Onların bütün nəticələri ləğv olunacaq - Xəbərdarlıq

İmtahana gizli telefon keçirilməsinə görə növbəti dəfə xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. DİM sədri bildirib ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur, onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər: “Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

Azərbaycanın Xalq artisti Faiq Ağayev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, Xalq artisti Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk üç ilində yalnız dərs aldıqları müəllimlərinin müalicəsi ilə məşğul olmalı olduqlarını qeyd edib. Faiq Ağayev düşünür ki, bu addım səhiyyənin səviyyəsini qaldıra bilər: “Səhiyyəmizin səviyyəsini yüksəltmək üçün, Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk 3 ilini yalnız dərs aldığı müəllimlərinin müalicəsi ilə məşğul olmalıdır.” Paylaşımda xalq artisti tibbi simvol və təcili yardım emojisinə də yer verərək, məsələnin ciddiliyinə diqqət çəkib. Qeyd edək ki, Faiq Ağayev tez-tez cəmiyyətin müxtəlif sahələrinə dair fikirlərini sosial şəbəkə hesablarından bölüşür və ictimaiyyətin marağına səbəb olur.

İmtahan cavabları süni intellektlə yoxlanılacaq?

2025-ci ildə buraxılış imtahanlarında 2 milyon 700 min yazı işi Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi proqram təminatı vasitəsilə yoxlanılıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yalnız proqram və ya yalnız insan tərəfindən aparılan yoxlamalarda mexaniki və subyektiv səhvlərin baş verməsi mümkündür: “Məhz bu səbəbdən, yazı işlərinin qiymətləndirilməsi prosesində süni intellektlə yanaşı mütəxəssis müdaxiləsi də təmin olunur. Süni intellektdən istifadə prosesini addım-addım həyata keçiririk. Hazırda müəyyən proseslər artıq insan müdaxiləsi olmadan yerinə yetirilir. Lakin yazı işlərinin yoxlanması mərhələsində təkcə süni intellektdən istifadə olunması barədə danışmaq hələ tezdir”. Məleykə Abbaszadə qeyd edib ki, DİM yaxın gələcəkdə Çağrı mərkəzi sisteminə də süni intellektin inteqrasiyasını planlaşdırır.

Ali məktəblərə keçid balı açıqlandı

“Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur”. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfransında deyib. M.Abbaszadə bildirib ki, ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.

DİM rəhbəri: Bu il 130 mindən çox abituriyent qəbul üçün qeydiyyatdan keçib

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Sozcu.az report-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var: “Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Builki buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib".

ABŞ-da gərgin anlar: Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında ATIŞMA

ABŞ-ın Virciniya ştatının Lenglidə yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş qərargahı yaxınlığında silahlı insident qeydə alınıb. Sozcu.az xəbər verir ki, CBS-in məlumatına görə, hadisə zamanı MKİ-nin mühafizəçiləri avtomobillə quruma yaxınlaşan və dayanmaq əmrinə tabe olmayan bir qadına atəş açıblar. Qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onun müalicə aldığı tibb müəssisəsinin adı açıqlanmır. Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) araşdırmalara başlayıb. Bu, hüquq-mühafizə orqanlarının silah tətbiq etdiyi hallarda adi prosedur sayılır.

Qurban bayramı ilə bağlı fitva verildi

Qurban bayramı ilə bağlı fitva verilib. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib. QMİ sədri qeyd edib ki, Qurban bayramı iyun ayının 6-da qeyd olunacaq.

Baydenin bu qədər ömrü qalıb

ABŞ-ın keçmiş prezidenti Co Baydendə prostat xərçəngi dördüncü mərhələdədir və artıq sümüklərinə metastaz verib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş həkimi Ronni Cekson məlumat verib. O, Baydenin 12-18 ay ərzində ölə biləcəyini söyləyib. “Bu mənim ixtisasım deyil, amma danışdığım bir çox uroloq deyib ki, Baydenin 12-18 ay ömrü qalıb. Ümid edirəm ki, o, daha uzun yaşayar. Amma görünür ki, xəstəlik çox inkişaf edib”, - həkim bildirib.

Sabah 31 dərəcə! - Cümə gününün HAVA PROQNOZU

Bakıda və  Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olub. Hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur. Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər. Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb. Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb. İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İyunda neçə gün iş olmayacaq?

Xəbər verdiyimiz kimi, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq. Sozcu.az xəbər verir ki, iyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək. İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.

Dünya ölümcül epidemiya ilə üz-üzə: Daşıyıcısı pişiklər ola bilər

Pişiklərdən insanlara quş qripi virusunun keçmə ehtimalı yüksəkdir. Hazırda Avropa və ABŞ-da pişiklərin bu infeksiyaya kütləvi yoluxması müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə "İzvestiya"ya müsahibəsində Rusiyanın N.F.Qamale adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq danışıb. Ekspert hesab edir ki, pişiklər virusun mutasiyaya uğraması üçün bir növ “inkubator” rolunu oynayır və bu, insanlar üçün potensial təhlükə yaradır. “Qrip virusu heyvanlar və insanlar arasında dövri şəkildə hərəkət edir. O, heyvanlarda olduğu zaman antigenliyini dəyişə bilər, çünki heyvanlar insanların yoluxmadığı digər ştammlarla xəstələnir. Əgər bir hüceyrədə fərqli variantlar qarşılaşarsa, müxtəlif komponentlərdən yeni bir genomun yığılması baş verə bilər”, - deyə Gintsburq izah edib. Ekspertin sözlərinə görə, quş qripi virusunun pişiklərdən insanlara keçmə ehtimalı yüksəkdir. Bu baş verərsə, quş qripi virusunun yayılması həddindən artıq yoluxucu və potensial ağır nəticələrə görə çiçək epidemiyası ilə müqayisə edilə bilər. Buna görə də, epidemiya halında sürətli reaksiya vermək üçün H5N1 ştammına qarşı peyvəndin prototipinin təcili olaraq hazırlanması zəruridir. Gintsburqun fikrincə, lazım gələrsə, bu vaksinin kütləvi istehsalını bir neçə həftəyə başlamaq mümkündür.Bakupost)

Elgünün dayısı: Xəstəxanada dedilər ki, uşağı möhkəm döyüblər - VİDEO

“Sosial şəbəkələrdə Elgünün ölümü ilə bağlı ağıllarına gələni yazırlar. Anası Fizzə yanıb tökülür. Biri deyir, maşınla vurub atıblar, biri deyir, intihardır. Bu yazılanlar anasına pis təsir edir. Biz hər kəsə səslənirik ki, istintaqın fikrini başqa yerə yayındırmasınlar”. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Elgün İbrahimovun dayısı Nofəl Zeynalov deyib. O bildirib ki, ailə istintaqın nəticəsini gözləyir: “Elgünün düşməni yox idi, özü də dalaşqan deyildi. Sinif yoldaşları da daxil olmaqla hər kəs bacımın balasının başına and içirdi. Ona görə də şübhələndiyimiz yoxdur. Ancaq dəqiq bildiyimiz bir şey var: Elgün qətlə yetirilib. Biz hadisə olan günü xəstəxanaya da getdik. Dedilər, uşağı möhkəm döyüblər. Ona görə də bacım fikirləşir ki, uşağını döyüb öldürüblər.” Məlumata görə, “Musavat”ın Gəncədəki müxbirinə deyilib ki, ərazidə heç kimə bu barədə danışmağa icazə verilmir.

Qəzada həyatını itirən qazi imiş

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub. Sozcu.az-ın məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib. R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu. Qeyd edək ki, qəza zamanı dah iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Külək nə vaxt dayanacaq? - Tarix AÇIQLANDI

Mayın 21-i saat 17:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir. *** 11:07 Mayın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Mingəçevirdə 26, Bərdədə 22, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şabranda 19, Sabirabadda 17, Gəncə və Xaçmazda 16, Şəkidə 15 m/s-dək güclənib. Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.

Şəhərin mərkəzində qorxudan elan: Adam döymə, yaralama, qaçırma qiymətləri...

İstanbulda son zamanlar internet üzərindən kirayə qatillərin elanları artıb. Tetikçilər, ev və avtomobil elanları kimi açıq şəkildə xidmətlərini təklif edir, insan həyatı üzərindən qiymət razılaşmaları aparırlar. Hətta bəzi Telegram qruplarında endirim kampaniyaları belə təklif olunur. Sozcu.az xəbər verir ki, “Haber Global” komandası bu elanlara müraciət edərək, "Bir kişi tərəfindən təhdid olunuram, onun ölməsini istəyirəm, qiymət nə qədərdir?" sualını yönəldib. Aldıqları cavablar şokedici olub: Bədən bölgələrinə görə qiymətlər: bel altı 200 min TL, bel üstü 400 min TL, tam infaz 3 milyon TL. Mağazaya hücum: 30-50 min TL. Girov üçün adam qaçırma: 400 min TL-dən başlayır. Yaralama və ya döymə: 50 min TL. Onlar hədəfin məlumatlarını tələb edir və planlarını belə izah edirlər: "Maşın nömrəsini ver, GPS yerləşdirəcəyik, mübahisə görüntüsü yaradıb, gizlənərək işi bitirəcəyik." Hətta "Yaralı istərsən?" sualına "Ölür, narahat olma" kimi soyuqqanlı cavablar verirlər. Həbs riski ilə bağlı isə "Bizdən heç kimə bir şey olmaz" deyirlər. Bu cür elanlar və fəaliyyətlər, internetin təhlükəli tərəfini və hüquq-mühafizə orqanlarının bu sahədəki çətinliklərini bir daha gündəmə gətirir. İnsan həyatının bu qədər ucuz qiymətlərlə alınıb-satılması cəmiyyət üçün ciddi bir təhdiddir.yenisabah)

665 bal toplayan azərbaycanlı gənc faciəvi şəkildə ÖLDÜ

ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb. Bostonda yaşayan Ceyhun Sadıqbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, C. Sadibəyli 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.

Diqqət ! Azərbaycanda bu dərmana qadağa qoyuldu - RƏSMİ

Son zamanlar sosial şəbəkələrdə kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan “Varfarin Stada” preparatının idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, həmçinin AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar yayılıb. Sozcu.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi sözügedən dərmanın ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara münasibət bildirib. Qeyd edilib ki, Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir: “Konkret “Varfarin”ə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. “Stada Azerbaycan” MMC tərəfindən Analitik Ekspertiza Mərkəzinə 11 fevral tarixində göndərilən müraciətə baxılıb və onlara yararlılıq müddəti 5 il olan “Varfarin” dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib. Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir. Hazırda adı qeyd edilən dərman vasitəsinin (“Varfarin Stada” 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan DV-nin idxalına icazə verilməməsindən gedir. Bəri başdan qeyd edirik ki, artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi alıb və yararlılıq müddəti 3 il olan “Varfarin” dərman vasitəsi istənilən qədər idxal edilə bilər. “Varfarin Stada” dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi alıb, hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib”.

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi

"Xural" Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib. Hal-hazırda Türkiyədə müalicə alan Zeynallı ağır vəziyyətdədir və həyat uğrunda mübarizə aparır. Sozcu.az xəbər verir ki, vəziiyyətin çıxılmaz nöqtəyə gəlməsi səbəbindən Əvəz bəyin həyat yoldaşı, jurnalist Məlahət Zeynallı dövlətə müraciət edib. O, dövlətə və xalqa etdiyi müraciətdə bunları deyib: “Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tamı-tamına ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm: Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik. Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm: Əvəz Zeynallıya sahib çıxın! Bizim zatən Dövlətimizdən və Millətimizdən başqa kimimiz-kimsəmiz yoxdur.”

İşdən çıxarılan məktəb direktorunun “ürəyi getdi“

Bakı ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işdən çıxarılıb. Bakupost.az bu barədə öz mənbələrinə istinadən xəbər verir. Qeyd olunur ki, işdən çıxarılmaq xəbərini eşidən direktor özünü xəstəliyə vurub. Belə ki, ərizəyə qol çəkərkən, Mehriban Ələkbərovanın "ürəyi gedib". Onun vəzifədən getməmək üçün bülleten açdırdığı da bildirilir. Qeyd edək ki, bundan əvvəl məktəb direktorunun adı müxtəlif neqativ hadisələrdə hallanıb.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs EDAM OLUNDU

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar, İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir. Qeyd edək ki, ötən ay İranın məhkəmə-ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirmişdi. Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Xatirə Əzizdən gül şeirlər...

Xatirə Əzizi tanıdığım gün, onun zərif, kövrək gül ləçəklərinə oxşar şeirlərini oxuduğum gün idi; O gün hiss elədim ki, Azərbaycan poeziyasının zəriflər sırasına bir istedad da qoşuldu. İncə, səsi də şeiri kimi sakit axan, çayların həzin zümzüməsinə bənzəyən Xatirə Əziz poeziyası bu zəriflər meydanında geniş əhatədədir; O, bu əhatədə salxarlı-məzmunlu yaradıcılıq sərgiləyə-sərgiləyə artıq ömrün yarım əsri ilə görüşə gəlib. Amma inanmıram ki, ömrün bu pilləsi onun şeirlərindəki o zümzüməni ahəngdən qoya bilsin.  Şirvan elindəndir Xatirə Əziz. Şirvanın qədim, ecazkar muğam dünyasından, o ulu şeirlərin şeir boğçasından onun poeziyasına da həzin səslər, incə güllər qarışıb. Bu səs yanğılıdır, bu güllər kövrəkdir. Yad bir nəfəs, namərd bir əl onlara toxunanda kaman kim inildəyir: Ürəyimdə həsrət odu, Səsim sözümü yandırır. Bu nə baxtdı; çölüm yadı, İçim özümü yandırır?! Xatirə Əzizin şeirləri sevgidəndir. Vətən sevgisindən, torpaq sevgisindən, ana sevgisindən və bir də... könlündəki sevgidən. Şeirləri gül-çiçək qoxulu Xatirə xanım Vətən sevgisini uca sevgi, qoca sevgi kimi yaşadır. O sevgi yaşına görə qocadı, amma müdrik qocadı.  Xatirə Əziz qadın yazarlar içində bəlkə də nadirlərindəndi ki, hər ay Vətən sevgisini içində gəzdirə-gəzdirə üçrəngli bayrağımızın keşiyini çəkən Vətən oğullarının-Azərbaycan döyüşçülərinin, sərhədçilərin ziyarətinə gedir. Zərif bir qadın buna necə tab gətirir?! Zərifliyin də bir qiyamı var. Xatirə xanlm Vətən oğullarının qarşısında şeir oxuyur: həmin an onun zərif gül ləçəyi şahə qalxır, alov rənginə dönür. Bax, budur qeyrət! Xatirə Əzizin bu dünyadan bəlkə də heç bir istəyi yoxdur. Tanrı ona şairlik istedadı bəxş edib, bu da bəsidir... Amma şəxsi istəyindən yox, torpağına sevgisindən danışır, Vətəninə atəşin ürəklə bağlılığından danışır. Onda görünür ki, Xatirə xanımın ən böyük istəyi Azərbaycanı dərdsiz-qəmsiz görməkdir. Onun bu dünyasında Vətən adlı bir könlün sevgisi var: Namərdin əli altda, Kəsilir mərdin əli. Vətənin yaxasından, Əl çəkmir dərdin əli. Kim salıb bu qırğını? Ölüm an içindədi. Zalımların əlindən, Dünya qan içindədi. Zəriflərin - qadın yazarların sevgi şeirləri riyasız olur. Yalan az yeriyir bu şeirlərə. Xatirə Əziz də bugünədək sevgi şeiri yazır və məhəbbəti tükənmədiyi üçün onu zərrə-zərrə şeirlərinə səpir. Əslində, onun taleyinə aid sevgi şeirləri təkcə özünə deyil, bütün sevənlərə ünvanlanıb. Axı sevgidə vüsal arzusu həmişə əlçatmaz xəyala dönür... Özü də qarşılığı olmayan sevgilərdə aldanışlar, yamanlıqlar həddən ziyadə... Barışmaq çətindir ayrılığınla, Həsrətin yükünü daşıyıram mən. Alışıb kül olmaq yaşamaqdısa, Sən də elə bil ki, yaşayıram mən. * Tanrım, bu ayrılıqlar,  Görən nə vaxt bitəcək? Bir bitməz nağıldımı? Sonu haçan yetəcək? * Ürək duya-duya, göz baxa-baxa, Kimsə dözə bilməz, dözdüyüm dağa. Demirsən, sən axı, bu ayrılığa, Daş olub beləcə dözməliyəm mən!? Səndən əllərimi üzdüm, qayıtma, Sevdanın üzündən bezdim,  qayıtma, Bəsdir yol gözlədim, gəzdim, qayıtma, Səni ürəyimdə gəzməliyəm mən!? Beləcə ayrılıqlar, gözlərin yol çəkməsi, ürəyin dərddən qubar bağlaması, minillik şeirimizin həsrət notları Xatirə Əzizin şeirlərindən də keçir.  Arzulayıram ki, bu ayrılıqlar sona yetsin, sonu vüsala dönsün. Vüsala dönməyəcəksə, yenə ürək var, dərd var, ilham var. Həyat, sevgi, şair ömrüsə davam edir. Qəlbi sevgi ilə çağlayan şair Xatirə Əzizin zərif gülləri solmayacaq! Vaqif Yusifli Filologiya elmləri doktoru, professor

Çin öz şirkətlərinə Rusiya ilə bağlı qadağa qoydu

Ukraynada müharibə başlayandan bəri Çinin Rusiyaya investisiyası ildə 1,2 milyard dollardan 400 milyon dollara düşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Bell” məlumat yayıb. “Sərhədsiz tərəfdaşlıq haqqında bəyanatlara baxmayaraq, Pekin Rusiya iqtisadiyyatına investisiya qoymağa tələsmir. Çin öz şirkətlərinə Rusiyanın neft-qaz sektoruna sərmayə qoymağı, avtomobil zavodları tikməyi qadağan edib və “Sibirin Gücü 2” layihəsindən imtina edib. Çindən Rusiyaya son böyük investisiya layihəsi 2021-ci ildə “Sinopec” üçün olub, 360 milyon dollar”, - məlumatda bildirilib. Nəşr ekspertlərə istinadla yazıb ki, Rusiya bazarı hətta çinlilər üçün çox riskli və qeyri-şəffafdır.

MİT rəhbəri Suriyada: Şara ilə görüşdü

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) baş0çısı İbrahim Kalın Suriya Prezidenti Əhməd əş-Şara, xarici işlər naziri Əsəd əş-Şeybani və Təhlükəsizlik Təşkilatının başçısı Hüseyn əs-Səlami ilə Suriyada görüşüb. Sozcu.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb. Bildirilib ki, görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlərin, Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanaraq Türkiyənin, hər zaman Suriyanın yanında olacağından bəhs olunub. Görüş zamanı həmçinin sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, İsrailin Suriyaya hava hücumları müzakirə edilib.