Blinken İlham Əliyevə zəng etdi

Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Entoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. Dövlət katibi Entoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Entoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.

Sülh danışıqları: XİN rəhbərləri Almatıda görüşəcək

Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə baş tutan telefon danışığı zamanı bildirib.

ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir

ABŞ-dan Ukraynaya yardımın ayrılması artıq döyüş meydanındakı vəziyyətə təsir edib. Bu, Müdafiə Qüvvələrinə mərmilərin istifadəsini artırmaq imkanı verib. Bunu “Aydar” batalyonunun keçmiş tağım komandiri Yevgeni Dikiy deyib. Qeyd olunur ki, cəbhədə vəziyyət ağır olaraq qalır, lakin ruslar heç bir bölgədə onu yarıb keçə bilməyib: “Artilleriya mərmilərinin və minaların istifadəsinə dair çox ciddi məhdudiyyətlər var idi. İndi bu ehtiyatları istifadə etməyə icazə verildi".

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı “altı yaşlı yuxulu Don” adlandırıb. “Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışan yetkin bir adamam”, - deyə Bayden bildirib. O, 2024-cü il seçkilərinin tam sürətlə getdiyini qeyd edərək, yaşın da problem olduğunu etiraf edib. Onun siyasi rəqibi ilə bağlı şərhi otaqda gülüşə səbəb olub. Bayden özünü əla hiss etdiyini vurğulayıb. Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Tramp Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. Bayden isə Demokrat Partiyasından geniş dəstək alıb.

Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib

Ukraynanın müdafiəsi üçün ən azı yeddi “Patriot” hava hücumundan müdafiə sistemi lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə aprelin 27-də Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib. “Ukraynaya yeddi sistem lazımdır. Və bu minimumdur. Tərəfdaşlarımızda bu sistemlər var var. Biz vaxt itirməməliyik, qətiyyət nümayiş etdirməliyik”, - Zelenski qeyd edib. Onun sözlərinə görə, Qərb tərəfdaşları Ukraynanı ölkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters” vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, “Tesla”nın baş direktorunun “elektromobil istehsalçısı üçün ikinci ən böyük bazara” səfəri öncədən planlaşdırılmamışdı. Mask ölkəyə tam avtonom avtomobillər üçün proqram təminatının təqdim edilməsini nəzərdən keçirmək məqsədilə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşməyi planlaşdırır. Bundan başqa, iş adamı Çində toplanmış verilənlərin xaricə ötürülməsi üçün icazə almağı gözdən keçirir. Bu, avtonom sürücülük alqoritmlərini öyrətmək üçün lazımdır.

Türkiyədə polis 2 həmkarını ÖLDÜRDÜ

Türkiyənin cənub-şərqində yerləşən Adıyaman şəhərində polis nəfəri bölmədə həmkarlarına atəş açıb. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Belə ki, yerli vaxtla saat 20:15 radələrində Adıyamanda Ataşehir rayon polis şöbəsində çalışan polis əməkdaşı özünə məxsus xidməti silahla polis şöbəsinin rəisini və ictimai təhlükəsizlik şöbəsinin rəisini yaralayıb. Hücum edən şəxs tutulub. Yaralılar xəstəxanaya aparılıb və həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ

Sabah Bakıda geomaqnit qasırğası olacaq. Sozcu.az BAKU.WS-ə istinadla xəbər verir ki, axşam saat 21:00-dan etibarən başlayan qasırğa zəif kimi təsnifləndirilib. Gemomatnit qasırğası may ayının 3-dək davam edəcək. Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Proses tamamilə sağlam insanlardan da təsirsiz ötüşmür, qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır. Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

Ermənistanda kəndlərin qaytarılmasına etiraz: Yolu bağladılar

Ermənistanın Tavuş əyaləti sakinlərinə dəstək verənlər gecə saatlarında Martuni-Vardenis avtomobil yolunu bağlayıblar. Sozcu.az xəbər verir ki, bu, sərhəd kəndlərinin sakinləri aprelin 19-dan Ermənistan-Gürcüstan dövlətlərarası yolunda başlayan aksiyanın davamıdır. Aksiyaçılar Azərbaycana məxsus, Qazax rayonuna aid kəndlərin qaytarılmasına etiraz edirlər.

Ermənistan XİN Türkiyə ilə sərhədə dair məlumat yaydı

Ermənistan tezliklə Türkiyəyə Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Sozcu.az Sputnik-Armenia-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib, hazırda yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, - deyə XİN vurğulayıb. Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazırdır.

“Qalatasaray” rəsmisi azərbaycanlı futbolçulardan danışdı

“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Emin İmanov azərbaycanlı futbolçuların mümkün transferi ilə bağlı açıqlama verib. Sozcu.az qol.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, hazırda heç bir azərbaycanlı futbolçu ilə danışıqlar aparmırlar: “Gündəmimizdə bu məsələ yoxdur. Amma “Qalatasaray” futbol klubu olaraq bizim skautlar tək Azərbaycanda yox, bütün ölkələrdə oyunçulara baxırlar. İnşallah, bir gün mən də Azərbaycandan bir oyunçunu “Qalatasaray”da görmək istəyərəm. Amma hazırda belə bir şey yoxdur. Əlbəttə, gələcəkdə Azərbaycan klubundan istədiyimiz mövqəyə oyunçu tapsaq, danışıqlar apara bilərik”.

Biz xəyali sərhədlərdən imtina etməliyik - Paşinyan

Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik. Hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs bu beynəlxalq tanınmış sərhədlərində yaşamalı, öz inkişafına baxmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib. “Biz xəyali, real olmayan sərhədlərdən imtina etməliyik. Biz xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Yoxsa bu xəyali Ermənistana görə biz real Ermənistanı da itirə bilərik”, - Paşinyan bildirib. O qeyd edib ki, buna qədər real Ermənistanı sizə anlatmaq istəyənlər öz canlarından oldular, indi isə zamandır real Ermənistan naminə xəyali Ermənistandan vaz keçmək: “Bu övladlarımızı qoruyacaq, Ermənistanı isə nəhayət suveren, demokratik və azad bir dövlət edəcəyik.

İctimai fəala ağır həbs cəzası verildi

Hazırda Tehran şəhərinin Evin həbsxanasında saxlanılan ictimai və sinfi fəal Fərəhnaz Nikxunun işinə yenidən baxılıb. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Məlumatda bildirilib ki, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi xanım fəal barəsində 10 il həbs qərarı çıxarıb. Fərəhnaz Nikxu "casusluq edərək ölkənin milli təhlükəsizliyinə zərbə vurçaq"da günahlandırılıb. Bundan əvvəl İran Rabitə İdarəsinin əməkdaşı olan 50 yaşlı xanım fəal, 3 dekabr 2022-ci ildə ölkəni tərk istədiyi vaxt həbs edilib. O, uzun müddət İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında dindirildikdən sonra 30 aprel 2023-cü ildə Evin həbsxanasının qadınlar bölməsinə köçürülüb. Fərəhnaz Nikxu ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, onun təhlükəsizlik məmurları ilə əməkdaşlıq etmədiyinə görə cəzalandırıldığını bildirib.

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Belimizi incəltmək üçün idman zalına deyil, yuxuya ehtiyacımızın olması biraz absurd səslənir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, absurd səslənsə də, amma yaxşı yatmaq arıqlamaq üçün vacib olan vərdişdir. Xüsusilə də, gün ərzində aktiv həyat keçirirsinizsə, yuxu ilə bağlı bir neçə yalnış davranışdan qaçaraq arıqlama prosesini sürətləndirə bilərsiniz. Araşdırmalar göstərir ki, az yatan insanlar daha çox kalorili qidalar qəbul edirlər. Amma bunun səbəbi uzun müddət oyaq olmaqları deyil, yuxunun aclığı nəzarətdə saxlayan hormonlar əmələ gətirməsidir. Əgər yatmaq üçün həftə sonunu gözləyib həftə içi az yatırsınızsa, daha çox aclıq hiss etməyiniz normaldır. Həmçinin yatmazdan 20-30 dəqiqə əvvəl elektronik cihazları və işığı söndürməyiniz, spirtli içki qəbul etməməyiniz də məsləhət görülür. Yatmazdan öncə idmanla məşğul olmaq isə doğru seçim deyil.

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Rəqqasə Fatimə Fətəliyeva biznesinə görə məhkəməlik olub. Moderator.az yazır ki, sənətçi bu barədə verilişlərin birində danışıb. O bildirib ki, gözəllik mərkəzinin adına görə problem yaşayıb: “Əvvəl məclislərə rəqqasə kimi gedirdim. Artıq yox. Bu gün böyük bir mərkəzin rəhbəriyəm. İllərdir salonumun adı eynidir. Amma eşitdim ki, məni məhkəməyə veriblər. Dünən də məni məhkəməyə dəvət etmişdilər, bir həftə sonraya təxirə düşdü. İki-üç həftə dedilər ki, bu addan istifadə edə bilməzsiniz, bizim lisenziyamız var. Mən də dedim ki, beş-altı ildir salonun adı belədir. 30-a yaxın işçim var, rəqs məktəbim də oradadır. Mən də adını dəyişdim, öz adımı verdim. İlk dəfə xarici adı vermişdim, dedilər xarici olmaz, adını fərqli qoydum. Çoxunuz gözləyirdiniz ki, Fatimə batacaq”. Amma mən batmayacağam. Qoç bürcüyəm. Axıra kimi gedəcəyəm”.

İçki məclisindən sonra tanışını ÖLDÜRDÜ

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib. Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bakı metrosunda ÖLÜM

Bakı metrosunun "Memar Əcəmi" stansiyasının keçidində təxminən 60-65 yaşlarında bir qadın epilepsiya tutmasından dünyasını dəyişib. Bu barədə Sozcu.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Qeyd olunub ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

Azərbaycanda TikTok ləğv edilir? - Gözlənilməz qərar

ABŞ-da TikTok platforması bağlanıb. Bu şəbəkənin Azərbaycanda da bağlanması çağırışlarına vaxtaşırı rast gəlinir. İctimaiyyət orada yerli tiktokçuların əxlaqa zidd hərəkət etdiyini bildirir və narazılıq edir. İndiyə kimi bir neçə tiktoker sutkalıq həbs edilib. Onlar qanunsuz çağırışlar etdikləri və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar.  Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğularından birində respondentlərin 75 faizi bu sosial şəbəkə platformasının qapadılmasına razı olduğunu bildirib. Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, müasir çağımızda sosial şəbəkələr ən dağıdıcı silah hesab olunurlar. Onun sözlərinə görə, böyük dövlətlər bu şəbəkələr vasitəsilə insanın fitrətindən gələn ünsiyyət ehtiyacından və basdırılmış güclərindən faydalanıb, öz təsir dairələrini yaradırlar: “Bu mənada nəzarət altına ala bilmədiyin istənilən sosial şəbəkə dövlətlərin milli təhlükəsizlik probleminə çevrilə bilər. Düşmən dövlətlər həmin silahla sənin ölkənin insanlarını özünə qarşı qaldırar, böyük dağıntılara yol aça, nəticədə səni özündən asılı vəziyyətə sala bilər. ABŞ da əslində TikTok bu səbəbdən bağlamağa qərar verdi. ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü Marko Rubio bu faktı açıq şəkildə etiraf edərək deyib: “İllər boyu Çin Kommunist Partiyasına Amerikadakı ən məşhur proqramlardan birinə nəzarət etməyə icazə verdik, bu, təhlükəli bir uzaqgörənlik idi”. Senator bu təhlükənin qarşısını almaq üçün TikTok-un satın alınmasını istəyirdi. Çin də bununla razılaşmadığına görə, ABŞ TikTok-u qadağan etdi. Yəni demək istədiyim odur ki, TikTok-un əxlaqa zidd yayımlar etməsi, heç bir senzuraya əhəmiyyət verməməsi Vaşinqton üçün önəmli deyildi. Sadəcə, ona nəzarət edə bilmədiyindən öz ölkəsində mövcudluğunu da istəmədi”. TikTok, Telegram və s. kimi sosial şəbəkələrin ən zəruri senzuraları tətbiq etməməsinin düşünülmüş bir siyasət olduğunu bildirən Heydər Oğuz bu kimi naqis əməllərin əslində digər tətbiqlərdə də mövcud olduğunu qeyd edib:  “Sadəcə, birində daha bariz şəkildə görünür, başqalarında qismən nəzərə çarpmır. Belə əxlaqazidd qaydaların tətbiqi həmin sosial şəbəkələrin insanın fitrətindən doğan zəifliklərə uyğun şəkildə yaradılmasından irəli gəlir. Əvvəla, onu xatırladım ki, “insan” ərəbcə “ünsiyyət” sözündən irəli gəlir. Yəni bizim ilk özəlliyimiz ünsiyyətcilliyimizdir. İkinci mühüm özəlliyimiz azadlıq duyğumuzdur. Söhbət təkcə əxlaqi azadlıqdan getmir. Söhbət həm də ondan gedir ki, əxlaq qaydalarının özü belə insanın vəhşi azadlıq hissini məhdudlaşdırır. Təsadüfi deyil ki, bir çox əxlaq kodeksləri ilahi mesajlardan irəli gəlsə də, bəziləri sırf insanları istismar etmək üçün hakim rejimlər tərəfindən yaradılır. Bu da nəticə etibarilə insanların vəhşi azadlığa meylini artırır. Dünyanı idarə etmək istəyən güclər də məhz bu zəif nöqtəmizdən yapışıb bizi özünə bağlayır”. Heydər Oğuz bunun təkcə sosial şəbəkələr vasitəsilə yox, həm də bəzi ideoloji axımlar yolu ilə cəmiyyətə təlqin olunduğunu düşünür:  “Bilirsiniz ki, Avropada cinsi azlıqlar, qeyri-ənənəvi ailə münasibətləri insan hüquqları adı ilə cəmiyyətlərə sırınır və onların hüquqları ən yüksək səviyyədə qorunur. Bu da yeri gələndə klassik əxlaqa zidd hadisədir. Milli əxlaqları ortadan qaldırıb, onun yerinə vəhşi azadlıq təmayülləri gətirmək çinli, abş-lı bütün imperialist qüvvələrin başlıca siyasətləridir. TikTok-la bağlı ABŞ və Çin arasında çıxan qalmaqal da əslində bu imperialist silaha sahiblənmək uğrunda gedir”. Əxlaq və mədəniyyətimizi qorumağımızın əsas vəzifəmiz olduğunu bildirən H.Oğuz dünyada gedən qlobal dəyişikliklərdən də geri qala bilməyəcəyimizə inanır:  “Odur ki, bu cür sosial şəbəkələri bağlaya bilmərik. Əks halda bütün innovativ yeniliklərə qapımızı bağlamış olarıq. Nəticədə inkişaf tempimizi itirərik. ABŞ ona görə TikTok-u bağlaya bilir ki, onun yerinə özü nəsə yarada biləcəyini düşünür. Bəlkə də TikTok-la rəqabətdə ondan daha tərbiyəsiz və qayda-qanun tanımaz sosial şəbəkə meydana gətirəcək. Bizim isə belə şansımız yoxdur, hətta olsa belə, yaradacağımız həmin silah cəmiyyətimizin mental dəyərlərini qorumayacaq. Sadəcə biz də nəzəri olaraq başqa dövlətlərə təsir gücü qazana bilərik”.

ABŞ səfirliyi Şuşada mina partlaması ilə bağlı paylaşım etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı barədə məlumat yayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - məlumatda bildirilib. Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb, Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad və Əsrikçay-Əsrik Cırdaxan məntəqələrində isə dəyişməyib. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlı, Zabuxçay-Bozlu məntəqələrində suyun səviyyəsi 2, Tərtərçay-Vəngdə 1 santimetr artıb. Bərgüşadçay-Əliquluuşağı, Bəsitçay-Rəzdərədə və Tutqunçay-Comərddə suyun səviyyəsi 1 santimetr azalıb, Tərtərçay-Kəlbəcər məntəqəsində isə dəyişiklik müşahidə olunmayıb. Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo və Lənkərançay-Sifidor məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Gilançay-Nürgüt məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb, Naxçıvançay-Qarababa, Əlincəçay-Ərəfsə məntəqələrində isə suyun səviyyəsi dəyişməyib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi saniyədə 498 kubmetr qeydə alınıb ki, bu da ongünlük normanın 70 faiz təşkil edir. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi 148 kubmetr/saniyə olub. Bu da ongünlük normanın 83 faizinə bərabərdir. Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb, su sərfi saniyədə 279 kubmetr təşkil edib. Bu da ongünlük normanın 34 faizini təşkil edir. Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10, Kür-Salyanda 1, Kür-Bankədə isə 3 santimetr azalıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 794-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 465 054 hərbçi, 7 268 ədəd tank, 13 971 ədəd zirehli döyüş maşını, 11 905 ədəd artilleriya sistemi, 1 049 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 775 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 019 ədəd avtomobil texnikası, 9 485 ədəd PUA, 2 124 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 968 xüsusi avadanlıq itirib.

"Dövlət orqanlarına girib, hər kəsi güllələmək istəyirdim"

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində DİN-in əməliyyat qrupunda iştirak edən əməkdaşı ifadə verib. "Rəşad Əhmədovun psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra dərhal mənim rəhbərlik etdiyim əməliyyat qrupu yaradıldı. 2023-cü il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı", - o bildirib. Daha sonra hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib. Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər: "Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyirdik. Sonra başqa dövlət orqanlarına da silahla girib, hər kəsi güllələmək istəyirdim". Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib. Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində bildirib ki, Rəşad Əhmədovu 2023-cü ildə tanıyıb: "Rəşada kərə yağı sata biləcəyimi söylədim, razılaşandan sonra hər 10-15 gündən bir 15-20 kiloqram çəkidə kərə yağı vermişdim. Bu münasibətlərlə bağlı əlaqələrimiz daha da yaxşılaşıb. Təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu dedi. Ondan həmin əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. O da yaxşı tanıdığını söylədi. Rəşada lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini bildirdi. Nə üçün bunu soruşduğumu maraqlandıqda ona həmin vaxt heç nə demədim". A.Səricanov həmçinin istintaqda deyib ki, həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul olub. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırıb. Onun sözlərinə görə, görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirib: "Əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. O özünün Valeh adlı uşaqlıq dostunun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına söz verdi". Məhkəmənin növbəti iclası mayın 10-a təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Azərbaycanda zərərlə işləyən zavod BAĞLANIR

“Qazax Konserv Zavodu” ASC bağlanır.  Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılan illik yığıncağında müzakirə ediləcək. Səhmdarların ümumi yığıncağında, həmçinin aşağıdakı məsələlər müzakirə ediləcək: - 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi. - Cəmiyyətin ləğvi. - Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi. - Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər. - Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər. Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir. 

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. Sozcu.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək. (Lent.az)