Rusiyanın iki neft emalı zavodu vuruldu

Ukrayna bu gün Rusiyanın neft emalı zavodlarına PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Volqoqrad vilayətində “Lukoyl” neft emalı zavodu vurulub. Zərbələr nəticəsində zavodda yanğınlar baş verib. Krımdakı “Krımneftesbıt” neft emalı zavodu da PUA hücumuna məruz qalıb.

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub. Sozcu.az xəbər verir ki, lirənin manat qarşısında dəyəri sabit qalıb və 100 lirə 4.04 manata bərabər olub. Avronun məzənnəsi artaraq 1.9561 manatda qərarlaşıb. 100 rublun məzənnəsi isə azalaraq 2.0897 manat təşkil edib.

Rusiyanın nəhəng elektrik stansiyası vuruldu

Rusiyanın Kostroma vilayətindəki enerji infrastrukturlarına PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində Kostroma DRES-də partlayışlar və yanğınlar baş verib. Stansiyanın ciddi zədə aldığı bildirilir. Qeyd edək ki, Kostroma DRES gücünə görə Rusiyanın üçüncü ən böyük İES-i hesab olunur. 3720 MVt gücü olan stansiya Rusiyanın mərkəzi regionlarının əhəmiyyətli hissəsini elektrik enerjisi ilə təmin edir.

Azərbaycanda ər odlu silahla arvadını öldürdü

Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Türkiyə aviaşirkəti Monteneqroya uçuşları ləğv etdi

Türkiyənin “Peqasus” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə Monteneqro Hava Limanı məlumat yayıb. “Türkiyənin aşağı büdcəli aviaşirkəti “Peqasus Airlines” noyabr 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa - Sabiha Gökçən istiqamətində aviareysləri isə davam etdirir”, - məlumatda bildirilib. Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Monteneqro” və Turkiyə Hava Yolları tərəfindən həyata keçirilməyə davam edir.

ABŞ Rusiyaya qarşı qabaqlayıcı nüvə raket zərbəsi məşqi keçirdi

ABŞ Rusiyaya qarşı qabaqlayıcı nüvə raket zərbəsi məşqi keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib. O, nüvə raket zərbəsi məşqinin oktyabr ayında keçirildiyini vurğulayıb.

Qriqoryan: TRİPP-in məqsədi Azərbaycanla...

TRİPP layihəsinin məqsədi təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə əlaqələr qurmaq, Ermənistan nəqliyyat marşrutlarının Avrasiya məkanı da daxil olmaqla daha geniş şəbəkələrə inteqrasiyasını təmin etməkdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib. O qeyd edib ki, TRİPP marşrutu təhlükəsizliyin təmin edilməsində mühüm vasitədir.

Fransada 35 yaşlı kişi maşını piyadaların üstünə sürdü, 10 nəfər yaralandı

Fransanın Oleron adasında sürücü maşını piyadaların və velosipedçilərin üzərinə sürüb. APA “NDTV”yə istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alıb və onlarda 4-nün vəziyyəti ağırdır. Hadisəni törədən 35 yaşlı şəxs polis tərəfindən saxlanılıb.  Yerli prokurorluğun bildirdiyinə görə, sözügedən şəxs Fransa hüquq-mühafizə orqanlarının izlədiyi radikal şəxslərin siyahısında olmayıb. Onun adanın yerli sakinlərindən olduğu bildirilib və cinayəti törətmək motivinin naməlum olduğu qeyd olunub. Detallar araşdırılır.

Sabunçuda hindliləri saxlayan pakistanlı tutuldu

Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib. Sozcu.az “Qaynarinfo"ya istinadən xəbər verir ki, məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Məhəmməd barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İrşad Məhəmməd azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib. O, Hindistanın "Surjit" adlı turizm şirkətinin müdiri Surcit Sinq ilə Bakıda tanış olub. Daha sonra tərəflər razılığa gələrək işbirliyinə başlayıblar. Razılaşmaya əsasən, Surcit hər bir Hindistan vətəndaşından 1 000 ABŞ dolları almaqla onları Bakıya işləməyə göndərəcək, Bakıda isə həmin şəxslər Beynəlxalq Dəniz Limanında aylıq 800 dollar maaşla işlə təmin ediləcəklər.  Bakıya gəldikdən sonra 31 hindistanlı İrşad Məhəmmədin Sabunçu rayonunda kirayələdiyi evdə bir aydan artıq qalıb. Təqsirləndirilən şəxs onların hər birindən əlavə olaraq 2 500 dollar alıb. Sabunçuda gizli yaşayan hindistanlılar ərazidəki sakinlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar ediliblər. Məhkəmədə İrşad Məhəmməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Hindistan və Pakistan arasında gərgin münasibətlərə istinad edərək, hindistanlıların ondan qisas almaq məqsədilə istintaqa yalan ifadələr verdiklərini iddia edib. Aparılan araşdırma nəticəsində İrşad Məhəmmədin həqiqətən də Surcit Sinq ilə cinayət əlaqəsinə girərək, 31 Hindistan vətəndaşının ölkədə qalma müddəti bitdikdən sonra onların qanunsuz şəkildə Azərbaycanda qalmasını təmin etdiyi və təkrarən qanunsuz miqrasiyanı təşkil etdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə İrşad Məhəmməd 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Sarkisyan yenidən məhkəmə qarşısına çıxarıldı

Bu gün Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə növbədənkənar məhkəmə iclası keçirilib və prokurorun vəsatəti əsasında üçüncü prezidentə qarşı qətimkan tədbirinin dəyişdirilməsi məsələsi müzakirə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Hakim Givi Ovannisyan bildirib ki, prokuror Tsovak Mnatsakanyan dünən axşam saatlarında Serj Sarkisyanın respublikadan kənarda qalmasının qadağan edilməsi təklifi ilə vəsatət təqdim edib. Prokurorluğun məlumatına görə, onlara keçmiş prezidentin Ermənistanı tərk etməyi planlaşdıra biləcəyi barədə əməliyyat məlumatı daxil olub, buna görə də respublikadan kənarda qalmamaqla bağlı məhdudiyyətin yenidən tətbiq edilməsi üçün vəsatət təqdim edilib.

“Temu” istifadəçilərinə PİS XƏBƏR: Bədəni zəhərləyir!

“Polyester dediyimiz material əslində polietilendən əldə edilən süni bir lifdir. Bu maddə gündəlik həyatda istifadə etdiyimiz bir çox qablaşdırma məhsullarının, məsələn, şirə butulkalarının, plastik qabların hazırlanmasında da əsas xammal kimi istifadə olunur. Yəni polyester neft mənşəli bir materialdır və kimyəvi yolla emal edilərək lif halına gətirilir. Bunu “Yeni Sabah”a həkim-allerqoloq Şahvələd Məmmədov bildirib. O, “Temu” onlayn ticarət platformasından alınan ucuz məhsulların tərkibi ilə bağlı narahatlığa aydınlıq gətirib.  Ş Məmmədov əksər geyimlərin polyester materialından hazırlanmasına toxunaraq bunun dəri sağlamlığına necə təsir etdiyini izah edib:  "Bu lifdən hazırlanan geyimlər uzunömürlü, davamlı və elastik olur. Onlar yuyulmaya qarşı dözümlüdür, formalarını asanlıqla itirmir. Məhz buna görə polyester parça həm idman geyimləri, həm də gündəlik paltarların istehsalında geniş istifadə edilir”. Həkim xəbərdarlıq edir ki, polyester geyimlərin uzunmüddətli istifadəsi sağlamlıq üçün fəsadlar doğurur: “O cümlədən, uzun müddət polyester materialdan hazırlanmış geyimdən istifadə allergik xəstələrdə qıcıq yaradır, allergik dermatitin, eqzemanın əmələ gəlməsinə səbəb olur. Elə xəstələr var ki, polyester geyim onların dərilərində yanıq yarada bilər. Buna “polyester yanığı” deyirlər. Uzun müddət bu tip geyimlər geyinmək məsləhət deyil”. Mütəxəssis qeyd edib ki, eyni materialdan hazırlanan plastik qablar və butulkalar da sağlamlıq üçün risklidir: “Həmin polietilendən hazırlanan qablar, plastik butulkalar, əslində, sağlamlıq baxımından müəyyən risklər daşıyır. Bu cür qablar yüksək temperatur və ya günəş işığına məruz qaldıqda tərkibindəki kimyəvi maddələr içkiyə keçə bilər. Məsələn, su, “Cola”, “Fanta” kimi qazlı içkilər bu qabların içərisində uzun müddət qaldıqda  onların tərkibindəki bəzi birləşmələr orqanizm üçün zərərli təsir göstərə bilər. Məhz buna görə, xüsusilə, Avropa ölkələrində içkilərin şüşə qabda satılmasına daha çox üstünlük verilir. Şüşə qablar həm təbii, həm də kimyəvi baxımdan daha təhlükəsiz sayılır və içkilərin dadını, tərkibini dəyişmir. Bu, sağlamlıq baxımından daha doğru seçim hesab olunur”.

Tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair saxta məlumat (şəkil) yayılıb. Həmin paylaşımlarda guya tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib. Görüntülərdəki “elan” saxtalaşdırılıb. Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər.

Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil: Devalvasiya olacaq, manat isə...

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı son 5 ildə devalvasiya ilə bağlı risklərin müşahidə olunmadığını bildirib. Lakin bazarda dollarlaşma meylinin hələ də qalması bu sabitliyin nə dərəcədə davamlı olduğu barədə suallar doğurur. Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, nazirin bəyanatı hökumətin makroiqtisadi sabitliyə inamını ifadə edir və bu, əsasən üç amilə söykənir: “Birincisi, Azərbaycanın Mərkəzi Bankı və Dövlət Neft Fondunun birgə valyuta ehtiyatları 82 milyard dollara yaxındır ki, bu da milli valyutanın dayanıqlığı üçün ciddi təminat sayılır. İkincisi, neft və qaz ixracında müəyyən azalma olsa da, qiymətlərin yüksək qalması ixracın azalmasını kompensasiya edir və valyuta daxilolmalarını sabit saxlayır. Üçüncüsü, xarici borc ÜDM-ə nisbəti 10 faizdən azdır ki, bu da makroiqtisadi riskləri azaldır”. Ekspertin sözlərinə görə, bu göstəricilər qısa və orta müddətdə texniki devalvasiya ehtimalını zəif göstərir. Bununla belə, son iki ildə dollara tələbatın təxminən üç dəfə artması potensial risk kimi qiymətləndirilə bilər. “2015-ci ilin ikiqat devalvasiyası cəmiyyətdə dərin iz buraxıb. İnsanlar hələ də manatın uzunmüddətli sabitliyinə tam etibar etmir. Üstəlik, iqtisadiyyatın böyük hissəsi – enerji, tikinti və xammal bazarları dollarla qiymətləndirilən sektorlarla bağlıdır. Əmanət faizlərinin azalması da insanları dollar saxlamağa sövq edir. Üstəlik, maliyyə bazarının dərin olmaması, manatla uzunmüddətli və gəlirli alətlərin azlığı da bu prosesi gücləndirir,” – deyə Nəsirli vurğulayıb. Ekspert əlavə edib ki, hazırda devalvasiya riski aşağı olsa da, tam sıfır deyil. O, riskin artmasına səbəb ola biləcək dörd əsas amili də sadalayıb: Qlobal neft qiymətlərinin uzunmüddətli enməsi (40 dollar səviyyəsinə qədər); Xarici ticarət balansında mənfi saldonun yaranması; Dövlət xərclərinin və idxalın artması nəticəsində valyutaya tələbin çoxalması; Regional siyasi gərginliklərdən qaynaqlanan psixoloji təzyiqlər. “Hazırda bu amillər aktiv deyil, amma uzunmüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsi zəif qaldıqca, manatın dayaqları əsasən neft gəlirlərinə bağlı olacaq. Əsl sabitlik yalnız iqtisadi strukturun diversifikasiyası və manatla gəlir gətirən aktivlərin artması ilə təmin oluna bilər. Yəni baş nazir Mikayıl Cabbarovun başımızın altına qoyduğu yastıq o qədər də yumşaq deyil,  iqtisadiyyatda ciddi islahatlara ehtiyac var,” – iqtisadçı əlavə edib.

Pensiyaların nə qədər artacağı məlum oldu

Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır. Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. Nazir bildirib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub: "Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. Proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”.

“Zaman Trampın əleyhinə işləyir”

“Demokrat qadınlar Ebiqeyl Spanberger və Mikki Şerrillin Virciniya və Nyu Cersi ştatlarında keçirilən qubernator seçkilərində, müsəlman əsilli demokrat Zöhran Məmdaninin Nyu-Yorkun bələdiyyə sədri seçkisində qələbəsi prezident Donald Trampın ağır məğlubiyyətidir”. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Xəqani Cəfərli bildirib. Onun sözlərinə görə, ABŞ-də ekspertlər bu seçkilərin nəticəsinin Trampa münasibətin bariz nümunəsi hesab edirlər: “Xüsusilə Nyu Cersi seçkiləri Trampa etimad referendumu (referendum on Trump) kimi dəyərləndirilirdi. Ötən gün keçirilən seçkilərin nəticələri seçicilərin Trampa etimadsızlıq göstərdiyini təsdiq etdi. İki ştatda qubernator seçkisində qadın namizədin, Nyu-Yorkda isə müsəlman əsilli namizədin qalib gəlməsi XXI əsrin qadın əsri olduğunu, qadınların rolunun çox önə çıxacağını təsdiq edir”. X.Cəfərli bildirib ki, 4 noyabr seçkiləri Tramp və Respublikaçılar Partiyası üçün həyəcan siqnalı olmalıdır: “Belə davam etsə gələn ilin noyabrın 4-də keçiriləcək aralıq seçkilərdə respublikaçılar Nümayəndələr Palatasının tam tərkibinin və Senatın üçdə birinin seçkilərini uduzacaqlar. Demokartlar Konqresdə çoxluğu qazansalar Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqları isə gün kimi aydındır. Konqresdə azlıqda ola-ola buna cəhd edirlərsə, çoxluğu ələ keçirdikdən sonra buna dərhal cəhd edəcəklərini proqnozlaşdırmaq çətin deyil. Bu isə respublikaçıların 2028-ci il prezident seçkilərin də bəri başdan uduzması demək olar. Zaman Trampın və Respublikaçılar Partiyasının əleyhinə işləyir.Aralıq seçkilərə bir ildən az vaxt qalır. Tramp seçicilərin etimadını geri qazanmaq üçün qətiyyətli addımlar atmalı, uğurlar qazanmalıdır. Ona görə də tərəddülərdən xilas olub, Venesuela, İran və Rusiya məsələsində uğur qazanmalı, Kanada kimi yaxın müttəfiqi ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmalıdır”.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Lakin 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.

ÇL: "Qarabağ"ın oyununa hansı kanalda baxaq?

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun bəzi matçlarına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Sozcu.az xəbər verir ki, qarşılaşmalar "CBC Sport" və İctimai TV vasitəsi ilə nümayiş etdiriləcək. Azərbaycan "CBC Sport" 21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) İctimai TV 00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə) Türkiyə TRT-1 00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə)

Əlimərdan bəy Topçubaşi'nin vəfatından 91 il ötür

Əlimərdan bəy 1934-cü il noyabr ayının 5-də Parisdə vəfat etmişdir. Onun dəfn mərasimi noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyayinin oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbristanlığında, çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları – Ələkbər bəy və Ənvər bəy Topçubaşov, həyat yoldaşı Pəri xanım Topçubaşova, qızları Sara xanım Sultanoğlu və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan Nümayəndə heyətinin və Azərbaycan Milli Şurasının üzvləri gedirdilər. Azərbaycan ənənəsinə uyğun olaraq mərhumun nəşi qoyulmuş və güllərlə bəzədilmiş mafə oğullarının və yaxın adamlarının çiyinlərində evdən çıxarılaraq qəbiristanlığa gətirilmişdir. Burada isə Əlimərdan bəyin nəşi dostları və yaxınları tərəfindən mollanın oxuduğu Quran ayələri altında torpağa tapşırılmışdı. Mərhumun qohumları və yaxınları təzə qəbrin üzərinə çiçək dəstələri düzmüşlər. Əlimərdan bəyin ruhuna dua oxunandan sonra nitqlər söylənmişdir. Xatirəsi Azərbaycan üçün hər zaman əziz olan Əlimərdan bəy Topçubaşi'nin ruhu şad olsun ! Sözcü.az

Qəzadan sonra İspinin meyiti parça-parça olubmuş - TƏFƏRRÜAT

Göygöldə iki nəfərin həlak olduğu yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Qəzada həlak olan 16 yaşlı İspi Əliyevin yaxınları Baku TV-yə danışıblar. "16 yaşı var idi. Evdə oturmuşdu, dostları zəng edib çağırdılar. Çıxıb getdilər, geri qayıtmadılar. Üçü sinif yoldaşı olub, biri də dostu. Azyaşlı uşağa maşın verilməməlidir. Ən böyük təqsir uşağa maşını verən atadadır", - İspi Alıyevin atası bildirib. "Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu var idi. İdman Akademiyasında oxumaq istəyirdi. Nə idi bizim günahımız? Nə idi o körpələrin günahı? Niyə yazıq etdilər bizi?", - mərhumun nənəsi deyib. "16 yaşında uşaq, ata-anasının gözünün ağı-qarası. Niyə onun qanı o düzlərlə bir olurdu? Niyə o parça-tikə olurdu? Mən bu gün gedib baxmışam, ət parçası o düzlərə dağılıb. Niyə? Xahiş edirəm, ananızı gözü yaşlı qoymayın",- mərhumun xalası vurğulayıb. Qeyd edək ki, Göygöldə baş verən ağır qəzada 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İspi Alıyev hadisə yerində həlak olublar. Maşında olan digər iki nəfər - 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 4-də davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən yeni vəkili Emil Babışov məhkəməyə vəsatət təqdim edib. Qeyd edib ki, ötən iclaslarda Ruben Vardanyan və həmin vaxt onun hüquqlarını müdafiə edən vəkili məhkəməyə bir sıra vəsatətlər təqdim ediblər. Məhkəmədə həmin vəsatətlərlə bağlı qəbul olunmuş qərarların çıxarışları tam şəkildə müdafiə tərəfinə təqdim edilməyib. Müdafiəçi sözügedən qərarların çıxarışlarının tam şəkildə müdafiə tərəfinə təqdim olunmasını məhkəmədən xahiş edib. Qeyd edək ki, ötən iclasda Ruben Vardanyana dövlət hesabına yeni vəkil təyin olunub. Həmin vaxtadək isə onun hüquqlarını özünün seçdiyi vəkil müdafiə edirdi. İki iclas əvvəl Ruben Vardanyan özünün seçdiyi vəkilindən imtina edib. Hakim Zeynal Ağayev deyib ki, müdafiə tərəfinə indiyədək həmin çıxarışlar təqdim olunub və bundan sonra da onlar bu hüquqlarından istifadə edə biləcəklər. Sonra Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən ittiham üzrə maddələrdən biri - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlıdır. Ruben Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş edib. Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət olmadığını deyib. Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə sübut edə bilər. Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib. Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb. Hakim Zeynal Ağayev, həmçinin deyib ki, həmin şəxsin barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumatlar təqdim edilərsə, bu məsələ müzakirəyə çıxarıla bilər. Daha sonra hakim Z.Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etmədiklərini bildiriblər. Ardınca Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət zamanı zərər çəkənlər ifadə veriblər. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Saqif Mikayılov bildirib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs Aydın Qəribov ifadəsində qeyd edib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Ceyhun Şahnamazlı və Tərlan Cabbarov yaralanıblar. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Kənan Əbilov Xankəndi rayonunun adsız yüksəkliyində düşmənin odlu silahlardan açdığı atəşlər nəticəsində sol qolundan güllə yarası aldığını deyib. Zərərçəkmiş şəxs Yusif Veysov ifadəsində bildirib ki, Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin minaatandan atdıqları mərmilərdən birinin yaxınlığına düşərək partlaması nəticəsində diz qapağından qəlpə yarası xəsarəti alıb. Zərərçəkmiş şəxs Rahib Məmmədov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıraraq, Zəngilan rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Fərid Mehbalının, Təbriz Rəhimovun həlak olduğunu, özünün, İbrahim Mayıllı, Seymur Həsənli və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfərin yaralandığını deyib. Toğrul Nəcəfli ifadəsində vurğulayıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində o və daha bir neçə nəfər yaralanıb. Fərid Rüstəmov, Fərid Mehbalı, Təbriz Rəhimov isə həlak olublar. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Faiq Cəfərov qeyd edib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində özü və bir neçə nəfər yaralanıb, daha bir neçə şəxs isə həlak olub. Zərərçəkmiş şəxs Emin Məmmədov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında bildirib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Əli Əliyev həlak olub, eyni zamanda o, Tural Ağcabəyov, Qabil Məmmədov və adlarını xatırlamadığı daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıblar. Ramazan Məhəmmədov ifadəsində qeyd edib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb. İfadə verən zərərçəkmiş şəxslər Seyran Eminov, Vüqar Məmmədov, Tural Bağırov, Nərməddin Quliyev, Əli Rüstəmov, Əhməd İbrahimov, Tural İmamquliyev, Saleh İsmayılov, Asif Məmmədov, Ariz Haşımov, Vidadi Xaniyev, Nazir Güləliyev Kəlbəcər rayonu ərazisində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar. Qulu Quliyev, Böyükağa Həsənov, Səxavət Quliyev ifadələrində Laçın rayonu ərazisində, Seymur Həsənli, Asif Məmmədov, Uğur Şükürlü isə Zəngilan rayonu ərazisində düşmən təxribatları nəticəsində yaralandıqlarını bildiriblər. Daha sonra ifadə verən İbad İsmayılov, İlkin Rəhimov və Elmir Beydullayev Xocavənd rayonu, Ayxan Abdullayev Şuşa şəhərində İsa bulağı, Gündüz Qurbanov Şuşa rayonunun Xəlfəli kəndi, Rəfael Səlimov Ağdam rayonu, Hicran Sultanov isə Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları zamanı yaralandıqlarını vurğulayıblar. Məhkəmədə, həmçinin cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər elan olunub, sübutlar tədqiq edilib. Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Sudanda dəfn mərasiminə PUA hücumu: 40 nəfər öldü

Sudanda Şimali Kordofan əyalətinin El Obeid şəhəri yaxınlığında cənazə mərasiminə PUA zərbəsi endirilməsi nəticəsində azı 40 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb. Neftlə zəngin olan Kordofan bölgəsində yaraqlılarla Milli Müdafiə Qüvvələri arasında döyüşlər son günlər daha da şiddətlənib. Silahlıların nəzarətində olan bölgələrdə kütləvi qətllər, cinsi zorakılıq, oğurluq və geniş miqyaslı talanlar adi hal alıb.

Amerika hökuməti hələ bağlı qalacaq

ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün keçirilən 14-cü səsvermə uğursuz olub. Sozcu.az-ın məlumatına görə, şatdaunu dayandırmaq üçün təklif olunan qanun layihəsinə 54 senator lehinə, 44 senator əleyhinə səs verib. Beləliklə, Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan qanun layihəsi 60 səslik baryeri keçə bilməyib.

İraq Rusiyadan xam neft nəqlini dayandırdı

ABŞ və Böyük Britaniyanın Rusiyanın ən böyük neft şirkətinə qarşı sanksiyalardan sonra İraq "Lukoyl" şirkətindən xam neft yükünün qəbulunu dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi şirkətlərə noyabrın 21-dək “Lukoyl” və ən böyük neft hasilatı şirkəti “Rosneft”lə bütün əməliyyatları dayandırmaq üçün vaxt verib.

Lənkəranda kişi həkim səhlənkarlığının qurbanı oldu

Lənkəranda kişi əməliyyatdan sonra ölüb. Sozcu.az-ın verdiyi xəbərə görə oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev əməliyyata götürülüb. Yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı doktor İshaq aparıb. Əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. "Həkim səhlənkarlığı olub. Öyrəndik ki, həkim yoldaşımın bağırsağını deyiş və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar xəstəxananın o biri həkimləri, əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımın həyatını xilas edə bilmədilər. Əməliyyatdan sonra doktor İshaqı xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə səbəb birbaşa odur".  Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.modern)