Bu ərazilər hələ də işğal altındadır - Rəsmi

Ermənistan hələ də işğalı altındakı 8 Azərbaycan kəndini təhvil verməyib. Sozcu.az xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı bəyanatda əksini tapıb. Bildirilib ki, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, Azərbaycan vətəndaşlarının həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi: "Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi".

“Türkiyə bu anlamsız İsrail-“Həmas” savaşının tərəfi ola bilməz..."

“Türkiyə Qəzzada indiyədək öldürülən və bundan sonra ölümə tərk edilmiş günahsız insanların taleyinə biganə qala da bilməz...” “Türkiyə İsrail-“Həmas” arasında baş verən bu qarşıdurmanın, anlamsız savaşın tərəfi ola bilməz. Başlanğıcdan Türkiyə barışcıl mövqe sərgiləmişdir və onu davam etdirməkdədir. Türkiyə bölgədə baş verən belə qanlı olayların qarşısını almaq üçün  gücü olan dövləti siyasət yürüdür”.  Türkiyənin Ərciyəz universitetinin professoru Qafar Çaxmaqlı bu fikirləri Moderator.az-a açıqlamasında ifadə edib. “Amma, əlbəttə, Türkiyə Qəzzada indiyədək öldürülən və bundan sonra ölümə tərk edilmiş günahsız insanların taleyinə biganə qala da bilməz. Açıq şəkildə insani faciələr qınanmaqdadır. Ortada bir insanlıq suçu işlənirsa, onun qarşısını almaq tədbirlərini dilə gətirmək Türkiyə dövlətinin haqqıdır. Türkiyə Qəzzada bir an öncə atəşkəsin əldə olunmasını, bu münaqişənin sona çatması üçün təkliflərini səsləndirib.  Burada iki dövləti çözüm önərisi verilib. Ayrıca Türkiyənən zamin ölkə olması da münaqişənin sona çatması və burada qalıcı barış üçün yaxşı bir seçənəkdir. Çünki Türkiyə bölgə dövlətidir və bu münaqişənin kənarlara sıçramasının qarşısını almaqda maraqlı olan gücdür. Bu fikirdəyəm ki, İsraillə “Həmas” arasında savaşın sona çatdırılması Türkiyənin dövlət siyasətidir , onunla hesablaşmalıdırlar və şübhəsiz  Türkiyənin cəhdləri nəticə verəcəkdir”- deyə davamında azərbaycanlı professor vurğulayıb.

İran səfiri İsrailin Azərbaycandakı səfirini təhdid etdi

Öz yolverilməz davranışına Bakının müvafiq reaksiyasını eşitməyən İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvi İsrailin Bakıdakı səfiri Corc Dikin və ümumilikdə İsrailin ünvanına təhdidləri davam etdirmək qərarına gəlib. Xatırladaq ki, noyabrın 4-də İran səfiri HƏMAS-ın İsraili Aralıq dənizində boğacağı ilə hədələyib. Üstəlik, "bütün dünyanın nifrət etdiyi kimi, rasist İsrailə nifrət edən "cəsarətli Azərbaycan xalqı" adından danışmaq hüququnun olduğunu da düşünüb.    “Hey... ! Hörümçək toru olduğunu bilməniz kifayətdir. Mənə maraqlıdır ki, görəsən, niyə sizin "polad hörümçək torunuz" HƏMAS-ın bir neçə döyüşçüsünü məğlub edə bilmədi və bunun əvəzinə 10 000 dinc sakini öldürdü, onlardan 4 000-i uşaqdır! Bu şəbəkə sizin ölümünüz üçün bizim əllərimizlə ilgəyə çəkiləcək", - Musəvi Tvitter hesabında yazıb. Ötən gün İsrail səfirinin əvvəlki təhdidlərə cavab verməsi onu qəzəbləndirib. "İran rejiminin səfirinə: peşəkardan pulsuz məsləhət: mənim ölkəmi məhv etməklə, məni isə  ölümlə (yenidən) təhdid etdiyiniz zaman adamların sizi ciddi qəbul etməsini istəyirsinizsə, hörümçək metafundan imtina etməlisiniz. Hörümçək ipəyi poladdan beş dəfə möhkəmdir. Bax, belə". Hələlik İsrail nümayəndəsi İran səfirinin son təhdidlərinə cavab verməyib. /Turan.az

“20 manatlıq adamlardır, efiri satın alıblar” - Ekspertlər şok faktlar açıqladı

Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Amma təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb. Tez-tez efirlərdə hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin "nömrə-1" həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. Sozcu.az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a tanınmış televiziya eksperti, fəlsəfə doktoru Anar Vəziroğlu danışıb. Onun sözlərinə görə, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır: "Bəzən danışanda deyirlər ki, hər şey əvvəllər də belə olub. Xeyr! Əvvəllər heç də bu cür olmayıb, o vaxt ağsaqqalın, ağbirçəyin, elin qınağı vardı. İndi bunu edən guya psixoloqlardır. Boş şeylərdi, hamısı efirlərə çıxıb pasiyent cəlb etməyə çalışırlar. Onların danışığından belə çıxır ki, 10 milyonluq əhalinin 7 milyonunun psixoloqa ehtiyacı var. Azərbaycanda insanların psixoloqa deyil, ağsaqqala, ağbirçəyə ehtiyacı var. Təbii ki, ağsaqqal özü də bu xalqa nümunə olmalıdır". Uzun illər ATV, Xəzər TV, Space TV-nin sosial məzmunlu verilişlərinin eksperti olan tanınmış jurnalist Seymur Verdizadə də məsələyə münasibət bildirib. Jurnalist-ekspert deyib ki, o, efirə çıxmaq üçün heç vaxt ödəniş etməyib: "Əksinə, bu gün də verilişlərə qatılmaq üçün mənə çoxsaylı müraciətlər olur. İş qrafikim bu dəvətləri qəbul etməyə imkan vermir. Amma kimlərinsə, efirə çıxmaq üçün ödəniş etdiyini istisna etmirəm. Efir həmin insanların tanınması, populyarlaşması üçün bir vasitədir. Psixoloq var ki, heç vaxt adını çəkən, işini qiymətləndirən olmayıb. 20 manata pasiyent qəbul edəndə sevincindən atılıb-düşürdü. Üç-dörd dəfə efirə çıxandan sonra qiyməti qaldırdı. İndi bir seans üçün azı 60 manat tələb edir. Əlbəttə, bunu hamıya şamil etmək olmaz. Məsələn, Aytən Ələkbərova, Elnur Rüstəmov, İlahə Dəmirbəy, Elmir Əkbər və bu kateqoriyaya daxil olan bir neçə savadlı və mütaliləli psixoloq efir məkanı üçün qazancdır". Seymur Verdizadə deyib ki, bəzi vəkillərin, müğənnilərin, həkimlərin də pul verib verilişlərə qatıldığını eşidib: "Bu peşələr şöhrətli adamlara sərvət gətirir. Jurnalistikada isə şöhrət nadir hallarda sərvət gətirir. Bu mənə qismət olmadı. Buna görə də, hansısa jurnalistin pul müqabilində efirə dəvət olunması inandırıcı deyil. Digər peşə sahibləri isə efiri pulla satın alırlar-bunu inkar etmək olmaz".

Sumqayıtda DƏHŞƏT: 85 yaşlı kişi məktəblini bıçaqladı

Sumqayıtda yeniyetmə bıçaqlanıb. Hadisə 41-ci məhəllədə qeydə alınıb. Bıçaqlanan 13 yaşlı Əli Qurbanzadə xəstəxanaya çatdırılıb. Ona xəsarət yetirməkdə 85 yaşlı Şahhüseyn Qənbərov şübhəli bilinir. İlkin məlumata görə, bıçaqlanma şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır./News24.az

Türkiyə 2 milyard dollar müqabilində 1 milyon fələstinlini ... - SENSASİON İDDİA

Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi İsraillə 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin qəbulu ilə bağlı razılaşmanın olmasına dair iddiaları təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə Mərkəz "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Mərkəzdən verilən açıqlamada qeyd edilib ki, bəzi sosial media hesablarında yer alan “Netanyahudan açıqlama: 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olması üçün Ərdoğanla razılaşdıq” iddiası doğru deyil: "Prezidentimizin bu istiqamətdə görüşü, İsrailin baş naziri Benyamin Netanyahunun isə belə bir bəyanatı yoxdur. İddialar tamamilə uydurmadır".

Prezident onlara “general-mayor” rütbəsi verdi

Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: - polkovnik Fərid Əlibaba oğlu Əliyevə - polkovnik Namiq Süleyman oğlu Bayramova - polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.

Ermənistandan Azərbaycana qarşı həyasız addım - Təcili

Sülh sazişini imzalamağa “hazır olduğunu” davamlı şəkildə bəyan edən Ermənistan rəhbərliyi növbəti oyunbazlığa başlayıb. Sozcu.az bildirir ki, Ermənistan İstintaq Komitəsindən Pastinfo-ya verilən məlumata görə, İrəvanda Azərbaycanın hərbi-siyasi rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi başlanıb. Ermənistanın gülünc iddiası bununla bitmir. Bildirilir ki, 44 günlük müharibənin istintaqı çərçivəsində “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova qarşı da iş açılıb. Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. İstisna deyil ki, rəsmi İrəvan Azərbaycana qarşı açdığı bu absurd dava ilə Rusiyaya sübut etmək istəyir ki, Roma Statutu prezident Putini həbs etmək üçün yox, Azərbaycana qarşı hüquqi addımlar atmaqdan ötrü ratifikasiya edilib. Ermənistan İstintaq Komitəsinin bu açıqlaması cəfəngiyyat olmaqla yanaşı, həyasızlığın zirvəsi də sayıla bilər. Azərbaycanın ərazilərini 30 ildən artıq işğalda saxlayan ölkədə əli dinc insanların qanına batmış çoxlu sayda canilər var və əslində İrəvan beynəlxalq hüquqa hörmətlə yanaşıb, müharibə cinayətləri törədən şəxsləri Azərbaycana təhvil verməlidir.Musavat.com)

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(4-cü hissə)

Qaçaq Dəli Alı Müəllif: Nağı Şeyxzamanlı (Keykurun) Dəli Alı valiyə xitabən “mən şəhər əhalisindən deyiləm, kəndə getməliyəm, ancaq sizinlə bir qərara gəlməliyik. Məni imperator əfv etdi, çox təşəkkür edirəm. Fəqət mənim 30-a qədər dostum var və bunların çoxusu qohumlarımdır. Onlarda qaçaqdır və əfv edilməmişdir. Bunlar haqqında fikriniz nədir?”, deyərkən, Vali “bəli bunlar haqqında bir qərara gəlməliyik. Siz nə düşünürsünüz?”, deyə soruşdu. Dəli Alı “əgər idarəniz bunları təqib etmək fikrindədirsə mənim əfv edilməyimin heç bir mənası qalmır. Təklifim budur ki, idarəniz onları təqib etməsin, məndə sizə söz verirəm ki, onlar ancaq əkinçiliklə məşğul olacaqlar. Onlardan nə dövlətə, nədə ki, xalqa bir ziyan gələcəkdir”, cavabında deyib. Bu anlaşmadan hər iki tərəf məmnun qalmışdır. Dəli Alı öz kəndinə dönmüşdür. Dəli Alının əfv edilməsinin ikinci ilinin yazında knyazdan bir teleqraf alır: “İmperator ailəsi ilə birlikdə Krım adasındakı Yaltaya gedir, məndə orada olacağam. Yaltaya gəl, səni imperatora təqdim edim”. Dəli Alı Alıbəy adında bir vətəndaşla Yaltaya gedir, knyazla görüşürlər. Knyaz Dəli Alını imperator Nikolay ilə görüşdürür, bir neçə gün knyaza qonaq olur. Məmləkətdə qaçaq sayının artması və Dəli Alının əfv edilməsi ilə rus idarəsi heç bir şey əldə edə bilməməsi onları yenidən qaçaqlara qarşı mübarizəyə sövq etmişdi. Bununla bağlı yerli nümayəndə Dəli Alı ilə görüşərək qaçaqların zərərsizləşdirilməsi işində ona kömək etməsini istəyir. Dəli Alı bu təklifi dərhal və kəskin bir dil ilə rədd edərək bu cavabı verir: “Mən 14 il qaçaqlıq etdim, bu zaman içərisində xalqımızdan heç kimsə üzərimizə gəlmədi. Rus idarəsi məni bu işə cəlb etməyə çalışmasın. Çünki şərəfimə xələl gətirəcək işləri öz üzərimə götürmərəm. Arzu edərsiniz məni yenidən qaçaq olaraq valiyə təqdim edə bilərsiniz. Bu məsələ ilə bağlı bir daha sizinlə görüşməyəcəm və hadisəni olduğu kimi knyaz Qolitsına anladacağam”. 1911-ci il. Dünya mətbuatı müharibədən bəhs etməkdədir. Balkanlar qarışmaqda və gərginlik hər tərəfə yayılmaqdadır. Rus idarəsi Qafqazı qarışıqlıqlara səhnə olacağından, qaçaq hərəkatlarının birləşməsindən, qeyri-müsəlmanların istiqlal meyllərindən və sosialist cərəyanlarının birləşmiş bir cəbhə təşkil edərək hərəkət edəcəyindən qorxur. Bu əndişə içərisində rus idarəçiləri yerli nümayəndənin əli ilə Dəli Alını pusquya salaraq vururlar. Tanınmış qaçaq Dəli Alı yaralı olaraq Gəncəyə gətirilir. Həkimlərin səyinə baxmayaraq onu qurtarmaq mümkün olmur. Ziyarətinə gələn dost-tanışlara “rusların fitrətən alçaq olduqlarını bilirdim, fəqət mən bu qədərini bilmirdim. Demək ki, çarları da, knyazları da həmin fitrətdən imiş”, deyirmiş. Dəli Alı fani dünyaya gözlərini yumur. Gözlənilməz ölüm Gəncə əhalisini matəmə qərq edir. Onun şərəf və adına layiq möhtəşəm bir cənazə alayı tərtib olunur. Şəhərdə dükanlar bağlanır, alış-veriş dayanır. Azərbaycanlı məmurlar, müəllimlər, məktəblilər hamısı cənazə alayına qoşulur. Cənazə Gəncə şəhərindən 3 kilometr məsafədə Göy İmamzadəyə aparılır. Minlərcə insan tabutu çiyinlərində daşıyırlar. Gəncə şəhəri qurulduğu gündən bəri belə bir dəfn mərasimi görməmişdi. Şəhər küçələrindən cənazə aparılarkən insanlar hönkür-hönkür ağlayırdı. Hər tərəfdə yanğılı ağılar söylənir və onun igidlikləri ağızdan-ağıza gəzirdi. Cənazə alayına tək şəhər əhalisi yox, ətraf kəndlərdən minlərlə atlı qatılmışdı. Xalqımız əziz ölüsünə yeddi gün matəm tutdu və füqəralara ehsan dağıtdı. Dəli Alı haqqında bildiklərim bunlardan ibarətdir. Ümid edirəm ki, başqa yurddaşlarım onun savaşlarını və qəhrəmanlıq dastanlarını daha ətraflı sürətdə qələmə alaraq gələcək nəsillərə yadigar buraxacaqdır. “Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 124-125-126-cı saylar, səh. 13-15 Son... Təqdim etdi: Ceyhun Nəbi  

Kəlbəcərdə at oğruları həbs edildilər

Lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə qeyri-qanuni şəkildə keçərək orada erməni sakinlərdən qalmış atları Goranboya gətirən şəxslər həbs ediliblər. Xocalı şəhər sakini olan və Mingəçevirdə yaşayan 1972-ci il təvəllüdlü Oqtay Hüseynov və qardaşı oğlu, Xocalıda qeydiyyatda olan, Goranboyun Börü qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Şahin Hüseynov məsuliyyətə cəlb ediliblər. Belə ki, həmin şəxslərin bir neçə gün əvvəl müvafiq qaydada icazə olmadan Kəlbəcər rayonuna, minalanmış əraziyə daxil olması və sahibsiz qalan atları Goranboy ərazisinə gətirmələri məlum olub. Hər iki şəxsin Gülüstan kəndi istiqamətindən Kəlbəcər rayonu - Sərsəng su anbarı istiqamətinə getmələri və oradakı heyvanları Börü kəndinə gətirmələri müəyyənləşib. Polis əməkdaşları Börüyə gedərək həyətə baxış keçirərkən həmin şəxslər müqavimət göstəriblər və atları necə əldə etmələrini gizlətməyə çalışıblar. Bundan sonra əmi və qardaşı oğlu saxlanılıb və barələrində inzibati protokol tərtib edilib. Goranboy Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə səkkiz sutka inzibati həbs cəzası verilib. /“Qafqazinfo/

Türkiyə ordusu 2 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Fərat qalxanı” əməliyyat bölgəsinə hücum edərkən məhv edilib.

Niderlandda türk məscidinə hücum edildi

Niderlandın Kulemborq şəhərində Dəyanət Vəqfinə bağlı “İmam Əzəm” məscidinə hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib. Məlumata görə, hücum edən şəxs məscidin pəncərələrini sındırıb. Təcavüzkar polis tərəfindən saxlanılıb.

Netanyahunun qardaşı oğlu ÖLDÜRÜLDÜ - ŞOK İDDİA

İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı oğlu Yair Edu Netanyahunun öldürüldüyü iddia edilib. Sozcu.az xəbər verir ki, onun HƏMAS-ın silahlı qolu olan İzzəddin əl-Qəssam briqadaları tərəfindən qətl edildiyi barədə məlumatlar yayılıb. İsrail ordusunda kapitan rütbəsində xidmət edən Yair Edu Netanyahunun Qəzzada "təhlükəli snayper" adlanan dərin nüfuz snayper birliyinin lideri olduğu bildirilir. 

Qarabağdan aparılan silahlar, görün, hardan çıxır...

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin külli miqdarda qanunsuz silah əldə etmək və saxlamaqda şübhəli bilinən iki əməkdaşını həbs edib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, silahlar 44 günlük müharibənin iştirakçısından alınıb.

"Biz öz azadlığımızı bu yaramaz və lənətə gəlmiş terrorçuya verən deyilik" - Zelenski

"Əgər Rusiya bizim hamımızı məhv edərsə, Putin NATO ölkələrinin birinə hücum edəcək və siz öz övladlarınızı müharibəyə göndərməli olacaqsınız..." "Siz iradənizi, güclü mövqeyinizi və öz demokratiyanızı itirməməlisiniz..." Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı törətdiyi tammiqyaslı müharibə ən yaxşı ukraynalıları, ən yaxşı qəhrəmanlarımızı, ən yaxşı kişilərimizi, qadınlarımızı, uşaqlarımızı əlimizdən alır. Sozcu.az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində deyib. "Biz öz azadlığımızı bu yaramaz və lənətə gəlmiş (Zelenski ingiliscə söyüş mənasını verən "fucking" ifadəsini işlədib) terrorçuya verən deyilik (Rusiya prezidenti Vladimir Putin nəzərdə tutulur). Vəssalam! Biz məhz buna görə döyüşürük", - dövlət başçısı deyib. Zelenski qeyd edib ki,  onun "gücü və enerjisi çoxdur" və o, "özünü çox güclü hiss edir". "Amma bu o demək deyil ki, biz ömrü boyu döyüşməliyik, çünki bunun bədəli çox yüksəkdir", - prezident əlavə edib. Zelenski öz müsahibəsində həmçinin ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı kəskin fikirlər söyləyib. O, ABŞ Konqresinə "iradəsini, güclü mövqeyini və öz demokratiyasını itirməməyə" çağırış edib. Prezident Zelenski ABŞ Konqresinə Ukraynaya hərbi yardımı saxlamağa çağırış edərək müvafiq qərarın qəbul edilməsini əngəlləyən qanunvericilərə bəyan edib ki, bunun alternativi Rusiyanın NATO ölkələrinin birinə hücumu olacaq, bu da Amerika əsgərlərinin cəlb edilməsilə nəticələnəcək. "Əgər Rusiya bizim hamımızı öldürərsə, o, NATO ölkələrinə hücum edəcək və siz öz oğul və qızlarınızı müharibəyə göndərməli olacaqsınız. Bağışlayın, amma bunun bədəli yüksək olacaq", - Zelenski bəyan edib. Ukrayna lideri Konqresə "iradəsini, güclü mövqeyini və öz demokratiyasını itirməməyə" çağırış edib. O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi üzrə səylərinin dalana dirənməsi barədə iddiaları təkzib edib. Zelenski istənilən sülh danışıqlarının Rusiya qoşunlarının çıxarılmasını tələb etdiyi barədə öz möhkəm mövqeyini təsdiq edib. "Bəli, insanlar yorulub. Lakin bütövlükdə bizim insanlarımız ilk günlərdə olduğu kimi müdafiə olunmağa hazırdır", - o, bəyan edib. Zelenski qeyd edib ki, Ukraynaya hərbi yardımın göstərilməsi Vaşinqtonda skeptisizm dalğası ilə üzləşib və respublikaçı qanunvericilər arasında ixtilaflar törədib. ABŞ-dan Ukaynaya hərbi yardım - bəlli olanlar Xatırladaq ki, Ağ evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib ki, Pentaqon Ukraynaya hərbi yardım paketinin həcmini azaltmağa məcburdur, çünki əvvəllər ayrılan pullar tükənməkdədir, Konqres isə indiyədək yeni çoxmilyardlı yardım proqramını qəbul edə bilməyib. O, qeyd edib ki, ABŞ Konqresində Kiyevin müdafiə ehtiyaclarının bundan sonra da maliyyələşdirilməsi ilə bağlı dalan vəziyyətinə görə ABŞ Ukraynaya hərbi yardım paketini daha az həcmdə göndərməyə başlayıb.

Qazaxda vəkilin intiharının təfərrüatı məlum oldu

Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Əsəd oğlu Mahmudov özlərinə məxsus üzümlük sahədə intihar edib. Onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb. Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə aşkarlanıb. R.Mahmudov ailəli olub, bir qızı, iki oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır. Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdir. O, sovxozda, ət kombinatında direktor, Qazax Rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb. Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Report

Samvel Babayan bir nömrəli cinayətkardır - Məhkəmə

Xaçatryan özbaşına deyildi. Sozcu.az-ın məlumatına görə, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahid Azay Kərimov deyib. O qeyd edib ki, bunları məcbur edənlər var idi. “O adamlar da burda yoxdur. İndi onlar erməni mətbuatına müsahibə verir. Bunun bütün dostların tanıyıram. Bizim kənddəndirlər. Bunların avtonəqliyyat müəssisəsi bizim torpaqda yerləşirdi. Bunu tutmuşdum bir ay sonra buraxdıq getdi. Necə ola bilər ki, məhkəməsiz min nəfəri Şuşa türməsindən açıb buraxırsan? Samvel Babayan bir nömrəli cinayətkarlardandır. İndi Ermənistanda mətbuata açıqlamalar verir. Doqquz ay Şuşa türməsində yatıb. Doqquz ay yatdıqdan sonra məhkəməsiz buraxdılar. Xaçatryanlar adi bir fiqurdur“, - deyə o əlavə edib. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

SON DƏQİQƏ! İrana BÖYÜK ŞOK: Nüvə sualtı qayığı bölgədə

Ohayo sinifli sualtı qayığı Şərqi Aralıq dənizi, Qırmızı dəniz, Fars körfəzi və Oman körfəzinin daxil olduğu məsuliyyət zonasına çatıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb. ABŞ müharibə başlayandan bəri bölgəyə USS Gerald Ford və USS Dwight D. Eisenhower adlı iki təyyarədaşıyan gəmi göndərib. “Haaretz” qəzeti yazır ki, ABŞ regional gərginlik şəraitində Yaxın Şərqə nüvə sualtı qayığı yerləşdirib. Ordunun bu yöndə nadir hallarda açıqlamalar verdiyinə diqqət çəkən CNN İnternational isə nüvə sualtı qayığının bölgəyə çatması ilə bağlı rəsmi açıqlamanı “İran və onun bölgədəki müttəfiqlərinə qarşı açıq-aşkar çəkindirmə mesajı” olaraq şərh edib.

Şuşada ağır qəza: şirkət əməkdaşları yanaraq öldü

Şuşada 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Sürücü Elvin Abbasov idarə etdiyi "Nissan Navara" markalı avtomobil ilə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir. Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.

Ağsu dolaylarında maşın aşdı: ata və oğlu öldü

Ağsu dolaylarında maşın yoldan çıxaraq aşıb, iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Ağsudan Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Yol qəzası nəticəsində avtomobildə sərnişin qismində olan rayonun Cəlayir kəndinin iki sakini hadisə yerində ölüb. Qəzada həyatını itirən şəxslərin ata və oğul olduğu bildirilir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq.

Qəzzaya görə hamımız günahkarıq - Obama

Fələstin-İsrail münaqişəsinə hər kəs bu və ya digər dərəcədə şərikdir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama “Pod Save America” nəşrinə müsahibəsində deyib. “HƏMAS-ın etdikləri dəhşətli idi və bunun üçün heç bir bəhanə yoxdur. İşğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”, - deyə Obama bildirib. O, mülki şəxslərin fələstinli yaraqlıların hücumu ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Sabiq prezident əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli üçün bütün həqiqət tanınmalıdır: “Heç kimin əli təmiz deyil, hamımız bu və ya digər şəkildə şərikik”.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, “Zeytun budağı” əməliyyatı bölgəsində baş verən hadisə zamanı yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. Onun silahla davranış qaydalarını pozduğuna görə həlak olduğu bildirilir.

“Sülhməramlı”lar indi də Qarabağda montyorluq edir...-"Buna deyərlər araba ilə dovşan tutan..."

“Bu yerdə Rəhmətlik Əbdürrəhim Haqverdiyevin “Marallarım” silsiləsindən “Mütrüb dəftəri” hekayəsində Qasım əminin dilindən yazdığı məşhur cümlə yadıma düşdü:“Buna araba ilə dovşan tutan rus deyərlər...” Bir neçə gündən sonra Xankəndində 3 “yaş”ını “təntənə” ilə qeyd edəcəyimiz  Rusiyanın “sülhməramlı” kontingenti Azərbaycan ordusunun 23 saatlıq məşhur lokal əməliyyatından sonra bir müddət özlərinin həmin 3 il ərzində erməni separatçı-terrorçularına verdikləri silah-sursat və texnikanı anbarlara toplayıb bir aya yaxın onlara mühafizlik etdikdən sonra onlardan da özlərinin texnika və silahlarının gözünə qatıb təmir adıyla harasa yolladılar.  Moderator.az-ın Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla apardığı son araşdırmadan bəlli olub ki, bu günlərdə arada bir yol polisi funksiyasını yerinə yetirmiş möhtərəm “sülhməramlı”lar artıq bir həftəyə yaxındır ki, “Azərenerji” və “Azərişıq” əməkdaşları ilə birgə keçmiş Dağlıq Qarabağ ərazisində elektrik enerjisi xətlərinin bərpası və ya yenidən çəkilməsi ilə məşğuldurlar. Başqa sözlə, keçmiş sovet(!) xalqının(!) dili ilə desək, “montyorluq” edirlər... P.S. Bu yerdə rəhmətlik Əbdürrəhim Haqverdiyevin “Marallarım” silsiləsindən “Mütrüb dəftəri” hekayəsində Qasım əminin dilindən yazdığı məşhur cümlə yadıma düşdü: “Buna araba ilə dovşan tutan rus deyərlər...” Sultan Laçın

Bakıda DƏHŞƏT: Ana azyaşlı qızı ilə birgə özünü binadan atdı - YENİLƏNİB - FOTO

Bakıda intihar edən ana və qızının kimliyi müəyyən olunub. Hadisə zamanı ölən ana 39 yaşlı Tarverdiyeva Pərvanə Bilal qızıdır. Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sağ qalan isə onun qızı 15 yaşlı Z.Tarverdiyeva Zamin qızıdır. İntiharın hansı səbəbdən baş verməsi hələlik bilinmir. (Oxu.az) *** Bakıda dəhşətli intihar hadisəsi baş verib. Hadisə bu gün paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. Ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb. Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (lent.az)