“Müştərilər aldadılır, mağaza qanunsuz yolla pul qazanır” – DİQQƏT!

Mağazadan yeni alınan bir paltarın əslində daha əvvəl geyinildiyini bilsəniz, nə edərdiniz?

İstehlakçılar çox zaman vitrində gördükləri parıltılı libasların arxasında gizlənən hekayədən xəbərsiz olur. Bəzən həmin paltarlar toy, nişan, hətta başqa tədbirlərdə iştirak edib, sonra isə yenidən “yeni” kimi asılır. İstehlakçılar aldadılır, mağaza isə qanunsuz yolla qazanc əldə edir. Amma bəzən də vəziyyət tam əksinə olur — alıcılar istifadə etdikləri malı qaytarmaq üçün müxtəlif bəhanələrə əl atırlar. Bəs bu kimi halların qarşısı necə alınır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a analoji durumlarla bağlı açıqlama verib. O, məsələni belə şərh edib: 

“Çox təəssüf ki, belə hallar barədə Azad İstehlakçılar Birliyinə tez-tez şikayətlər daxil olur. Məlumata görə, mal dükandan çıxarılandan, hətta 1 sutka keçdikdən sonra belə müəmmalı vəziyyətlər yaranır. Nadir hallarda alıcıların özlərinin də belə hallara yol verdiyi olur. Məsələn, çox qiymətli bir paltarı alan qadın israr edirdi ki, geyinməyib. Paltarın etiketi və digər detalları üzərində olsa da, ondan qoxu gəlirdi. Satıcı ilə uzun müzakirələrdən sonra mağaza müdiri həmin qadının iştirak etdiyi toy məclisinin görüntülərini əldə etdi və məlum oldu ki, paltar qadının əynində olub. Yəni, bəzən alıcılar malı istifadə edib, müəyyən bəhanələrlə geri qaytarmağa çalışırlar.

Lakin əksər hallarda paltardan gələn qoxu satıcıların öz hərəkətlərindən qaynaqlanır. Onlar özlərinə lazım olan tədbirlərə mağazadakı libasları geyinir, sonra isə təmizləmədən vitrində satışa çıxarırlar. Nəticədə həmin paltar başqa istehlakçıya satılır”.

Müsahibimiz qeyd edib ki, bu cür halların qarşısını almaq üçün mağaza rəhbərləri satıcılara ciddi nəzarət etməlidirlər:

“İstehlakçılar isə malı almazdan əvvəl hər bir detalına diqqətlə baxmalı, tələsik qərar verməməlidirlər.

Qanunvericiliyə görə, əgər malların etiketi üzərindədirsə və kassa çeki mövcuddursa, müştəri həmin malı 14 gün ərzində dəyişdirə və ya geri qaytara bilər”.

Share on Facebook