“İmişli”ni İmişlidə, “Araz-Naxçıvan”ı Naxçıvanda görənə mükafat veriləcək!

Rəşad Ergün

Əksəriyyətimiz, hətta hamımız həmişə “bölgələr Azərbaycan Premyer Liqasında komanda ilə təmsil olunmalıdır” tələb-istəyindəyik. AFFA cari mövsüm başlamazdan əvvəl təqdir olunacaq iki addım atdı: legioner limitini ləğv etdi və Premyer Liqada komanda sayı 12-yə qaldırıldı. Əla! Super!

Amma vəziyyət necədir? “Araz-Naxçıvan” təmsil etdiyi Naxçıvanda oynayır? “Kəpəz” ev oyunlarını Gəncədə keçirir? Bəlkə, imişlilər “İmişli”ni bu mövsüm doğma rayonlarında görüblər? “Turan Tovuz” da Tovuzdakı stadionunda yaranan problemlər səbəbindən Bakıya üz tutub. Bircə “Qəbələ” ilə “Şamaxı” adlarını daşıdıqları şəhərlərdə ev oyunlarını keçirir. Vəssalam, şüttamam.

Yaxşı, bunun harası “bölgələrin Azərbaycanın futbol elitasında təmsilçiliyi” oldu? Naxçıvanlılar “Araz-Naxçıvan”ı Naxçıvanda görməyəcəksə, bu komandanın Muxtar Respublikanın adını daşımasının nə mənası var? “İmişli” bütün mövsüm ərzində ev oyunlarını orda-burda, indi də Qubada keçirəcəkdisə, İmişlinin adını niyə daşıyır? Bilmirsən, bütün bu biabırçılığı “faciə” ilə təsnifləndirəsən, ya “komediya” ilə.

“Qarabağ” isə bütün bu həngamənin içindən çıxıb Çempionlar Liqasında “Nyukasl”la oyunlar keçirməlidir. Keyfiyyətsiz süni örtüklü meydançalardan, “İmişli”nin rəqiblərini aparıb saldığı palçığın içindən – Qubadakı “stadion”dan sağ-salamat çıxmalıdır.

“Qarabağ”ın Çempionlar Liqasında qarşılaşdığı “Benfika”, “Kopenhagen”, “Ayntraxt” keyfiyyətsiz süni örtüklü meydançalarımızı, Qubadakı “stadion”u görsəydilər, “kül bizim başımıza, gör kimə uduzmuşuq” deyərdilər. Deyərdilər, mütləq deyərdilər. Amma yaxşı ki, onların gördüyü təkcə “Qarabağ”ın özüdür…(Komanda.az)

Share on Facebook