırıb, məndən imtahan otağını tərk etməyimi istədilər. Qiraət üzrə imtahan məmuru isə arxamca mızıldanıb belə dedi, - “Heç danışıq aparatı da işləmir”.  İmtahan otağından çıxıb tualetə tələsdim. Təsəvvür edə bilirsən, hirsimdən qarnım ağrayırdı. Mən hazırlıqlı gəlmişdim, bilirdim belə olacağını. O imtahandakı ritim məmuru var idi ha.a.a – o barmaqları ilə masanın üstündə ritm tutanda başa düşdüm ki, həmin ritmi xəyalən mənim döşlərimin arasında tutur. Mən bu səhnəni onun açıq qalmış ağzında gördüm. – O, ucadan qəh-qəhə çəkib davam etdi , - Köpəyuşağı məni “minmək” istəyirdi.  - Siqaret verim?  - Hə, yaxşı olar. - Tualetə getmişdiniz... - Hə, tualetə getdim... Siqaretimi yandır, davam edəcəm. Fu.u.u! Oğraşlar və şorgözlər! – Siqaretinin tüstüsünü həmsöhbətinin üzünə üfürüb, əhvalatının davamını qaldığı yerdən nəql etməyə başladı: - Tualetdə əl-üzmü yuyub, güzgüyə diqqətlə baxdım. Qoca bir nənə ilə göz-gözə gəldim. Çantamı açıb hazırlaşdım. Hər şey bir göz qırpımında oldu. Cəmi on dəqiqə sonra qoca nənənin səsi imtahan otağındakı məmurların başına düşdü, - “Ayə, siz nə təhər adamlarsınız? Niyə mənim nəvəmi qabiliyyət imtahanından kəsmisiniz? Nəvəm sizdən də istedadlıdı. Nə olub ə.ə.ə.ə mənim nəvəmə?! Ayə aktyor, rüşvət istəyirsən? Kənddəki danamı satıb, pulunu  sənə verərəm. Hələ bu uzundraz, əyrimçə oğraşa bax ha.a.a, ritmdən başı çıxırmış! Mən yaxşı bilirəm sənin başın hardan çıxmaq istəyir, oğ.ğ.ğ.raş.ş.ş!”. Aktrisa qəşş edib güldü və üzünü həmsöhbətinə tutub dedi ki, - bilirəm, inanmaqda çətinlik çəkirsən amma bu bir həqiqətdir. Mühafizəçilər gəlməsəydi, bu oyun davam edəcəkdi. - Necə bəyəm? - Mən imtahandan keçdim! Ha, ha, ha, ha! Əbil Həsən

Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü...

Trampın sağ əli, az qala hakimiyyət ortağı olan İlon Mask deyib ki, Zelenski Ukraynanı tərk etməlidir.   Tramp admnistrasiyasının Zelenskinin hakimiyyətdən kənarlaşması, hətta Ukraynanı tərk etməsi tələbləri, eyni zamanda Ukraynaya hərbi yardımı dayandırması faktiki olaraq Putinin denatsifikasya və demillitarizasiya planlanlarına dəstək deməkdir.  Tramp və onun admnistrasiyasının dünyanın gələcək inkişafı tarixində mühüm rol oynayacaq Ukrayna müharibəsində hətta Çin Respublikasından daha irəli gedərək İran,Şimali Koreya kimi dövlətlərlə eyni cəbhədə yer alması bəşəriyyəti gözləyə biləcək böyük fəlakətlərin  anonsudur.  Ən kədərli olanı isə odur ki, cəmiyyətimizdə bu qlobal təhlükələri anlamayaraq yanlış mövqedə olan və ya bu məsələyə bir futbol azarkeşi kimi, əyləncə kimi yanaşanlar, proqnoz yarışına girişənlər də kifayət qədərdir.  Bütün dünyanın bəlkə də yaxın onilliklərdə inkişaf istiqamətləri bu günlərdə müəyyənləşir.  Ukrayna cəbhəsində yalnız Ukraynanın, Ukrayna xalqının yox ən azı dünyanın bugünki nəslinin taleyi həll olunur.  Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü kartlar, məsuliyyətsiz, məcaraçı şəxslərin əlindərir. Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy,Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə isə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ

Yanvarın 18-dən İran həbsxanasından azad edilən azərbaycanlı tələbə Fərid Səfərli Almaniyaya gedib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, Fərid Səfərli karyerasını davam etdirməsi üçün yenidən Almaniyaya qayıdıb: “Fərid iş fəaliyyətinə başlamadan öncə Bakıda TƏBİB-in həkimləri tərəfindən müayinə olundu, ona orta ağır dərəcəli depressiya diaqnozu qoyuldu. Hazırda müalicəsi davam edir. Eyni zamanda, o data analizi mütəxəssisi kimi işini davam etdirəcək”. O ki qaldı Fəridin təhsilinin davam etdirib-etdirməyəcəyinə, yaxınları yaxın vaxtlar üçün belə bir qərarın verilmədiyini deyiblər. Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib. Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb.

Prezident bu məmura töhmət verilməsi haqda sərəncam verdi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ukrayna silah istehsalını artırır - Şmıqal

Ukraynanın silah istehsalı onun tələbatının yalnız üçdə birini ödəyir. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal ABŞ-ın hərbi yardımları dayandırması xəbərləri fonunda deyib. “Hazırda ehtiyacımız olan silahların təxminən üçdə birini istehsal edirik. Hədəfimiz 50 faizdir, bundan az deyil”, - o bildirib.

Prezident daha bir sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuş vəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33.449.000,0 (otuz üç milyon dörd yüz qırx doqquz min) manat vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

TƏLƏNİ QURAN ZELENSKİ İDİ, YOXSA TRAMP?

Baxıram, çoxları, böyük əksəriyyət iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski guya diplomatiyada bacarıqsız və naşıdır.  Xüsusilə, ən son, ABŞ-da Ağ Evin Oval Kabinetdə Trampla görüşdən ortaya çıxan tablo əksər adamları çaşdırıb. Guya Tramp və Vens Zelenskini tələyə salıb və o da bu tələyə düşüb.  Hər kəsin fikirlərinə, versiyalarına sayğım var, amma... ...Məncə, tələni Zelenskiyə onlar yox, Zelenski Tramp və müavinləri üçün qurmuşdu: onları özündən çıxarmaq üçün aktyorluq məharətindən istifadə edərək, Trampı və komanda üzvlərini dünyaya fərqli obrazda təqdim etməyi bacardı. Belə bir məşhur deyim var: hər kəs öz şaxmat partiyasını oynayır.  Həmin söhbətdə təmkinini saxlayan və danışmayan yeganə şəxs Marko Rubio idi, o başa düşürdü nələr baş verir.. Dünya xalqları, elə Amerika xalqı bir daha ABŞ-nin indiki administrasiyasının nə miqyasda aşağılıq, naşı olduqlarını, dünyada qəbul olunmuş diplomatik davranış standartlarına tüpürdüklərini gördülər - məhz Zelenskinin qurduğu diplomatik oyunun timsalında.  Zelenski bütün dünyaya sübut elədi ki, Donald Tramp və dostları dövlət və dövlətçilik mədəniyyətindən, ərkanından, tərbiyəsindən, hətta ənənələrindən uzaq, təsadüfən buralara gəlib çıxmış, şəxsi çıxarlarını hər şeyin fövqündə tutan tiplərdir.  Zelenski bunu özbaşınamı etdi? Xeyr.  ABŞ səfərindən qabaq Avropa liderləri ilə Kievdə görüşəndə, artıq ona tövsiyə olunmuşdu ki, orada nəyin müzakirə olunmasına, hansı müqavilənin bağlanıb-bağlanmamasına baxmayaraq, nə edirsən et Trampı və Vensi özündən çıxart, əsəblərini tarıma çək, atmacalarla qarmaşıq dialoq görüntüsü yarat, görüşü bacardıqca maksimum gərginləşdir.  Zelenski də bu işin öhdəsindən rahatlıqla, ustalıqla gəldi. Çünki bu iş elə onun ən yaxşı bacardığı işdir, onun aktyorluq məharəti diplomatiya səhnəsində daha rəngli effekt verdi.  Məlum oldu ki, deyilənlərin əksinə, Zelenski diplomatiyada nə naşıdır, nə səriştəsizdir, nə də bacarıqsızdır.  Zelenski Ağ Evin Oval Kabinetində Tramp və Vensi çilədən çıxarmaq və dünyaya rəsmi Vaşinqtonun Kremllə birlikdə olduğu, Putinlə birlikdə olduğu görüntüsünü daha effektiv şəkildə nümayiş etdirmək işinin öhdəsindən elə diplomatik incəliklə də gəldi.  Həmin görüşdən sonra, Tramp və komanda üzvlərinin reytinqi bilirsiz nə qədər aşağı düşüb? Dəhşətli dərəcədə eniş var. İctimai rəylə hesablaşmaq ənənəsinin olduğu demokratik Amerikada, bu, çox ciddi faktordur.  ABŞ-nin bir çox ştatlarında artıq insanlar küçələrə çıxaraq etiraz etməyə başlayıb. Tramp administrasiyasında yüksək post tutan insanlara qarşı qıcıq, təhqir və şiddət elementləri artıb. Xüsusilə, Respublikaçılar Partiyasının üstün olduğu ştatlarda bu cür ayaqlanmaların geniş vüsət alması sıradan hadisə deyil.  Ən son, Hollivudun məşhur "Oskar" mükafatının verilməsi tədbirinin açılışında və gedişində baş verənlər göz qabağındadır. Dünyaca məşhur aktyorlar hər fürsətdə prezident Trampı və onun komandasını ələ salmağı, məsxərəyə qoymağı adiləşdiriblər. İctimai-siyasi qınaq maksimum həddə çatıb.  İstər-istəməz bu, ABŞ-da ictimai-siyasi şüurlarda, fikir və qənaətlərdə dəyişimə təsir edən amillərdir.  Hətta, siyasi kuluarlarda artıq Tramp administrasiyasına qarşı başqa mövzuların müzakirəsi ciddiləşib. Bunlar arasında impiçment məsələsi də istisna edilmir.   Bu isə, əlbəttə, Ukrayna prezident Volodimir Zelenskinin əməyinin məhsuludur. Haqqını vermək lazımdır.  Ən son yayılan xəbərlər isə budur ki, Tramp administrasiyası Ukraynaya bütün hərbi yardımları dayandırıb. Əlbəttə, bütün bunlar Zelenskiyə təsir etmək və onun mövqeyində kardinal dəyişikliklərə nail olmaqdan ötrüdür.  Sabah Ukrayna hardansa yaxşı pul tapıb ABŞ hərbi sənaye korporasiyalarından silahları pulla almaq istəsə, nə olacaq? Tramp ABŞ-a yüz milyardlar qazandırmış hərbi sənaye baronlarının işinə müdaxilə edə biləcək? Kim şirkətlərinə milyardlarla qazanc gətirən müqavilələrdən imtina edər?  Hərbi yardımların dayandırılması və bu istiqamətdə aparılan sərt propoqanda, sərt piar işi bəlkə də çoxlarında məyusluq yaradır, amma bu işlər belə olmur və yaxında Ukrayna-Rusiya müharibəsi ətrafında dönən qlobal proseslər tamamilə qeyri-adi xətt tutacaq.  Ona görə tələsməyək. Yaxında, hətta kimsənin ağlının ucundan belə keçirə bilmədiyi hadisələrə şahidlik edəcəyik.   Səbr edək, təmkinlə prosesləri izləyək. Mirzə Rəşad Orbey, siyasətçi

Müəllimlərin sertifikasiyasında hansı mövzulardan suallar düşəcək?

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sozcu.az xəbər verir ki, fizika fənni üzrə sertifikatlaşdırma imtahanında ümumilikdə 3 mövzudan ibarət 50 sual təqdim ediləcək. Fizika müəllimləri Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər, həmçinin Eksperimental fizika və müasir həyat mövzularından hər birindən 15 sual, Fiziki hadisələr, qanun və qanunauyğunluqlar mövzusundan isə 20 sual cavablandırmalı olacaqlar.   Qiymətləndirmə çərçivəsinə əsasən, fizika müəllimləri üçün məzmun sahələri və müvafiq mövzular aşağıdakılardır:   Mexanika:   - Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət   - Çevrə üzrə bərabərsürətli hərəkət   - Nyuton qanunları   - Statikanın əsasları   - Ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi   - Elastiklik qüvvəsi, çəki   - Sürtünmə qüvvəsi   - Bir neçə qüvvənin təsiri altında hərəkət   - İmpuls, enerji, saxlanma qanunları   - Mexaniki iş, güc   - Mexaniki rəqslər   - Mexaniki dalğalar   - Bərk cisimlərin, mayelərin və qazların təzyiqi   - Arximed qanunu   Molekulyar fizika: - Molekulyar kinetik nəzəriyyə   - İdeal qaz qanunları   - Termodinamikanın əsasları   - Doyan və doymayan buxar   - Bərk cisimlərin xassələri   - Mayelərin xassələri   Elektrodinamika: - Elektrik yükü, elektrik sahəsi   - Elektrostatik sahədə görülən iş   - Elektrik tutumu, elektrik sahəsinin enerjisi   - Sabit cərəyan qanunları   - Müxtəlif mühitlərdə elektrik cərəyanı   - Maqnit sahəsinin induksiyası   - Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti   - Elektromaqnit induksiyası   - Maqnit sahəsinin enerjisi   - Elektromaqnit rəqsləri   - Elektromaqnit dalğaları   - Dəyişən elektrik cərəyanı   Optika: - Həndəsi optikanın qanunları   - Müstəvi və sferik güzgülər, linzalar   - Dalğa optikası   Kvant fizikası: - İşıq kvantları və fotoeffekt   - Atom fizikası   - Nüvə fizikası   - Elementar zərrəciklər və onların təsnifatı   Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).   Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və digər bacarıqları praktik və situativ suallarla ölçülür.

Dəm qazından ölən şəhid anası bu xəstəxananın əməkdaşı imiş

Ötən gün  Vətən müharibəsi şəhidi Vahid Ağayevin ata və anası dəm qazından vəfat ediblər. Sozcu.az xəbər verir ki, şəhid anası Gülnaz Əliyeva Sabunçu Tibb Mərkəzinin əməkdaşı olub. O, Mərkəzin Cərrahi profilli reanimasiya şöbəsində çalışıb. Qeyd edək ki, şəhid Vahid Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bakıda 14, bölgələrdə 16 dərəcə isti - Sabahın HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Martın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

ABŞ ordusu icazəsiz vuracaq - Trampdan yeni qərar

Tramp administrasiyası yüksək rütbəli hərbçilərə Ağ Evin icazəsi olmadan rəsmi olaraq terrorçu kimi təyin edilmiş hədəflərə qarşı hava hücumları ilə bağlı qərar qəbul etməyə imkan verən yeni qaydaları təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə “Militari Tayms” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb. “Terrorizmlə mübarizənin effektivliyini artırmaq üçün silahlı qüvvələrin qərarların qəbul edilməsində səlahiyyətlərinin və müstəqilliyinin genişləndirilməsi zəruri idi”, - mənbə bildirib.

ABŞ Kiyevlə kəşfiyyat mübadiləsini də kəsir?

Hazırda ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının verilməsində heç bir dəyişiklik baş verməyib. Bu, fərqli əməkdaşlıq xəttidir. Sozcu.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” hərbi-siyasi dairələrdəki mənbələrə istinadla məlumat yayıb. “Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti burada hələlik heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - məlumatda qeyd olunub.

Şəhid ataları vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib. Şəhidin atası Dadaş Quliyev yaşadığı Salyan rayonunda dünyasını dəyişib. 1992-ci il təvəllüdlü Kamran Quliyev 2020-ci ilin oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Vətən müharibəsi şəhidi Xəqani Cəmillinin atası Mənsuz Cəmilov isə Yevlax rayonunda xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Xəqani Cəmilli də Füzuli döyüşlərində şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixdə həlak olub və ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Moskvada azərbaycanlı həmyerlisini güllələdi

Rusiyanın Moskva şəhərində atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, dünən günorta saatlarında paytaxtın Verxniye polya küçəsində azərbaycanlı olduqları bildirilən iki şəxs “Hunday” avtomobilinin içində mübahisə ediblər. Onlardan biri tapança ilə həmsöhbətinə bir neçə dəfə atəş açıb. Yaralı maşından düşüb bacarıb. Daha sonra o, xəstəxanaya çatdırılıb. Şübhəli şəxs Moskva polisi tərəfindən isti izlərlə saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, eyniadlı qəsəbədə baş verib. Burada evlərdən birində 46 yaşlı S. Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir. Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.

Paşinyandan Tramp-Zelenski davasına REAKSİYA

Ermənistanın baş naziri Nokol Paşinyan Vaşinqtonda keçirilən və qalmaqalla yekunlaşan Tramp- Zelenski görüşü barədə danışmaq istəməyib. Sozcu.az xəbər verir ki, erməni jurnalistlər baş nazirdən hadisə ilə bağlı fikirlərini bölüşməyi istəyiblər. Nikol Paşinyan bu haqda danışmaq istəməyərək, “məsələ bizlik deyil” söyləməklə kifayətlənib.