Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda bu yol 3 gün bağlı olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan yanacaq-doldurma məntəqəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan aprelin 21-i saat 22:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik",- deyə məlumatda qeyd edilib.

Aytən Səfərovanın vəziyyəti açıqlandı: Orta ağır...

Tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Prezident onu nazir müavini təyin etdi

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararası Valyuta Birjası" QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Ailəlidir, 2 övladı var.

Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel

Gürcüstanda birinci oxunuşda qəbul edilən “Xarici agentlər haqqında” qanun bu ölkənin Avropa Birliyinə daxil olmaq istəklərinə uyğun gəlmir. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib. “Gürcü xalqı Avropa yolunu seçdi, buna cavab olaraq da keçən ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verdi. Açıq deyim, qanun layihəsi Gürcüstanı Avropa Birliyindən daha da uzaqlaşdıracaq”, - Mişel bildirib. Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici agentlərlə bağlı” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Düzlən! Farağat! Rusiyaya doğru addımla, marş!

Zahid Nurəliyev Bu günlər daha bir tarixi hadisənin şahidi oluruq: Rusiyanın sülhməramlı kontingeti Qarabağı tərk edir. Əslində dünən axşamdan media və sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılmışdı. Bununla belə, rəsmi açıqlama olmadığına görə çoxları bu xəbərə bir o qədər inanmır və ciddi yanaşmırdılar. Amma artıq həm Rusiya, həm də Azərbaycan tərəfi rəsmən Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başladıqlarını açıqladılar. Əvvəlcə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxması haqda suala təsdiqedici cavab verdi: "Bəli, bu, həqiqətən də belədir". Daha sonra Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: "Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər". Beləliklə, rus sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk etməyə başlayıblar və bu prosesin yaxın aylarda yekunlaşacağı gözlənilir. Doğrudan da tarixi hadisədir. Çünki rus qoşunlarının yerləşdikləri ərazilərdən çıxması heç zaman asan, qansız-qadasız baş verməyib. Ümumiyyətlə, onlar yerləşdikləri yeri heç vaxt tərk etmək istəmirlər. Elə günümüzdə buna dair misallar gətirə bilərik. Ukrayna və Dnestryanıda, işğal olunan Gürcüstan ərazilərində, Ermənistanda Rusiya hərbçiləri və hərbi bazalarının mövcudluğunu xatırlatmaq kifayətdir. Gəlin, başqa bir məqamı da xatırlayaq. Daha doğrusu, 2020-ci il noyabrın 10-da Üçtərəfli saziş imzalananda Azərbaycanda yaşanan əhval-ruhiyyəni. İşğalçı üzərində möhtəşəm qələbə qazansaq da, sazişə əsasən, Rusiya hərbçilərinin Qarabağa daxil olması ciddi əndişə yaratmışdı. Hamı bu faktı qələbəmizə kölgə salan məsələ kimi qabardırdı. Hər kəs bir az pərt idi. Sazişdə konkret müddət göstərilsə də, açığı, çoxumuz vədə yetişəndə rusların yenidən təxribat törədib Qarabağda mövcudluğunu saxlayacağını düşünürdük. Amma məsələ gözləmədiyimiz halda, həm də vaxtından əvvəl həll olundu. Sakitliklə, mübahisəsiz, qansız-qadasız... Ona görə də bu hadisəni tərəddüd etmədən son illərin tarixi qələbələrindən biri kimi dəyərləndirmək olar. O da maraqlıdır ki, müstəqilliyimiz dövründə Rusiya hərbi kontingenti ikinci dəfə ərazilərimizi tərk etmək məcburiyyətində qaldı. Ümid edək ki, bir daha rus hərbçilərin ayağı torpaqlarımıza dəyməyəcək və bizim onları üçüncü dəfə ölkədən çıxarmaq qayğımız olmayacaq! Qələbən mübarək, Azərbaycan!

Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3?halaşıb – Rəsmi

Bu ilin mart ayında Azərbaycandakı pərakəndə satış məntəqələrində satılan xiyarın 1 kiloqramının orta satış qiyməti 2 manat 85 qəpik, pomidorun orta satış qiyməti isə 2 manat 68 qəpik olub. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xıəbər verir ki, fevral ayı ilə müqayisədə xiyarın qiyməti dəyişməz qalıb, pomidorun qiyməti isə 4,3% və ya 11 qəpik bahalaşıb. Onu da qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan İran və Türkmənistandan pomidor idxal edib. Bir ay ərzində İrandan 26 min 430 kiloqram, Türkmənistandan isə 108 min kiloqram pomidor gətirilib. Qeyd edək ki, hər iki ölkədən gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”  Bu sözləri Yenisabah.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq  Elçin Bayramlı deyib. Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda təbii su qəbul etmək qeyri-mümkündür: “Müxtəlif ölçmələr apardıqda da bunu aydın şəkildə görmək olur. Üstəlik, keçən il Amerikanın məşhur “Yale” Universitetinin dünyanın 170 ölkəsi arasında apardığı hesabatda Azərbaycan 140-cı yerlərdə qərar tutmuşdu. Bizim ölkə ən çirkli və yarasız suyu olan ölkələrdən sayılır. Belə vəziyyətdə əhalinin təmiz su içmək imkanı demək olar ki, yoxdur. Çünki alternativ variantlar heç də sağlam, təbii su qəbul etməyə imkan vermir. Filterdən keçən su kimyəvi birləşmələri, xloru təmizləyir, bəli, amma faydalı mineralları da sudan götürür. Bu su tamamilə boş, “ölü” su sayılır. Yəni filterlənmiş su da faydalı su deyil.  Digər üsullarla - pambıqdan süzməklə suyun kimyəvi tərkibi heç cür təmizlənə  bilməz, effektsizdir. Qaynadılmış su da “ölü su”  sayılır, onun heç bir müsbət təsiri yoxdur. Mağazalarda satılan qablaşdırılmış sular da filtirlənmiş, “ölü su”dur. Qısası, Bakı, Abşeron zonasında faktiki olaraq təbii içməli su qəbul etmək imkanı yoxdur”.  Ekspert bildirib ki, sudan faydalanmağımız mümkünsüz olsa da, bəzi üsullarla onun zərərlərindən qorunmaq olar: “Əgər çıxış yolunu soruşsanız, heç bir məsləhət verə bilmərəm. Bu məsələdə bizə suyun faydası lazım deyil, çalışıb onun zərərindən qorunmalıyıq. Sular filter aparatından keçiriləndə fayda verməsə də, ən azından zərərsiz olur. Faydalı minerallar itsə də, ən azından bu suda olan təhlükəli maddələr, xlor uzaqlaşdırılır. Təəssüf ki, bu istiqamətdə ciddi bir iş görmürük. Düzdür, son dövrlərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, bu su digərlərinə nisbətən yaxşıdır, amma nəzərdə tutulan normadan iki dəfə az su götürülür və Bakı əhalisinin üçdə birini təmin edir. Üstəlik bu su əksər hallarda digər sularla qarışdırılır. Beləliklə, o da öz keyfiyyətini itirmiş olur. Sumqayıtda dünya standartlarına uyğun su təmizləyici zavod tikilir, amma bu zavod da Bakı-Abşeron əhalisinin tələbatının maksimum 30 faizini ödəmək iqtidarındadır. Orada təmizlənən su dünya standartlarına cavab verir, amma çox az əhalini təmin edə bilər. Bütün Bakını təmin etmək üçün belə zavodların sayı və gücü artırılmalıdır. Hazırda təəssüf ki, biz bu barədə danışa bilmərik. Saf suyun içilməsi Bakı-Abşeron zonasında faktiki olaraq mümkün deyil”. 

Hazırlıq kursları ilə bağlı VACİB AÇIQLAMA - Ləğv olunur?

“Məleykə Abbaszadəyə aid kursların sonu yaxınlaşır, elə repetitorluğun da...”  Sozcu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Məzahir Məmmədli sosial şəbəkə hesabında qeyd edib. Maraqlıdır, həqiqətənmi artıq repititorlara və hazırlıq kurslarına ehtiyac qalmayacaq?  Məzahir Məmmədli sözügedən mövzuya adir “Yeni Sabah”a geniş aşıqlama verib: “Bildiyiniz kimi, mən bu məsələ ilə bağlı fikir bildirmişəm. Məsələnin həqiqətə uyğun olub-olmadığı ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə mənə zəng etdi. Təkzib edərək bildirdi ki, Məleykə Abbaszadəyə aid hazırlıq kursları fəaliyyət göstərmir. Bu isə məsələnin mahiyyətini dəyişmir. Söhbət builki nəticələrdən gedirsə, bunlar təbii ki, ürəkaçan məqamdır. Sual yaranır ki, maksimal nəticə göstərənlərin sayı necə bu qədər yüksəlib? Buna səbəb nədir, nəyin hesabınadır? Söhbət ondan gedir ki, DİM-in neçə il ərzində çap etdiyi dərs vəsaitləri hesabına imtahan sualları hazırlanırdı. Bunları da xüsusi hazırlıq keçən müəllimlər abituriyentlərə tədris edirdi və onlar da yüksək bal toplamağa nail olurdular. Ancaq bu il o sterootip qırıldı”.  Ekspert hazırlıq kurslarının gələcəkdəki aqibətindən də söz açıb: “Göründüyü kimi, yüksək göstəricilər müşahidə olunur. Düşünürəm ki, Bakıda fəaliyyət göstərən hazırlıq kurslarına da həmin məsələ təsir edəcək. Həmçinin, sualları hazırlayan şəxslər məcburdular ki, onu proqrama uyğunlaşdırsınlar. Həmin proses və uyğunlaşma nəticəsində region məktəblərinin inkişaf etməsi gözlənilir. Nəticədə repititorluq peşəsi də yavaş-yavaş sıradan çıxacaq”.yensabah)

Düşmən kvadrokopteri zərərsizləşdirildi - Rəsmi

Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR

Bir çox yeməyə dad verən və sağlamlığa müsbət təsiri olan sarımsağın çoxsaylı faydalarını bilirik. Amma araşdırmalar zamanı közlənmiş sarımsağın inanılmaz müsbət təsirləri ortaya çıxıb. Araşdırmaların nəticəsinə əsasən, gündə 2-3 diş közlənmiş, ya da qızardılmış sarımsaq yedikdə 24 saat ərzində orqanizminizdə bu dəyişikliklər meydana gəlir. 2-4 saat: Orqanizminizin həzm etdiyi qidalar xərçəngli hüceyrələrlə savaşmağa başlayır. 4-6 saat: Metabolizmanız sürətlənir. Yığılan yağlar yanmağa və orqanizminizdəki artıq yağlar atılmağa başlayır. 6-7 saat: Sarımsağın antibakterial özəlliyi bədənə yayılır və qan dövranınızı düzənləyir. Sarımsaq bakteriyalarla savaşmağa başlayır. 6-10 saat: Sarımsaqdakı maddələr hüceyrələri qoruyur. 10-24 saat: Sarımsaq aşağıdakıları gerçəkləşdirir: - Xolesterolun səviyyəsini aşağı salır - Damarları təmizləyir və ürək problemlərinə qarşı qoruyur - Təzyiqi normallaşdırır - Sinir sistemini gücləndirir - Bədənə ağır metalların girməsini əngəlləyir - Sümükləri və oynaqları gücləndirir - Yorğunluğu önləyir - Hüceyrələrin ömrünü uzadır.

“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ

“Aşağı Güzdək qəsəbəsində Güzdək stansiyasına yaxın ərazidə yaşayırıq. Təxminən 50 metr aralıda. Çirkabdan, kanalizasiya sularından yaranan süni göl xəstəlik mənbəyidir. Yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda bu göl sakinlər üçün həqiqətən də təhlükə yaradır. Xüsusilə də uşaqlar üçün. Vəhşi heyvanlar gölə yığışır. Mən gölün şəkillərini cəsarət edib yaxından çəkib sizə yollaya bilmədim. Bilirsiniz niyə? Çünki bu çirkabın ətrafı zəhərli ilanlarla doludur. Nəzərə alsaq ki, qarşıdan yay ayı gəlir və ilanlar ərazidə daha da çoxalacaq bu ikiqat təhlükəyə çevrilir. Gölün üfunət qoxan iyini heç demirəm. Sahibsiz itlər də çoxdur. Stansiyanın binası da uçuq vəziyyətdədir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik, amma bir nəticəsi yoxdur. Belə getsə yeni bir xəstəliyin başlanğıcı elə burada qoyulacaq. Bu göl və çirkab, antisantar vəziyyət biləvasitə buna səbəbdir” Bunu Moderator.az-a açıqlamasında Aşağı Güzdək sakini Məhəmməd Yusifli deyib. Mövzu ilə bağlı Abşeron rayonu Aşağı Güzdək Bələdiyyəsinə müraciət etdik. Özünü təqdim etməyən Bələdiyyə işçisi saytımıza bunları bildirdi: “Birincisi sualı niyə telefonla verirsiniz? Bizim burada Bələdiyyə sədrimiz var, yaxınlaşın, sualı yerində ünvanlayın, cavabı da alın. İkincisi də o çirkab sular Binəqədi rayonundan ora axır. Bu problemi həll etməyə yalnız “Azərsu” ASC-nin gücü çatar. Onu bələdiyyə etməyib ki! Bələdiyyənin özünün də neçə hektarlarla torpağı suyun altında qalıb. Kimin xoşu gəlir ki, orada belə göl olsun?! Kənd camaatı da, biz də bu çirkab sulardan əziyyət çəkirik” deyə bildirib. Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə etdiyimiz müraciətimizə isə “Sədr müavini Ruhiyyə xanım yerində deyil, 15 dəqiqəyə zəng edərsiniz” cavabı verildi. 15 dəqiqə sonra etdiyimiz zəng də cavabsız qaldı. Ümid edirik ki, aidiyyatı qurumlar yay ayı gəlmədən problemin həllinə çalışacaqlar.

Qardaşının həyətinə qumbara atan şəxsdən xəbər var

Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 18-nə təyin edilib. Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi  Ramin İsakovun şikayətini təmin etməyib.  Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Dumanlı hava neçə gün davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub. Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 89,51 dollara, yüngül neftin bir barreli isə 84,78 dollara təklif olunur.

ÇL: “Mançetser Siti” “Real”a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Sozcu.az xəbər verir ki, “Mançetser Siti” İspaniya nəhəngi “Real”ı qəbul edəcək. “Bavariya”-“Arsenal” matçı da gecənin növbəti dueli olacaq. Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar. UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 17 aprel 23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) Baş hakim: Daniele Orsato (İtaliya). Mançester, “Etihad” stadionu. İlk oyun – 3:3. 23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) Baş hakim: Danni Makkeli (Niderland). Münhen, “Alyans Arena”. İlk oyun – 2:2.

784-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 784-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 456 050 hərbçi, 7 193 ədəd tank, 13 827 ədəd zirehli döyüş maşını, 11 624 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 760 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 587 ədəd avtomobil texnikası, 9 279 ədəd PUA, 2 093 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 910 xüsusi avadanlıq itirib.

Prezident Kayrat Sarıbayı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Aytən Səfərovanın düşdüyü qəzada ölən var

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.  Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Şəhid anası vəfat etdi - FOTO

2023-cü il sentyabr ayında Antiterror əməliyyatları zamanı şəhid olan Mais Məhərrəmovun anası Mahirə xanım vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, Mais Məhərrəmov 20 sentyabr 2023-cü ildə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəşad Dağlı tək adi bir meyxanaçını deyil, şer xəzinəsinə əvəzsiz tövhələr verə biləcək çox qiymətli şair-qəzəlxanımızı idi. Vətəndaşların kifayət qədər sevgisini və dərin hörmətini qazanan söz ustadının azadlığa çıxmasını istəyən kifayət qədər insan var. Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti “əfv sərəncamını” verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir. Bəs, görəsən, “əfv sərəncamı” ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər? Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, cəzadan və cinayət məsuliyyətindən azad etməyin bir neçə forması var: “Cəzadan və cinayət məsuliyyətindən azad etməyin əsas növləri amnistiya və əfvetmədir. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində, yəni kütləvi şəkildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Bunun nəticəsində cinayət törətmiş şəxslər, cinayət məsuliyyətindən azad oluna bilər, onların cəzalarının müddəti azaldıla bilər və ya daha yüngül cəza növü ilə əvəz oluna bilər, o cümlədən həmin şəxslərin üzərindən məhkumluqları götürülə bilər”. Hüquqşünas qeyd edir ki, “əfvetmə” birbaşa fərdi qaydada təyin olunmuş şəxslər barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən bir sənəddir. (Referans.az)

Bakıdakı Uşaq evində qollarını doğrayan qız qaçdı - Polis onu axtarır

Bakıda uşaq evində intihara cəhd olub. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb. Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb. Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

“İsrail İranı Azərbaycandan vura bilər” - Şaan Qantaaryan

“Nəzəri olaraq, İsrail İranı bazaları olan Azərbaycan ərazisindən vura bilər”. Sozcu.az xəbər verir ki, bunu Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaaryan “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində deyib. O xatırladıb ki, İsrailin 44 günlük müharibədə bilavasitə iştirakı və İsrail bazalarının İranla sərhədə yaxın yerləşdirilməsi Tehran tərəfindən sakitliklə qəbul edilə bilməzdi və bu, İranla Azərbaycan arasında münasibətlərə təsir edib. “Azərbaycanın anti-İran müharibəsində mümkün iştirakı Azərbaycan tərəfi üçün risklərlə doludur, ona görə də Bakı bu riskləri ölçməlidir. Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdırılacaq”, – Qantaaryan qeyd edib. O əlavə edib ki, Türkiyədə yerli seçkilərdən sonra Ankaranın ABŞ-dan asılılığı artıb. “Bu o deməkdir ki, ABŞ-nin razılığı olmadan Türkiyə Azərbaycana belə icazə verə bilməyəcək. Əgər biz İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən danışırdıqsa, o zaman güman etmək olardı ki, Azərbaycana öz ərazisini İrana hücumlar üçün əlverişli etmək tapşırığı veriləcək. Amma bu gərginlik azalıb”, – Qantaaryan vurğulayıb. Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır: “Fransa səfiri xatırladıb ki, Paris və Tehran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr müəyyən əməkdaşlıq haqqında danışıblar. Bu həm də İranla Qərb arasında münasibətlərin dəyişməsinin göstəricisidir. İran üçün strateji əhəmiyyətli bir fenomen var – Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa layihəsi. Bir neçə ay əvvəl İranın Ermənistanın cənubunda layihənin həyata keçirilməsi ilə bağlı əməli addımlar atmağa hazır olduğu barədə məlumatlar yayılıb. Əgər İranla Qərb arasında razılıq olmasaydı, onun Gürcüstana təsirini nəzərə almaq şərtilə bu layihənin nəticəsi olmazdı”.

Azərbaycanda şagirdlər arasında dava - xəsarət alan var

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var. Sozcu.az xəbər verir ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib. "Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, məsələyə hüquqi qiymət veriləcək.