Yoxsul vətəndaşları taleyin ümidinə qalan, yavan çörəyə möhtac olan məmləkət...

Yoxsul vətəndaşları taleyin ümidinə qalan, yavan çörəyə möhtac olan məmləkət... Milyonlar səltənətinin vətəndaşları nə üçün işsiz və ac-yalavac qalmalıdır öz yurdunda? Birbaşa mətləbə keçim. Gün kimi aydındır ki, Azərbaycanda neçə illərdir işsizlik tüğyan edir. Şəxsən mən, dövlətin aidiyyatı qurumlarında işsiz vətəndaş kimi rəsmi olaraq qediyyatdan keçmişəm. İşsizlik statusum var. Amma dövlət tərəfindən mənə işsizlik müavinəti verilmir. Niyə axı? Nə üçün belə olmalıdır ki? Qərbdə, Avropa ölkələrində işsiz vətəndaşlara dövlət tərəfindən müəyyən olunmuş sosial müavinət verilir. Yəni işsiz vətəndaşlar bu maliyyə hesabına sosial baxımdan həyatını  idarə etsin və yaşaya bilsin. Söz düşmükən, bir ciddi nüansı da demək istyirəm. Ali təhslliyəm. Bir neçə sahə üzrə təhsilim var. Amma neçə illərdi ki, işsizəm, işləmirəm. Çünki ölkədə iş yerləri yoxdur işləmək üçün. Bu yerdə sual olunur ki, işləməyən vətəndaşlar necə yaşamalıdır sosial-iqtisadi baxımdan?  İşsiz olduğu üçün pulsuz qalan vətəndaşlar ac-yalavac qalıb həyatı ilə vidalaşa bilər axı. Sizcə, yavan çörəyə möhtac olan ac insan uzun müddət necə yaşaya bilər sosial baxımdan? Məmurlar çox yaxşı bilir ki, bu, qəti şəkildə mümkün deyil. Cənab məmurlar, ölkə əhalisini yüksək rifah halında yaşatmaq lazımdır. Çünki bizlər milyonlar səltənəti, neft-qaz ölkəsi olan Azərbaycanın vətəndaşlarıyıq. Bukimi amilləri niyə nəzərə almırsınız ki?  Azərbaycanda həm bakalavr, həm də migistratura təhsili olan minlərlə gənclər iş tapa bilmədikləri üçün işsizdir. Çox böyük ürək yanğısıyla qeyd edim ki, bu gənclərin çoxusu məcburiyyət qarşısında ana dediyi öz doğma Vətənini tərk edib uzaq Avropa ölkələrinə üz tuturlar.  Yəni gənclər buna məcbur olur. Cənablar, sizcə, zəngin ölkəsi olan XALQı belə yaşatmaq lazımdırmı? Yaxşı bilirsiniz ki, bu ölkənin saysız-hesabsız təbii sərvətləri var. Bu sərvətlərdən ölkə büdcəsinə daxil olan yüsək məbləğdə maliyyə vəsaiti hara xərclənir, kimlərin cibini doldurur bəs? Ümumiyyətlə, ölkədə zavodlar, fabriklər açılmır, istehsalat sahələri yaradılmır, iri sənye müəssisələri tikilmir. Axı nə üçün, hansı səbəblərə görə yeni iş yerləri açmırsınız ki, işsiz vətəndaşlar da işlə təmin olunsun. Nədən belə laqeyd yanaşırsınız ölkə vətəndaşlarının həyatına?  Bəzi xəbər saytlarının yazdığını oxuyanda xəbərdar oluruq ki, qeyri-rəsmi məlumata görə Azərbaycanda 650 minə yaxın əmək qabiliyyətli işsiz olan vətəndaşlar var.  Bu isə ürəkaçan xəbər deyil amma. Hökumət üzvləri, eləcə də məmurlar, sizlər idarəçiliyi necə edirsiniz? Cənablar, necə düşünürsünüz, idarəçilik belə olurmu? Mənim kimi ali təhsilli minlərlə vətəndaşlar işsizdir. Hökumət isə 1 qara qəpik də olsa işsizlik müavinəti ödəmir ölkənin işsiz qalan vətəndaşlarına. Bu, nə dərəcədə düzgündür sizcə, vəzifəli şəxslər, məmurlar. Cənab Baş nazir və hökumət üzvləri, eləcə də Azərbaycan dövlətinin bu məsələlərlə bağlı aidiyyatı qurumlarının rəhbərləri.... İşlə təmin etmədiyiniz, ölkədə iş yerlərinin olmamasına görə iş tapa bilməyən minlərlə vətəndaşların həyatından, işsiz olanların ac-yalavac qalmasından, ürək yandıran sosial vəziyyətindən niyə xəbəriniz yoxdur? Nə üçün belə olmalıdır? Hökumət olaraq bu ciddi məsələlərdən xəbəriniz olmalıdır axı... Niyə xəbərsizsiniz əhalinin çox hissəsinin ağrılı-acılı, əzablı gün-güzaranından? Xəbəriniz olsaydı yəqin ki, XALQın əksər hissəsinin sosial durumu bu qədər acınacaqlı gündə olmazdı. Amma bukimi məsələlərə cavabdeh olsaz da təəssüflər ki, sizlər vətəndaşların ağır, çətin və dözülməz sosial durumundan xəbərsizsiniz. Çox-çox təəsüf olsun belə xoşagəlməz hallara.  Şair jurnalist kimi məni şox təəccübəndirir ki, hökumət üzvlərinin, həmçinin yüksək vəzifəli şəxslərin məmurların işinin adı nədir görəsən? Sizlər nə işlə məşğulsunuz bəs?  Hökumət olaraq ölkə vətəndaşlarının sosial-iqtisadi baxımdan necə yaşamasına və hər bir vətəndaşın öz ayaqları üstündə dura bilməsinə, firavan həyat yaşamasına  cavabdehsiniz. Cavabdehliyinizi bu formada yerinə yetirirsinizmi cənablar? P. S. Həzrəti Süleymana qalmayan dünyadı. P. S. Sərvət, pul-para bu dünyada qalacaq... XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Artur Sərkisyan həbs edildi

Ermənistanda “Hayastan” fraksiyasının deputatı Artur Sərkisyan həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bundan öncə prokurorluğun müraciəti ilə A.Sərkisyanın deputat toxunulmazlığı ləğv edilmişdi.

Putindən Boqdanovla bağlı gözlənilməz qərar...

Mixail Boqdanov Rusiya xarici işlər nazirinin müavini, habelə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifələrindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin rəsmi hüquqi informasiya portalında yayımlanmış müvafiq fərmanlarında deyilir.

Zelenski Roma Papası ilə bir arada

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq, İtaliyanın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sercio Mattarella ölkəsinin mövqeyinin tamamilə qəti olduğunu və Ukraynaya hərtərəfli dəstək olacağını bildirib. Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə Ukrayna Prezidentini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahında qəbul edib. Papa Leo Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu bir daha qeyd edib. Görüşdə sülhə aparan ədalətli və davamlı yolların aktuallığı, bunun üçün də dialoqun vacibliyi vurğulanıb. Qeyd edək ki, Volodimir Zelenski iyulun 10-11-də Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün İtaliyaya gəlib.

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. pizza sifarişi Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edilir

Azərbaycan diasporunun Moskvada rəhbəri Elşən İbrahimov ölkədən deportasiya edilir. "Report"un “Baza” telegram-kanalına istinadən verdiyi xəbərə əsasən, bir neçə gün bundan əvvəl o Rusiya vətəndaşlığından məhrum edilib. Məlumata əsasən, hazırda E.İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və “Aeroflot”un gecə reysi ilə Bakıya göndəriləcək.

Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR

Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarında dəyişiklik edilir. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin iyulun 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinin tapıb. Qanun layihəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Həmçinin, araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Bundan əlavə, yuxarıda nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək.

Bu rayonlarda həkimlərin maaşları verilmir

Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib. Sozcu.az xəbər verir ki, bu barədə "Teleqraf"a işçi heyəti məlumat verib. Bildirilib ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur.

Meyiti aşkarlanan şəxsin kimliyi məlum oldu

Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum olub. Sozcu.az xəbər verir ki, meyiti aşkarlanan şəxs Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Səxavət Novruz oğlu Abdullayevdir. Qeyd edək ki, ötən gün Bərdə rayonunda Yuxarı Qarabağ kanalından naməlum meyit aşkar edilib. Naməlum meyit kanalın Həsənqaya kəndi ərazisindən keçən hissəsində tapılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda xərçəng xəstələrinin sayı artdı

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam!

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir. Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, sənə inanmıram. Məncə, o, həqiqətən də mənə inanmadı”. ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Szinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır: “Ona (Si Szinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”. CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir. Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.

Ağdam-Füzuli yolunda ağır qəza: 24 nəfər...

09:13 Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. *** Bu gün səhər saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub. TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar. Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Avropada 2300 adam istidən öldü

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin araşdırmasında qeyd olunub.

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Abşeron çimərliklərində iyulun 9-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Yumurtaya görə başlanan mübahisə qanla bitdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşu qadını qətlə yetirməkdə təqsirləndirilən Şəmkir rayon sakini Fariz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Əliyev 13 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Şəmkir rayonunun Zəyəm-Çırdaxan kəndində baş verib. Kənd sakini F.Əliyevin iti qonşusu Əntiqə Məmmədovanın toyuqlarının yumurtasını yeyib. Ə.Məmmədova buna görə F.Əliyevə irad tutub və ondan dəymiş ziyana görə 7 manat tələb edib. F.Əliyev axşam saatlarında Ə.Məmmədovanın evinə gələrək ona 7 manat verib geri qayıdanda aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ə.Məmmədova F.Əliyevi söyüb təhqir edib. Geri qayıdan F.Əliyev qadını dirsəyi ilə vurub yıxıb. O, evi tərk edərkən Ə.Məmmədova onun ölənlərinin qəbrini söyüb. Bundan əsəbiləşən F.Əliyev həyətdən bıçağı götürərək geri qayıdıb və qadına 6 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb və F.Əliyev saxlanılıb.

Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib. Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Buna əsasən Tufanyana əlavə cəza - 5 il müddətinə icazə şərti ilə silah saxlama və ya gəzdirmə qadağası əlavə edilməklə, 12 ay şərti həbs cəzası (daha ağır cəza, çünki birinci instansiya məhkəməsinin qərarına görə o, 6 ay şərti cəzaya məhkum edilib). Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı bir qrup şəxs və ya şəriklər tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka ziyan vurmaqda təqsirli bilib. Belə ki, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin ağırlığını tanıyıb. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iddiada, yəni onun barəsində maddi cəza təyin edilməsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 8-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra Z.Ağayev bildirib ki, təqsirləndirilən Ruben Vardanyanın ötən iclasda verdiyi vəsatətlə bağlı cinayət işinin materialları nəzərdən keçirilib. Qeyd edib ki, məhkəmə onun və müdafiəçisinin verdiyi bütün vəsatətləri qiymətləndirib. Ardınca Ruben Vardanyan məhkəməyə müraciət edib. Bildirib ki, daha əvvəl məhkəmə kollegiyası iclas protokolları ilə tanış olmaq üçün ona və müdafiəçisinə şərait yaradıb. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmiş və protokollarda öz əksini tapmış qərarlarla tanış olmaq istəyirlər. Bundan başqa, müdafiə tərəfi müxtəlif tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərin təmin olunmasına dair qərarlardan çıxarışın da onlara təqdim olunmasını xahiş edib. Vəkil Avraam Berman təqsirləndirilən şəxsin müraciətini müdafiə edib. İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədək təqsirləndirilən şəxs və onun müdafiəçisinə istədikləri sənədlərlə tanış olmaq üçün məhkəmə tərəfindən şərait yaradılıb, əvvəl olduğu kimi, yenə də şərait yaradılacaq. Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər. Zərərçəkmiş Elməddin Lətifovun hüquqi varisi qismində ifadə verən Sabir Lətifov deyib ki, onun qardaşı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribat nəticəsində həlak olub. Zərərçəkmiş Şamil Həsənovun hüquqi varisi Şiraslan Həsənov övladının Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini bildirib. Zərərçəkmiş Şamxal Həmidovun hüquqi varisi qismində tanınaraq dindirilən Asif Şükürov qeyd edib ki, Ş.Həmidov Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Zərərçəkmiş Bəhruz Rüstəmlinin hüquqi varisi Mövlam Rüstəmli ifadəsində qardaşının Xocalı rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində qəlpə yaralarından öldüyünü bildirib. Zərərçəkmiş Kamal Qasımovun hüquqi varisi Sevinc Qasımova oğlunun Xankəndi şəhəri istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib. Zərərçəkmiş Pərviz Hünbətov ifadəsində deyib ki, Ağdam rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs diqqətə çatdırıb ki, hadisə zamanı Sadiq Qəhrəmanov həlak olub, Ramin Osmanov və Aqil Quliyev isə müxtəlif növ bədən xəsarətləri alıblar. Məhkəmədə ifadə verən Elmir Qasımov isə dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında qeyd edib ki, o, Şuşa istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yanına düşərək partlaması nəticəsində sağ çiyin, sol ayaq, baş və bədənin müxtəlif nahiyələrindən çoxsaylı qəlpə xəsarətləri alıb. Məhəmməd Mahmudov ifadəsində Xocavənd rayonu ərazisindən açılmış atəş nəticəsində kürəyindən xəsarət aldığını vurğulayıb. Zərərçəkmiş Vəli Balabəyli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi istiqamətində atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlət ittihamçısı Nəsir Bayramovun suallarını cavablandırarkən hadisə zamanı yanında olan daha iki nəfərin yaralandığını söyləyib. Məhkəmədə ifadə verən Məhəmməd Kərimov isə Xocalı istiqamətində düşmənin snayperdən açdığı atəş nəticəsində boğaz nahiyəsindən yaralandığını, bir neçə şəxsin isə həlak olduğunu bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal ƏIiyevin sualına cavabında diqqətə çatdırıb ki, həmin vaxt düşmən ərazilərimizi iriçaplı silahlarla atəşə tutub. Zərərçəkmiş Namiq Atakişiyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında vurğulayıb ki, o, Ağdam istiqamətində atılmış mərminin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs Oruc Məmmədov Xocavənd rayonu ərazisində atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib. Digər zərərçəkmiş Amin Cavadov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin içərisində olduğu maşının üzərinə düşərək partlaması nəticəsində xəsarət alıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hadisə zamanı Tural Ağcabəyov və Mirpaşa Mehdizadənin həlak olduğunu, özündən başqa daha dörd nəfərin isə yaralandığını söyləyib. Zərərçəkmiş Etibar Hüseyinli ifadəsində deyib ki, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin ərazisində yerləşən əkin sahəsində piyadaəleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Zərərçəkmiş Pərviz Qənbərov bildirib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində o, Rəşad Əliyev və Rəhim Nəsirov müxtəlif növ bədən xəsarətləri alıblar. Zərərçəkmiş şəxs Mərkəz Sadıqov qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun təxminən 7-8 metr yaxınlığına düşərək partlayıb və nəticədə çoxsaylı xəsarətlər alıb. Zərərçəkmiş şəxs Valeh İbrəhimov deyib ki, düşmən tərəfindən atılmış “Faqot” tankəleyhinə idarəolunan raketin yaxınlığında partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb. Araz Usubov ifadəsində Xocavənd rayon ərazisində düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində ayaqlarından və boynundan çoxsaylı qəlpə xəsarətləri aldığını diqqətə çatdırıb. Zərərçəkmiş Etibar Səfərov Kəlbəcər rayonunun ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Orxan Kərəmli ifadəsində Ağdərə rayonu ərazisindən atılan minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib. Zərərçəkmiş Vasif Yusupov Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində yaralandığını bildirib. Etibar Baxışov isə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpə xəsarəti aldığını qeyd edib. Bəhruz Nəzərov ifadəsində bildirib ki, Zəngilan rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində yaralanıb. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Zığ şosesində yanğın olub

Paytaxtın Suraxanı rayonunda, Zığ şosesi yaxınlığındakı açıq ərazidə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Abşerondakı partlayışda yaralananların son durumu - GÖRÜNTÜ

Abşeronda Gənclər şəhərciyindəki binalardan birində baş verən partlayış zamanı yaralananların vəziyyəti açıqlanıb.  Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib.  Bildirilib ki, ötən gün saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. 1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, partlayış onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində baş vermişdi. 

Rusiyadan daha bir TƏXRİBAT - Bu dəfə bayrağımızı... - FOTO

Rusiyanın Lenta.ru saytında Azərbaycan-Rusiya münasibətlərinə dair videoçarxda Cənubi Azərbaycanın bayrağı yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Rusiya saytının bu təxribatçı addımla ölkəmizə qarşı hörmətsizlik etdiyi vurğulanıb. Qeyd edək ki, sözügedən videoçarx Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan haqqında mənfi fikirlərinin yer aldığı xəbərin sonunda paylaşılıb. Zatulin Azərbaycan və Rusiya arasında müttəfiqliyin olmadığını deyib.

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Sozcu.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bidlirilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi

Bəzi söz-söhbətlərin əksinə olaraq, qonşularla sionist rejim arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib. Sozcu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. Qeyd edək ki, bundan əvvəl İranın bəzi media qurumları və ekspertləri İsrailin Hərbi Hava Qüvvələrinin İrana zərbələr endirmək üçün bölgə ölkələrinin, o cümlədən Azərbaycan Respublikasından hava məkanından istifadə etdiyi barədə iddialar səsləndirmişdilər.

Temperatur 36 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

"Ukrayna dronları Rusiyanın cənubundakı neft emalı zavodunu vurub" - Ukrayna BKİ

"İlsk Neft Emalı Zavoduna zərbə və Rusiyanın hərbi infrastrukturlarına ardıcıl hücumlar..." Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin (BKİ) uzaqmənzilli döyüş dronları iyulun 7-də Rusiyanı  Krasnodar diyarında yerləşən A. Şamar adına İlsk Neft Emalı Zavoduna zərbə endirib. Bu zavod Cənub Federal Dairəsinin aparıcı neft emalı müəssisələrindən biri sayılır. Sozcu.az xəbər verir ki, bu barədə "pravda.com" nəşri məlumat yayıb. Hədəfdə əsas enerji infrastrukturudur Ukrayna kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, hücum nəticəsində zavodun texnoloji sexlərindən biri ciddi şəkildə zədələnib. Yerli Rusiya KİV-ləri də hadisəni təsdiqləyib və zərbənin nəticələrini işıqlandırıb. Hərbi təyinatlı enerji mərkəzi A. Şamar adına İlsk Neft Emalı Zavodu həm neft və qaz kondensatının qəbulu, saxlanması və emalı, həm də hazır məhsulların avtomobil və dəmir yolu ilə daşınması üzrə fəaliyyət göstərir. Kəşfiyyat məlumatlarına görə, bu müəssisə Rusiyanın hərbi-sənaye kompleksinin bir hissəsi kimi Ukraynaya qarşı müharibədə dolayı rol oynayır. Zavodun istehsal etdiyi yanacaq məhsulları Rusiya ordusunun texnikası üçün strateji əhəmiyyət daşıyır, xüsusilə Cənub Hərbi Dairəsinin ehtiyaclarını qarşılayır. İkinci zərbə: Vladivostokda partlayış və yanğın İlskdəki hücumdan bir neçə gün oncə, iyulun 5-nə keçən gecə Rusiyanın Uzaq Şərqində, Vladivostok yaxınlığında magistral qaz kəməri partladılıb. Kəşfiyyat məlumatlarına əsasən, bu partlayış və ardınca baş verən yanğın nəticəsində Yapon dənizi sahil xətti boyunca uzanan "Vladivostok" qaz magistralının bir neçə hissəsi məhv edilib. Bu qaz kəməri Rusiyanın Sakit Okean Donanmasının 155-ci dəniz piyadaları briqadası da daxil olmaqla, sahil boyu yerləşən bir sıra hərbi obyektlərin qazla təminatında mühüm rol oynayır. Kəmərin bir hissəsinin yalnız bu ilin mart ayında istismara verildiyi bildirilir. Eyni zamanda hərbi qarnizonları içməli su ilə təmin edən mühüm bir su xətti də partladılaraq sıradan çıxarılıb. Enerji infrastrukturuna hücumların strateji məqsədi Ukrayna son aylarda Rusiya ərazisində yerləşən enerji, yanacaq və kommunikasiya infrastrukturuna ardıcıl zərbələr endirir. Bu strategiya xüsusilə hərbi logistikanı iflic etmək, yanacaq təminatını pozmaq və Rusiya ordusunun müharibə aparmaq qabiliyyətini zəiflətmək məqsədi daşıyır. Əsasən uzaqmənzilli kamikadze dronlar və partlayıcı yüklü pilotsuz uçuş aparatlarından istifadə olunur. Hədəf alınan müəssisələr isə çox vaxt sivil maskalanma altında hərbi ehtiyaclara xidmət edən enerji obyektləri olur. Rusiya tərəfindən açıqlama Rusiya Müdafiə Nazirliyi son hücumlarla bağlı hər zamankı kimi yalnız "dronların məhv edildiyini" bildirir, amma nəticədə baş verən ziyan və ya yanğınlar barədə ya məlumat vermir, ya da onları texniki qəza kimi təqdim edir. Müstəqil müşahidəçilər isə Ukraynanın bu hücumlarının artmaqda olduğunu və Rusiya ərazisindəki kritik infrastrukturun getdikcə daha həssas hala gəldiyini qeyd edir.